03 мая 2024

BAĞBAN VƏ PAXIL QARĞA

Uşaqlar üçün hekayə

Şəhərdən uzaq olan bir kənddə, əvvəllər uzun müddət ,“Təbiət” fənnindən dərs demiş gözəl xasiyyətli qocaman bir bağban yaşayırdı. Səliqəli bağda onun öz əlləriylə yetişdirdiyi dadlı-ləzzətli meyvələr, gecə-gündüz ətrafa ətir saçan gül-çiçəklər insanları heyran edər, bağın səliqə-sahmanı görənlərə zövq verərdi.

Bir bülbül bu xeyirxah bağbanın gözəl bağında məskən salmışdı. Mülayim xasiyyətli bağban təbiəti, insanları və heyvanları sevən insan idi.

Bülbül, bağbanın yaxşı insan olduğunu və ondan özünə heç bir zərər gəlməyəcəyini çoxdan hiss etmişdi. Buna görə də bülbül tez-tez bağbanın bağ evinin qarşısındakı gilas ağacının budağında oturub  şirin nəğmələrini oxuyurdu.

Bülbülün nəğmələri bağbanın çox xoşuna gəlirdi və onu saatlarla dinləməkdən yorulmurdu. Bülbülün gecə nəğmələri bağbana layla kimi təsir etdiyindən o, rahat yatır və şirin yuxular görürdü.

Bunu seyr edən qarğa paxıllıqdan hər gün bağdakı hündür ağacın budağına qonaraq zəhlətökən “garr-garr” səsi ilə bülbülün nəğməsinin ritmini pozur, bezdirici səsi ilə bağbanın əsəblərini qıcıqlandırırdı. Bağban qarğanı qovmağa çalışsa da, onun səyləri heç bir nəticə vermirdi.

Bağbanın səbirli adam olmasına baxmayaraq qarğanın “qarr-qarr”ına cəmi bir həftə dözdü. O, tüfəngini götürüb duz doldurulmuş patronla qarğaya atəş açdı.

Bir daha qarğanı öz bağında görməyən bağban rahat nəfəs alıb yenə əvvəlki kimi gündüzlər bülbülün xoş avazından həzz alır, gecələr isə onun şirin nəğməsi altında yuxuya gedirdi.

Müəllif: Şəfahət Şəfi Həsənov