03 мая 2024

NƏNƏNİN DOĞUM GÜNÜ

(Real hekayə)

Bir gün şair dostlarım Ceyhun Quliyev və Ağamir Cavadla Xan bağında oturub çay içir, söhbət edirdik. Bu zaman bir gənc oğlan masamıza yaxınlaşıb boş oturacağı göstərib dedi:

– Bağışlayın, sizinlə otura bilərəmmi?

– Boşdur, buyurun əyləşin – dedi Ceyhun müəllim.

Gənc oğlan təşəkkür edib masanın arxasına keçib oturdu.

Əvvəl Ağamir Cavad və Ceyhun Quliyev yeni yazdıqları şeirlərini, mən də qısa bir hekayə oxudum. Bu zaman yanımızda oturan gənc dilləndi:

– Siz yazarsınız? – eşitdiklərim çox xoşuma gəldi, məmnun oldum – Olar mən də bir uşaqlıq xatirəmi sizə danışım?

– Əlbəttə, buyurun, – dedim, – amma əvvəlcə gəlin tanış olaq. O özünü təqdim etdi, məlum oldu ki, gənc oğlan 2-ci Qarabağ savaşının iştirakçısı olmuşdur, qazidir, həm də ordumuzda xidmət edən zabitdir. O, hekayəni belə başladı:

– Bir zamanlar ailəmiz beş nəfərdən ibarət idi, hamımız bir evdə yaşayırdıq. Nənəm, anam, iki bacım və bir qardaş-yəni mən. Ailənin ən kiçiyi mən olsam da, evin yeganə kişisi idim. Nənəm tez-tez deyirdi: – Sən böyük kişisən və evin komandirisən. Mənim buna etirazım yox idi, çünki bacılarım, anam və nənəm məni çox sevirdilər, diqqətləri hər zaman üzərimdə idi. Biz ildə üç dəfə doğum günü keçirirdik. Bilirsiz niyə məhz üç dəfə? Çünki bacılarım əkiz idilər. Nənəm isə doğum günlərini qeyd etmirdi. Deyirdi ki, doğum günlərini sevmir, ona görə də keçirtmək istəmir. Lakin doğum günlərimizdə bizim üçün hədiyyələr alırdı. Doqquz yaşım olanda anam nənənin aldığı bütün hədiyyələrini masanın üzərinə qoyub dedi:

– Sən böyüyəndə onlara bir-bir baxıb nənəni xatırlayarsan. Çünki nənə hər il sənin üçün yaşına uyğun bir hədiyyə alıb. Onlara nənənin əlləri toxunub, həm də özünün sevdiyi hədiyyələrdir. Sən çox səliqəli olduğun üçün hələ körpəlikdən onun sənə verdiyi oyuncaqları qoruyurdun, heç kimə vermirdin. Deyirdin, bunu mənim üçün nənəm alıb. Sonra da mənə verib deyirdin:

– Ana, al bu hədiyyəni də gizlət. Mən də bu günə qədər nənənin sənə verdiyi bütün hədiyyələri qoruyub saxlamışam.

Elə bu zaman fikirləşdim ki, biz axı niyə nənənin doğum gününü keçirtməməliyik. Odur ki, anadan soruşdum:

– Ana, nənənin ad günü haçandır, bilirsən?

– Hansı ayda doğulduğunu bilirəm, amma doğulduğu gün sənəddə göstərilməyib. Çünki nənən lap körpəlikdən uşaq evində böyüyüb.

– Uşaq evi haradır, anacan?

– Ora heç kimi olmayan, atasız, anasız uşaqlar üçün sığınacaqdır.

Düzü, heç nə anlamadım. Ona görə də tez qaçıb nənəni qucaqladım və soruşdum:

– Nənə, sən uşaq evində böyümüsən?

– Doğrudur, mənim ürəyim, şükür ki, sənin anan, mən və bacıların var. Mənim o zaman heç kəsim yox idi. Sonra canımın parçası olan sizlər dünyaya gəldiniz.

– Nənə, sən mənə uşaq evindən danışa bilərsən?

– Əlbəttə, canımın parçası. Mən balaca bir qız idim. Dörd yaşım olanda bildim ki, uşaq evindəyəm və uşaq evinin həqiqi evim olmadığını öyrəndim. Çünki ora lap körpəlikdən düşmüşdüm, valideynlərimi xatırlamırdım…

– Sonra nə oldu nənəcan?

– Sonra bir qədər böyüdüm. Görürdüm ki, bəzi uşaqların yanına gələnlər olur. Amma mənim yanıma heç vaxt gələn olmurdu. Hər istirahət günləri qapını izləyirdim, fikirləşirdim ki, haçansa mənim də yanıma gələn olacaq. Bəzən də gəlib uşaqları bir neçə saatlığa götürürdülər, gəzməyə aparırdılar. Bir neçə dəfə şahidi oldum ki, uşaqlar gedir, qayıtmırlar. Müəllimdən soruşurduq, deyirdi valideynləri tapılıb. Buna qədər elə düşünürdüm ki, uşaq evinin müdiri atamız, müəllimə və xadimələrimiz isə analarımızdır. Müəllimə deyirdi ki, biz bir ailəyik, amma mən bilirdim ki, elə deyil… Uşaq evində çoxlu oyuncaqlar var idi, amma mən onlarla oynamırdım, çünki o oyuncaqlar hamının idi. Tək istəyim atamı və anamı görmək idi, onları görməsəm də, darıxırdım. Ona görə də mən hədiyyələri sevmədim, amma hədiyyə verməyi xoşlayıram. Çünki hədiyyə alanda uşaqların necə sevindiyini görürdüm.

– Elədir, mən də hədiyyə alanda sevinirəm. Nənəcan müəllimimiz də sənin kimi hədiyyə sevmir. Bir dəfə 8 martda Arifin anası Solmaz müəllim üçün gül dəstəsi göndərmişdi, o gül dəstəsini götürmədi, təşəkkür edib bizə dedi:

– Uşaqlar, sizin varlığınız mənim üçün ən dəyərli hədiyyədir. Valideynləriniz sizin gələcəyinizi mənə etibar etməklə böyük şərəf vermişlər. Yetər ki, o şirin dilinizlə təbriklərinizi mənə ünvanlayasınız. Biz də bir dəftər ayırıb bayram günlərində təbriklərimizi ora yazırdıq. Bütün uşaqlar ürək sözlərini, təbriklərini yazandan sonra o dəftəri müəlliməyə verirdik. O buna çox sevinir və hər birimizi qucaqlayırdı. Deyirdi ki, təbrik dəftərləriniz həm də mənim xatirə dəftərim olacaq. Ömrü boyu yazdığınız ürək sözlərinizi təkrar-təkrar oxuyub sizi xatırlayaram.

– Düzdür, şirinim mənim, hədiyyə mütləq deyil ki, bir bahalı əşya və yaxud gül olsun. Bəzən ən kiçik bir xoş söz, böyük və bahalı hədiyyədən daha üstün olur. Müəlliməniz də sizin diqqətli olmağınızdan sevinir, qürurlanır və sizinlə fəxr edir.

Sonra mən nənəmdən soruşdum:

– Nənə, sən atam və babam haqqında mənə danışa bilərsən? – Nənə bir qədər kövrəldi, sonra özünü ələ alıb dedi:

– Sən artıq böyük bir kişisən. Odur ki, hər şeyi bilməyin vaxtı çatıb, ağıllım mənim. Baban və atan qəhrəmandırlar. Vətəni qoruyan zaman Birinci Qarabağ savaşında şəhid oldular. Baban hərbi zabit, atan isə əsgər idi. Atan ananla ailə quranda əsgərlikdən təzə qayıtmışdı. Evlənib yenidən hərbiyə qayıtdı. Az müddətdən sonra Qarabağ savaşı başladı. O savaşdan qayıtmaq onlara qismət olmadı. Onda sən dünyaya gəlməmişdin, yəni doğulmamışdın. Ona görə də atana və babana səni görmək qismət olmadı…

Onda mən nənənin boynuna sarıldım, kövrəldim, sonra üzündən öpüb dedim:

– Nənə, məndə böyüyəndə babam kimi hərbçi zabit olacağam, babamın və atamın qısasını düşmənlərdən alacağam.

– Nənə, bəs doğum günün haçandır?

– Doğrusu, özüm də dəqiq bilmirəm. Əlbəttə, sənədimdə yalnız doğulduğum il və ay yazılmışdır.

O zaman nənəmi bir daha qucaqlayıb dedim:

– Nənə, mən səni dünyalar qədər sevirəm. İndi anladım ki, sən mənim ən böyük hədiyyəmsən. Bu gündən doğum günün mənim doğum günüm ilə eyni gündə olmağını istəyirəm. Axı biz bir ayda doğulmuşuq, bu gün isə mənim doğum günümdür. Nənəm kövrəldi və gözləri yaşlardı. Etirazım yoxdur, gözqmün nuru, – deyib gözümdən öpdü.

Bu gün nənəmin doğum günüdür. Onu təbrik etmək üçün hədiyyə almağa gəlmişdim. Fikirləşdim ki, bir qədər istirahət edim, çay içim, bu zaman sizinlə rastlaşdım. Tanışlığımıza görə çox şadam.

Dərhal anladıq ki, bu gün həm bu gənc oğlanın doğum günüdür. Odur ki, biz də onu təbrik etdik. O, kövrəldi, bizə təşəkkür etdi və dedi:

Mən nənəmə söz vermişdim, sözümü tutdum. Şəhid atam və babamın qisasını İkinci Qarabağ savaşında Füzulidə, Cəbrayılda və Şuşada aldım.

Dedikləri bizi çox kövrəltdi. Durub bir-bir onu qucaqladıq. O bizimlə vidalaşıb yoluna davam etdi.

Müəllif: Şəfahət Şəfi Həsənov