03 мая 2024

MƏNİM ATAM DƏNİZÇİDİR

(Bəhram Şəmsin “Mənim atam dənizçidir” şeiri əsasında)

Uşaqlar üçün hekayə

Mənim atam əsl dənizçidir. Böyük bir gəmidə dənizdə üzür, güclüdür, cəsurdur, hündür dalğalardan, fırtınadan qorxmur. Növbə ilə, bir ay gecə-gündüz dənizdə çalışır, bir ay da, evdə birlikdə oluruq atamla. O, dənizdə olanda onun üçün darıxıram, yolunu gözləyirəm. Mən atamı çox sevirəm.

Atam deyir ki, dənizi çox sevdiyi üçün gəmidə çalışır. Küləklə, dalğalarla dostluq edir. İş arası fasilələrdə oturub göydə uçuşan qağayıları seyr edir, şeir yazır.

Mən atamla fəxr edirəm. O, dənizə gedəndə deyirəm:

— Qoy xoşbəxtlik dalğaları səni müşayiət etsin. Dənizdə hər zaman sakit külək əssin, fırtınalar olmasın. İşlərində uğur olsun, yorulmayasan ata. Dənizə çıxanda səni sevdiyimi, gözlədiyimi, unutma!

— Yox qızım, mən səni unutmaram, mən də səni sevirəm, – deyir gözəl atam.

Atam dənizdə olanda ona xəyallarımda məktub yazıram. “Ata, heç vaxt cəsarətin tükənməsin. İradən dağ kimi güclü olsun. Mən səni sevirəm, gözləyirəm. Sənsiz gündüzlər və gecələr çox uzundur, atacan”.

Atam: – dənizə gedəndə Şükranım sizinlədir, – deyir. Şükran böyük qardaşımdır, musiqiçidir. Mən atam üçün darıxanda tarda gözəl ifaları ilə məni darıxmağa qoymur. Şükran qardaşımın da arzusu əslində musiqiçi deyil, atamız kimi dənizçi olmaqdır. Soruşuram qardaşımdan:

— Sən niyə dənizçi olmaq istəyirsən? Atamız dənizdə çalışır, onu bir ay görmürük, çox darıxırıq. Sən də dənizçi olsan onda iki qatına darıxarıq axı? O, isə deyir:

— Darıxma, gözəl bacım! Dənizçi olsam, mən də sənə dəniz gətirərəm. Sən ki, dənizi çox sevirsən.

Atam evə qayıdanda evimiz dəniz qoxuyur. Sanki dənizi özünlə evə gətirmisən, – deyir anam.

Mən ilk dəfə dənizin qoxusunu atamdan almışam, o vaxtdan mən də dənizi sevirəm. Odur ki, Atam evə gələndə onu qucaqlayıb atamın dəniz boyda şirin qoxusunu nəfəsimə çəkirəm.

Bir dəfə dərsdə müəllimə bizə inşa yazdırırdı. Dedi ki, inşa valideynlərinizə aid olsun. Sonra mənə yaxınlaşıb soruşdu:

— Fatimə, atan harada çalışır?

— Qürurla söylədim, – mənim atam dənizçidir!

Müəllif: Şəfahət Şəfi Həsənov