17 мая 2024

MƏRHƏMƏTSİZ ADAM

(Real hekayə)

Kiçik çillə yenicə girmişdi, ona “Qışın oğlan çağı” da deyirlər. Hava yaman soyumuşdu, şiddətli xəzri əsirdi. Fikirləşdim ki, əsl dovğa aşı havasıdır, gedim bazarlıq edim, qatıq, şüyüd, keşniş, sarımsaq alıb evə aparım. Bu soyuq havada, bəlkə, göyərti ala bilmərəm düşünüb, əvvəl mağazaya qatıq almaq üçün deyil, bazara getdim. Gördüm ki, yaşlı bir qadın küçənin qırağında, şəraiti olmayan bir yerdə (əslində, dediyim yer bazar deyil, nəqliyyat yolunun kənarıdır. Oranı bazar ərazisi kimi kirayə verirlər və gündəlik yer pulu yığırlar) teştin içində göyərti düzüb satır. O qadın balaca kətilin üstündə oturmuşdu və bir köhnə qazanın işində kömür yandırıb yanında qoymuşdu ki, bir təhər qızınsın. Yaxınlaşanda gördüm ki, qadının əlləri soyuqdan göyərib. O, tez-tez əllərini odda isidir, sonra dərhal əllərini birləşdirib burnunun və ağzının üzərinə qoyur, istisini nəfəsinə çəkirdi.

Artıq yaxınlaşmışdım ki, bir kişi məni qabaqlayıb qadından göyərti istədi. (Tanıdım onu, bazarda mağazası və digər ticarət obyektləri olan imkanlı biri idi). Qadın paketə iki dəstə cəfəri qoyub ona verdi. Lakin iki-üç dəqiqə idi ki, qiymət razılığına gələ bilmirdilər. Qadın deyirdi ki, cəfərinin iki dəstəsini 30 qəpiyə satıram 20 qəpiyə verə bilmərəm. O isə təkrar edirdi – 20 qəpiyə ver alverçisən, kəndçidən qəpik-quruşa almısan, qazancın var, bəsindir. Verə bilmərəm – deyirdi qadın, lakin kişi əl çəkmirdi. Vəziyyəti belə görən qadın üzünü o kişiyə tutub dedi:

— Qardaş, başına dönüm, bağım-bostanım yoxdur, səhər sübh gəlmişəm kəndçidən 10 qəpiyə dəstəsini almışam və iki dəstənin üstünə 10 qəpik pul qoymuş

— Nə olsun, məndən bu gün qazanma. – 20 qəpiyi qadının qabağına atıb uzaqlaşanda qadın istədi ki, onu çağırsı

— Səbir elə, qoy getsin, borcu mənlikdir – deyib qadını sakitləşdirdim.

Kişi gedəndən sonra qadından hal-əhval və nədən bu soyuqda bazara çıxdığını soruşdum. Dedi:

— Özüm xəstə olsam da, bazara çıxmağa məcburam. Pensiya yaşıma da hələ bir il qalıb, kişim isə əlildir. Pensiyası özünə, dərmanlarına heç çatmır. Hələ üstəlik iki nəvəm də bizimlə yaşayır, məktəb yaşındadırlar. Onlara nə sosial yardım, nə də uşaqpulu

— Bəs o uşaqların valideynləri hardadır?

— Kürəkənim narkaman çıxdı, sonra da onu həbs etdilər. Qızım başıbatmış isə uşaqları üstümə atıb bir kişiyə qoşulub cəhənnəmin dibinə qaçdı. Çoxdan ondan heç xəbərim də yoxdur.

— Necə dolanırsınız? Axı uşaqlar məktəbə getməli, oxumalıdırlar?

— Mən də istəyirəm oxusunlar, amma gücüm çatmır, onları lazımı səviyyədə məktəbə göndərə bilmirəm. Paltar, ayaqqabı cırılır, təzəsini almağa çətinlik çəkirəm. Bəzən qonşular və qohumlar kömək edirlər, öz uşaqlarının köhnə paltarlarını gətirən də olur. O paltarlar köhnə olsalar da, bahalı olduğu üçün uşaqlar bayram edirlər, sevinirlər. Mən isə onlara yalnız ucuz paltar ala bilirəm. Səhər sübh tezdən alaqaranlıqda bazara taksi ilə gəlirəm, çünki o vaxt avtobus işlə İlk avtobusla gələn kəndçidən satmaq üçün göy-göyərti, bəzən də kənd yumurtası olanda alıb üstünə üç-beş qəpik qoyub satıram ki, ev üçün gündəlik yeməyə bir şey alım.

— Kəndçilər niyə özləri mallarını satmırlar?

— Mənim təsərrüfatım yoxdur, bina evində yaşayıram. Amma o kəndçi gəlsə bu bazarda əyləşib malını satsa, onun təsərrüfatına kim baxacaq? Onda mən də qazana bilmərəm. Kəndçi tez qayıtmalıdır ki, heyvanlarına, əkininə baxsın. Axı onlar da zəhmət çəkir, əkib-becərirlər. Mən də bu soyuqda, oturub yerpulu verirəm, malı satanda qoymağa paket və qışda kömür alı Günün sonunda baxıram qazandığım qəpik-quruşdur və ya alıcı yoxdursa, ziyan edirəm. Ziyan etməyim deyə az mal alıram ki, satılsın, onda az qazanıram. Məsələn, səkkiz-on gündən bir yarım kilo mal əti alanda nəvələrim sevinirlər ki, ət yeyəcəklər.

Qadının dedikləri məni çox təsirləndirmişdi, odur ki, təsəlli olaraq ona dedim:

— Sən fikir eləmə, möhkəm ol, özünü qoru ki, ciddi xəstələnməyəsən. İnşallah tezliklə acı günlərin geridə qalacaq.

Nəhayət, 1 manat 60 qəpiklik alver elədim və qadına 5 manat verib getmək istəyirdim ki, qadın səsləndi:

— Qardaş, gözlə, pulun qalığını götür.

— Xeyr, dedim, sənin mənə borcun yoxdur, halal xoşun olsun deyib uzaqlaşdım. Qadın pulu qəbul edəndə özümü bir anlığa xoşbəxt hiss elədim.

Mən artıq nə edəcəyimi düşünmüşdüm, çünki əsəblərim hələ də soyumamışdı. Odur ki, maddi ehtiyacı olan bir qadının haqqını yeyən kişinin mağazasına girdim. Bu qədər imkan sahibi olan bir adamın onunla hər gün alver edən insanlara qarşı münasibətini hiss eləmək istədim. Fikirləşirdim ki, birdən düşündüklərim yanlışdır, haqsızlıq olmasın. Sınamaq üçün mağazadan 1 ədəd təndir çörəyi götürüb kassaya yaxınlaşdım və satıcı qızdan əlimdəki çörəyin qiyməti soruşdum. Qız dedi:

— Altımış qəpik

— Bəs olmaz ki, bu çörəyi 50 qəpiyə verəsiniz?

— Olmaz, çünki özümüz 50 qəpiyə alırıq

— Olsun, amma bu gün məndən qazanmayın.

— Yox, olmaz verə bilmərəm – elə bu anda mağaza sahibi özü (çox güman ki, kamerada görmüşdü) kassaya yaxınlaşdı.

Artıq ətrafımızda altı-yeddi nəfər yığışmışdı. Hamı söhbətin necə bitəcəyini gözləyirdi və maraqla dinləyirdilər. O adamların içində məni tanıyanlar da vardı. Yəqin, fikirləşirdilər ki, bu insan niyə 10 qəpiyə görə hamının qabağında özünü əskildir.

Satıcı qız mağaza sahibinə müraciət edib dedi:

— Bu müəllim təndir çörəyini 50 qəpiyə almaq istəyir, deyir ki, bu gün bu çörəkdən məndən qazanmayın!

Mağaza sahibi mənə baxıb dedi:

— Yekə kişisən, 10 qəpik söhbəti edirsə Pulun azdırsa, zavod çörəyi götür, 50 qəpiyədir.

— Doğru deyirsən, yekə kişiyəm, pulum da var, amma sizin pulunuzla müqayisə edilə biləcək qədər deyil. Bu zaman ətrafımda yığışan adamların sayı daha da artmışdı. Bəzi adamlar nə baş verdiyini anlamadıqları üçün kənardan deyirdilər: – 10 qəpiyi mən verərəm çörəyi verin getsin.

Vəziyyət daha da gərginləşməsin deyə üzümü mağaza sahibinə tutub bir qədər yüksək səslə dedim:

– Məqsədim bu çörəyi sizdən 50 qəpiyə almaq deyil! Bir neçə dəqiqə bundan qabaq sizin borcunuzu ödədim. Siz iki dəstə cəfərini 30 qəpiyə satan, soyuqda əlləri göyərmiş, hər bir qəpiyə ehtiyacı olan yazıq bir qadının qazancını əlindən aldınız. Ona 30 qəpik əvəzinə 20 qəpik verib, bəsindir dediniz və məndən bu gün qazanma deyib uzaqlaşdınız. O haqqı mən ödədim biləsiniz. Siz heç düşünmədiniz ki, bu soyuqda o qadını məcbur edən nədir ki, oturub qəpik-quruş qazanmağa çalışır. Qadının halını görəndə sizdə az da olsa, mərhəmət hissi oyanmadı? Siz alverçi ola-ola düşünmədiniz ki, qadının əslində Sizdən qazanmaq istədiyi heç 10 qəpik də deyil! Çünki içinə göyərtini qoyub sizə verdiyi paketə də pul verib almışdı. Həmçinin yerə görə pul ödəmişdi, donmasın deyə kömür alıb yandırmışdı, səhər tez gəlmək üçün taksiyə də pul vermişdi. Hələ onun zəhmətini demirəm. Üstəlik qazancını, haqqını kəsməkdən əlavə ümidlərini qırdınız. O qadın sizdən deyil, siz o kasıb qadından qazandınız. Mən isə bügun Sizi bir haram qazancdan qurtardım, borcunuzu ödədim. Biləsiniz ki, haramın xırdası, böyüyü olmaz.

Bu zaman mağazada yığışan alıcılar dediklərimi eşidəndən sonra götürdüklərini yerinə qoyub əsəbi halda mağazanı tərk etdilər. Mən isə 60 qəpik çörəyin pulunu ödəyib mağazanı tərk etdim.

Müəllif: Şəfahət Şəfi Həsənov