03 мая 2024

NƏNƏNİN NAZLI PİŞİYİ

Uşaqlar üçün hekayə

Kənddə kimsəsi olmayan tənha yaşlı bir qadın yaşayırdı. Kəndin adamları onu ,,nənə» deyə çağırırdılar. Günlərin bir günü, qış aylarının birində nənə həyət qapısının arxa tərəfində pişik balasının aramsız yazıq-yazıq miyoldadığını eşitdi. Tənhalıqdan bezən yaşlı qadın pişik balasını götürüb evə gətirdi. Ona isti yemək verib evdə qalmasına  şərait yaratdı. Pişik balası tez zaman ərzində öz davranışı və mehribanlığı ilə Nənənin rəğbətini qazandı. Nənə hara gedirdisə, pişik balası da onun arxasınca gedirdi. Bunu görən Nənə pişiyi ,,Nazlı» deyə çağırmağa başladı. Zaman keçdi, pişik balası böyüdü və Nənənin ən yaxın rəfiqəsinə çevrildi.

Mətbəxdəki şkafın arxasında bir siçan yuva qurub xoş günlərini yaşayırdı. Ac olanda elə mətbəxdəcə özünə yemək tapıb qarnını doyururdu. Amma Nənə Nazlını bu evə gətirəndən sonra, siçan çox narahat olmuşdu.

Əvvəllər, soyuq havalarda Nazlı Nənənin otağında yaşayırdısa, indi yayın isti günlərində vaxtını mətbəxdə qoyulmuş kresloda keçirirdi. Beləliklə, qorxudan səsi belə çıxarmayan şkaf arxasındakı yuvasında gizlənən siçan, hər gün pişiyin mətbəxdən həyətə çıxmasını və fürsətdən istifadə edib bir az yemək tapmasını gözləyirdi. Amma Nazlının bundan xəbəri yox idi.

Siçan qorxu içində yaşamaqdan yorulmuşdu və bu pişikdən qurtulmağın yollarını axtarırdı. O fikirləşirdi ki, Nənənin pişiyə olan inamını qıra bilsə, nənə pişiyi mətbəxdən uzaqlaşdıracaq və yenə siçanın xoş günləri başlanacaq. Çox fikirləşəndən sonra bir yol tapdı və planını yerinə yetirmək üçün münasib zamanı gözləməyə başladı.

Siçan bilirdi ki, Nənə otaqların havasını dəyişmək üçün tez-tez evin və mətbəxin qapılarını açıq qoyur. Mətbəxin açıq qapısı siçana öz planını həyata keçirməsi üçün şərt idi. Ona görə də o, uyğun anı səbirsizliklə gözləyirdi.

Bir gün nənə mətbəxin qapısını açıq qoyub yaxındakı ərzaq mağazasına getdi. Nazlı isə sərin mehdə həyətdəki salxım söyüdün altında dincəlirdi. Siçan fürsəti əldən verməyib mətbəx masasına qalxdı. O, var gücü ilə bir neçə nəlbəki və fincanı yerə itələdi. Qabların yerə düşüb sındığını görəndə  çox sevindi və tez qaçıb yuvasında gizləndi.

Qabların səsini eşidən Nazlı yerindən sıçrayıb mətbəxə qaçdı. Sınmış qabları görəndə donub yerində qaldı. Bu zaman Nənə də mağazadan qayıtdı və mətbəxdəki sınmış qabları görəndə çox təəccübləndi:- Kim bunu edə bilər? Bu Nazlının işi ola bilməz! – düşündü nənə. Odur ki, Nazlını cəzalandırmaq fikrində deyildi. Çünki bu evdə yeganə dostu Nazlı idi və onu çox sevirdi.

Pişiyə cəza verməyən Nənəyə yaman acıqlanmışdı siçan. Bundan sonra o, fürsəti əldən verməyib nənəyə ziyan vurmağa davam etdirdi. Nənə Nazlını qınamasa da, pişiyin yerini dəyişdirməyə və onun mətbəxə girməsini qadağan etməyə məcbur oldu. İndi Nənə evdən çıxıb harasa gedəndə mətbəxin qapısını bağlayardı.

Uğur qazanan siçan çox razı idi və özünü əla hiss edirdi. Bir gün də Nənə mətbəxin qapısını bağlayıb həyətə düşdü. Fürsəti əldən verməyən siçan həmişəki kimi mətbəxdə eşələnirdi. O, mətbəxin qapısının bağlı olduğunu unudub Nənənin fincanını masadan yerə saldı.

Nənə mətbəxə girəndə gözlərinə inanmadı. Qapı bağlı idi, bəs fincanı masadan kim salıb sındırıb? Çox düşünmədən bu dəfə Nənə bir hiylə işlətdi. Mətbəxdəki masanın üstünə ləzzətli qoz-fındıq qoydu və ətrafına nazik bir qat un səpdi. Mətbəxin qapısını açıq qoyub həyətə düşdü. Beləliklə, Nənə həqiqəti üzə çıxarmaq və qabları kimin sındırdığını öyrənmək istəyirdi.

Çox keçmədi ki, siçan masanın üstündən dadlı qoxunu duydu. Nazlı da mətbəxdən gələn qoxunu hiss edirdi. Amma o, nənənin icazəsi olmadan yeməklərə toxunmazdı. Siçan yavaş-yavaş masaya yaxınlaşdı. Yaxınlaşdıqca dadlı qoxu onu daha çox cəlb edirdi. Nəhayət özünü saxlaya bilməyən siçan masanın üstünə çıxdı və dadlı yeməklərin üzərinə cumdu.

Bu zaman Nazlı mətbəxdən səs eşitdi və yavaş-yavaş yaxınlaşıb bir siçanın stolun üstündə nənənin dadlı yeməklərindən yediyini gördü. Pişik içəri girməyə cəsarət etmədi. Amma o, acıqlı səslə mırıldadı və siçanı qorxutdu. Siçan qorxudan tez qaçıb yuvasında gizləndi.

Siçan qaçıb gizlənəndən sonra Nazlı yüksək səslə miyoldamağa başladı. Nazlının aramsız miyoldamasını eşidən nənə tez ona yaxınlaşdı. Nazlı mətbəx qapısının önündə durmuşdu. Nənə içəri keçib masaya baxanda hər şeyi anladı. Masadakı yeməklərin dağıdıldığını və masa üzərində siçanın ayaq izlərini gördü. Beləliklə, Nənə ,,cinayətkar»ın kimliyini ayaq izləri ilə müəyyən etdi.

Nənə, nəhayət, tam əminliklə anladı ki, bu işdə günahkar siçandır. Nazlının günahı yox imiş. Odur ki, qadağalar götürüldü və Nazlı yenidən mətbəxin içindəki yumşaq kresloya qayıtdı. Siçan isə evi tərk edib başqa yerdə münasib mətbəx axtarışına çıxdı.

Müəllif: Şəfahət Şəfi Həsənov