03 мая 2024

İKİNCİ HƏYATI YAŞAYAN ADAM

(Real hekayə)

Fevral ayının 27-si, 2014-cü il, cümə axşamı idi. Gecə həkimə bir zəng gəldi:

— Alo, dinləyirəm!

— Salam, həkim, Bakıdan Tofiqdir, məni tanıyırsınız, Sizin keçmiş xəstənizəm.

— Əleyküm salam, Tofiq müəllim!

— Həkim, sizə ehtiyacımız var, Bakıya gəlməyə vaxtınız olarmı? Bir dostum var ona baxmağınızı istəyirəm. Çoxdandır yataq xəstəsidir. Bir müddət öncə xəstəxanalarda yatırdı, müalicə alırdı. Artıq bir aya yaxındır ki, çarəsini tapa bilmədikləri üçün evə buraxıblar. Xahiş edirəm bir maşına oturub gəlin, elə o maşınla da qayıdacaqsınız.

— Yaxşı, Tofiq müəllim. Səhər tezdən yola düşərəm, Siz ünvanı mesajla göndərin.

— Həkim, əvvəl bizə gəlin, birlikdə gedib xəstəyə baş çəkərik.

— Oldu, Tofiq müəllim, tezliklə görüşərik.

Həkim səhər tezdən dostu Rəfayılın maşınında Bakıya yola çıxdı. O, Tofiqlə görüşəndən sonra – birlikdə xəstəyə baş çəkdilər. Həkim onun xəstəlik tarixçəsi ilə tanış olub, vizual müayinə etdi. Bütün araşdırmalardan sonra xəstəyə müalicə yazdı. İşini tamamlayandan dərhal sonra geri dönmək üçün yola çıxdı. Bakıda «3-ün kruqu» deyilən ərazidən, 20 yanvar metrosunun yaxınlığından keçən zaman Rəfayilın telefonuna zəng gəldi, zəng edən anası idi. Sükan arxasında olduğu üçün telefonu qulağına qoymadan açdı:

— Eşidirəm, ana!

— Hardasan?

— Bakıdayam, ana, həkimi Lənkərana aparıram.

— Həkimi apar, sonra Bakıya qayıt. Atan bir iş tapıb, ona kömək lazımdır.

— Yaxşı, ana, – deyib telefonu söndürdü.

Bu zaman həkimin ağlına bir fikir gəldi, odur ki, dedi:

— Rəfayıl, maşını ver qırağa saxla, bir məsələ var, həllini müzakirə edək.

Rəfayıl mümkün bir yerdə maşını kənara verib saxladı. Həkim ona dedi:

— Sən məni 20 yanvarda Lənkərana gedən maşınların yanına apar. Orada maşınlardan birinə oturub, gedərəm. Sən qal, atana kömək et.

Rəfayiı maşınını rayona gedən maşınların dayanacağına sürdü. Orada maşını tərk edən həkim yolun digər tərəfinə keçmək istəyirdi ki, qarşısında bir maşın dayandı. Sürücü maşının qapısını açıb səsləndi:

— Lənkərana gedirəm, yolunuz Lənkəranadırsa buyurun əyləşin, gözləmədən yola düşək.

— Təşəkkür edirəm, – deyib həkim maşına oturdu.

Həkimlə sürücü tanış idilər. O, əslən Lənkəranlı, adı Qəhrəman idi.

Artıq Bakıdan çıxmışdılar, Ələt-Astara yolunda hərəkət edəndə birdən Qəhrəman maşınını kənara verib saxladı:

— Nəsə baş verdi? – soruşdu həkim.

— Xeyr, həkim! Bir məsələ var, məsləhətləşmək istəyirəm sizinlə, ona görə saxladım.

— Yaxşı, buyurun, nə məsələdir?

— Həkim, Vəziri tanıyırsınız? Vəziyyəti çox ağırdır, reanimasiyada ölüm ayağındadır. Son günlərini yaşayır. Bəlkə ona baxasınız? – O, yaxşı, xeyirxah insandır. Bilmək olmaz, çarəsi əlinizdən ola bilər! Bayaqdan qəribə fikirlər məndən əl çəkmir.

— Nədir o qəribə fikirləriniz?

— Fikirləşdiyim odur ki, 5-10 saniyə tez keçsəydim, sizinlə rastlaşmazdım.

— Təsadüfdür, fikir vermə.

— Mən orada dayanmayacaqdım, tələsirdim. Keçəndə Sizi təsadüfən gördüm və saxladım. Həkim, bəlkə Vəzirin qardaşı Riyad müəllimə zəng edim, onunla görüşdürüm Sizi?

— Yaxşı, o zaman zəng edin, istəsə, görüşərik.

Qəhrəman Riyad müəllimə zəng etdi. Həkim haqqında məlumat verdikdən sonra səhər görüşməyi qərara aldılar. Riyad müəllim səhər həkimlə görüşüb birlikdə xəstəxanaya getdilər.

Vəzir üçün bir palata ayrılmışdı. Ağır vəziyyətdə idi. Həkim xəstəni öncə vizual baxışdan keçirtdi. Ayaqlarının şişmiş, hissiyatsız, bədəninin gərgin və kritik vəziyyətdə olduğunu gördü. Ümidləri hər yerdən kəsilmiş xəstənin ölümünü gözə almış doğmaları hər an onun gözlərini əbədi yumacağını gözləyirdilər. Həkim xəstənin yanına gələndə doğmaları və iş yoldaşlarından bir neçə nəfər yanında idilər. Hər kəs əlacsız qaldığını və xəstəyə verilən dərmanların heç bir təsiri olmadığını, əksinə günü-gündən vəziyyətinin ağırlaşdığını deyirdilər.

Həkim xəstəni müayinə etdikdən sonra xəstəlik tarixçəsini tədqiq etdi. Diaqnozu oxuyanda, ona təyin olunan dərmanları görəndə çox təəccübləndi və öz-özünə sual verdi: – Necə olur ki, bu qədər dərin müayinədən keçmiş bir insana səhv diaqnoz qoyulub? Bu vəziyyəti görənə qədər hətta, xaricdə müalicə almış xəstəni səhv diaqnozla müalicə etdiklərinə inana bilmirdi. Xəstəyə bir-iki günlük simptomatik müalicə təyin edib sənədləri bir daha dərindən tədqiq etmək üçün özü ilə götürdü. Artıq həkim əmin idi ki, xəstənin əsl diaqnozu nədir və nədən başlamaq lazımdır. Müalicənin ikinci günü xəstə sürətlə yaxşılaşmağa başladı. Bu bəzi həkimlərin xoşuna gəlməsə də həqiqətlə barışmalı oldular. Üç gündən sonra xəstə həkimə dedi:

— Həkim, mən xəstəxananı könüllü olaraq tərk etmək istəyirəm. Burada qalmaq mənim üçün ağırdır. Məni aparın evə, müalicəni ev şəraitində davam edərəm.

Həkim razılaşmasa da, xəstə israr edib xəstəxananı tərk etməyə qərar verdi. Doğmaları da razılaşdılar. Evdə xəstə üçün münasib şərait yaradıldı. Müalicənin iyirmi səkkizinci günü xəstə artıq ayağa qalxa bilirdi.

Vəzirin səhhətinin birdən-birə pisləşməsi oğlunun toy ərəfəsinə təsadüf etdiyindən təxirə salınmışdı. Onun ayağa qalxdığını, sərbəst hərəkət etdiyini gördükdən sonra həkim Vəzirə dedi:

— Artıq toya hazırlaşa bilərsiniz.

— Həkim, deyəsən vəziyyətim yaxşı olmayacaq deyə, oğluma tez toy etməyimi istəyirsiniz.

— Xeyr! İnşallah, bir neçə günə daha da yaxşı olacaqsınız, ona görə.

— Yox həkim, mən çəliklə toyda hər kəsin qabağına çıxmaq istəmirəm.

— Bu müvəqqətidir. Bəlkə çəliyə ehtiyac da olmadı. Amma dayaq üçün götürərsiniz. Əsas yarımçıq qalmış toyu tamamlamaqdır.

Bir neçə gün keçdi, xəstənin vəziyyəti daha da yaxşılaşdı. Oturub söhbət edirdik. Birdən Vəzir oğlunu çağırdı və dedi:

— Götür maşının sənədlərini, get həkimin adına sənədləşdir, zəhməti böyükdür.

Vəzirin istəyi ciddi idi. Amma həkim dedi:

— Allahın izni ilə bir həkim kimi işimi gördüm. Sıradan müalicə etdiyim insanlardan birisiniz, – deyib maşını qəbul etmədi.

Daha bir neçə gündən sonra Vəzir oğluna böyük bir toy edib, yenə iş başına qayıtdı. İndi sağlam və xeyirxah bir insan olaraq yaşamaqda davam edir.

Müəllif: Şəfahət Şəfi Həsənov