02 мая 2024

NƏNƏNİN SEVİNC PAYI

Uşaqlar üçün hekayə

Nənə yay tətili zamanı onuncu sinifi bitirmiş nəvəsinə dadlı yeməklər bişirməyi öyrətmək istədi. Bu, tənbəl nəvəni maraqlandırmadığı üçün öyrənmək də istəmirdi. Nəvəsinə müxtəlif yeməklərin sirrini ötürmək istəyən nənə hiylədən istifadə etmək qərarına gəldi. Bu aldatmada gözəl bir niyyət var idi. Bunun üçün o, yemək reseptlərini bir dəftərə yazıb masanın üstünə qoydu. Eynəyini gizlədəndən sonra nəvəsini çağırıb dedi:

— Mənim gözəl nəvəm, masanın üstündəki o dəftəri gətir, mənə ver. İçində dadlı borşun hazırlanma qaydaları yazılıb. O borşdan bişirmək istəyirəm. Eynəyimi də gətir.

— Nənə, axı masanın üstündə eynək yoxdur!

— Düzdür, tamam unutmuşam, gözəl nəvəm. Eynəyi təmir etmək üçün ustaya vermişəm. Əgər sən resepti oxusan, mən yeməyi bişirərəm.

— Yaxşı, nənəcan, – dedi nəvə. – Onda mən resepti oxuyum, sən də o dediyin dadlı borşu bişir.

Nəvə nənəyə borşun hazırlama qaydasını oxuyur, izah edir, nənə də bişirirdi. Amma nəvə bilmirdi ki, nənə dəftərdəki reseptləri əzbər bilir. Bu qayda ilə nənə düz bir ay nəvəsinə müxtəlif növ yeməklər bişirməyi öyrətdi. Sonra da bir gün özünü xəstəliyə qoyub nəvəsinə sərbəst olaraq yeməklərdən birini bişirməyi tapşırdı. Nəvə bu imtahandan da uğurla çıxdı və çox dadlı balıq sırdağı bişirdi.

Nənə nəvəsinin uğurundan çox sevindi və yeməkdən sonra onu bağrına basıb dedi:

— Mənim əziz nəvəm! Sən gələcəkdə müstəqil həyata qədəm qoyanda nə mən, nə də ki, anan yanında olacaq. Onda sən özün üçün və ya ailən üçün bu dadlı yeməklərdən bişirərsən. Sənin bişirdiyin dadlı yeməklər isə sənə doğma olan insanları sevindirəcək.

Bu xoş sözləri eşidən nəvə nənəsini qucaqlayıb dedi:

— Çox sağ ol, nənəcan. Sənin sayəndə mən də dadlı yeməklər bişirməyi öyrəndim. Heç ağlıma gəlməzdi ki, mən sənin kimi dadlı yeməklər bişirə bilərəm. Həqiqətən, sevinirəm ki, bu işi artıq bacarıram.

Düzdür, mənim gözəl nəvəm, ürəyim mənim! Sən çox bacarıqlısan əlbəttə. Hələ çoxlu digər dadlı yeməkləri də bişirməyi öyrənəcəksən. O dəftəri də götür, qoy sənin yaddaş dəftərin olsun.

Müəllif: Şəfahət Şəfi Həsənov