02 мая 2024

QISQANCLIĞIN ACI SONLUĞU

BİR GƏNCİN ETİRAFI

(Real hekayə əsasında ailə dramı)

İyirmi altı yaşım olanda evlənib ailə qurdum. O zaman evləndiyim qadının 23 yaşı vardı, orta məktəbdə çalışırdı, ali təhsilli müəllimə idi. Övladım dünyaya gəlməmişdən qabaq analıq məzuniyyətinə çıxmışdı və bir qızımız dünyaya gəldi. Mən isə tikinti şirkətində çalışırdım. Üç ilə yaxın idi ki, xoşbəxt bir ailə həyatı yaşayırdıq, qızımı çox sevirdim və bir anlığa belə ondan ayrılmaq istəmirdim. Səhər duran kimi qızımın alnından öpüb qoxusunu nəfəsimə çəkmədən işə getməzdim.

Həyat yoldaşımın diqqəti hər zaman üzərimdə idi. İşə getdiyim həftənin beş günü tezdən durub səhər yeməyimi verirdi. Sonra da məni qapının ağzında işə yola salan zaman qucaqlayıb deyirdi:
– Get, ürəyim, özündən muğayat ol, sağ-salamat qayıt, biz səni gözləyirik, – unutma!

İşimin sonu yaxınlaşanda balaca qızım üçün necə darıxdığımı hiss edirdim. Odur ki, işdən çıxan kimi evə tələsirdim. Evə qayıdıb qapını döyən kimi həyat yoldaşım qapını açıb deyirdi:
– Xoş gəldin, mənim ürəyim …
Onun mələk üzünü, sevgi dolu gözlərini görəndə bütün yorğunluğum yox olurdu. Qızımı götürüb bağrıma basanda dünyanın mənim olduğunu düşünürdüm.

Qızımızın necə yeridiyini, danışmağa başladığını, böyüdüyünü addım-addım izləyirdim. Yeriyən gündən qızım anası ilə birlikdə məni qapıda qarşılayırdılar. Hər dəfə iki mələk üzlü gözəlin qapıda məni qarşılaması qürurverici idi. Onları görəndə müsbət emosiya və enerji axınının ürəyimə dolduğunu hiss edirdim. O zaman özümü dünyanın ən xoşbəxt adamı sanırdım.

Günlərin bir günü həyat yoldaşım mənə dedi:
– Ürəyim, işə qayıtmaq istəyirəm, həm də qızımız böyüyüb, onu bağçaya vermək zamanıdır.

Əvvəl tərəddüd etsəm də, sonra razılaşdım. Çünki onun analıq məzuniyyəti bitmək üzrə idi. Uşaq da bağçaya getməli idi. Beləliklə, həyat yoldaşım işə qayıtdı, uşağı isə bağçaya verdik.

Ondan sonra səhər yeməyini biz birlikdə yeyirdik. Səhər yeməyini yeyəndən sonra yoldaşım və qızım məni işə yola salırdılar. Sonra yoldaşım uşağı bağçaya aparıb işə gedirdi. İş yeri evimizdən uzaqda deyildi, bağça isə lap yaxın idi. O, evə məndən tez qayıtdığı üçün yolüstü bağçadan uşağı götürür, marketdə bazarlıq edib evə gəlirdi, yemək bişirirdi… Gündəlik iş rejimi gərgin olsa da, hər gün qapıda məni qızımla qarşılamağa davam edirdi. Amma son zamanlar mənə qarşı olan istiliyin yoldaşım tərəfindən nisbətən azaldığını hiss etməyə başlamışdım. O zaman soyuqluğun onun iş rejiminin gərginliyi, yorğunluğu ilə əlaqədar olduğunu heç düşünmədim.

Odur ki, mən işdən qayıdan kimi, evdə çox qalmırdım. Yeməyimi yeyib, evdən çıxırdım, dostlarımla görüşürdüm… Sonra da çayxanada domino, nərd oynayırdıq. Bəzən evə gec gəlirdim, ailəmə az zaman ayırmağa başlamışdım. Hətta evə içkili vəziyyətdə qayıtdığım günlər olurdu. Halımı görən yoldaşım mənə xoş sözdən artıq bir kəlmə deməzdi. Qızım isə səhər tez duracaq deyə erkən yatırdı. Vəziyyətimi demək olar ki, görmürdü.

Bir müddət keçdi, ailədaxili münasibətimiz əvvəllər olduğu kimi olmadığını anlamağa başladım. İçkili olan günlərdə mənə qarşı soyuq münasibəti görməmək mümkün deyildi. Əslində, o soyuqluğun yaranmasının səbəbkarı da mən idim.

İçkili vəziyyətdə tədricən qısqanclıq hisslərim oyanmağa başladı. Bəzən səbəbsiz şübhələr məni daxildən gəmirirdi. Bu səbəbdən tez-tez əsəbləşirdim və ona layiq olmadığı sərt sözlər deyib özümdən küsdürürdüm. O isə dediklərimi sanki eşitmirdi, susurdu, gözlərimə sakitcə baxaraq göz yaşlarının necə axdığını görürdüm. Səylərinə baxmayaraq, mənə qarşı olan hisslərini rədd edirdim. Onda şirin sözləri ilə mənə təsəlli verməyə, könlümü almağa çalışırdı. Mən isə onu dinləmək istəmirdim, dediklərinə əhəmiyyət vermirdim. Hətta məni qucaqlamaq istəyəndə onu yaxına buraxmırdım. Onda məhəbbət dolu baxışları ilə mənə baxıb deyirdi:
– Həyatım mənim! Bir günahım varsa, cəzalandır, amma məhəbbətimi, sevgimi rədd etmə, məndən küsmə. Bəlkə, xoşuna gəlməyən yanlış bir hərəkət etmişəm, söylə…
Mənim ona deməyə sözüm yox idi, susurdum.

Artıq altı-yeddi ay idi ki, vəziyyət daha da gərginləşmişdi. Anlamırdım ki, üzərimdəki nəzarəti itirmişəm, yanlış yoldayam. Həyat yoldaşımın iş yoldaşlarını belə ona qısqanmağa başlamışdım. Son zamanlar yoldaşımın telefonla tez-tez danışdığını eşidirdim. Əslində, zənglər artmamışdı, sadəcə əvvəllər əhəmiyyət vermədiyim üçün mənə elə gəlirdi. Ona heç nə demirdim, amma əsəbiləşirdim və qısqanclıq hisslərim daha da alovlanırdı. Əlindən telefonunu almaq fikri beynimdə dolaşırdı. İşlə, uşaqla bağlı zənglərin ona gələ biləcəyini düşünüb fikrimi dəyişmişdim.

Bir gün qısqanclıq mənə güc gəldi. Beynim müxtəlif fikirlərlə dolu idi. Son zamanlar onun mənə xəyanət etdiyini də düşünməyə başlamışdım. Mən artıq həddimi aşdığımı görə bilmirdim. Qəti qərara gəldim və onunla ayrılmaq istədiyimi söylədim. Sərt qərarı verəndə, çox sevdiyim qızımı belə unutmuşdum. Az müddətdən sonra rəsmən boşandıq və ayrıldıq. Gedəndə bütün körpüləri yandırdığım üçün geriyə dönməyə bir yol belə saxlamadım.

Xoşbəxtlik axtarışı adı ilə obamı tərk etdim. Uzun bir müddət keçmiş həyat yoldaşımı və qızımı görmədim. Düşünmək üçün kifayət qədər zamanım oldu, nəhayət, səhv etdiyimi dərk etdim. Artıq çoxdan idi ki, içki də qəbul etmirdim. Birdən anladım ki, səhvlərimi düzəltmək zamanı gəlmişdir. Ona görə də tez evə qayıtmaq qərarına gəldim. Qayıtdım, evin qapısına yaxınlaşanda nə edəcəyimi düşünmüşdüm. Odur ki, qapının zəngini basdım, gözləyirdim ki, yoldaşım və ya qızım qapını açacaq. Amma qapını tanımadığım yaşlı bir qadın açanda ürəyimin döyüntüsü birdən artdı, həyəcanlandım. Hələ salam verməmiş qadın dilləndi:
– Kimsiniz, sizə nə lazımdır?
Özümü təqdim etdim. Keçmiş ailəmin bu ünvanda yaşadığını söylədim. O dedi:
– Doğrudur, əvvəllər burada yaşayırdılar. Amma iki il bundan qabaq evi satıb köçdülər. Hara köçdüklərini, düzü, bilmirəm, – deyib qapını örtdü.

Məsələni belə görəndə bir-bir qonşulardan soruşdum. Amma hara getdiyini bilən olmadı.

Onda mən evin qarşısında yerə bərkidilmiş oturacaqda oturub nə edəcəyimi düşünürdüm. Çünki hara köçdüklərini bilmirdim. Yaşadığımız ev isə yoldaşımın valideynlərinə məxsus idi.

Bir qədər düşünəndən sonra ona zəng etmək qərarına gəldim. Evliliyimizdən öncə onun üçün bir telefon nömrəsi almışdım. Bu bizim gizli nömrəmiz olsun demişdim. Fikirləşdim, bəlkə, ona verdiyim telefon nömrəsi hələ də aktivdir, məni unutmayıb, sevir, zəngimi gözləyir – öz-özümə sual verirdim. Həm də istəyirdim ki, zəngin kimdən gəldiyini bilsin. Əgər zəngimə cavab versə, ondan üzr istəyib ailəyə qayıtmaq istədiyimi, qızım üçün çox darıxdığımı deyəcəyəm. Nömrəni yığdım, nömrəyə zəng getdiyini eşitdim. O, telefonu açıb dedi:
– Alo, buyurun, dinləyirəm! Səsini eşidəndə sanki nitqim tutuldu, danışa bilmədim. Telefonu qulağıma tutub dinləyirdim ki, birdən qızımın şirin səsini eşitdim:
– Ana, anacan, ata zəng edib?
Kövrəldim, özümü itirdim, tez telefonu söndürdüm. Qəhər məni boğdu. İstəmədim ki, mənim kövrəlmiş səsimi eşitsinlər.
Hələ ayrılmamışdan qabaq mənə dəfələrlə demişdi:
– Qərar verməyə tələsmə, bir qədər düşün, səbirli ol. Axı mən səni sevirəm! Sevib sənə ərə gəlmişəm, ailə qurmuşuq.
O zaman onu dinləmək belə istəmədim. Qısqanclıq ağlımı əlimdən almışdı və gözlərimi kor etmişdi.
Biz boşanandan sonra da mənə demişdi:
– Mən səni son nöqtəyə qədər gözləyəcəyəm. Biləsən ki, səni sevən qızın və mən varam! Amma yolunu da kəsmək fikrim yoxdur. Çünki sənin xoşbəxt olmağını istəyən qadınam. Axtardığın xoşbəxtliyi tapsan, yaşayarsan, bizdən isə nigaran qalma. Heç qızımıza görə səndən təzminat da istəmirəm. Şükür ki, işim var, aldığım maaş bizim güzəranımıza bəs edər.

Dedikləri yadıma düşəndə dəli olacağımı, düşünürdüm. Vəziyyətə düzgün qiymət verə bilmədiyim üçün üzgünəm və illərdir özümü bağışlaya bilmirəm. Bu zaman telefonu götürüb yenidən zəng etdim. O, telefonu açdı:
– Alo, eşidirəm, (mən yenə də susdum, tərəddüd etdim) bilirəm bu sənsən, əgər mənimlə danışmaq istəmirsənsə, heç olmasa qızınla danış. Qızın artıq böyüyüb, hər gün səni soruşur. Deyir, atam haçan gələcək? Gələcək, qızım, gələcək, – deyib onu sakitləşdirirəm.

Bu an ürəyim param-parça oldu, yenə də telefonu söndürdüm və oturub hönkür-hönkür ağladım. Bir qədər keçəndən sonra mənə bir səs mesajı göndərdi. Açıb qulaq asmağa cürətim çatmadı. Yalnız bir neçə saat keçəndən sonra özümü toparlayıb səs yazısına qulaq asdım:
– Ata, mən çoxdandır səni gözləyirəm, amma sən gəlmirsən. Ata, sən bilirsən ki, mən və ana hər gün səni, sənin zəngini gözləyirdik? Ana sənin zəngini tez eşitsin deyə, onun üçün aldığın telefon nömrəsini heç söndürmürdü. Deyirdi ki, bizim gizli nömrəmizdir, mütləq zəng edəcəksən. Gecə-gündüz telefonu açıq saxlayırdı ki, birdən zəng edərsən. Sən zəng edəndə ana bərk sevindi. Amma bizimlə heç bir kəlmə danışmadın. Ata, mən səni çox sevirəm! – dedikdən sonra səs yazısı kəsildi. Bu zaman daha bir səs mesajı gəldi. Tərəddüd etmədən mesajı açdım:
– Salam! 5 ilə yaxın həsrətdən sonra yalnız ikimiz istifadə etdiyimiz nömrəyə zəng gələndə bir anlığa özümü xoşbəxt hiss etmişdim. Düşünmüşdüm ki, bəlkə, qayıtmaq qərarına gəlmisən. Hələ də gec deyil, yenə də xoşbəxt bir ailə ola bilərdik. Amma sənin danışmağa belə cəsarətin çatmadı. Xəbərin varmı ki, iki yaşında tərk etdiyin qızın indi 2-ci sinfi bitirmişdir? Mən qızımızla tez-tez səni xatırlayıb, yolunu gözləyirdik. Bir gün atan qayıdacaq qızım! – Deyirdim ona. Yenidən xoşbəxt bir ailə həyatı yaşamağa davam edərik, xəyal qururdum. Amma sən qayıtmadın. Ona görə də bu mənim sənə göndərdiyim sonuncu mesajdır. Sənin mənə nədən zəng etdiyini də anlamaq çətin deyildi. Sən bilmək istəyirsən: – mən hələ də səni sevirəmmi? Odur ki, sənə deyirəm: – mən səni hər zaman sevdim və sevirəm, heç bir zaman, bir anlığa olsun belə sənə qarşı məhəbbətimdən şübhələrim olmadı. Amma bundan sonra zəngini gözlədiyim telefonu söndürürəm. Yoxsa hər gün qızımız yanıma gəlib soruşur: bu gün atam zəng etməmişdi? Yox, canım mənim, amma mütləq zəng edəcək deyib ona təsəlli verirdim. İstəyirdim ki, zəng edəsən, qayıdasan. Hələ də doğru qərar vermək gücündə olmadığını gördüm. Bundan sonra istəmirəm ki, mən və qızım hisslərimizin dustağı olaq. – mesaj bitdi.

Mesajı dinləyəndən sonra özümü dərin bir quyunun dibində hiss etdim. Artıq bir an belə sakit dura bilmirdim, qanadları sınmış bir quş kimi çırpınırdım.

Bu dəfə mütləq zəng edib onunla və qızımla danışacağam. Onları necə sevdiyimi, darıxdığımı deyəcəyəm. Tez telefonu götürüb ona zəng etdim. Amma eşitdiyim «Bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir». İnana bilmirdim, odur ki, bir neçə dəfə ardıcıl zəng etdim ona – eyni sözləri eşitdim. Sonra tez hər zaman işlətdiyi nömrəyə zəng etdim, amma bu nömrədən də eyni sözləri eşidəndə telefonu əsəbi halda yerə çırpdım. Onda bildim ki, məni sevən qadının qoruyub saxladığı son ümidini də qırmışam. Anladım ki, evləndiyim qadını və qızımı dəlicəsinə sevirəm…

Müəllif: Şəfahət Şəfi Həsənov