03 мая 2024

İTLƏ PİŞİYİN DOSTLUĞU

Uşaqlar üçün hekayə

Adsız adlı pişik sahibinin ölümündən sonra tək qalmışdı və yeni sahibə ehtiyacı vardı. Odur ki, o, bir-birinin ardınca evləri gəzir, sahiblərinin diqqətini çəkməyə çalışırdı. Ucadan miyoldayaraq, xeyirxah bir insanın ona sığınacaq verəcəyini düşünürdü. Amma cəhdləri nəticə vermədi, ona sığınacaq verə biləcək insana rast gəlmədi. Acından ölməmək üçün Adsız hərəkətə keçdi və tədricən zibil qutularında yemək tapmağı öyrəndi. O daha ac qalmırdı. Onun yeganə problemi sahibsiz itlərdən çox qorxması idi.

Bu ərazidə Zorba adlı böyük və güclü sahibsiz bir it də yaşayırdı. Bir gün Zorba Adsızı uzaqdan seyr edərkən onun hündür zibil qablarına dırmaşıb içindən asanlıqla yeməklər götürə bildiyini gördü. Bunu etmək Zorba üçün çətin idi deyə, pişiklə dostlaşmağı qərara aldı. Bu səbəbdən Zorba mehribancasına Adsıza yaxınlaşıb onu dost olmağa dəvət etdi.

Adsız Zorbanın təklifini rədd edə bilməzdi. Axı, təklif Adsız üçün də sərfəli idi. Zorbanın yanında heç bir it cürət edib ona düşmən kimi baxa bilməzdi. Beləliklə, itlə pişik arasında möhkəm dostluq münasibəti yarandı. Tapdıqları yemi bölüşür və bir-birlərinə dəstək olurdular.

Adsız və Zorba yay və payız aylarını birlikdə keçirdilər. Havalar yavaş-yavaş soyudu, sərt qış günləri yaxınlaşdı. Heyvanlar qış sığınacaqlarını zibil qutularının yaxınlığında qurmuşdular. Axı, oradan insanların zibil gətirib qablara atdıqlarını yaxşı görürdülər. Zibilin içində çörək və ət tikələri, sümüklər də ola bilirdi. Gec gələnlər ac qalır və ya yemək çatışmazlığından əziyyət çəkirdilər.

Ardıcıl bir neçə gün qısa fasilələrlə sulu qar yağdı. Gecələr yolları buz bağlayır, gün ərzində hava nisbətən isti olanda buz əriyib çoxlu gölməçələr əmələ gətirirdi. Bir tərəfdən soyuq, nəmişlik, digər tərəfdən aclıq Adsızla Zorbanı taqətdən salmışdı. Belə soyuq, qarlı havada insanlar zibillərini hər gün zibil qabına daşımırdılar.

Bu gün hava həmişəkindən daha pis idi. Adsız və Zorba ümid edirdilər ki, kimsə təzə yemək qalıqlarını gətirib zibil qutusuna atacaq. Amma bu baş vermədi. Sanki bu ərazidə heç insanlar yaşamırdılar. Sonra anladılar ki, bu gün iş günü deyil və insanlar isti evlərində istirahət edirlər.

Adsız bir qədər gözlədikdən sonra Zorbaya təklif etdi ki, növbə ilə evlərə yaxınlaşıb insanlardan yemək istəsinlər. Verilən yeməyi gətirib aralarında bölüşsünlər. Zorba Adsızın təklifini qəbul etdi və dedi:

— Onda birinci mən getmək istəyirəm.

— Etirazım yoxdur. – dedi Adsız.

Əslində, Zorba çox uzağa getməmək üçün birinci getmək istəyirdi. O  bilirdi ki, uzağa getsə daha çox islanacaq. Sulu qar dayanmaq bilmirdi. Adsız ev pişiyi olduğu üçün bu onun çöldə keçirdiyi ilk qış idi. Bu kimi çətinliklərlə üzləşəcəyi heç ağlına da gəlmirdi.

Zorba məhəlləni yaxşı tanıyırdı və bilirdi ki, hansı evdən ona yemək verəcəklər. Odur ki, birbaşa həmin evin darvazasına yaxınlaşdı və asta-asta hürməyə başladı. İtin hürdüyünü eşidən ev sahibi, belə soyuq, qarlı havada itin ac ola biləcəyini düşünüb ona yemək gətirdi. Zorba dərhal bütün yeməkləri yerindəcə yedi və Adsız üçün aparacağı cəmi bircə sümük qaldı. Adsız, Zorbanın bir sümüklə qayıtdığını görüb dedi:

— Dostum, yemək üçün nə gətirmisən?

— Yalnız bir sümük verdilər! Gətirmişəm ki, səninlə bölüşüm.

— Yox, Zorba! Sümük çox böyükdür. Üstündə heç ət də yoxdur. Yəqin ev yiyəsi çox xəsis imiş, sənə boş sümük verib. Bununla sən məşğul ol, mən də gedib başqa bir evdən yemək istəyim.

— Yaxşı, get, amma payımı gətirməyi unutma.

Adsız qısa zaman ərzində tamamilə islandı. Həm də yol boyu çoxsaylı gölməçələr vardı ki, hərəkət etməni çətinləşdirirdi. Nəhayət, Adsız köhnə bir evin qapısına çatdı. Aramsız miyoldamaqla ev sahibinin diqqətini çəkməyə çalışdı.

Pişiyin səsini eşidən ev sahibi qapını açdı. Tamamilə islanmış pişiyi gördükdə çox narahat oldu və onu evə aparıb yemək vermək istədi. Amma Adsız Zorbanı tək qoyub isti evə getmək istəmədi.

Bunu anlayan ev sahibi pişiyə bir torba yemək gətirdi. Adsız torbanı dişlərinə alıb var gücü ilə Zorbanın yanına tələsdi. Zorba isə acgözlüklə torbadakı yeməklərin hamısını yedi və Adsıza heç bir şey saxlamadı. Bu mənzərəni görən Adsız məyus olub dedi:

— Dostum, gətirdiyim yemək ikimiz üçün idi. Amma hamısını sən tək yedin. Deyəsən, bu gün mən ac qalmalı olacağam!

— Yox, yəqin doyunca yemisən, mənə də çox az miqdarda gətirmisən-dedi Zorba.

Adsız Zorbanın onu aldatdığını başa düşdü. Düşündü ki, bu qışı Zorba ilə keçirsə, acından öləcək. O, Zorbadan həmişəlik ayrılmaq üçün yaxşı adamların axtarışına çıxdı. Adsız bir-bir evlərin qapıları önündə miyoldayıb ona sığınacaq verəcək insanı axtarırdı. Amma heç kəs onu qəbul etmək istəmirdi.

Adsız çarəsiz qalıb yenidən bu gün ona yemək verən köhnə evin qapısına qayıtdı. Adsız ev sahibinin gözlərində xeyirxahlıq hiss etmişdi. Odur ki, var gücü ilə aramsız miyoldamaqla ev sahibinin diqqətini cəlb etməyə çalışdı. Onun artıq hərəkət etməyə taqəti belə qalmamışdı. Bu ev onun son ümid yeri idi.

Ev sahibi pişiyin miyoltusunu eşidən kimi, dərhal həyətə düşüb qapını açdı və tamamilə islanmış, soyuqdan tir-tir əsən pişiyi gördü. Adsız baxışlarını ev sahibinin mərhəmət dolu gözlərinə yönəldib, ona tərəf addım atmaq istədi. Amma ayaq üstdə dura bilməyib büdrədi və yerə yıxıldı. Bunu görən ev sahibi tez onu qucağına alıb isti evə apardı.

Adsız bəlkə də pişiklərin ən xoşbəxti idi. Ev sahibinin mərhəməti onu ölümdən xilas etmişdi. Sevinirdi ki, bundan sonra nə soyuqdan donacaq, nə də ki, acından öləcək.

Bütün olaylara baxmayaraq, Adsız hələ də Zorbanın halına acıyırdı. Axı onlar dostluq etmişdilər, yemək tapıb bölüşmüşdülər. Adsız Zorbanın son hərəkətini heç cür anlaya bilmirdi. Buna baxmayaraq, o, Zorbanın tək qaldığına, soyuqdan əziyyət çəkəcəyinə narahat idi. Amma Zorbanın qışdan sağ-salamat çıxmasını öyrənəndə sevindi və rahatlıq tapdı.

Adsız yeni sahibini çox sevdi və onun köhnə evini siçanlardan tamamilə təmizlədi. Zorba isə Adsız kimi bir dostu itirdiyinə görə yəqin ki, çox peşman olmuşdu.

Müəllif: Şəfahət Şəfi Həsənov