03 мая 2024

ZALIM KƏNDXUDA VƏ DİV

Uşaqlar üçün nağıl

Qədim zamanlarda Bəşəru çayının sağ sahilində hər tərəfdən sıx meşə ilə əhatə olunmuş Biləsə adında bir kənd vardı. Çayın sol sahilində, dağın ətəyindəki mağarada nəhəng bir Div yaşayırdı.

Div ildə bir dəfə Biləsə kəndinə gələrdi. Onun məqsədi insanları qorxutmaq və öldürmək deyil, onlardan öz tələbatını ödəyəcək qədər ərzaq toplamaq idi.

Adətən Div yay fəslinin sonunda kəndə gəlir və evləri bir-bir gəzib, hər ailədən bir inək, qoyun və ya keçi alırdı. Amma qara rəng Divin heç xoşuna gəlmirdi. Bu səbəbdən insanlar Divə qara rəngdə olan heyvan vermirdilər. Mal-qarası olmayan kəndlilər heyvanın dəyəri qədər ona qızıl və zinət əşyaları verirdilər. Div mağarasına qayıdandan sonra heyvanları otlaq sahəsinə, qızıl-zinət əşyalarını isə anbarına yığırdı.

Kənddə bir zalım kəndxuda yaşayırdı və əhalidən çox yüksək vergilər yığırdı. Kəndxuda var-dövlətə həris, qəddar və amansız insan idi. Hamı kəndxudaya nifrət edir, onun ölməsini arzulayırdı. Çünki onun kənd camaatına qarşı amansız davranışı hamını bezdirmişdi. Hər dəfə üç tam ay görünəndə əhalidən vergi yığırdı. Vergi ödəyə bilməyənləri həyətində qul kimi işlədirdi. Bu haqsızlığa dözə bilməyən kənd ağsaqqalları kəndxudadan gizli toplantı keçirtdilər. Onlar zalım kəndxudadan və Divdən qurtulma yollarını müzakirə etdilər. İlk görüşdən bir yol tapa bilməyən ağsaqqallar fikirləşmək üçün evlərinə getdilər.

İki gün sonra kəndin çobanı Yaqub ağsaqqalların yenidən toplamasını istədi və səbəbini açıqladı. Toplantıda çoban Yaqub dedi: – Ağsaqqallar! Biz bilirik ki, Divin sehrli geyimi var. Libası odda yanmır, bədəninə nə qılınc, nə də nizə işləmir. Bu o deməkdir ki, onu bu yolla öldürə bilmərik. Yalnız hiylə ilə zalımların öhdəsindən gəlməliyik. Beləliklə, iki gün düşündüm və bizi xilas edəcək bir yol tapdım. Təbii ki, razılığa gəlsək, dərhal hazırlıqlara başlayarıq.

Toplantıdan sonra kənd əhalisi iki çəllək doşab bişirdilər. Çəlləklərdən birini ağ, digərini isə qara rəngə boyadılar. Çəlləkləri qara rəngli eşşəyə yükləyib kənd meydanına gətirdilər. Eşşəyin ətrafında rəqs edib mahnı oxumağa başladılar. Səs-küyə gələn kəndxuda əhalinin şənləndiyini görüb soruşdu:

— Niyə bu eşşəyin ətrafında dövrə vurub şənlənirsiz?

Kəndlilərin biri cavab verdi:

— Ağa, xəbəriniz yoxdur?

— Nədən?

— Xoşbəxt günümüz gəldi ağa. Div, çoban Yaqubla bizə xəbər göndərib. Deyib ki, əgər iki çəllək dadlı doşab bişirib gətirsəniz, sizə əvəzində iki çəllək dolu qızıl verərəm. Biz də dadlı doşabı bişirmişik, Divə aparmağa hazırlaşırıq.

Kəndçinin dediklərini dinləyən kəndxuda tez onların qarşısına keçib dedi:

— Nə tez unutdunuz ki, bu kəndin sahibi mənəm. Madam ki, Div xoşladığı doşabdan istəyib, biz onun istəyinə yox deyə bilmərik. Mən özüm doşabı aparıb Divə verəcəyəm. Tez eşşəyin ipini mənə verin.

Beləliklə, kəndxuda eşşəyi qabağına salıb Divin mağarasına gəldi. Kəndxudanı görən Div çox təəccüblə ona baxıb soruşdu:

— Sən bura nə cürətlə gəlmisən? Bilmirsən ki, eşşək əti yemirəm?

— Dili dolaşa-dolaşa kəndxuda dedi: – Siz çağırmısız, mən də gəlmişəm.

— Yox, mən səni çağırmamışam. De görüm eşşəyi və üstündəki çəlləkləri niyə gətirmisən? O çəlləklərdə nə var?

— Bu çəlləklərdə xoşldığınız doşab var, Sizin üçün gətirmişəm. Çoban Yaqub Sizdən xəbər gətirmişdi. Dediyinə görə iki çəllək doşabı iki çəllək qızılla dəyişəcəyini demisiniz.

Qızılın adını eşidən Div dəli kimi ayağa qalxdı və eşşəyin belindəki qara çəlləyi kəndxudanın başına çırpıb canını aldı. Sonra da eşşəyi qaldırıb dərəyə atdı. Yaman əsəbləşdi Div və hirsini soyutmaq üçün ağ rəngdə çəlləkdəki doşabın hamısını bir nəfəsə içdi. Çox keçmədi ki, Div yerə yıxıldı, zəhərlənərək öldü və kənd əhalisinin canı zalım kəndxudadan və Divdən qurtardı.

Müəllif: Şəfahət Şəfi Həsənov.