03 мая 2024

UDUŞLU TOP

(Real hekayə)

Ticarət mərkəzində marketlərin birində reklam viktorinası keçirilirdi. Mən də təsadüfən viktorina iştirakçısı oldum və bir futbol topu qazandım. Marketi tərk edəndə qazandığım topu mənə hədiyyə olaraq verib təbrik etdilər. Əlimdə top evə doğru gedirdim. Yolum istirahət parkının içindən keçdiyi üçün bir qədər əyləşib dincəlmək qərarına gəldim. Bu zaman bir uşaq mənə yaxınlaşıb dedi:

— Əmi, bu topu oğlun üçün almısan?

— Yox, niyə soruşursan ki?

— Mənim çox sevdiyim topdandır. Atam mənim üçün bu topdan almaq istəyir, amma yerini bilmir, söz verib ki, tapan kimi alacaq.

— Bəs, sənin adın nədir, igid oğlan?

— Adım Kamal Nəsirzadə.

— Bəs atanın adı nədir?

— Atamın adı Etibardır.

Bu zaman uşağın atası bizə yaxınlaşdı. Kamal atasını görən kimi topa işarə edib:

— Ata, ay ata, mən o topdan deyirdim – sevincək atasına səsləndi.

Atası ona dedi: – Gedək oğlum,– daha nə isə demək istəyirdi ki, sözünü kəsdim:

— Etibar, dostum, necəsiniz?

— Yaxşıyam, amma… (,,Sizi tanımadım» demək istəyirdi yəqin).

— Bilirəm,- dedim, narahat olmayın. Kamalın istədiyi topu gətirmişəm. Götürün, verin oğlunuza, qoy sevinsin.

Etibar əlini topa uzadanda gözləri dolmuşdu. Topu alıb oğluna verdi. Bu an Kamal sanki göyün yeddinci qatında imiş kimi bir anlığa topu yerə qoyub kiçik qolları ilə atasını bərk-bərk qucaqladı. Atası da oğlunu bağrına basıb üz-gözündən öpdü. Balaca Kamalın sevincinin həddi-hüdudu yox idi. Sevinirdim ki, Kamalın atası topu qəbul etdi. Mən də balaca Kamalı qucaqlayıb dedim:

— Atan söz vermişdi, sözünü tutdu. Sən bunu heç vaxt unutma. Atan səni çox istəyir, biləsən. Bu topu bu gün onun istəyi ilə gətirmişəm.

— Əmi, sağ olun, doğrudan, bu topu atamın istəyi ilə alıb gətirmisən?

— Əlbəttə, dostum.

— Əmi, mənim atam erməniləri qovanda güllə yarası alıb, baxın, — üç barmağını göstərib — atama bu qədər medal veriblər.

— Hə, elədir. Atan qəhrəmandır, – deyib, Etibarı qucaqlayaraq qulağına- narahat olma, bu topu bir qədər bundan əvvəl marketdə viktorinada udmuşdum, yerinə düşdü – dedim. Heç uduşlu olmasaydı belə bu topu ona bağışlayardım. Axı, Siz uşaqlarımızın gələcəyi üçün döyüşmüsünüz. Allah Sizi qorusun!

Onlarla vidalaşıb yoluma davam etdim.

Müəllif: Şəfahət Şəfi Həsənov