28 апреля 2025

ÇİNARƏNİN ELÇİLƏRİ

Pyes

Komediya

Iştirakçılar.

Çinarə – 23 yaşında kənd qızı

Aytən – Çinarənin kisik bacısı, 18 yaşında

Səkinə – Çinarənin anası, 47-48 yaşında

Əhməd – Çinarənin dayısı, 58 yaşında

Fətulla – Kəndin çobanı, 53-55 yaşında

Gülarə – Fətullanın yoldaşı, 50-52 yaşında

Elşən – Fətullanın oğlu, 26-32 yaşında

Mələk – Qonşu Akif kişinin yoldaşı, 49-51 yaşında

Əsli – Tofiqin həyat yoldaşı, 52-54 yaşında

Professor Yədulla – Professor, 60 yaşında

Birinci şəkil

(Səkinə, Çinarə, Aytən).

Otaqda Çinarə paltar ütüləyir. Zümzümə edərək mahnı oxuyur… Bu zaman qapı açılır, Çinarənin kiçik bacısı Aytən içəri girir.

Aytən – (həyəcanlı halda). Çinarə bacı, Çinarə bacı!

Çinarə  Nə olub ay qız? Niyə qışqırırsan? Yoxsa zəlzələdir? Qaç Aytən, qaç. (Əlindəki ütünü atır, çölə tərəf qaçır).

Aytən – (Aytən Çinarənin qabağını kəsir). Dayan, hara qaçırsan? Zəlzələ deyil!

Çinarə  Bəs nə olub? Tofiqin eşşəyi ölüb?

Aytən – Yox bacım, eşşək filan ölməyib! Sən muştuluğumu ver, mən də sənə şad xəbər verim.

Çinarə  Şad xəbər? Yaxşı, verəcəm, söz!

Aytən – Qulaqcıqları çıxart, diqqətlə dinlə! (Çinarə qulaqcıqları çıxarır.) Çoban Fətullanın oğlu Elşən sənə elçi göndərəcək. (Yerində dövrə vurub rəqs edir.)

Çinarə (həyəcanlı). Ay qız, bu da hardan çıxdı?

Aytən – Bacı, ana işə gedirdi, həyət qapısından çıxan kimi çoban Fətulla ilə rastlaşdı. Mən də həyəti süpürürdüm, eşitdim. Sabah günorta elçilər bizə gələcəklər.

Çinarə Aytən, sən mənimlə məzələnirsən?

Aytən – Məzələnmirəm! Deyirəm ki, qulaqlarımla eşitdim. Fətulla əmi anaya dedi: – Sabah günorta qızınız Çinarəni istəmək üçün elçiliyə gələcəyik.

Çinarə Aytən, bəs ana nə dedi? Yoxsa razılıq verdi?

Aytən – Ana Fətulla əmiyə gəl, dedi! (Yenə rəqs edir.)

Çinarə Aman allah, günahım nədir?

Aytən – Nə günah? Günahın yoxdur. Bundan sonra «eşşək» Elşənin nişanlısı olacaqsan və toy-bayram olacaq. (Gülür və rəqs edir.)

Çinarə Sus Aytən, Sus! Söylədiklərin yalandır!

Aytən – Yalan deyil! Ana gələcək, ondan soruşarsan.

Çinarə – Ey camaat, eşidirsiz? Eşşək üstündə böyümüş, “eşşək” ləqəbli Elşən mənə elçilərini göndərəcək!

Aytən – (yaxınlaşıb əli ilə Çinarənin ağzını tutur). Sakit ol bacı, dəli olmusan? Bağırma, qonşular eşidər!

Çinarə   Hə, dəli olmuşam! Görmürsən, gözlərim də bərəlib? Bundan sonra hamı mənə güləcək.

Aytən – Nəyə görə güləcəklər? İndiyə qədər neçə nəfərə yox deyib geri çevirmisən. Elşənə də yox deyərsən, bu iş bitər.

Çinarə – Bəs sən necə, narahat olmazdın?

Aytən Əlbəttə ki, yox, narahat olmazdım! Sən elçini geri çevirəndən sonra qoy onlar narahat olsunlar.

Çinarə – Amma Elşənin “eşşək” ləqəbinə görə məni yenə ələ salacaqlar, bilirəm.

Aytən Sən indidən fikir eləmə! Yəqin anamızın bir bildiyi var. Gözləyək onu, görək nə deyir.

Çinarə – Aytən, indi sənə bir sirrimi açacağam. Sən mənim nədən qorxduğumu biləcəksən.

Aytən – Demək, sirrin varmış. Tez söylə bacım, iki nəfərik, bizi heç kim eşitmir.

Çinarə – Aytən 12 yaşım olanda Elşənlə rastlaşdım. Həmişəki kimi eşşək belində idi. O, eşşəyi ilə yolu kəsdi və mənə dedi: – Çinarə, sən gözəl qızsan, səndən xoşum gəlir. Böyüyərsən, səni bu eşşəyin belində evimə gəlin aparacam. Ona görə də eşşəklərdən qorxuram.

Aytən – Demək Tofiq əminin eşşəyinin ölümünü ona görə arzulayırdın?

Çinarə – Hə, ölümünü arzulayırdım. Hətta bir dəfə ona zəhərli ot yedizdirdim, amma ölmədi.

Aytən – Zəhərli ot deyildi, gül idi, həyətdə çəpər dibində bitərdi. Ana sənə əl dəymə zəhərlidir deyirdi, çünki başlarını qoparardın.

Aytən – Sən təsəvvür edirsən indi mən nə görürəm?

Çinarə – Nə görürsən?

Aytən – Görürəm ki, səni eşşəyin belində gəlin aparırlar.

Çinarə – Aytən, sən indidən mənə lağ edirsən?

Aytən Yox bacı, lağ etmirəm. Görürəm ki, qara zurna çalır, kəndin camaatı ətrafında rəqs edə-edə səni ər evinə yola salırlar. (Gülür.)

Çinarə – Yox, Aytən, dediyin kimi olmayacaq. Sevmədiyim oğlanla heç vaxt evlənməyəcəm.

Aytən — Bacı, tələsik qərar vermə? Heç olmasa oğlanın kim olduğunu öyrən! Bəlkə tanış olandan sonra sevəcəksən?

Çinarə –  Aytən, mən sənin düşündüklərini düşünmədimmi? İlk baxışdan bəyənmədiyim oğlanla evlənmək istəmirəm, vəssalam.

Aytən – Qonşumuz Ceyhun da səninlə evlənmək istəyir. Elçi göndərəcəkdi, nə oldu?

Çinarə – Ceyhunun anası mənə dəfələrlə deyib ki, elçiliyə gəlmək istəyir, amma mən razılıq verməmişəm. Ceyhun yaxşı oğlandır, amma maşın ustasıdır.

Aytən Bəli, o, mexanikdir, bilirik. Səni narahat edən nədir?

Çinarə – Necə yəni nə olsun! Ceyhun axşam evə gələndə mazut iyi evimizə dolur.

Aytən – Bəli, mexanikdən mazut iyi, çobandan isə mal-qara iyi gələr.

Çinarə – Anası Ceyhunun paltarını yuyanda mazut iyi bütün kəndi bürüyür. Sanki biz neft yatağının üstündə yaşayırıq.

Bu zaman qapı açılır, Səkinə əlində çanta, içəri girir. Aytən qalxıb anasının əlindən çantasını alır. Çinarə isə anasına tərəf baxmadan paltar ütüləyir.

Səkinə  (üzünü Çinarəyə tərəf tutub deyir). Çinarə, mısmırığını niyə sallamısan? Nə olub sənə? Səhərdən belə paltar ütüləyirsən?

Çinarə  Az qalıb, qurtarıram.

Səkinə  Aytən, mənə su ver. (Aytən masanın üstündən butulkadan su süzüb anasına verir).

Çinarə  Ana, ay ana, eşidirsən?

Səkinə  Eşidirəm! Çox həyəcanlı görünürsən, nəsə olub, qızım?

Çinarə  Bəli, ana, mən çox narahatam. Eşitdim ki, məni “eşşək” Elşənə ərə verəcəksən.

Səkinə  “Eşşək” Elşən kimdir, qızım?

Çinarə  Mən “çoban” Fətullanın oğlunu deyirəm. Yox, ana, mən onunla heç vaxt ailə qurmaram. Ləqəbi «eşşək» olan oğlanla evlənmək istəmirəm!

Səkinə  Qızım, sənə elçi göndərən oğlanların heç birini bəyənmirsən. İllər sürətlə ötür, unutma. Ailə qurmaq və uşaq sahibi olmaq haqqında düşün!

Çinarə  Ana, mənim 23 yaşım var. Hər yoldan keçən mənə elçi göndərir. Kimi sevsəm ona gedərəm. Sən də məni sevmədiyim birinə vermə!

Səkinə  Çinarə, qızım, narahat olma. (Çinarəni qucaqlayır.) Razılığın olmasa vermərəm əlbəttə.

Aytən – Bacım, belə getsə şayiə yayacaqlar ki, Çinarənin problemləri var, bilərəkdən heç kəsi bəyənmir.

Çinarə  Heç narahat deyiləm. Nə düşünürlərsə düşünsünlər, vecimə deyil. Qüsurum yox, gözəl-göyçək bir qızam! (Güzgünü götürüb özünə baxır, naz edir).

Səkinə – Bilirəm. Amma biz kənddə yaşayırıq, şayiələr tez yayılır. İstəmirəm ki, geri çevirdiyin insanlar sənə ləkə yaxsınlar. Yoxsa səni gözəlliyin də xilas etməz.

Çinarə – Ana! «Molyerin yaxşı bir sözü var: «Almaz ləkə götürməz». Əsas odur ki, kim olduğumu özüm bilirəm. Başqasının fikri mənim üçün önəmli deyil.

Aytən Əhsən sənə, gözəl bacım. Dəyərini yaxşı bilirsən. Haydı duz gətirin, başına fırladın ki, göz dəyməsin bacıma.

Çinarə – Özünə dəyər verməyən, başqalarına heç dəyər verməz!

Səkinə – Qızlar, sizinlə razıyam. Amma çox da sərt olmaq lazım deyil. Gənclərə şans vermək lazımdır. Qoy özlərini təqdim etsinlər. Ondan sonra qərarınızı verin.

Çinarə – Ana, mən kənd həyatını sevirəm! Amma bu o demək deyil ki, ərə gedib mal-qara saxlayaram. Sadəcə şəhərin ab-havasını xoşlamıram.

Səkinə – Qızım, kənddə səninlə evlənmək istəyən oğlanlar çoxdur, amma heç kəsi bəyənmirsən, niyə? Mütləq ali təhsili olmalıdır?

Çinarə – Ali təhsili olacaq və yaxud olmayacaq, məni narahat etmir, ana. Sadəcə sevəcəyim insanla evlənmək istəyirəm. Hələ ki, belə bir insan qarşıma çıxmadı.

Səkinə – Bəlkə heç çıxmayacaq, onda necə olacaq?

Aytən Qarıyıb evdə qalacaq!

Çinarə – Gözlərini yumub evlənən qızlardan deyiləm! Sonra da üç günlük evliliklə öyünürlər ki, ərə getmişəm. “Üç günlük evliliklə öyünmə, üç illik evliliklə öyün!” bir deyim var.

Aytən – Bacı, bizim kəndin oğlanları öz bəxtlərini sınadılar, amma sən heç kimə könül vermədin. Bəlkə xəyal etdiyin ağ atlı oğlan Elşənin özüdür?

Çinarə – Yox Aytən. “Eşşək” ləqəbli oğlandan şahzadə olmaz!

Səkinə – Sən tələbəlik illərində də heç kimi bəyənmədin. Ziya müəllim hələ də sənə görə ailə qurmayıb.

Çinarə – Yox, ana, Ziya müəllim yaxşı insandır, gözəl şairdir, amma aramızda böyük yaş fərqi var. Mənim üçün deyil!

Aytən Bacım, sosial şəbəkələrdə yoxsan. Sənin üçün bir səhifə aça bilərəm! Bəlkə sənin şəklini səhifəmdə qoyum və altında yazım: “Mənim subay bacım”.

Çinarə – Ay qız, nə danışırsan? Bu fikrin heç xoşuma gəlmədi. Məni biabır etmək istəyirsən? Onda mən insanların gözünün içinə necə baxım? Burda deyiblər: “Qaş düzəldən yerdə vurub göz çıxardı”.

Səkinə  Çinarə, qızım, bilirəm, sən həm ağıllı, həm də düzlüyü sevən bir qızsan. Unutma, oğlanların əksəriyyəti cürət edib sənə yaxınlaşa bilmir.

Çinarə – Cürəti olmayan oğlan getsin özünə tay tapsın.

Səkinə – Hər kəs səni ciddi bir qız olaraq tanıyır. Amma biləsən ki, oğlanların əksəriyyəti oxumaq üçün kəndi tərk edirlər.

Aytən Təhsilini başa vuran gənclər isə geri qayıtmırlar. Hətta qızlar da şəhərdə qalırlar.

Səkinə – Sonra da evlənmək istəyəndə kəndliləri bəyənmirlər.

Çinarə  Anacan, tələsmirəm, bir qüsurum yox, sağlam, gözəl və ali təhsilli bir qızam. (Öz-özünə naz edir.)

Aytən Bəlkə qəzetdə elan verək. “Bir qüsurum yox, sağlam, gözəl və ali təhsilli bir qızam. Çənəmi, burnumu təmir etməmişəm. Kosmetikadan istifadə etmirəm”

Səkinə – (Çinarəyə naz edir.) Mənim gözəl və ağıllı qızım!

Çinarə – İndiki oğlanların çoxu ürəyinin hisslərinə qulaq asmır, kordurlar. Kim gözəl danışa bilirsə, ona inanarlar və qısa müddətdən sonra boşanırlar.

Səkinə  Düz deyirsən qızım. Adilin qızı heç 3 gün ər evində qala bilmədi.

Aytən Dünən onlarda dava-qırğın idi. Polislər gəlmişdi, boşanırlar.

Səkinə – Təkid etmirəm qızım. Əlbəttə, razılıq verməsən səni heç kimə verən deyiləm, arxayın ol. Ağları ütülə, sonra da get qonaq otağını səliqəyə sal. Aytən, sən də masanı aç, üstünü bəzə.

Çinarə  Anacan, bilirəm sən heç kimin qəlbini qırmaq istəmirsən. Amma istəyimi unutma, Fətulla əmiyə razılıq vermə, düşünməyə vaxt istə. Sonrasına baxarıq.

Səkinə  Yaxşı qızlar. Mən gedib həyət-bacanı səliqəyə salaram. (Səkinə oturacaqdan durub otağı tərk edir).

İkinci şəkil

(Səkinə, Əhməd, Çinarə, Fətulla, Gülarə, Mələk, Əsli və Aytən.)

(Qonaq otağı. Çinarənin dayısı Əhməd, Səkinə və Aytən oturub elçiləri gözləyirlər. Bu zaman qapı döyülür. Səkinə durub qapını açır).

Səkinə  Xoş gəlmisiniz, buyurun keçin. (“Çoban” Fətulla və yoldaşı Gülarə içəri keçir. Səkinə Gülarə ilə qucaqlayıb öpüşürlər. Fətulla Əhmədlə görüşür. Sonra hamı masanın arxasına keçib otururlar. Çinarə başqa otaqda gözləyir, Aytən da kresloda oturub və arada durub xidmət edir, çay süzür. Masanın üstü şirniyyat, meyvə ilə bəzədilib. Oturandan sonra Səkinə ayağa qalxır). Tanış olun bu Əhməddir, Çinarənin dayısı. Qonaqlarımız isə Fətulla və yoldaşı Gülarədir. Buyurun Fətulla qardaş, eşidirik Sizi. (Səkinə oturur.)

Fətulla  (ayağa qalxır). Səkinə bacı, mən də bir daha hər kəsi salamlayıram. Xeyir işə görə gəlmişik.

Səkinə – Xoş gəlmisiz!

Fətulla – Mənim üç oğlum var, amma qızım yoxdur. Hələ uşaqlıqdan Çinarəni qızım kimi sevmişəm. İndi isə istəyirik ki, Çinarə qızımız, həm də gəlinimiz olsun.

Səkinə  Bu çox vacib ailə məsələsidir. Təbii ki, Çinarənin razılığı olmadan qərar verə bilmərik.

Əhməd  Səkinə düz deyir, Çinarə ilə danışdıq, razı deyil.

Fətulla  Əhməd, bildiyimə görə, Dadaş dünyasını dəyişəndən sonra uşaqların ən yaxın dostu siz olmusunuz. Yaxşı, deyin görüm, Çinarə niyə bizim gəlinimiz olmaq istəmir? Axı o, oğlum Elşəni uşaqlıqdan tanıyır? (Oturur.)

Əhməd  (ayağa qalxır). Səbəb olmasaydı, Çinarənin adından sizə yox deməzdim. (Oturur.)

Gülarə  Mən də Çinarə gəlinimiz olsun istəyirəm. Çinarə gözəl qızdır, Elşən də yaraşıqlıdır. Elşən Çinarədən başqa heç kimlə, heç vaxt ailə qurmayacam deyir.

Əhməd  (ayağa qalxır). Amma Çinarə Elşənlə evlənmək istəmir. Deyir, atasının sağlığında Fətullah dayı tez-tez bizə gəlir, həyətdə oturub çay içir, söhbət edərdilər.

Fətulla – Bəli, doğrudur! Çünki Dadaşla dost idik.

Əhməd – Çinarə deyir ki, bir gün Elşən eşşəyinin belində yolumu kəsdi və məni lağa qoyub dedi: “Səni bu eşşəyin belində evimə gəlin aparacam”. Yazıq qız yolda bir eşşək görəndə qorxusundan qaçıb uzaqlaşır.

Fətulla – Onlar uşaq idilər və Elşən zarafat etməyi çox sevirdi.

Əhməd Uşaqla belə zarafat etmək olar? Üstəlik, Elşən dostlarına deyib: “Çinarəni bu eşşəyimin belində evimə gəlin aparacağam”. Bundan sonra zarafat daha da böyüyüb. Elşənin dostları Çinarə ilə rastlaşanda hər dəfə onu məsxərəyə qoyub deyərmişlər: “Çinarə, “Toy maşının hazırdır”.

Gülarə  Əhməd, dediklərin keçmişdə qaldı. Keçmişi unudaq! Onda Elşən eşşək belində idi, indi də at belindədir (Gülür.) Fətulla ilə mən ailə quranda, o, məni eşşəyə mindirib evinə gəlin aparmışdı. Ata minmədim, çünki hündürlükdən qorxurdum. Ona görə də Fətulla məni eşşəyin belində gəlin apardı. Gördüyünüz kimi xoşbəxt bir ailəmiz var (Gülür.)

Fətulla  Gülarə düz deyir. Mən çoban idim, halal zəhmətimlə pul qazanırdım. Elşən də lap uşaqlıqdan eşşək belində oturub, mənə kömək edirdi, mal-qaranı otlağa aparırdıq.

Əhməd  Fətulla kişi! Daha bir problem oğlun Elşənin ləqəbinə görədir.

Fətulla – Ləqəbi? Boş şeydir, əhəmiyyət verməyin.

Əhməd – Necə yəni əhəmiyyət verməyin! Çinarə deyir ki, Elşənlə ailə qursam, məni məsxərəyə qoyacaqlar.

Fətulla  Hə, nə olsun? Mənə “çoban” Fətulla deyirlər.

Əhməd – Fətulla kişi, sənin işin çobanlıq etməkdir! Buna görə də sənə çoban Fətulla deyirlər. Deyirsən oğlunun ləqəbi də onun işi ilə bağlıdır? Yəni anladın nə demək istəyirəm.

Fətulla – Əlbəttə, doğru deyirsən! Onda Elşən eşşəkdən düşüb ata mindi. İndi oğluma o ləqəb qoyanlar eşşək belində, oğlum Elşən isə çoxdan at belindədir (Səkinə ilə eyni zamanda gülürlər).

Səkinə  Dostlar! Mübahisə etməyək. Gəlin bir neçə dəqiqə söhbətə fasilə verək, çay içək. Sonra söhbətimizə davam edəcəyik. Aytən, təzə çay gətir. (Aytən çay gətirib süzür, kiçik bir fasilə yaranır, kimsə çay içir, kimisə meyvə yeyir. Bu zaman qapı bərkdən döyülür).

Əhməd  (ayağa durur. Mən açaram deyib, qapını açır). Buyurun, Sizə kim lazımdır?

Mələk  İndi sən guya məni tanımırsan? Adın Əhməd deyil? Mənim də adım Mələkdir, çəkil qabağımdan, Səkinə ilə söhbətə gəlmişəm.

Səkinə – (ayağa qalxır). Gəl, Mələk, gəl. Xoş gəlmisən!

Mələk – (qapıdan bir addım irəli girib dayanır. Üzünü Səkinəyə tutub deyir).  Eşitdim ki, “çoban” Fətullanın oğlu Elşən Çinarə üçün elçi göndərib. Sən bunu məndən necə gizlədə bilərsən? (Səkinənin üzərinə gedir.) Məgər biz qonşu deyilik? (Əhməd Mələyin qarşısını kəsir.) Dedim axı çəkil qarşımdan! (Mələk Əhmədi itələyir, Əhməd Fətullanın üstünə yıxılır, Fətulla Əhmədi tutur, qoymur yıxılmağa.) Səkinə, bəs Çinarəni mənim oğluma verəcəksən demişdin, nə oldu?

Səkinə – Mələk, sən bir aman ver aydınlıq gətirim!

Mələk – Nəyi anladacaqsan? Gözüm kordur, görmürəm nə baş verir?

Fətulla  Mələk xanım! Mən Çinarənin razılığını almağa gəlmişəm. Oğlumun Çinarə ilə ailə qurmasını istəyirəm. Oğlum da bunu istəyir! Bircə Çinarənin və valideynlərinin razılığını almaq qalıb. Bəs siz indiyə qədər harda idiniz?

Mələk  Dəfələrlə elçi gələcəyimi demişəm, amma Çinarə razı olmayıb. Deyir ki, Ceyhun maşın ustasıdır, əlləri və paltarları hər gün mazut içində olur. Çinarənin mazut iyindən xoşu gəlmir, nə edə bilərəm? Bəli, hər şeyə rəğmən oğlum çörəyini zəhməti ilə qazanır. Üstəlik Çinarə utanmadan oğluma ləqəb qoyub. “Mazut» Ceyhun. Oğlumu hansı səbəbdən istəmədi bildim. Görərik, ləqəbi “eşşək” olan Elşəni bəyənəcəkmi? (İstehza ilə gülür).

Əhməd  Mələk bacı, sən narahat olma! Çinarə Elşənlə evlənmək istəmir.

Fətulla  Mələk xanım! Hamı bilir ki, oğlum uşaq yaşlarında eşşək belində mal-qaranı idarə etməkdə mənə kömək edərdi. İndi isə Gülarənin dediyi kimi eşşək yox, at belindədir. Teymur əminin dediyi kimi – “qəti qorxusu yoxdur”(Fətulla ilə Gülarə bərkdən gülürlər).

Mələk  Səkinə, heç yaxşı olmadı. Bunu sizdən gözləməzdim. (Mələk əsəbi halda qapını açır, bayıra çıxıb qapını çırpır).

Səkinə  Əstəğfürullah bu nə hörmətsizlikdir. Gördünüzmü? Belə qonşuların ucbatından gözəl və ağıllı qızlar ailə qura bilmirlər. (Hərə bir söz deyir: Belə olmaz, düz deyirsən, doğrudur.) Qonşumun nə istədiyini başa düşmədim. Burda deyiblər e: “Qonşum qonşu olsa, kor qızım ərə gedər”.

Fətulla  Fikir verməyin! “Qızı yeddi oğlan istər, birinə qismət olar”. Bəlkə daha uzatmayaq, bir qərara gələk. Qızı verin, mən də şad xəbəri oğlum Elşənə çatdırım.

Gülarə  Fətulla düz deyir. Razılaşın, gəlin toya hazırlaşmağa başlayaq. Xüsusilə toy üçün bəslədiyimiz qoyun-quzularımız da var. Çinarənin “hə” cavabının xəbəri süfrəyə şirin çayla gəlsin.

(Elə bu an yenidən qapı döyülür. Səkinə ay Səkinə aç qapını çöldən səs eşidilir).

Səkinə  Bu ki, qonşum Əslidir. Açın qapını gəlsin.

Əhməd  Mən açaram. (Əhməd yerindən qalxıb qapını açan kimi qonşu Əsli qəzəbli halda içəri daxil olur. Əhmədi kənara itələyib, üzünü Səkinəyə tutub deyir).

Əsli  Səkinə, bu nə yığıncaqdır belə? Qızını məndən gizlicə Fətullanın oğluna ərə vermək istəyirsən?

Səkinə – Əsli, sənə nə olub? Bəli, qızıma elçi gəliblər, amma qızım hələ razılıq verməyib. Bir də, de hələ, sən niyə narahatsan? Yoxsa qızımın ərə getməsini istəmirsən?

Əsli  Sən mənə nə lazım olduğunu çox yaxşı bilirsən. Nə qədər nankor olduğunu söyləməyə gəlmişəm.

Səkinə  Əsli, sakit ol. Mən hardan bilə bilərəm ki, sənə nə lazımdır? De görüm dərdin nədir?

Əsli  Səkinə, mən sənin qonşunam! Sən niyə mənə hörmətsizlik edirsən? Məgər sən bilmirsən ki, oğlum Çinarə ilə ailə qurmaq istəyir? Tezliklə Rusiyadan qayıdacaq. Evlənməsi üçün hazırlıq işlərinə də, çoxdan başlamışıq.

Səkinə  Vallah xəbərim yoxdur. Mənə bu barədə nə deyən, nə də işarə edən olub. Qızımın xəbəri var ya yox onu da bilmirəm. Hər-halda bilsəydi mənə xəbər edərdi. Çinarənin artıq 23 yaşı var. Evlənib ailə qurmalıdır ya yox?

Əsli  Səkinə, sən inək saxlayırsan? (Hamının diqqəti təəccüblə Əsliyə yönəlir).

Səkinə – Yox! Niyə soruşursan?

Əsli – Amma mən zəhmət çəkib saxlayıram. İki gündən bir Sizə gətirdiyim qaymaqlı süd, kərə yağı bəs nədir?

Səkinə  Nədir?

Əsli  Gətirdiyim süd və yağ Çinarə üçün idi. Çinarə yesin, sağlam, möhkəm olsun, arıqlamasın deyə sizə gətirirdim. Düşünürdüm ki, anlamısan.

Səkinə Nə bilim qonşu. Elə bilirdim ki, qonşuluq edirsən, ona görədir. Heç olmasa bir dəfə olsun ipucu verərdin ki, Çinarəni oğluna istəyirsən.

Əsli  (iki əli ilə başını tutub, deyinə-deyinə). Necə olacaq, oğluma necə deyim ki, Çinarəyə elçi gəliblər. Sən yaxşı qonşu deyilsən Səkinə. (Evi tərk edir.)

Əhməd  Səkinə bacı, bu qonşular indiyə qədər harda idilər?

Fətulla – Düz deyirsən Əhməd! Biz gəlməsəydik, qonşuların səsi hələ də çıxmazdı?

Səkinə  Çinarə çox ağıllı qızdır, müəllimdir, kənd həyatını, uşaqları sevir. Amma evlənməyə çətinlik çəkir. Deyir ki, mütləq o, insanı ürəyim istəməlidir. Çox sayda elçiləri geri çevirib. İndi kim elçi göndərmək istəyirsə, öncə Çinarənin fikrini öyrənir. Son zamanlar qızıma elçi düşənlərdən biri maşın ustasıdır Çinarənin ürəyinə yol tapa bilmir, o biri Rusiyada yaşayır, qızımla evlənmək istəyir. Çinarə bu gün bizə elçi gələn Fətullanın oğlunu da istəmir. Deyir ləqəbi ağırdır.

Gülarə  Düz deyirsən Səkinə bacı. İndi ata evində gecikən qıza pis baxırlar. Elə düşünürlər ki, o qızın problemi var. Dərhal dedi-qodu başlayır. Odur ki, razılaşın, bu söz-söhbət də bitsin. Oğlumun ləqəbi keçmişdə qaldı. Uşaq idi, eşşəyin belində oturub atasına kömək edərdi. Mağazaya ərzaq almaq üçün də eşşəklə gedərdi deyə ona o ləqəbi qoyanlar vardı. İndi onlar eşşək belindən yerə düşmürlər. Oğlum isə çoxdan at belindədir (Gülarə ilə Fətulla bərkdən gülürlər).

Fətulla – Mən də Gülarənin dedikləri ilə razıyam, təklifinə qoşuluram.

Səkinə  Bu gün kifayət qədər söhbət elədik. Yaman yorucu bir gün oldu. Həm də düşünmək üçün bizə vaxt lazımdır. Hələ ki, Sizə nə “yox”, nə də ki, “hə” deyirik. Var olun ki, qızıma dəyər verdiniz, qapıma gəldiniz. Buna görə Sizə təşəkkür edirəm. (Hamı durur və Səkinə qonaqları yola salır).

Üçüncü şəkil

(Çinarə, Səkinə, Aytən, Əsli)

(Çinarə və Aytən masa arxasında oturub, Səkinə boşqaba xörək tökərək qabaqlarına qoyur. Sonra özü də oturur və çörəkqabıdan çörəyi götürüb paralayaraq qızlarına uzadır. Süfrədə göy-göyərti, xiyar-pomidor qoyulub. Yemək yeyirlər. Bir dəqiqə keçəndən sonra Çinarə durub anasına yaxınlaşır və anasının boynunu qucaqlayıb üzündən öpür).

Çinarə  Anacan sənə təşəkkür edirəm. Mənim gözəl anam.

Səkinə  Bu təşəkkür nəyə görədir qızım?

Çinarə  İstəyimə qarşı getmədiyin üçün.

Səkinə  Əlbəttə səni istəmədiyin birisinə verə bilməzdim. Ona görə də Fətulladan düşünmək üçün vaxt istədim. Hə, yaxşı yadıma düşdü. Tofiqin oğlu Sahibi xatırlayırsan?

Çinarə  Xatırlayıram (keçib oturur.) Mən 5-ci sinifdə oxuyanda o, məktəbi bitirdi.

Səkinə  Sonra da hərbi xidmətdən qayıdandan dərhal sonra Rusiyaya getdi. Bu günə qədər bir dəfə də olsun evinə gəlmədi. Hətta xəbər yayılmışdı ki, Rusiyada evlənib.

Çinarə  Ana, mənim Sahiblə evlənmək fikrim yoxdur və heç vaxt olmayıb. Əsli xalanın dediklərini eşidəndə şok oldum. Süd, yağ gətirirmiş ki, kökəlim, sağlam olum. Xəstəyəm məgər?! Hörmət əlaməti olaraq qəbul etdik və onlara heç bir borcumuz yoxdur. Bundan sonra qəbul etməyəsən, özlərinə qalsın.

Səkinə  Düz deyirsən qızım. Süd, ayran və yağ gətirəndə fikirləşdim ki, bizim heyvanlarımız olmadığı üçün gətirir. Əslində aramızda daim isti münasibət olub. Bu kənddə hər zaman insanlar bir-birinə yardım edib, dəstək olublar. Allaha şükür, aldığımız maaş bizə kifayət edir.

Çinarə  Ana, sən də, mən də müəllimik.  Bizim heç kimin yardımına ehtiyacımız yoxdur.

Səkinə  Əslinin dediyinə görə, süd, yağ gətirdiyində anlamalı idim. Haradan biləydim ki, oğlu Sahib səni istəyə bilər. Doqquz ildir ki, Rusiyada yaşayır, heç ata-anasına gəlib dəymir.

Çinarə – Sahibin elçilik məsələsi mənim üçün bitmişdir. Rusiyada yaşayan oğlana ərə getmək fikrim yoxdur.

Aytən – Çinarə bacım! Adilə müəlliməni tanıyırsan da, ibtidai sinif müəlliməsidir.

Çinarə – Hə, tanıyıram! Niyə soruşdun?

Aytən – Ona da elçi getdilər, ikisini bəyənmədi. Ondan sonra üç dəfə plastik əməliyyata girib, botoks elətdirib, burnunu isə kiçildib. Xeyri yoxdur. İndi iyirmi yeddi yaşı var.

Çinarə – Mən onun kimi deyiləm. (Özünə naz edir.) Gözəlliyim göz qamaşdırır! Çox mehriban və şirin dilli qızam!

Aytən – Deyirəm axı, niyə şirə kimi arıları özünə çəkirsən.

Çinarə – De görüm nə demək istəyirdin?

Aytən – Eşitmişəm ki, oğlanlar Adiləyə lağ edirlər. Deyirlər Adilə pasport şəklini təcili dəyişməlidir. Hətta Adilə müəlliməyə ləqəb də qoyublar, “Botoks Adilə”. Belə getsə sən də evdə qalarsan, sənə də bir ləqəb qoyarlar (gülür).

Səkinə – Aytən de görüm, universiteti bitirəndən sonra sən də kəndə qayıdacaqsan?

Aytən – Anacan, universiteti bitirib pediatr olacağam, yəni uşaq həkimi. Mən də Çinarə kimi uşaqları çox sevirəm, onların xəstə olmasını heç istəmirəm. Ona görə də, çalışaram kəndimizə qayıdım. Kəndimizin pediatr həkimə ehtiyacı var.

Çinarə  Oxu, Aytən, oxu. Sən həkim olsan, onda sənə təkcə süd-yağ deyil, toyuq-cücə də gətirərlər. Deyəcəklər ki, “götür qızım, götür ki, uşaqlarımıza  yaxşı baxasan”. Sonra da gəlib iddia edərlər ki, sənə toyuq-cücə vermişik, gəlinimiz olmalısan (gülür).

Aytən – Bacı, sən qonşu Əslinin sifətini görmədin. Vallah, Əhməd dayı olmasaydı cumardı ananın üstünə. Elə bil Əsli səni ipoteka krediti ilə oğlu üçün alıbmış. İlkin ödənişi edəndən dərhal sonra, bank bankrot olub, pulları batıb. (gülür).

(Elə bu an qapı döyülür

Çinarə  Ana, deyəsən yenə də elçi gəlib (gülürlər).

Səkinə  Yox qızım. Gecənin bu vaxtı da elçi gələrlər?

Aytən – Çinarə üçün elçinin gəlmə xəbəri bütün yaxın kəndlərə yayılıb. Ana yadındadır, keçən il Kazım əminin arvadı da camış südü gətirirdi. Bəlkə elçi xəbərini eşidib, gəlib ki, izahat verəsən?

Səkinə  Yox, qızım o südü pulla alırdım. Aytən dur qapını aç, görək kimdir!

(Aytən durub qapını açır. Qonşu Əslini görür).

Aytən – Salam, Əsli xala!

Əsli  Salam, qızım. Səkinə evdədir?

Aytən – Əsli xala, ana gecənin bu vaxtı harda olacaq? Evdədir, Əsli xala, evdədir!

Əsli  De ki, Əsli gəlib. Vaxtı varsa onunla danışmaq istəyirəm.

Səkinə  Aytən, Əsli xalanı içəri dəvət et, gəlsin. (Əsli içəri girir, Səkinə durub onu qarşılayır) Xoş gəlmisən buyur keç. (Masanın arxasında otururlar) Qızım, Aytən, masadakı qab-qacağı yığışdır, bir çay qoy. (Çinarə otağı tərk edir. Səkinə üzünü Əsliyə tutub Buyur, eşidirəm səni).

Əsli  Eşitdim ki, Fətullaya “hə-yox” cavabını verməmisən. Mən gec də olsa gəldim, qızımız Çinarənin fikrini öyrənim. Çünki oğlum, Sərrafın qızının toy kasetində Çinarəni görüb, ona vurulub. Deyir ki, Çinarə ilə mən evlənməliyəm, yoxsa bir daha kəndə gəlməyəcəm.

Səkinə  Düzdür, Fətullaya “hə-yox” demədən yola saldım. Çünki Çinarə onun oğlunu da istəmir.

Əsli  Həyətdə səs-küyünü eşitdim, qonşu Mələk də gəlibmiş. Çinarəni oğlu Ceyhun üçün istəyirmiş. Bəs ona cavabın nə oldu?

Səkinə  Ona heç nə demədim. Çinarə Ceyhuna çoxdan yox deyib.

Əsli  Demək qızı heç kimə verməmisən? (Sevinir.)

Səkinə  Yox! Qızım hələ ki, heç kimi bəyənməyib. Deyir, kimi görüb sevsəm, ona gedərəm.

(Aytən çay gətirir, süzüb bir kənarda oturur).

Əsli  Səkinə, icazə ver, Çinarə ilə də danışım, fikrini öyrənim. Oğlumu çoxdan görməyib. Bəlkə görüb bəyənəcək?

Səkinə – Yaxşı, Əsli, sən deyən olsun. Aytən, Çinarəni çağır gəlsin.

(Aytən durub Çinarəni çağırır. Çinarə içəri girir, Əsli durub onu qucaqlayır, öpür, yanımda otur deyir. Çinarə oturur).

Əsli – Qızım, xəbərin varmı ki, oğlum Sahib səni istəyir?

Çinarə  (Başını aşağı salıb, cavab verir). Yox, Əsli xala. Xəbərim yoxdur.

Əsli  Bilirəm, çoxdan onu görməmisən. Aranızdakı yaş fərqi böyük deyil. Onun 29, sənin də 23 yaşın var. Düşünürəm ki, ailə qurmaq üçün kifayət qədər yetkinsiniz. Bəlkə şəkillərinə baxasan. Video görüntüsü də var. Oğlum səni toy kasetində görüb istəyib. Sən bax, bəlkə oğlumu bəyəndin (Əsli telefonunu açır. Şəkilləri, sonra da videoda Sahibi Çinarəyə göstərir. Səkinə də yaxınlaşıb baxır. Deyir ki, mən də onu əsgərlikdən sonra görməmişəm. 20-30 saniyədən sonra Səkinə yerinə oturur.) Baxdınız və gördünüz. Oğlum yaraşıqlıdır!

Çinarə  Yaraşıqlı olmağına yaraşıqlıdır. Yenə də onunla ailə qura bilmərəm.

Əsli  Niyə, qızım?

Çinarə  Çünki eşitmişəm ki, bir rus qızı Nataşa ilə evlidir, ona görə.

Əsli  Qızım, oğlum o qızdan çoxdan ayrılıb, subaydır. Qeydiyyata dursun deyə, uydurma evlilik idi.

Çinarə  Olsun, yenə də razı deyiləm. Çünki, kənddə qızlar Sahibə “Nataşa Sahib” ləqəbi qoyublar.

Əsli  Qızım, məgər ləqəbi  “eşşək” Elşən və ya “mazut” Ceyhundan pisdir?

Səkinə  Əsli, Tofiqə də bir zamanlar “Quyu Tofiq” deyirdilər. Quyu qazırdı, xeyirli işlə məşğul idi. Amma yenə də ona lağ edirdilər. “Bu gün kimə quyu qazacaqsan” deyib məsxərəyə qoyurdular.

Əsli  Hə, elədir. Ləqəblər cavanların həyatını necə dəyişdiyini özün də görürsən. Mən şəxsən istəmirəm ki, insanlar bir-birinə belə kobud ləqəblər qoysunlar.

Səkinə  Doğru deyirsən! Elə mən də istəmirəm. Çinarə qürurlu qızdır, Deyir ki, tutalım mən Elşənlə evləndim. Bir də eşidirsən ki, səni “eşşək” Elşənin arvadı deyib çağırırlar.

Əsli  Az qala yadımdan çıxmışdı. (Durub qapını açır və çöldən zənbili götürüb geri qayıdır. Zənbili Səkinəyə uzadır). Al bunu. (Qızlar və Səkinə bir anlıq gözlərini zənbilə zilləyib donub qalırlar. Sonra xorla deyirlıər.)

Səkinə  Bu zənbilin içində nə var?

Əsli – Bir qədər yağ, pendir gətirmişəm.

Səkinə – Nə üçün gətirmisən? Apar, yağ-pendirimiz var! (Qızlar xorla: Hə, bizə yağ pendir lazım deyil!)

Əsli – Götür deyirəm. Bunu Çinarəyə görə gətirməmişəm. Dediklərin  mənə çox təsir elədi. Odur ki, fikirləşdim, doğru deyirsən «Qonşu payı qarın doyurmaz».

Səkinə – Madam ki, üzrxahlığa görə gətirmisən, qəbul edirəm.

Əsli – Dediklərimdən çox utanıram. Mən bilirəm ki, haqlısan. Sən hardan bilə bilərdin ki, oğlum Çinarə ilə ailə qurmaq istəyir?

Səkinə – Daha narahat olma. Əsas odur ki, barışdıq.

Əsli – Biz bilirdik ki, Çinarə Elşən ilə evlənmək istəmir. Fikirləşdik ki, Sahib tezliklə Rusiyadan qayıdacaq onları evləndirərik.

Səkinə  Sən narahat olma. Sahib gəlsin, sonrasına baxarıq. O qədər gözəl-göyçək qızlar var e, birlikdə elçi gedərik.

Əsli  Səkinə, xəbərin varmı ki, Mələk Ceyhunun Çinarə ilə evlənməsini niyə istəyir?

Səkinə – Yox, bilmirəm.

Əsli – Dediyinə görə Ceyhunla Çinarə evlənsələr öz həyətini sizin həyətlə birləşdirəcək. Çəpəri də aradan götürəcəklər. Demək gözü torpaqda imiş. Eşidən olub, mənə söylədilər.

Səkinə  Nəyi nəzərdə tutursan? Aramızdakı hasarı söküb həyəti birləşdirəcəklər?

Əsli – Yadındadır, sən gəlin gələndə məgər aramızda çəpər vardı? Hələ bir qazanda yemək də bişirirdik. Gecələr oturub bir süfrədən yemək də yeyərdik.

Səkinə – Hərdən o günləri xatırlayıram. Necə də gözəl günlər idi.

Əsli  Gələcəyə baxanda Akif haqlıdır. Oğlunuz yoxdur. Ceyhun evin yeganə oğludur. Aytən köçəndən sonra bu evdə tək qalacaqsan. Əgər Çinarə Ceyhunla ailə qursa, qonşun olacaq. Qocalanda biləcəksən ki, sənin yanında qızın var.

Səkinə – Sevgiyə gəldikdə ürəyə əmr edə bilməzsən. Seçimi qızlarıma vermişəm, istədikləri kəslə evlənə bilərlər. Söz vermişəm ki, qızların seçiminə qarşı çıxmayım.

Əsli – Səkinə, sən gözəl insansan! Mən hay-küy saldım, narazılığımı bildirdim, amma sən məni bağışladın. Çox sağ ol. Allah qızlarını xoşbəxt eləsin.

Səkinə  Sağ ol qonşu. Sən də yaxşı qonşusan, fikir eləmə, qəzəbdən və əsəbdən deyilən sözün kəsəri yoxdur, unut getsin.

Əsli  (ayağa durur). Gecdir, mən gedim. Kişi də məni gözləyir, fikir edir ki, birdən Səkinə inciyər. Gedim barışığımızın şad xəbərini ona çatdırım.

(Səkinə Əslini yola salır və səhnə bitir).

Dördüncü şəkil

(Əhməd, Səkinə, Çinarə, Aytən,  Mələk)

(Elçilikdən sonrakı gün. Səkinə, Aytən, Çinarə, Əhməd dayı masa arxasında oturublar. Çay süfrəsi).

Əhməd  (üzünü Səkinəyə tutub). Bacı, qərar verə bildiniz?

Səkinə  Hələ ki, yox. Dünən axşam qonşu Tofiqin yoldaşı Əsli gəlmişdi. Məsələyə aydınlıq gətirdik, fikrindən daşındılar, barışdıq. Qərara gəldik ki, bir daha bu məsələyə qayıtmayaq.

Əhməd  Yaxşı. Bəs Mələklə necə, danışmaq fürsətin oldumu?

Səkinə  Yox, onunla hələ danışmamışıq. Çinarənin qərarı qətidir. Ceyhuna ərə getmək fikri yoxdur.

Əhməd  Çinarə, bəs sən nə düşünürsən?

Çinarə  Dayım, mənim 12 yaşım olanda Sahibi, 14 yaşım olanda da Elşəni görmüşəm. Ceyhunu tanıyıram, qonşumdur, yaxşı oğlandır, amma mazut iyinə dözümüm yoxdur. Həm də ürəyim heç birini istəmir!

Əhməd – Ceyhunu mən də tanıyıram. Yaxşı maşın ustasıdır. Hörmət sahibidir.

Səkinə – Ceyhun qonşumuz olduğu üçün onu yaxşı tanıyırıq. Ədəb-ərkanı olan bir gəncdir. Çinarə onu istəmirsə, məcbur edə bilmərəm.

Çinarə – Dayım, mən qərarımı vermişəm, üçünə də yox deyirəm.

Aytən – Dayıcan, Çinarə heç kimi bəyənmir, deyir atam kimi professor olmasa getmərəm. Mən də deyirəm professoru nə edirsən, bir az da gözlə, akademikə gedərsən. Kənddə oturub istəyir ki, ali təhsilli oğlanlar elçi gəlsinlər. Məgər bilmir ki, oxumuş oğlanlar kənddən şəhərə qaçırlar. Sonra da çoxu şəhər qızları ilə evlənirlər!

Səkinə  Aytən, ana sənə qurban. Düz deyirsən, ağıllı qızım. Çinarə gərək şəhərdə işləyəydi. Onda istədiyi oğlana rast gələrdi.

Çinarə  Yox, mən şəhərdə yaşamaq istəmirəm. Hamı oxuyub şəhərə getsə, bəs kənd bağçalarında, məktəblərində kim çalışar? Mən kəndi, kənd ab-havasını xoşlayıram.

Səkinə  Mən də qızım Çinarə ilə razıyam. Bilirəm ki, bağçadan birinci sinfə gələn uşaqlar daha intizamlı və oxumağa həvəsli olurlar. Ən azından bu bir-iki il belə davam edir.

Əhməd  Bacım düz deyir. Madam ki, Çinarə kənddə qalmaq istəyir, onda taleyi ilə barışsın.

Aytən – Hə, yaman xoşlayır. İki gün bundan qabaq kənddə toy idi. Geyinib-keçinmişdi ki, toya getsin. Həyət qapısından çıxan kimi təzə ayaqqabısı təzəyə batdı. Hələ az qalmışdı ki, özü də təzəyin üstünə yıxılsın. Onda çox gülmüşdüm. Qayıdıb ayaqqabılarını dəyişdi, düz qırx dəqiqə ayaqlarını paltar sabunu ilə yudu, ətir səpdi ki, iyi qalmasın.

Çinarə  Hə, nə olsun ki, əsil həyat elə budur. Toyuq-cücə, mal-qara. Yoxsa kənd həyatının ləzzəti olmazdı.

Aytən – Madam ki, mal-qara deyirsən, razılaş, “eşşək” Elşənə ərə get biri də sənin olsun (Gülür.)

Çinarə – Səsini kəs Aytən, yoxsa dilini kəsərəm!

Səkinə – Sakit olun qızlar!

Əhməd  Bacı, Fətulladan oğlunun harada olduğunu, nə işlə məşğul olduğunu soruşmadıq. Səhər Fətullagilin kəndinə getmişdim. Öyrəndim ki, Elşən kəndi çoxdan tərk edib. Onun indi harada olduğunu heç kim bilmir.

Səkinə  Qonşular imkan verdilər ki, soruşaq? Vallah, belə elçilik olar? Hansı dövrdə yaşayırıq? Qız oğlanı görməyib, necə razılıq versin. Gərək valideynləri ilə oğlan da gələydi.

Çinarə  Ana, mən qərarımı vermişəm, “eşşək” Elşənə ərə getmərəm!

Əhməd  Yaxşı, qızım. Narahat olma.

(Birdən qapı döyülür).

Səkinə  Əhməd, bax gör gələn kimdir?

Çinarə  Dayı, mən açaram. (Çinarə durub qapını açır. Qapıda səslər eşidilir. Salam Mələk xala, salam qızım. Ana evdədir? Evdədir, keçin içəri. Mələk içəri girir, hamı qalxır, Səkinə onu qarşılayır).

Səkinə  Xoş gəlmisən, buyur, keç otur.

Mələk  Yox qonşu, gedim sonra gələrəm, bilmirdim qardaşın sizdədir.

Səkinə  Narahat olma, lap zamanında gəlmisən. Demək istədiyin bir sözmü var?

Mələk  Əslində var. Bəlkə də sən bilmirsən. Mən, ərim Akiflə atamın yurdunda ev tikmişik. Uzaq da olsa, rəhmətlik Dadaşla qohumuq. Odur ki, Akif istəyirdi Çinarə ilə Ceyhun evlənsin. Sənin oğlun yoxdur. Mənim isə bir qızım və bir oğlum var bilirsən. Qızım çoxdan köçüb. Qalıb oğlumu evləndirmək. İstədik ki, uşaqları evləndirək, gələcəkdə də evimiz bir, həyətimiz bir olsun.

Səkinə  Mələk, hələ de görüm, səni Akiflə valideynlərin evləndirdi, yoxsa özün istədin, ailə qurdun?

Mələk  Biz Akiflə bir-birimizi hələ orta məktəb illərindən istəyirdik. Bir sinifdə oxumuşuq. Akif həmişə arxa partada otururdu, şuluqluğa meylli oğlan idi. Saçlarım uzun olduğundan tez-tez saçlarımla oynayırdı, gah hörüklərimi açırdı, gah da uclarını kəsirdi. Bir dəfə də yekə qayçı götürüb məktəbə gəlibmiş. Axırıncı dərsin sonunda gizlicə hörüyümün çox hissəsini kəsib götürmüşdü. Bu əhvalat məktəbdə, sonra da bütün kəndə yayıldı. Hamı mənə deyirdi ki, “qızın hörüyünü kəsən oğlana qız ərə getməlidir”. Akifə də deyirdilər ki, əgər qızın hörüyünü kəsmisənsə onunla evlənməlisən. Onda yaman incimişdim Akifdən. O isə bir gün qabağımda dikəlib dedi. Bu dedi-qoduya fikir vermə. Mən əsgərlik edib qayıdan kimi sənə elçi göndərəcəm. Evləndik, bu günə qədər bir yerdəyik.

Səkinə  Hər-halda Akifi istəyib ona ərə getmisən, eləmi?

Mələk  Doğru deyirsən. İstəməsəydim, məni heç kim məcbur edə bilməzdi.

Səkinə  Mən də Çinarəni istəmədiyi oğlana güclə vermək fikrim yoxdur. Qoy ailə quracaq oğlanı özü seçsin.

Mələk  Səkinə, sən mənim qonşumsan. Uşaqların gözümün önündə böyüyüblər. İstəyirəm ki, ailə qurub xoşbəxt olsunlar. Biz də toylarında yaxın qonşu kimi iştirak edək.

Səkinə  Sağ ol, Mələk. Allah sənin də balalarını qorusun. İnşallah, Ceyhunun toyunda biz də iştirak edərik (qonşunu yola salır).

Beşinci şəkil

(Fətulla, Aytən, Çinarə, Səkinə və Yədulla)

(Aytən otağı tozsoranla təmizləyir. Qapı döyülür. Aytən tozsoranı söndürüb qapını açır. Qapı arxasında Fətulla kişini.)

Fətulla  Salam qızım! Qapının zəngini basdım. Amma heç kim qapıya gəlmədi. Zəngin işləmədiyini düşündüm.

Aytən – Salam, Fətulla əmi! Yox, zəngimiz işləyir, tozsoranın səsindən eşitmədim.

Fətulla  Qızım anan evdədir?

Aytən – Xeyr evdə deyil, Fətulla əmi. Bir buyruğunuzmu var?

Fətulla  Var! Anaya deyərsən ki, sabah günortadan sonra mümkünsə bizi qəbul eləsin. Son qərarınızı eşitmək istədik.

Aytən – Deyəcəm Fətullah dayı! (Aytən Fətulla ilə vidalaşıb işinə davam edir. Öz-özünə danışır.) Deyəsən, Elşən Çinarəni eşşəyə mindirib evinə aparmasa əl çəkməz. (5-10 saniyə sonra işini bitirir. Elə bu vaxt Çinarə otağa daxil olur.)

Çinarə  Aytən, küçədə dedilər ki, “çoban” Fətulla bizə gəlmişdi.

Aytən – Gəlmişdi, dedi ki, eşşəyi bəzəyiblər, səni aparmağa gələcəklər (Gülür.)

Çinarə  Zarafatı bir kənara qoy. De görüm nə dedi?

Aytən – Dedi ki, sabah günortadan sonra son dəfə “hə-yox” üçün bizə gələcəklər.

Çinarə  Mən sözümü demişəm, daha niyə gəlirlər ki?

Aytən – Gələrlər, bir daha özün söyləyərsən.

(Qapı açılır Səkinə əlində çantası məktəbdən qayıdır. Çinarə anasını qarşılayır, çantanı alıb, kənara qoyur. Səkinə oturur.)

Səkinə  Qızım, Aytən, isti çay varmı?

Aytən – Var, anacan, indi gətirirəm (Otağı tərk edir.)

Çinarə  Ana Fətulla əmi gəlibmiş, Aytənə deyib ki, sabah günortadan sonra “hə-yox” üçün son dəfə gələcək.

Səkinə  Gəlsinlər qızım! Fikrimizi söyləyib yola salarıq. İstəmirsənsə səni məcbur edib vermərəm. (Aytən çay gətirir, anasının qabağına qoyur. Səkinə davam edir.) Qızım, sən Elşəni deyirsən 14 yaşında görmüsən. İndi onun haradasa iyirmi doqquz yaşı var. Çox zaman keçib. Bəlkə razılaşasan, uşaqlıq ləqəbi idi, çoxdan geridə qaldı (Çay içir.)

Çinarə  Yox, ana, fikrim qətidir. Nə bilim, haralardadır. Bəlkə o da atası kimi hələ də çobanlıq edir.

Səkinə  Çoban olanda nə olar. Əsas odur ki, yaxşı insan olsun, halal zəhməti ilə çörəyini qazansın.

Aytən – Bacım, çoban ləqəbi “eşşək” ləqəbindən yaxşıdır, razılaş. (Gülür).

Səkinə  Buyurun, qızlar, qalxın, evi yığışdırın, tozunu silin. Sabah şənbədir, evdəyik. qonaqlarımız olacaq.

(Bu zaman həyət qapısının zəngi çalınır.)

Aytən – Mən gedib baxaram.

Səkinə  Çinarə, qızım, sən də bir daha yaxşı-yaxşı düşün, götür-qoy elə, qərarını sabah səhər mənə deyərsən.

(Çinarə durub çaydan və stəkanı götürüb otağı tərk edir.)

Aytən – (geri qayıdır). Ana, gələn bir yaşlı kişidir. kənd adamına oxşamır. Səni istədi, dedi: – rəhmətlik atanla bir universitetdə çalışmışıq, Adım Yədulladır.

Səkinə  Yaxşı, qızım, tez dəvət et, gəlsin, özün də çay gətir.

(Səkinə qonağı qapıda qarşılayır.)

Professor Yədulla Salam, Səkinə bacı!

Səkinə  Salam, Yədulla qardaş. Xoş gəlmisiniz! Buyurun, keçin oturun, indi uşaqlar çay gətirəcəklər. Sizi evimizə qədər gətirən nədir?

Professor Yədulla Səkinə bacı, çoxdandır evinizə ayaq basmırdım. Rəhmətlik Dadaş sağ olanda gəlirdim. Qapıda məni qarşılayan qız səhv etmirəmsə balaca Aytəndır, maşallah, böyüyüb. Çinarə qızımızı görmədim, evdə deyil?

Səkinə  Evdədir Yədulla qardaş. (Aytən çay gətirir, masaya qoyur.) Aytən Çinarəni çağır, mən çay süzərəm.

Professor Yədulla Zəhmət çəkməyin. Mən ayaqüstü Sizə dəyməyə gəldim.

Səkinə – Yədulla qardaş, Zeynəb, uşaqlar necədir?

Professor Yədulla Zeynəb yaxşıdır. Sizə gələcəyimi ona deyəndə salamını göndərdi. Uşaqlar isə Bakıda yaşayırlar.

Səkinə  Allah uşaqlarınızı, nəvələrinizi saxlasın. Xoşbəxt olsunlar.

Çinarə  (Çinarə və Aytən qapıdan içəri girir. Çinarə Yədulla müəllimi görən kimi tanıyır). Salam Yədulla əmi, xoş gəlmisiniz!

Professor Yədulla (ayağa qalxır. Çinarəyə baxıb deyir). Maşallah, necə də atana oxşayırsan. Yaxın gəl qızım, (Çinarənin alnından öpür. Aytən masanın arxasına keçib oturur.) yanımda otur. Səkinə bacı Sizinlə xeyir bir işlə bağlı danışmağa gəlmişəm.

Səkinə  Buyurun Yədulla qardaş.

Professor Yədulla Bizim universitetdə bir gənc professorumuz var. Onun elmi rəhbəri olmuşam. Artıq onun evlənmək zamanı gəlib çatmışdır. Elmi işlərinə görə tez evlənə bilməyib, 29 yaşı var. Həm də gözəl, yaraşıqlı bir oğlandır. Heç kimi bəyənmir. Deyir ki, rəhmətlik Dadaş müəllimin qızı Çinarədən başqa heç kəslə ailə qurmayacaq. (Çinarə utanır, üzr istəyir və tez otağı tərk edir.)

Səkinə  Nə deyim, Yədulla qardaş. Çinarə də, heç kimi bəyənmir. Deyir istəmədiyi oğlanla ailə qurmaz. İndiyə qədər ona elçi göndərənlərin heç birini bəyənməyib. Bəlkə taleyində siz deyən oğlan varmış.

Professor Yədulla Ola bilər, Səkinə bacı! Həm də mənə elə gəlir ki, gənc professorumuzun bu olaylardan xəbəri var! Yoxsa məni tələsdirməzdi.

Səkinə  Madam ki, qardaşım uyğun bilir, demək münasib bir insandır. Qaldı bircə bir-birini görsünlər, bəyənsinlər. O zaman deyin görüm haçan gəlmək fikriniz var?

Professor Yədulla Uzatmaq istəmirik. Sabah günortadan sonra gələrik. Oğlanı da özümüzlə gətirərəm. Qoy gənclər tanış olsunlar, kəlmə kəssinlər. Çinarənin razılığı olarsa, onda toya hazırlaşarıq. İndi isə başlanğıc üçün tez gedib gənc professorumuza şad xəbəri çatdıraram.

(Səkinə Yədulla müəllimi yola salır. Çinarə otağa qayıdır.)

Aytən – Bacım, axır ki, gözlədiyin professor səni tapdı. Ona yox deyə cürət etmə və şansını qaçırtma!

(Səkinə qayıdır, butulkadan su süzüb içir və kresloda oturur.)

Səkinə  Qızlar, lap yadımdan çıxıb ki, sabah günortadan sonra “çoban” Fətulla da bizə gələcək.

Çinarə  Ana, sözümü demişəm. Uzun illər görmədiyim insanla ailə qurmaq fikrində deyiləm. Hansı peşənin sahibidir bilmirəm. Gülarə xala deyirdi ki, at belindədir. Demək eşşəkdən düşüb ata minib çobanlıq edir.

Səkinə – Düz deyirsən qızım! Çünki valideynləri “Elşən at belindədir” deyirdilər.

Aytən – Maşallah bacıma, elə bil bazarda qarpız seçir. Bunu bəyənmirəm, o birisini göstər (gülür).

Səkinə  Qızım narahat olma. Ayıb olar, Fətulla gəlsin, qərarını ona çatdırarıq, dönüb gedəcək. Görürsən, qonşularımız fikrindən daşındılar. Onlar da çəkilərlər. Yədulla müəllim dedi ki, Gələndə oğlanla birlikdə gələcəklər ki, bir-birilərini görsünlər, tanış olsunlar.

Çinarə  Buna etirazım yoxdur. Heç olmasa yaxından gözümlə görərəm ki, mənə elçi düşən kimdir.

Aytən – Yox bacım, mən uşaq olanda hələ sən deyirdin ki, böyüyəndə professora ərə gedəcəksən. Çünki atamız professor idi. Sənə sinif uşaqları lağ edə bilmirdilər, “professorun qızıyam” – deyib qürurlanırdın. Bax, buna görə “eşşək” Elşənə ərə getmək istəmirsən. Sabah həm professor, həm də “eşşək” Elşən gələcək. İndidən məni fikir götürüb bacım. Sənə seçim etmək zor olmazmı? (Gülür).

Səkinə  Aytən, dur sən də həyət-bacanı yığışdır. Çinarə, sən isə qonaq orağını hazırla. Sabah maraqlı günümüz olacaq.

Altıncı şəkil

(Səkinə, Çinarə, Aytən, Əhməd, Əsli, Mələk, Fətulla, Gülarə, Yədulla, Elşən.)

(Qonaq otağında Çinarə, Səkinə, Aytən, Əhməd, Mələk və Əsli. Masa arxasında oturub qonaqların gəlməsini gözəyirlər, aralarında sakit səslə danışırlar. Birdən maşın siqnalı eşidilir. Sonra həyət qapısının zəngi çalınır).

Aytən – (oturacaqdan durur). Maşallah olsun! “Çinarənin elçiləri” gəldilər. Ana, görəsən birinci gələn kimdir? Fətulla, yoxsa Yədulla əmidir?

Səkinə  Əhməd sən get qonaqları qarşıla. Sən professor Yədullanı tanıyırsan. (Əhməd qonaqları qarşılamağa çıxır. Hamı ayaq üstə durur. Sonra Əhməd içəri keçir və qonaqları dəvət edir. Yədulla müəllim yaraşıqlı saqqallı bir oğlanla içəri keçir, görüşürlər, masanın arxasına keçib otururlar. Elşən Yədulla müəllimin yanında oturur).

Professor Yədulla Cənablar! Tanış olun. Bu yaraşıqlı oğlan həmkarımdır, universitetimizin gənc professorudur, adı Elşəndir. Valideynləri bir qədər yubanırlar, qüsur saymayın. Vəkaləti məndədir. Odur ki, bu gənc tərəfindən söz sahibi mənəm. Sonra da valideynləri bizə qoşulacaq. Elşən universitetimizi fərqlənmə diplomu ilə bitirdikdən sonra magistraturanı, sonra da elmi işini müdafiə edib, fəlsəfə üzrə elmlər doktorudur. Artıq iki ildir ki, professor olaraq, universitetimizdə çalışır. Şəhərdə şəxsi evi və maşını vardır. Çox şərəfli, ləyaqətli və qabiliyyətli bir gəncdir, kollektivimizdə böyük hörmət sahibidir.

Əhməd  Mən Çinarənin dayısıyam. İstəyirəm Çinarə haqqında mən danışam. Çinarə qızım universitet bitirib. Azərbaycan dili və ədəbiyyat müəllimidir. Lakin iş yeri olaraq orta məktəbi deyil, uşaq bağçasını seçmişdir. Onun sözlərinə görə, “uşaqların böyük həyata hazırlanması uşaq bağçasından başlayır”. Buna görə də təməl güclü olmalıdır – deyir. Kənd ab-havasını sevdiyi üçün kənddə qalmışdır.

Səkinə  Çinarəni tərifləməyə ehtiyac yoxdur. Qız hər kəsin gözü önündədir. Tək istəyim qızımın xoşbəxt olmasıdır. Bəlkə icazə verək Elşənlə Çinarə həyətə düşsünlər. Bir-biriləri ilə tanış olsunlar. Sonra da Çinarə fikrini bizə söyləsin. Çünki Çinarənin razılığı olmadan bu evlilik baş tutmaz!

(Hamı razılaşır, Elşənlə Çinarə otağı tərk edirlər).

Əsli  Biz qonşuyuq. Çinarəni balamız kimi sevirik. Gözümüzün önündə böyüyüb. Oğlum Sahib üçün istədim, lakin Çinarə razı olmadı, çəkildik. Biz də Çinarə qızımızın xoşbəxt olmasını istəyirik.

Mələk  Mən də qonşusuyam. Çinarə bizim də gözümüzün önündə böyüyüb. Biz də Çinarəni oğlumuz Ceyhun üçün istədik. Amma Çinarə imtina etdi. Yalnız istədiyi oğlanla ailə quracağını dedi, biz də çəkildik. Allah qızımızı xoşbəxt eləsin.

Səkinə – Mən bir ana olaraq istəyirəm qızım xoşbəxt bir ailə həyatı yaşasın. Hər iki tərəf  bir-birilərini görüb, tanış olsunlar. Qaldı bu iki gəncin razılığa gəlməsi. Çünki, qızımın istəyi olmadan onu verən deyiləm. Aytən, get Çinarənin qərarını öyrən. Sonra ona görə çay gətirərsən. (Aytən gedib öyrənəndən sonra geri qayıdır. Anasına yaxınlaşır qulağına pıçıldayır və otağı tərk edir).

Professor Yədulla Səkinə bacı, Çinarə bir qərara gəldimi?

Səkinə  Gəldi, Yədulla qardaş. Qız razı olduğunu söyləmiş, amma oğlanın valideynləri hələdə gəlib çıxmadılar.

Professor Yədulla Mən bu dəqiqə zəng edib öyrənərəm. (Durub kənara çəkilir, zəng edir.)  Gələ bilərsiniz, hər şey planımız üzrədir. (Səkinəyə yaxınlaşır.) Səkinə bacı, birazdan gələcəklər.

Çox keçmədən qapı zəngi çalınır. Əhməd durub qapını açır. Bu zaman Fətulla kişi və yoldaşı Gülarə içəri daxil olurlar.)

Əhməd – (qonaqları qarşılayır). Buyurun keçin! Xoş gəlmisiniz.

Səkinə  (Qonaqları evə dəvət edib oturmağı təklif edir. Dərhal sonra professor Yədullaya yaxınlaşır.) Yədulla qardaş, bəs Elşənin valideynləri hanı, gəlmədilər?

Professor Yədulla Narahat olmayın, Səkinə bacı. Mən burdayam, vəkalət də məndədir.

Əhməd  Fətulla kişi, xeyir işin üstünə gəlmisiniz. Bildirmək istəyirəm ki, biz artıq qızı vermişik. Onsuz da Çinarə oğlunuzla evliliyə razı deyildi. İnciməyin Çinarə seçimini etmişdir. Siz də dəvətlisiniz. Gəlin Çinarənin toyunda ağsaqqal kimi iştirak edin.

(Fətulla və Gülarə masaya yaxınlaşır.)

Fətulla  Mən və Gülarə bu gün həqiqətən də Sizi təbrik etməyə və şirin çayı içməyə gəlmişik.

Gülarə  Bu evliliyə biz də razıyıq. “eşşək” Elşən ləqəbli oğlumuz Çinarə kimi gözəl, göyçək qıza yaraşmaz! Biz də istəyirik ki, bu iki gənc evlənib xoşbəxt olsunlar.

(Hamı təəccüblənir və hamı eyni zamanda.) Var olun Fətulla kişi. Siz də razısınızsa, onda Çinarənin şirin çayı gəlsin.

(Ortaya şirin çay gəlir. Mələk və Əsli kömək edir. Şirin çay mərasimi bitəndən sonra hamı ayağa qalxır. Bu zaman həyət qapısının zəngi eşidilir.)

Səkinə Hə, deyəsən bəyin valideynləri gəlir? (Elə bu zaman vağzalı sədası eşidilir.) Bu nə səsdir?

Fətulla  Səkinə bacı yəqin oğlumdur! eşşəyi ilə gəlini qaçırmağa gəlib. (Fətulla ilə Gülarə gülür.)

Səkinə  Nə gəlin, Yədulla qardaş Fətulla kişi nə deyir.

Professor Yədulla Doğrudur bacı! Axı Çinarə demişdi, kimi istəsəm ona gedərəm. Seçimini də etmişdir. Çinarə professor Elşənə ərə gedir!

Fətulla  Diqqət cənablar və xanımlar! Onda qoy o xoşbəxt gənclər bura gəlsinlər. Biz də onları təbrik edək. (Elə bu an Elşənlə Çinarə içəri daxil olurlar. Hamı bir-bir onları təbrik edir. Sonda Fətulla kişi onlara yaxınlaşır. Elşənin, sonra da Çinarənin alnından öpür və bərkdən deyir.)

Qızım, istəyirəm ki, xoşbəxt olasan və sənin ürəyin oğlum Elşənin ürəyi ilə hər zaman birgə döyünsün. Bir daha deyirəm ki, hər kəs eşitsin! Bu cavan oğlan professor Elşən Fətullaoğludur. Bundan sonra Çinarə mənim qızımdır. (Vağzalı sədası gəlir, hamı rəqs edir, pərdə bağlanır.)

Müəllif: Şəfahət Şəfi Həsənov.

[email protected]

Tel: 055 304 50 34.