02 мая 2024

GÖYƏRÇİN VƏ QUMRU

(Əhməd Haqsevərin “Göyərçin və Qumru” təmsili əsasında)

Uşaqlar üçün nağıl

Biri vardı, biri yoxdu, Şahin adında bir kişi vardı O, çoxlu ev göyərçinləri saxlayırdı və onlara yaxşı qulluq edirdi. Vaxtında yemləyirdi ki, kökəlsinlər. Qışda isə yuvalarını isidirdi ki, arıqlamasınlar. Günlərin bir günü Göyərçinlərdən biri çəpərin üstünə qonub ətrafı seyr edirdi. Gördü ki, onlara bənzər iki quş yerdə yem axtarırlar. Bir qədər tamaşa edəndən sonra uçub yanlarında yerə qondu. Onlara yaxınlaşıb soruşdu:

— Siz kimsiniz? Görkəminizdən mənə oxşayırsınız.

— Biz Qumru quşuyuq! Özünüzü təqdim etməyin, siz Göyərçinsiniz! Özü də ev Göyərçini. – Dedi kişi Qumru.

— Maraqlıdır, siz məni hardan tanıyırsınız?

— Ev Göyərçinlərini bütün quşlar tanıyır. Hamı bilir ki, sahibiniz var, sizi kifayət qədər yemləyir, su verir, amma halınızda heç kim olmaq istəmir.

— Bunun nəyi pisdir ki, siz də gəlin qoşulun bizə. Qoy sizin də qarnınız hər zaman tox olsun. İlin bütün fəslində başımız üstə damımız, isti yuvamız yeməyimiz, suyumuz var. Qışda soyuqdan üşümürük, özümüzə yuva qurmuruq. Bu işlərimizi sahibimiz görür. Biz də bütün günü yeyib yatırıq.

— Bəs heç düşünmüsünüz ki, sahibiniz niyə o qədər zəhmət çəkir, sizə havayı yem verib yetişdirir?

— Yox! Düşünmək da sahibimizin işidir. Gəlin, birlikdə yaşayaq. Sahibimiz soruşsa “Göyərçinik” desəniz qəbul edər!

Qumru quşları Göyərçini diqqətlə dinləyib dediklərinə güldülər. Sonra, kişi Qumru qabağa çıxıb yüksək səslə dedi:

— Eşit sözlərimi, ey kor Göyərçin! Siz azad deyilsiniz, biz isə azadıq. Azadlıq ruhumuzda, həm də qanadlarımızdadır. İstədiyimiz yerə uçub gedirik. İstədiyimiz məkanda yuva qururuq, Başqasının tikdiyi yuvada yaşamırıq. Biz bir qarın çörəyə görə kölə olmuruq. Çalışqanıq, zəhmət sevirik, ruzimizi özümüz əldə edirik. Halal zəhməti ilə dolanan Qumru quşuyuq. Bir-birimizə xəyanət etmirik, dostluğumuz əbədidir. Dözümlüyük, azadlıq sevən Qumru quşuyuq biz, başqa birisinin himayəsində yaşamırıq. Sizin kimi saray Göyərçinlərin axırı necə olur, onu da yaxşı bilirik. Yolumuz ayrıdır və hər zaman ayrı olacaq, ey ev Göyərçini.

Beləliklə Qumru quşları qanad açıb ev Göyərçinindən ayrıldılar.

Müəllif: Şəfahət Şəfi Həsənov