03 мая 2024

MƏHƏMMƏD VƏ ZƏHƏRLİ GÖBƏLƏK

Uşaqlar üçün hekayə

Məharət müəllim 3-cü sinif şagirdlərini Hirkan meşə parkına gəzməyə aparmışdı. Məqsədi uşaqları parkda bitən nadir bitkilərlə tanış etmək idi.

Məhəmməd adlı şagird hamı kimi parkda gəzişib heç vaxt görmədiyi ağaclara və kollara baxırdı. Birdən məktəb yaşına çatmayan balaca bir qızın yerdən zəhərli göbələk yığdığını gördü. Tez yaxınlaşıb göbələkləri o qızın əlindən alıb yerə tulladı. Məhəmmədin bu hərəkətindən sonra balaca qız bərkdən ağlamağa başladı.

Bu zaman başları mobil telefona qarışmış valideynlər qızının ağladığını eşidib tez yanına gəldilər. Ana qızını qucaqlayıb və sakitləşdirdi. Ata isə Məhəmmədə yaxınlaşıb qolundan yapışdı və onu o ki, var danladı. Sonra da qolundan tutub darta-darta Məharət müəllimin yanına aparıb şikayət etdi. İradları diqqətlə dinləyən Məhəmməd, nəhayət, fürsət tapıb dedi:

— Müəllim, o qızın əlindən alıb tulladığım göbələklər çox zəhərli idilər. Valideynləri də yanında deyildilər. Düzgün hərəkət etdiyimi bilirəm. Çünki göbələklər zəhərlidirsə, insan zəhərlənə və hətta, ölə də bilər.

Məharət müəllim Məhəmmədi dinlədi və üzünü balaca qızın valideynlərinə tutub dedi:

— Məhəmməd düz deyir. Biz həyat bilgisi dərsində göbələklər və onların növləri ilə tanış olmuşuq. Elə isə gəlin hamımız birlikdə gedək, görək balaca qızın yığdığı göbələklər zəhərlidir, ya yox!

Məharət müəllim şagirdləri və balaca qızın valideynləri ilə göbələkləri araşdırmaq üçün hadisə yerinə gəldilər. Məhəmməd balaca qızın yığdığı zəhərli göbələkləri Məharət müəllimə göstərdi. Məharət müəllim göbələkləri görüb dedi:

— Bunlar, həqiqətən də, zəhərli göbələklərdir. Yaxşı ki, Məhəmməd cəld tərpənib qızın əlindən bu göbələkləri alıb.

Qızın valideynləri zəhərli göbələkləri görəndən sonra Məhəmməddən üzr istəyib, təşəkkür etdilər. Məharət müəllim də Məhəmmədi bilgisinə görə təriflədi. Sinif yoldaşları isə ilk dəfə zəhərli göbələklərdən birini yaxından görüb tanıdılar. Məharət müəllim göbələklərlə bağlı söhbətini davam etdirərək dedi:

— Uşaqlar, zərərsizliyi haqqında dəqiq bilgiyə malik deyilsinizsə, o göbələklərə toxunmaq olmaz! Çünki zəhərli, lakin zərərsiz görünən göbələk növləri də var. Buna görə də göbələyi yalnız onu dəqiq tanıyanlar və ayırd edənlər yığa bilər.

Müəllif: Şəfahət Şəfi Həsənov