02 мая 2024

QIZILBALIĞIN AYFON HƏDİYYƏSİ

Uşaqlar üçün nağıl

Bir kasıb balıqçı tilovunu götürüb dənizə balıq tutmağa getmişdi. Nə qədər çalışsa da bir dənə də olsun balıq tuta bilməmişdi. Sonda günün uğurlu olmadığını düşünüb tilovu yığmaq istədi. Bu zaman qarmağa bir balığın ilişdiyini hiss etdi. Çəkib çıxaranda qarmaqda böyük bir qızılbalığın olduğunu gördü. Evə əliboş qayıtmayacağına çox sevinən balıqçı, qızılbalığı qarmaqdan azad edən kimi balıq dil açıb dedi:

— Balıqçı, mərhəmətli ol, məni dənizə burax, əvəzində sənə bir “ayfon” telefonu gətirim.

Balıqçı qızılbalığın danışdığını eşidəndə çox təəccübləndi. Belə şeylər yalnız nağıllarda olur, düşündü. Amma bu balıq gerçəkdən danışır, özü də əsl qızılbalıqdır. Dedikləri doğru ola bilər! Mən isə bu qızılbalığı yeməsəm, heç nə dəyişməz. Bir də fikirləşdi ki, “ayfon” almaq istəsəm iki il kredit ödəməliyəm. Odur ki, qızılbalığa inanıb onu dənizə buraxdı. Gözlədi, gözlədi, amma qızılbalıq söz verdiyi “ayfonu” gətirmədi. Onda balıqçı dənizə yaxınlaşıb qızılbalığı çağırmağa başladı:

— Qızılbalıq, qızılbalıq, hardasan?

Qızılbalıq başını sudan çıxardıb dedi:

— Mən burdayam! Sən hələ də gözləyirsən?

— Gözləyirəm! Axı söz vermisən mənə, “ayfon” telefonu gətirəcəksən?

— Hə, söz vermişdim, amma məqsədim səni aldatmaq idi. Madam ki, sən mənə yaxşılıq etdin, mən də sənə dediyim hədiyyəni bu dəqiqə gətirərəm.

Bir anın içində qızılbalıq ağzında bir “ayfon” telefonu ilə göründü və telefonu sahildə qoyub suya çəkildi. Balıqçı telefonu götürəndə onun heç də yeni olmadığını gördü. Odur ki, yenidən qızılbalığı səslədi:

— Qızılbalıq, qızılbalıq!

Qızılbalıq yenə başını sudan çıxarıb dedi:

Daha nə istəyirsən, söz vermişdim, gətirdim! Sən isə hələ də nağıllara inanırsan? Düşünürsən ki, tutduğun qızılbalıqdırsa, mütləq arzularını yerinə yetirməlidir? Onu da deyim ki, dünən bir turist qayıqda oturub selfi çəkən zaman bu “ayfonu” itirmişdi. Narahat olma, suya davamlı modeldir, işlək vəziyyətdədir. Təzə olmasa da, artıq öyünə bilərsən ki, sənin də “ayfon” telefonun var.

Müəllif: Şəfahət Şəfi Həsənov