02 мая 2024

NƏ QƏDƏR GÖZƏLSƏN, TƏBİƏT

(Esse)

İnsan, o cümlədən bütün canlılar adı təbiət olan bir evdə yaşayırlar. Bu sirr deyil ki, insanın təbiətlə əbədi bağlılığı vardır və fasiləsiz olaraq hər zaman onunla ünsiyyətdədir. Lakin insandan başqa bütün canlılar təbiətlə harmoniyada yaşaya bilir. İnsan planetimizdə yeganə varlıqdır ki, təbiət hadisələrinə qismən təsir etmək gücündədir. O, təbiəti eşidir, görür, onunla nəfəs alır, yaşayır və təbiətə aparan izaholunmaz bir cazibə qüvvəsinin olduğunu hiss edir. Çünki insan doğulduğu, böyüdüyü doğma təbiəti tərk edəndə ürəyində ömrünün son gününə qədər nostalji hissləri yaşayır. Geriyə, doğma təbiətə qayıdan insan ürəyinin yenidən canlandığını, enerji axınının artdığını görür. Bu zaman insan təbiətdə doğma ocağına bağlılığını, onu necə sevdiyini anlayır. Təbiətin gözəlliyinə heyran olan insan qoynuna atılıb onu qucaqlamaq, dərindən nəfəs alıb rahatlamaq istəyir. Amma təbiətin bir canlı orqanizm olduğunu dərk etməyən insan təbiətdə baş verən hadisələrə qarşı çıxır, onu idarə etməyə çalışır. Nəticədə, təbiət üsyan edir, ona qarşı çıxan insanı təbii fəlakətlə cəzalandırır.

İnsan ətraf mühitlə qarşılıqlı münasibətin həyat üçün nə qədər mühüm olduğunu dərk etsə də ona istehlakçı gözü ilə baxır. Bəzən insan əlində olduğu resursları görür, özünü ilahiləşdirərək təbiətin onun evi olduğunu unudur. Təbiətin resurslarını qorumaq, ondan rasional istifadə etmək əvəzinə, insan özü kimi insanları məhv etmək üçün dəhşətli silahlar hazırlayır. Kütləvi qırğın silahlardan istifadə edən zaman ekoloji fəlakətin nəticələri barədə düşünmür və dərk etmir ki, bir gün gələcək, təbiətə vurduğu ziyanın bədəlini ödəməli olacaq. İnsan həyatda qalmaq üçün təbiətə qarşı dağıdıcı münasibətini dəyişməlidir. Əgər münasibəti olduğu kimi qalacaqsa, onu yer üzündən yox olmaq təhlükəsi gözlədiyini bilməlidir. İnsan anlamalıdır ki, təbiətin ona verdiyi resurslar firavan yaşaması üçündür. Heç bir halda insan o resursları təbiətin özünə qarşı istifadə etməməlidir. Təbiətlə harmoniyada yaşamağı öyrənməli, ona qarşı dağıdıcı münasibətini dəyişməlidir və təbiəti qorumalıdır insan. Çünki insandan başqa təbiətə ziyan vura bilən digər bir canlı varlıq planetimizdə yoxdur. İnsan təbiətdən aldığı mükafatların qarşılığını məhəbbəti ilə verməlidir. İnsan isə əksinə, təbiətin simasını dəyişmək üçün nəhəng texniki qurğular düzəldir meşələri qırır, çayların məcrasını dəyişir, gölləri yox edir, dənizləri və okeanları çirkləndirir, lakin fəsadlarını düşünmür. Qlobal ekoloji fəlakətlərə səbəb olan insan anlamır ki, təbiət onun yaşadığı evdir, həyatda varsa, təbiətə borcludur.

Yediyimiz qidalar, aldığımız hava, içdiyimiz su, alov, torpaq, hər nə varsa, təbiətindir. Təbiətə ziyan verən insan təbiətlə nəfəs aldığını unudaraq özü kimi milyardlarla digər insanların həyatına son verə biləcəyini düşünmür. O məgər dərk etmir ki, təbiətdən kənar yaşamaq imkanı yoxdur, onu yaşadan təbiət yeganə evidir? İnsan təbiətdə yağışın səsini, günəşin istiliyini, küləyin toxunuşunu, qarın təmizliyini, səhərin havasını, quşların nəğməsini, təbiətin tükənməz gözəlliklərini görmək, eşitmək və hiss etmək istəyir. Bəs təbiətin bu gözəl hisslərini yaşamaq üçün siz nə edirsiniz? Bu sualın cavabını təbiətlə harmoniyada yaşayan insan bilir. İnsan təbiətinin gözəlliyi varsa təbiətə olan bağlılığı və sevgisindən qaynaqlanır. Təbiətin sevgisi ilə yaşayan insan enerji ilə dolu geniş ürəyə sahibdir. Belə insanla bir arada, ünsiyyətdə olmaq əhval-ruhiyyəni qaldırır, sevinc və müsbət emosiya bəxş edir.

Təbiətlə harmoniyada yaşayan insan qışda yazın gəlişini səbirsizliklə gözləyir. Çünki yazda təbiət yenidən gözəlliyini doğanda onunla bərabər insan təbiəti də yenidən doğulur. Bunu hiss edən insan ürəyinin təbiətlə döyündüyünü anlayır və  hər zaman onunla harmoniyada yaşamağa çalışır. İnsan təbiətdə yeganə varlıqdır ki, onun gözəlliyini incəliyinə qədər görüb hiss edə və eşidə bilir. Yeni yazın gəlişi ilə insan bir daha keçmişinə nəzər salır və müəyyən nəticələr çıxardıb təbiətlə bağlılığını daha da gücləndirməyə çalışır. Təbiət yazın gəlişi ilə insanı yeni enerji axını ilə mükafatlandırır və bu zaman insanın ruhu saflaşır, qəlbi nurla dolur. Ona görə də təbiətə bağlı olan insan gözəl təbiətlə sıx ünsiyyətdə olmaq istəyir. Təbiəti hiss edən insan yazda güllərin rəng çalarlarında, bitkilərin müxtəlifliyində, canlı varlıqların geyimində fantastik gözəllikləri görəndə onlardan ayrılmaq istəmir və saatlarla o gözəllikləri seyr etməklə doymur. İnsan yayda hündür bir çinar ağacının kölgəsində dincələndə, gecənin qaranlığında güllü-çiçəkli çəmənlikdə uzanıb təbiətin pıçıltısına qulaq asanda, göydə buludların üzməsini seyr edəndə, ulduzlara diqqətlə baxıb onları hiss etdiyi zaman həyatın nə qədər gözəl olduğunu anlayır.  Payızda təbiət rəngarəng donunu geyinəndə, yazda və yayda görünməyən gizli gözəlliklərini  nümayiş etdirir və o gözəllikləri görüb hiss edən insan heyran olur və anlayır ki, təbiətin ona verdiyi məhəbbət qarşılıqlı olmalıdır. Payızda yağışın nəğmələrini dinləmək necə də xoşdur, sanki təbiət övladına laylay çalır, ona diqqətlə qulaq asan insan dərin bir yuxuya dalmaq istəyir. Qışda təbiət ağ donunu geyinən zaman göydən yerə enən quşbaşı qar dənəciklərinin rəqsi insanı valeh edir. Zəif küləyin müşayiəti ilə qar dənəciklərin rəqsinə saatlarla tamaşa edən insan göydə iki gəncin vals oynadığını görür və bu görüntü onu sanki bir anlıq nağıl dünyasına aparır. Təbiətin incəliklərini yaşayandan sonra insan qollarını açıb qışqırmaq istəyir: “Nə qədər gözəlsən, təbiət!”

Müəllif: Şəfahət Şəfi Həsənov