03 мая 2024

TİKANLI “TOP”

Uşaqlar üçün real hekayə

İlkin balaca qızları Məryəm ilə İlkanəni Hirkan meşə parkına gəzməyə aparmışdı. Meşə parkı çox gözəl idi və hər tərəfi rəngbərəng çiçəklər bəzəyirdi. Böyürtkən kollarında qapqara dadlı meyvələr yetişmişdi. Qıpqırmızı meşə çiyələyi diqqəti cəlb edirdi. Balaca qızlar sevimli ana üçün çiçək toplayır, ata isə qızları üçün dadlı böyürtkən yığırdı.

Birdən bacılar qarşılarında topa bənzər, tikanlı bir şey gördülər. Amma onun nə olduğunu bilmirdilər. Bir qədər ətrafında dövrə vurandan sonra, Məryəm ,,top»a toxunmaq istədi. Əllərini ona tərəf uzadanda tikanlı ,,top»un tərpəndiyini gördü və qorxub çığırmağa başladı. Onun çığırtısına İlkanə də qoşuldu.

Ata qızlarının qışqırıq səsini eşidən kimi tez onların yanına qaçdı və heç birinin xəsarət almadığını gördü. Amma nədənsə, çox qorxduqları hiss olunurdu. İlkanə Məryəmin paltarından tutub arxasında gizlənmişdi. Bu zaman ata Məryəmin qarşısında bükülmüş bir kirpi balasını görüb dedi:

— Hə, deməli, sizi qorxudan bu imiş!

Ata ilk dəfə canlı kirpi görən uşaqlarına izah etməyə başladı:

— Mənim gözəllərim, bu kirpi balasıdır. Onlar təhlükə hiss edəndə bu cur bükülürlər ki, digər güclü yırtıcılar onlara xəsarət yetirə bilməsinlər. Qorxduğunuz kirpi balası, əslində sizdən qorxduğu üçün top kimi bükülüb. Əgər biz bu balaca kirpi balasına toxunmasaq, o yenidən yoluna davam edib özünə qida axtarmağa gedəcək.

Beləliklə, Məryəm ilə ilkanə canlı kirpi balası ilə tanış oldular. Onlar həmin yerdən uzaqlaşaraq top şəklində yığılmış kirpi balasının necə açılaraq yoluna davam etdiyini seyr etdilər.

Müəllif: Şəfahət Şəfi Həsənov