17 мая 2024

NƏCİBƏNİN ACI TALEYİ

Real hekayə-faciə

Nəcibə öz acı həyat hekayəsinin sirrini hər kəsdən gizli saxlayırdı. Hətta ən yaxın rəfiqəsi belə onun və anasının başına gələn olaylardan xəbərsiz idi. Amma o, anası və özüylə bağlı mühüm hadisələri gündəliyinə yazırdı. Gündəlik böyük olmasa da, içindəki yazıları oxumaq ağır gəlirdi. Çünki gündəlik iki günahsız insanın ürək dağladan göz yaşları ilə yüklü idi.

Anamın xatirələri. Atam anamla toydan qayıdan zaman avtomobil qəzasına düşmüşdülər. Çiskin, yağışlı bir havada, atamın idarə etdiyi avtomobil yoldan çıxaraq, elektrik dirəyinə çırpılmışdı. Zərbəyə dözməyən ağır beton elektrik dirəyi, sınaraq avtomobilin üzərinə aşmışdı. Hadisə zamanı anam dərhal, atam isə dörd gün sonra xəstəxanada dünyasını dəyişdilər.

Qəza baş verən günü böyük bibim Bəsti bizdə idi. Atam bibimə dedi: – Nərgiz bu gün sizdə qalsın. Sabah gəlib götürərəm. Buna görə də qəzadan xəbərim yox idi. Həmin axşam bibim tələsik, həyəcanlı halda evdən çıxıb gedəndə, qonşu qızı çağırıb yanımda qalmağı tapşırdı. Çox vaxt keçmişdi, amma bibimdən hələ də xəbər yox idi.

Bibim əri Oqtay əmi ilə gecə yarısı qayıtdı. Bibim avtomobildən düşən kimi evə girdi, Oqtay əmi isə darvazanı açıb maşını həyətə salırdı. Bu zaman yoldan keçən bir kişi ona yaxınlaşıb soruşdu:

— Oqtay, Arifin vəziyyət necədir?

— Çox ağırdır, amma həkimlər əlindən gələni edirlər.

Oqtay əmi bu sözləri deyəndə arxada durduğumu görmürdü. Oqtay əminin dediklərini eşidən kimi qaçıb Bəsti bibidən soruşdum:

— Bibi atama nə olub, niyə o xəstəxanadadır? Gedək, bibi, gedək, atamı görmək istəyirəm.

— Nərgiz, qızım kim sənə dedi?

— Oqtay əmi yoldan keçən bir kişi ilə danışanda eşitdim.

— Hə, xəstələnib, indi xəstəxanadadır. Qızım, indi gecdir, həkimlər heç kəsi yanına buraxmazlar. İcazə verəndə gedərik.

— Bibi, anam haradadır, atamın yanındadır?

— Hə, atanın yanındadır, narahat olma! Get yat.

Səhər duran kimi, bibimə dedim:

— Bibi, atamı görməyə gedərik?

— Mən gedib öyrənim, əgər yanına buraxsalar, səni də apararam.

İkinci gün idi ki, valideynlərimi görmürdüm. Bibim hələ də məni atamı görməyə aparmamışdı. Gün ərzində demək olar ki, evdə tək olurdum. Çox narahat idim, tez-tez oturub ağlayırdım. Bibim gedəndə küçə darvazasını kilidləyirdi. Getməmişdən qabaq deyirdi: – qonşu qız sənə günorta yeməyi gətirəcək, termosda da hazır çay qoymuşam. İstəsən, çay da süzüb içərsən.

Mən axşamlar qeyri-ixtiyari tez-tez ağlayırdım. Bibimin yanında ağlayanda mənə deyirdi:

— Kəs səsini, məni əsəbiləşdirmə.

Hələ də düşünürdüm ki, atam ağır yaralanıb, anam da yanındadır. Artıq üç gün keçmişdi. Anamı və atamı hələ də görməmişdim, onlar üçün çox darıxmışdım. Hər gün Bəsti bibi və Oqtay əmi səhər tezdən evdən çıxıb axşam qayıdırdılar. Hadisənin dördüncü günü bibim səhər duran kimi dedi:

— Nərgiz, bu gün atanla görüşə gedəcəyik.

— Bibi, həkimlər icazə verdilər? – Atam yaxşıdır?

Bibim cavab vermədi. Biz Oqtay əminin maşını ilə xəstəxanaya, atamı görməyə gedirdik. O, avtomobilini xəstəxananın qabağında saxladı. Avtomobildən hələ düşməmiş bibim mənə dedi:

— Nərgiz, qızım, atanı görəndə ağlamayasan, qoy üzülüb əzab çəkməsin. Söz ver ki, onu diqqətlə dinləyəcəksən. Atan sənə vacib sözlər deyəcək. Onları unutmayasan.

— Yaxşı bibi, dediyini edəcəyəm.

Bir tərəfdən sevinirdim ki, valideynlərimi görəcəyəm, digər tərəfdən çox üzgün idim.

Biz xəstəxanaya daxil olub palataya yaxınlaşanda bibim Rəna və əmim Xalid atamın yanında idilər. Bibim məni görən kimi ağladı. Mən də ağladım. Onda Xalid əmi məni bərk-bərk qucaqladı. Mən hələ də anamın öldüyünü bilmirdim, ətrafa baxıb onu görməyə çalışırdım. Bu zaman atam məni xırıltılı səslə çağırdı:

— Nərgiz, qızım, yanıma gəl.

Onda əmim məni buraxıb, əlini başımın arxasına qoyub atama tərəf apardı. Atamın əzilmiş, göyərmiş sifətini görəndə çox qorxdum və hönkür-hönkür ağladım. Amma Bəsti bibim mənə baxan kimi sözləri yadıma düşdü, ağlamağı dayandırdım və atamın qolunu qucaqladım. Qısa fasilədən sonra atam dedi:

— Qızım, səndən bir istəyim var, ona əməl edəcəyinə söz ver.

— Yaxşı, ata. Eşidirəm səni.

— Mənə bir şey olarsa, Bəsti bibi ilə qalarsan. Həkimlər deyirlər ki, vəziyyətim çox ağırdır.

— Ata, niyə bibi ilə? Bəs anam hanı, ata?

— Qızım, ağır qəzaya düşdük, anan öldü. “Anan getdi, qızım” – deyib ağladı…

Atamın dediklərini eşidəndən sonra huşumu itirdim. Ayılanda xəstəxana palatasında idim. Yanımda həkimlər və Bəsti bibi vardı. Ağlamaq istəyirdim, amma bacarmırdım. Bu zaman həkim dedi:

— Uşağı evə aparın. Mən ona iynə vurmuşam ki, yatsın. O, yatıb-durandan sonra gərginliyi azalacaq.

Həkimin dediklərindən sonra yenidən yuxuya getdim və sonra nə baş verdiyini xatırlamıram.

Mən yuxudan ayılanda bibimgildə idim. Qalxmağa taqətim yox idi. Bu zaman bibim əlində çay içəri girdi və dedi:

— Qalxma qızım, uzan, sənə çay gətirmişəm.

— Bibi, məni anamın yanına apar. Anamı görmək istəyirəm.

— Nərgiz, anan, sonra da atan dünyasını dəyişdilər. Artıq onlar yoxdurlar. Bundan sonra atanın istəyi ilə mənim qızım olacaqsan, bir yerdə yaşayarıq.

Onda neçə saat ağladığımı bilmirəm. Sonra yenidən yuxuya gedib səhərə qədər yatmışdım.

Səhər duran kimi bibimin yanına getdim və dedim:

— Bibi, məni qəbir üstə apar. Onların qəbrini görmək istəyirəm.

— Yaxşı, gəl, bir qədər yemək ye. Yemək yedim və Oqtay əmi bizi qəbir üstə apardı. İki valideyni birdən itirmək, çox ağır idi. Nə qədər zaman keçdiyini bilmirəm, hələ də ağlamaqda davam edirdim. Sonda bibim mənim qolumdan tutub anamın qəbrindən güclə ayırdı. Hiss etdim ki, addım ata bilmirəm. Onda Oqtay əmi məni qucağına alıb maşına oturtdu. Evə qayıtdıq.

O gündən sonra mən Bəsti bibimgildə qaldım. Bibim qızı ərdə idi, getmişdi, iki oğlu isə evli idilər, ayrı yaşayırdılar. Çox zaman evdə tək olurdum. Həm də mən 1-ci sinifə getməyə hazırlaşırdım. Valideynlərim öldüyü üçün həmin il məni məktəbə qoymadılar, gecikdim. Bibim dedi ki, gələn il məktəbə gedəcəksən. Zaman gəldi, bibim məni yaxındakı məktəbə apardı və mən oxumağa başladım. Bir gün bibimə öz evimizə getmək istədiyimi söylədim. Bibim dedi:

— Nərgiz, sənin evin buradır. O evdə artıq Xalid əmi ailəsi ilə yaşayır.

— Bibi, axı o evi atam tikib, mənim evimdir.

— Yox, qızım, sənin deyil. Evinizi atan Xalid əmiyə verdi. Çünki sən böyüyəndə ərə gedəcəksən, ərinin evi həm də sənin öz evin-eşiyin olacaq. Ona görə də narahat olma, unut getsin. O evdə başqası yaşamır, doğmaca əmin yaşayır. Tək-tənha o evdə qalıb nə edəcəksən?

Anladım ki, bibim düz deyir. Mən nə edə bilərdim ki, 7 yaşlı uşaq idim.

Mən 8 yaşında məktəbə getdim. Oqtay əmi yaxşı adam idi. Xətrimi çox istəyirdi. Hətta birinci sinifdə oxuyarkən əlimdən tutub məktəbə də aparırdı, oxumağımı istəyirdi. Deyirdi: – Oxu ki, gələcəkdə bir işin olsun. Heç kimə möhtac olmayasan. Oqtay əminin dediklərini heç vaxt unutmadım. Mən 3-cü sinifdə oxuyanda Oqtay əmi Rusiyaya getdi. O gedəndən sonra çox çalışırdım. Baxmayaraq ki, bibim məni ev işləri ilə yükləyirdi, bikar vaxtım olmasa da, dərslərimə hazırlaşırdım. Heç bir əlavə kömək olmadan yaxşı oxumağa çalışırdım. Əlaçı olmasam da, ali məktəbə daxil ola biləcəyimə əmin idim.

Lakin mən 9-cu sinfi bitirəndən sonra, bibim təhsilimi davam etdirməyə qoymadı,  dedi ki, bu qədər oxumağın yetər. Bibimin bu addımı məni çox üzmüşdü, məyus etmişdi. Başqa çarəm qalmamışdı, bibimlə razılaşmalı oldum. Evdə bibimlə tək qalmışdım. Onda mənim 17 yaşım vardı. Bibim tez-tez deyirdi: – bircə səni ərə versəydim. Hiss edirdim ki, bibim məndən qurtulmaq istəyir.

Mənim 18 yaşım tamam olmağına bir gün qalmış bibim məni yanına çağırıb dedi:

— Sənin doğum gününü keçirtmək istəyirəm. Artıq böyümüsən, 18 yaşın olacaq. Bundan sonra müstəqil həyata qədəm qoyacaqsan. Hazırlığa başla, evi-eşiyi səliqəyə sal. Mən də sabah səhər gedib bazarlıq edərəm. Qonaqlarımız olacaq, onları yaxşı qarşılamaq lazımdır.

Bibimin nədən bu qədər təntənəli şəkildə doğum günümü keçirtmək istədiyini, anlaya bilmirdim. Səhər duran kimi bibim məni təbrik etdi. Axşam qonaqlarımız gələcək deyə hazırlığa başladıq. Hətta Xalid əmimin arvadı da gəlmişdi. O da kömək edirdi, gözəl bir süfrə bəzədik. Sevinirdim ki, bibimgildə yaşayandan ilk dəfə doğum günüm keçiriləcək. Axşamüstü qonaqlar gəlməyə başladılar. İlk olaraq iki əmim və üç bibim yoldaşları ilə, sonra mənim tanımadığım iki qadın və bir kişi gəldilər. Hamı masa arxasına keçdi. Mən də süfrəyə oturmaq istəyəndə bibim dedi:

— Sən hələ oturma, qonaqlara xidmət et.

Mən qonaqlara xidmət etdiyim zaman heç kim məni təbrik etmədi. Yeməkdən sonra yır-yığış edildi çay süfrəsi açıldı. Yenə də məni süfrəyə dəvət etmədilər. Hətta bir ara danışıqlarını eşitməyim deyə məni həyətə yolladılar. Nə baş verdiyini isə soruşmağa qorxurdum. Çay süfrəsindən sonra, qonaqlar dağılışdılar. Hamı gedəndən sonra Bəsti bibi məni masaya dəvət edib dedi:

— Nərgiz, qızım, sənə bir şad xəbərim var.

— Eşidirəm, bibi.

— Qızım, bu gün sənə elçi gəlmişdi. Bibilərin və əmilərin sənin ərə getməyinə razılıq verdilər. Mən də hamı kimi ərə getməyinə razı olduğumu söylədim. İstəyirəm ki, sənin öz ailən və evin olsun. Odur ki, tezliklə ər evinə köçəcəksən. Nə lazımsa həll edərik. İndi isə otur yeməyini ye.

— Bibi, axı mən ərə gedəcəyim oğlanı tanımıram, görməmişəm. Bəlkə xəstədir, narkomandır, yaşlıdır?

— Nəyinə baxacaqsan? Oğlanın Rusiyada restoranı, pulu var. Tezliklə gələcək, özün görəcəksən.

— Bibi, neçə yaşı var dediyiniz oğlanın?

— Soruşmuşam, qızım, 32 yaşı var.

— Bibi axı o məndən 14 il böyükdür. Yox, yox bibi, mən istəmirəm.

— Yox, gözləyə bilməzsən. Ərə getmək vaxtındır, həm də artıq danışmışıq və razılığa gəlmişik. Sus və didiklərimə əməl et.

Onda mən anladım ki, aqibətim həll olunub. Anam kimsəsiz idi. Uşaq evində böyümüşdü.

Hələ anam sağ olanda deyirdi ki, mən yetiməm, heç kəsim yoxdur. Bir neçə gündən sonra bibim mənə dedi:

— Hazırlaş, bu yaxınlarda nişanlın gələcək, səni evinə aparacaq.

— Bibi, bu necə olur? Məgər nikah, kəbin, nişan, toy olmayacaq?

— Olacaq, əlbəttə! Narahat olma!

— Bəs nədən toy hazırlığı görülmür?

— Hazırlıqlar da görüləcək. İndi get işinlə məşğul ol.

Bibinin məni aldatdığını başa düşmüşdüm. Amma əleyhinə deyə biləcəyim söz yox idi. Odur ki, qorxudan susub aqibətimi gözləyirdim. Bir neçə gündən sonra qapımızda bir maşın dayandı. Gələn cavan oğlanı bibim qarşıladı və evə dəvət etdi. Mənə də dedi:

— Çay qoy, sonra gəl yanımda otur.

Çay qoyub bibimin yanında oturdum. Bibim əlimdən tutdu və dedi:

— Nərgiz, tanış ol, gələcək həyat yoldaşındır, adı Fərzidir. Əmi uşaqları, əmiləri Rusiyada ailələri ilə bir yerdə çalışırlar. Oqtay əmi da onlarla bir yerdədir.

Onda heç bir söz deyə bilmədim, donub qalmışdım. Fərzi üzünü mənə tutub dedi:

— Nərgiz, bundan sonra mən hər zaman sənin yanında olacağam. Hazırlaş, sabah gəlib səni evimə aparacağam. Toyumuz olacaq, evlənərik, heç narahat olma.

Fərzi bu sözləri mənə deyəndən sonra heç bir göz demədən çıxıb getdi. Mən isə otağıma çəkilib anam və atam üçün ağladım və göz yaşlarımı saxlaya bilmirdim. Düşünürdüm ki, atam sağ olsaydı, hər şey başqa cür olacaqdı. Toysuz, cehizsiz-filansız məni ərə verməzdilər.

Səhər açılan kimi bibim məni çağırıb dedi:

— Hazırlaş, nəyin varsa çantalara yığ.

Nəyim var ki, geyimlərdən başqa. Hamısını bir çantaya yığıb gözlədim. Bir saat sonra Fərzi məni aparmağa gəldi. Bibim məni maşına oturdub yola saldı. Fərzigildə bizi iki qadın və bir yaşlı kişi qarşıladı. Bu insanlar mənə elçi gələnlər idi. Fərzi məni maşından endirib dedi:

— Bu atam Akifdir. Zeynəb, böyük bacım və Solmaz kisik bacımdır. Təntənəli qarşılama mərasimi yox idi. Bir sözlə şokda idim, sual verməyə qorxurdum.

Zeynəb qoluma girib məni evə saldı. Sonra Solmaz mənə mətbəxi və otaqları göstərdi. Otaqların birində yorğan-döşəkdə xəstə bir qadın uzanmışdı. Elə bu zaman Fərzi otağa daxil olub xəstə qadına yaxınlaşdı və dedi:

— Ana, istəyirdin evlənim, gəlin gətirim. Bu da gəlinin, adı Nərgizdir. Artıq tənha olmayacaqsan. Nərgiz daima yanında olacaq, darıxmayacaqsan.

Sonra üzünü mənə tutub dedi: – Nərgiz bu anam Sevdadır.

Mən hələ də nə baş verdiyini başa düşmürdüm. Fərzinin anasının ağır bir xəstə olduğunu, sərbəst hərəkət etmə qabiliyyətinin olmadığını görəndə karıxdım. Anladım ki, bu qadının qulluğunda durmalı olacağam. Şəxsi həyatım olmayacaq.

Ev, eşiklə qısa tanışlıqdan sonra qayınatam Akif və iki baldızım çıxıb getdilər. Mən, Fərzi və xəstə qadın bu evdə qaldıq. Fərzidən soruşdum:

— Bəs toyumuz haçan olacaq?

— Toy olmayacaq, görmürsən anam xəstədir. Sağalandan sonra toy edərik.

Bir neçə gündən sonra baldızlarım və qayınatam gəldilər. Hal-əhval etdilər.

— Fərzi, Nərgiz ananın öhdəsindən gələ bilirmi? – Soruşdular. Hər şey yaxşıdır, – dedi Fərzi.

Məndən soruşan olmadı. Gələn gündən xəstənin və ərimin qulluğunda dururdum. Məndən iki dəfə ağır bir qadını qaldırır, çevirir, təmizlik işlərini görürdüm. Möhkəm yorulurdum, Fərzi isə mənə kömək etmirdi. Səhər evdən çıxır, axşam qayıdırdı.

Hər axşam Fərzidən soruşurdum, deyirdi: – bitəcək bu məsələ, Rusiyaya gedəcəyik. Düzü, necə bitəcəyini demirdi. Mən evində olduğum müddətdə bir dəfə də olsun həkim gəlib xəstəyə baxmadı və xəstə heç bir dərman qəbul etmirdi. Xəstə ilə danışırdım, cavab vermirdi. Hər dəfə mənə baxır, göz yaşlarını axıdırdı.

Artıq bir aya yaxın idi ki, bu evə gəlin gəlmişdim. Bu müddət ərzində baldızlarım anasına dəyməyə heç gəlmədilər. Qayınatam isə bir dəfə gəldi. Fərzi ilə aralarında danışdılar, günorta yeməyi yeyib getdi. Evdə televizor yox idi, telefon isə işləmirdi.  Fərzidən telefonu təmir etməsini, bir də bir televizor almasını istədim. O isə dedi:

— Bu məsələyə bir daha qayıtmayaq. Səbəbini qısa deyim ki, anama görədir.

— Olmaz ki, televizor olsun, anan da baxsın, fikri qalsın?

— Yox, olmaz! Həkim deyib ki, televizora baxıb həyəcanlanacaq, ona pis təsir edəcək. Məhz buna görə bibindən cehizlik heç nə istəmədim.

— Bəs mən? Axı bütün günü evdə təkəm. Heç olmasa arada televizora baxaram, fikrim qalar.

— Yox tək deyilsən. Əyləş anamla söhbət et.

— Axı o danışmır, necə söhbət edim?

— Dediyimi elə, televizoru da unut!

— Bəs telefon niyə işləmir, birdən ananın tibbi yardıma ehtiyacı oldu, nə edərəm?

— Küfr danışma, heç nə olmaz! Vacib olarsa mağaza evin yanındadır, oradan zəng edərsən. Mağaza sahibinə tapşıraram. Bu barədə daha suallar vermə.

Fərzi üç gündən sonra məni yanına çağırıb dedi:

— Nərgiz bu günlərdə Rusiyaya gedəcəyəm. Narahat olmayasan, gedib tezliklə qayıdacağam.

— Fərzi bacılarına tapşır, arada gəlib mənə kömək etsinlər. Çox yoruluram.

— Deyərəm! Sən narahat olma.

Rusiyaya sakitcə yola düşən Fərzi mənə nə telefon nömrəsi, nə də ki, bir ünvan saxladı. Hətta hansı şəhərə getdiyini belə bilmirdim. Fərzi gedəndən sonra xəstə anası ilə baş-başa qaldıq. Hər gün eyni epizodlar təkrarlanırdı. Gündə bir dəfə mağazaya gedir, yemək bişirir, xəstənin qulluğunda durur, təmizlik işlərinə baxırdım.

Tezliklə məni ürək bulanması narahat etməyə başladı, əvvəl əhəmiyyət vermirdim. Bir neçə gündən sonra hamilə olduğumu anladım. Odur ki, xəstənin yeməyini verəndən sonra, ondan həkimə getməyə ehtiyacım var, gedə bilərəmmi? – soruşdum. Xəstə mənə gözləri ilə razılığını bildirdi. Onda mama-ginekoloqun qəbuluna getdim. Həkim hamiləliyimi təsdiqlədi və tövsiyələrini verdi. Dedi ki, keyfiyyətli qidalan, ağır işlər görmə, özünü qoru, istirahət et. Mən isə bilirdim ki, hansı vəziyyətdəyəm.

Mənə kömək edən yox idi. Baxmayaraq ki, Fərzinin iki bacısı vardı. Xəstə bir ananın tək qalması, ərinin başqa bir evdə yaşaması: – hamısı mənim üçün müəmma idi.

Ayın sonuna yaxın qayınatam gəldi və masanın üstünə pul qoyub dedi:

— Götür, mağazadan vacib ərzaqları alarsan. Bir aylıq xərcinizdir, boşuna xərcləmə.

— Yaxşı, Akif əmi. Olar ki, Solmaz, yada ki, Zeynəb gəlsin? Çox vacib sözüm var.

— Yaxşı, deyərəm!

Amma nə Solmaz, nə də ki, Zeynəb gəldi. Beləliklə bir ay da keçdi, qayınatam gəldi. Ondan yenə soruşdum:

— Akif əmi xahiş edirəm. Qızlara deyin, onlardan biri gəlsin, vacib sözüm var.

— Solmaza demişdim. Bilmirəm niyə gəlməyib. Yəqin əri icazə verməyib.

— Yenə də deyin, xahiş edirəm, çox vacibdir.

Artıq dörd ay idi ki, bu evdə xəstə qadınla yaşayırdıq. Nə bibilərim, nə də ki, əmilərim mənimlə maraqlanırdılar. Mənə elə gəlirdi ki, bu dünyada tək qalmışam. İnsanların bir-birinə qarşı laqeyd münasibətləri, bundan sonra yaşamağımı mənasız etmişdi. Amma bətnimdəki uşağı düşünüb dayanırdım, özüm özümlə mübarizə aparırdım.

Bir gün xəstənin yanında oturub dərdlərimi ona danışırdım. Başıma gələnləri danışanda qadının ağladığını, göz yaşlarının necə axdığını gördüm. Sonra ondan nədən bu vəziyyətdə olduğunu soruşdum. Əlbəttə cavab  gözləmirdim. Amma heç vaxt danışığını eşitmədiyim qadın birdən xırıltılı və sakit səslə danışmağa başladı. Dedi:

— Yazıq qızım! Sənin burada nə işin var? Çıx get, uzaqlaş, başqa şəhərə köç, qaç burdan, qızım. Özün də hamiləsən, get, get burdan.

— Yox, anam, mən gedə bilmərəm. Getsəm Fərzi, Akif əmi nə deyəcəklər

— Sevda ana, Siz danışa bilirdinizsə, bu qədər zaman ərzində nədən susurdunuz?

— Yox qızım, mən danışmaq qabiliyyətimi itirmişdim. Sayəndə danışmağa başladım. Mən iflic olandan sonra, indiyə qədər mənimlə belə xoş rəftar edən olmamışdı. Mən altı il bundan qabaq insult keçirmişəm, o vaxtdan bu vəziyyətdəyəm.

— Bəs niyə Sizi müalicə etmirlər?

— Bir gün həkim gəldi, dedi ki, müalicənin xeyri olacağına əmin deyiləm. Ondan sonra Akif mənim üçün bir daha həkim gətirmədi.

— Bəs oğlun, qızların, niyə Sizə soyuq yanaşırlar, gəlmirlər?

— Mən bu hala düşəndən sonra ərim başqa bir qadınla evləndi. Məni isə oğlumun tikdiyi bu evə gətirdilər. Əvvəllər başqa bir qadın qulluğumda dururdu. O dözməyib qaçdı. Sənin kimsəsiz olmağın onların işinə yarımışdır. İndi isə mən istirahət etmək istəyirəm. Sənə də bir tövsiyəm var. Danışdığımı heç kimə demə. Başına bəla ola biləcəyindən qorxuram.

— Yaxşı, Sevda ana, demərəm.

Dörd ay keçmişdi, hələ də Fərzidən bir xəbər yox idi. Günü-gündən vəziyyətim ağırlaşırdı. Bir tərəfdən hamiləlik, digər tərəfdən xəstə qadın. Nə edim, dərdimi kimə deyim. Bəlkə gedib bibimə dəyim, dərdimi ona danışım? Bura köçəndən bir dəfə də olsun ondan xəbərim olmadı. Bibim bir qədər uzaqda yaşayırdı. Mağazadan bibimgilə zəng etdimsə də, telefonu götürən olmadı. Təkrar qonşularına zəng etdim və öyrəndim ki, bibim bir ay bundan qabaq dünyasını dəyişib. Evdən çıxıb harasa getməkdən qorxurdum.

Akif kişi ayda bir dəfə gəlirdi. Fərzi haqqında soruşanda heç bir məlumatım yoxdur deyirdi. Bu necə həyatdır, necə ailədir. Anasına baş çəkməyən qızlar bu həyatda necə yaşayırlar? Necə oğuldur ki, dörd ay ərzində bir dəfə də olsun xəstə anası ilə maraqlanmır? Öz-özümə sual verirdim və məəttəl qalmışdım. Hərdən bu evi tərk etməyi düşünürdüm. Akif kişi gələndə Sevda ananı ona təhvil verib getmək istəyirdim. Amma ata, evim əlimdən alındığından hara gedəcəyəmi bilmirdim. Odur ki, susub gözləyirdim.

Bətnimdəki uşaq böyüdükcə ağırlaşırdım və xəstə qadına qulluq etməkdə çətinlik çəkirdim. Akif kişi növbəti dəfə pul gətirmişdi. Sevda ananı görmədən və halını soruşmadan dönüb getmək istəyirdi. Bu dəfə qarşısında dayanıb ona dedim:

— Akif əmi, mənim xəstəyə gücüm çatmır. Bağışlayın, hamiləyəm, özümü güclə idarə edirəm. Qızların var, gəlsinlər bir müddət yardım etsinlər.

— Bu hamiləlik də haradan çıxdı. Yaxşı deyərəm, gələrlər.

Lakin yenə də heç kim gəlib mənə kömək etmədi. Vəziyyətimi görən xəstə qadının mənə yazığı gəlirdi. Bəzən ürəyi dözməyib deyirdi:

— Nərgiz, istəmirəm ki, mənə görə bu qədər əziyyət çəkəsən. Hazırlaş, bir yer tap, çıx get buralardan.

— Yox, Sevda ana, mən necə Sizi qoyub gedim? Getməyə bir yerim də yoxdur heç. Fərzi də ki, mənimlə əlaqə saxlamır. Bu günə qədər bir dəfə də olsun əlaqə saxlamadı. Tezliklə uşaq doğacağam, nə edəcəyimi bilmirəm. Arada Sizdən icazə alıb həkimə gedəndə sənədlərimi istədilər. Evi ələk-vələk elədim, sənədlərimi tapa bilmədim. Qayıdanda sahə müvəkkilini gördüm, Sənədlərim və vəziyyətimlə bağlı ona məlumat verdim. Mənə ərizə yazdırdı, araşdırıb sənə xəbər edərəm – dedi. Bu gün bir saat bundan qabaq gəlmişdi. Dedi ki, sənə arayış verərəm. Amma sənin Fərzi ilə nikahınız yoxdur. Yeddi ay bundan qabaq sənə bu ünvanda müvəqqəti yaşamaq hüququ verilib. Yəni istədikləri zaman səni bu ünvandan çıxarda bilərlər. Sevda ana, bu nə deməkdir? Yadımdadır, Fərzi sənədlərimi istədi, ona vermişdim. O zaman dedi ki, nagah şəhadətnaməsi almaq və kəbin üçündür. Bəzi kağızları imzaladım. Amma sənədləri qaytardılarmı, – xatırlamıram.

Artıq hamiləliyimin doqquzuncu ayı idi, birdən kəskin sancılarım başladı. Erkən doğuşun gələcəyindən qorxub tez mağazaya getdim və oradan 103 xidmətinə zəng etdim. Təcili yardım maşını gəldi və həkim mənə tez zamanda xəstəxanaya getməyimi söylədi. Bu zaman Akif kişi də gəlib çıxdı. Onda anladım ki, bütün xəbərləri mağaza sahibi dərhal Akif kişiyə çatdırırmış. Akif kişi gələndən sonra Sevda ananı ona təhvil verdim. Məni isə xəstəxanaya götürdülər. Həkim məni (USM) müayinəsi etdi və məlum oldu ki, vəziyyətim heç də yaxşı deyil. Ağır işlərin fəsadlarını yaşayırdım. Sonra mənə dedilər ki, təcili keysəriyyə əməliyyatı yolu ilə, uşaq götürülməlidir, uzatmaq olmaz! Yoxsa uşaq bətninizdə ölə bilər. Başqa bir çarəm yox idi. Məni tez əməliyyata saldılar və əməliyyatın uğurla keçdiyini, bir qızımın dünyaya gəldiyini söylədilər.

Mən xəstəxanada olanda heç kim maraqlanıb yanıma gəlmədi. Kimsəsiz olduğumu bilən xəstələr və həkimlər uşağa nə lazımdırsa, hamısını mənə hədiyyə etdilər. Çünki mənim onları almağa imkanım yox idi. Səkkiz gün sonra məni xəstəxanadan evə yazdılar. Xəstəxanadan bizi götürən bir kimsə yox idi. Odur ki, həkimlər məni təcili yardım maşınında, təntənəli şəkildə evə yola saldılar. O evə getməkdən başqa çarəm qalmamışdı. Yol boyu düşünürdüm ki, yenə də o əzablı günlərim davam edəcək.

Biz evə gələndə Fərzinin bacıları və Akif kişi bizi qarşıladılar. Görünürdü ki, bu gün xəstəxanadan çıxacağımı da bilirdilər. Onlar qapıda gəlməyimi gözləyirdilər. Mən gələn kimi Sevda ananı mənə təhvil verib çıxıb getdilər. Uşağın babası və bibiləri körpəni qucağına belə almadılar, sakitcə çıxıb getdilər. Onda oturub ağladım və düşündüm: – Bunların ürəyi yoxdur? İnsanda bu qədər qəddarlıqmı olar? Yaxşı, mən yadam, bəs bu zavallı ananın günahı nədir?

Əməliyyatdan təzə çıxmışdım, körpə uşaqlı bir ana idim. Təcrübəsiz bir ana kimi uşağımla necə davrandığımı tam olaraq bilmirdim. Həm körpəyə, həm də xəstə anaya baxırdım. Günlər keçir, qızım yavaş-yavaş böyüyürdü. Ona olan məhəbbətim məni dəli olmağa qoymurdu, dözürdüm.

Fərzidən hələ də bir xəbər yox idi. Baldızlarım gəlmirdi, Akif kişi isə ayda bir dəfə gəlirdi. Gətirdiyi pul isə çox az idi. Akif kişiyə pulun çatmadığın deyəndə, mənə acıqlanırdı və bundan artıq yoxdur, bu qədərdir, deyirdi. Qənaət edirdim ki, xəstə qadına vaxtında yemək verim. Uşaq üçün ən vacib şeyləri alırdım. Yeməyimi də azaltmışdım. Südüm bəzən kəskin azalırdı. Kəsiləcəyi halda nə edəcəyimi bilmirdim, qorxurdum. Onda özüm üçün ucuz tərəvəz yeməkləri alırdım, yumurtanı ət əvəzi yeyirdim. Xəstə üçün isə, gündəlik ət yeməyi bişirirdim.

Bir gün Ünvanlı Dövlət Sosial Yardım əməkdaşları vəziyyətimizlə tanış olmaq üçün bizə gəldilər. Öyrəndim ki, onları doğum evinin şöbə müdiri bizə yardım etmək məqsədi ilə göndəribmiş. (Həm də öyrəndim ki, qayınatamın gətirdiyi pul xəstənin pensiyası və xidmətində durduğum üçün məvacib imiş.) Onlar mənim halımı görəndə çox təəccüb etdilər. Vəziyyəti onlara başa salandan sonra bir qadın dedi ki, uşağa görə sosial yardım təyin edəcəklər və gələn aydan əlavə məvacib alarsan. O yardımı almaq üçün mənə kart verəcəklər, yardımı özün bankomatdan götürəcəksən, dedilər. Bir qədər sevindim və onlara minnətdarlığımı bildirdim. Gələn qadınlardan biri dedi ki, arada özüm gələrəm Sizə baş çəkərəm. O zaman anladım ki, həyatda yaxşı insanlar da varmış.

Anam deyir ki, sən tez yeriməyə başladın. Bir otaqdan digərinə gedəndə dalımca iməkləyərək gəlirdin. Bir iş görəndə isə sən də gördüyüm işdən yapışmağa çalışırdın. Sərbəst oturandan sonra artıq ayaq üstə durmağa cəhd edirdin. Odur ki, doqquz aya çatmamış yeriməyə başladın. Yeriyəndən dərhal sonra, sözləri təkrarlayırdın. Bir yaşında isə, əməlli başlı danışırdın. Nənən isə səninlə saatlarla danışmaqdan yorulmurdu.

İki yaşın olanda, sənin üçün doğum günü keçirtdik. O günü yaxşı xatırlayıram. Bir tort bişirmişdim, üzərində “2 yaşın mübarək!” yazmışdım. Balaca bir masanı nənənin otağında bəzəmişdim. Masa nənənin yanında qoyulmuşdum ki, nənən də doğum günündə iştirak eləsin. Əvvəllər heç vaxt yemədiyim dadlı şirniyyatlar almışdım, süfrə bəzəmişdim. Onda çox sevinmişdin.

Səni doğum günümdən sonra bağçaya vermək istəyirdik. Nənən mənə dedi ki, bağça uzaqda deyil. Orada çoxlu uşaqlar var, Nəcibənin fikri qalar. Bağçada yaxşı yemək verirlər, həm də pula da qənaət etmiş olarıq. O pula da qızın üçün geyim, kitab-dəftər alarsan. Mən tərəddüd etmədən razılaşdım. İki gündən sonra babam gəldi. Mən ona səni bağçaya vermək istədiyimi söylədim. Babam isə mənə acıqlandı və dedi:

— Bağçanın adını bir daha çəkmə. Bütün günü evdəsən. Onda sən ayağımı qucaqlayıb ağladın. Babam isə sənə baxıb dedi: – kəs səsini, zırıldama. Sonra dönüb getdi. O gedəndən sonra nənən də məyus olmuşdu.

Sənin üç yaşın olanda Sevda nənə rəhmətə getdi. O zaman sən yas mərasimində görünməyəsən deyə, bibin Solmaz səni evinə aparmışdı. Akif kişi isə məni hər gün təhdid edib dedi:

— Sevdanın yeddisi çıxandan sonra, qızınla bərabər evi tərk edərsiniz.

— Necə tərk edərik? Fərzi gəlmədən heç yerə gedən deyiləm. Gedəcəyim bir yerim də yoxdur. Bəs Fərzi haçan gələcək, nə deyəcək?

— Bu Fərzinin öz istəyidir. Zəng etmişdi, dedi ki, Nərgiz evi tərk eləsin.

Səhərisi gün Akif kişi Nəcibəni gətirib mənə verdi. Al qızını, iki günə evi tərk edin. İki gündən sonra gəlib bizi evdən çıxartdı və dedi:

— Gedin, bir daha qayıtmayn.

— Hara gedəcəyəm? Ərim var, gəlsin mənə, uşağına yiyə dursun.

— Yoxdur ərin! Nə nikahınız, nə də ki, kəbininiz var. Çıxın gedin.

Akif kişinin hərəkətləri məni stressə salmışdı. Düşünürdüm ki, Fərzi anasının dəfninə gələcək. Amma gəlmədi, heç telefonda da mənimlə danışmadı.

Artıq əmin idim ki, mənə bu evdə qalmağa icazə verməzlər. Qızımla hara gedəcəyimizi də bilmirdim. Gündəlik geydiyim pal-paltardan başqa geyimlərim yox idi. Hamısını, uşağın paltarları ilə birlikdə bir çamadana yığıb avtobusla şəhərə getdik. Çamadanı özümlə daşımayım deyə, bir dükançıdan xahiş etdim və çamadanı yanında qoydum. Sonra sənin əlindən tutub qapı-qapı gəzdik. Nəhayət qalmağa bir otaq kirayəlik yer tapdım. Yaxşı ki, xeyirxah insanlara rast gəldim. Kömək etdilər, yaxındakı bağçada qızımı qeydiyyata saldılar. Böyük çətinliklə, yalvar-yaxardan sonra məktəblərin birində özüm də xadimə kimi işə düzəldim, çalışmağa başladım. Beləliklə hər səhər qızımı əvvəl bağçaya aparır, sonra isə məktəbə, işə gedirdim.

İşdən sonra da səni bağçadan götürüb, evə gayıdırdıq. Televizora baxmağa həvəsli deyildin. Mənə birinci sinfin kitablarını al, – deyirdin. Bir də deyirdin ki, bağçadakı uşaqlar hərfləri hələ indi öyrənirlər, mən isə oxumağı, yazmağı bilirəm. Sənə üç yaşına qədər oxumağı, yazmağı öyrətmişdim. Odur ki, tez-tez təkrarlayırdın: – “Oxuyub müəllim olacağam”. Sən böyüdükcə çalışqan bir qız oldun. Ev işlərində mənə kömək edirdin, dərslərini oxumaqdan yorulmurdun. Sənin heç vaxt nə kompüterin, nə də ki, mobil telefonun olmuşdu.

Mənim xatirələrim. Maddi durumumuzun zəif olduğunu bilirdim, odur ki, mümkün qədər çalışırdım. Bilirdim ki, zəif oxusam, universitetə daxil ola bilmərəm və yaxud ödənişliyə düşsəm, imkanımız çatmaz. İmtahanqabağı demək olar ki, əlimdən kitabı yerə qoymurdum. Anam deyirdi: – Qızım, heç olmasa yemək yeyəndə kitabı yerə qoy. Anamın işlədiyi məktəb müəllimləri, mənə təmənnasız kömək etmək istəsələr də, qəbul etmirdim. Çünki imtahanları uğurla verəcəyimə əmin idim.

Universitetə daxil olduğumu öyrənəndə sevincimin həddi-hüdudu yox idi. Hətta anamın iş yoldaşları hədiyyə və şirniyyatlarla məni təbrik etmək üçün bizə gəlmişdilər. O gün həyatımı dəyişəcək xüsusi bir gün kimi gündəliyimə qeyd etdim.

Universitetə daxil olandan sonra anam mənim üçün kreditə bir telefon aldı. Anamın isə telefonu yox idi. Mənimlə əlaqə saxlamaq üçün müəllimlərin telefonundan istifadə edirdi. Sonra müəllimlərdən biri, evlərində təmizlik işi görməsi müqabilində anama işlənmiş bir telefon hədiyyə etdi. Onda istədiyimiz vaxt zəngləşə bilirdik.

Anamın iş yerində hər kəsin vəziyyətimizdən xəbəri vardı. Anam qazanmadığı yardımı qəbul etmirdi. Müəllimlər də bizə yardımı özünəməxsus şəkildə edirdilər. İstirahət günləri müəllimlər növbə ilə anamı ev təmizləmə işlərinə cəlb edirdilər. Mən də anamla ona kömək etməyə gedirdim. Beləliklə anam əlavə qazanc əldə edirdi.

Mən əlaçı idim, təqaüd alırdım. Təqaüdüm davamlı olsun deyə çalışmağa davam edirdim. Artıq 2-ci kursu bitirmək üzrəyəm, imtahan ərəfəsi olduğu üçün vaxtımı boşa vermirdim.

Günlərin bir günü iki qadın bizə gəldilər. Evdə tək idim, anam hələ işdən qayıtmamışdı. Bağlı qapının arxasından soruşdum:

— Kimsiniz, Sizə nə lazımdır?

— Ananızı görmək istəyirik, onunla söhbətimiz var. Biz baban Akifin qohumlarıyıq.

Bu qadınlar Akif babanın qohumları deyəndə elə bildim ki, başıma qaynar su tökdülər. Məni tər basdı, halsız oldum. Qadınlardan biri:

— Qızım sənə nə oldu?

Özümü ələ alıb:

— Bir şey olmadı, yaxşıyam.

— Qızım, Nərgiz haçan gələcək?

— Anam saat dörddən sonra gələcək. Gedə bilərsiniz. İstəsəniz onda gələrsiniz.

Anam gələndən sonra qadınlar barədə ona xəbər verdim. Anam da pis oldu.  Bir saatdan sonra qadınlar qayıtdılar. Anam onları evə dəvət etdi və dedi:

— Buyurun, eşidirəm, Sizə nə lazımdır?

— Bir xeyir iş üçün gəlmişik.

— Nədir, o xeyir iş?

— Qızınız Nəcibəyə görə gəlmişik. Fərzinin əmisi nəvəsi Nazim onunla evlənib ailə qurmaq istəyir. Nazim Nəcibənin atası ilə Rusiyada bir yerdə çalışırlar. Evlənib Rusiyaya gedəcəklər, sənin də yükün azalar, həm də atası yanında olacaq.

Anam bu qadınları dinləyib, əsəbi halda dedi:

— Qızım ailə qurmağa hələ hazır deyil. Oxuyur, universiteti bitirmək fikri var. Hələ oxusun, universiteti bitirsin, ondan sonra qərarı özü verəcək.

— Oxusun, əlbəttə, amma istəyirik ki, nişanlayaq, bilək ki, qız bizimdir.

— Mən nə sizi tanıyıram, nə də ki, Fərzi adında ərim olub. Onun qohumlarını heç tanımıram. Bəlkə dediyim doğru deyil?

— Əlbəttə Siz onu tanımırsınız. O, Rusiyada doğulub və orada yaşayır.

— Yox, dedim. Razılığa gələ bilməyəcəyik. Qərarım qətidir! Mən və qızım bildiririk ki, razı deyilik. Gedin, bu məsələ qapanmışdır. Az çəkmişdik o ailədən, indi də Fərzinin qohumu qapıma elçi göndərir. Qızımın da həyatını korlamaq istəyirlər.

Onda mən dözməyib anama dəstək oldum.

— Siz mənə görə gəlmisiniz. Mən isə Sizə qəti qərarımı deyirəm. Razı deyiləm, anamdan ayrılmaq fikrim də yoxdur. Həyatını cəhənnəm edən, heç vaxt görmədiyim atamı da görmək və yanında olmaq istəmirəm. Gedin bir daha qayıtmayın, anamı əsəbiləşdirməyin.

Anam oturub həyəcandan əsirdi. Mən bu qadınları yola saldım və qapıda onlara dedim: – Gedin, əl çəkin anamdan.

Onlar gedəndən sonra anam ağladı. Onu qucaqlayıb birtəhər sakitləşdirdim: – Ana narahat olma, tək qalmayacaqsan. Hər zaman yanında olacağam.

İmtahan ərəfəsində əsəb gərginliyi yaşasam da, imtahanları uğurla verdim. Tətilə buraxdılar. Anamla oturub yemək yeyirdik və söhbət edib istirahət etmək  üçün plan cızırdıq. Birdən qapı döyüldü. Mən durub qapını açdım. Bir cavan oğlan idi. Ondan soruşdum:

— Sizə kim lazımdır?

— Fərzi əmimin yoldaşı Nərgiz! Evdədirmi?

— Elə bu zaman anam da yaxınlaşdı. Nərgiz mənəm! Siz kimsiniz?

— Fərzi atamın əmisi oğludur.

— Mən Sizi tanımıram. Sizə nə lazımdır?

— Nəcibəyə görə gəlmişəm. Xalalarımı göndərmişdim, onlara qəti “yox” cavabı vermisiniz. Bilmək istəyirəm nədən?

— Yaxşı, o zaman içəri keçin, Sizə izah edim. Uşaq deyilsiniz, yəqin başa düşərsiniz.

Nazim içəri keçdi. Mən də ananın yanında oturdum. Anam başına gələnləri Nazimə danışdı. Bütün olayları dinləyəndən sonra Nazimin dili tutuldu. Artıq əvvəlki tək iti dili yox idi. Bir qədər fasilə yarandı. Sonra Nazim sakit səslə dedi:

— Oqtay əmi bibinizin əri imiş. Eşitdiyimə görə bibiniz xərçəng xəstəliyindən dünyasını dəyişib. Valideynləriniz isə avtomobil qəzasında həlak olublar.

— Elədir. Artıq hər şeyi bilirsiniz. Onu da anladınız ki, qızım, məni tərk edib, heç vaxt çörəyini yemədiyi qəddar atasını görmək istəmir. Heç yerə gedən deyil, mən də getməsini istəmirəm. Artıq bizdən əl çəkin. Gəncsiniz, münasib bir qız tapıb evlənin. Allah Sizi xoşbəxt eləsin deyib Nazimi yola saldı.

Biz hər şeyin bitdiyini düşünürdük, arxayın idik ki, bu oğlan çıxıb gedəcək. Mən də rahat universiteti bitirəcəyəm. İşə düzəlib işləyərəm. Ondan sonra ailə qurmaq barədə düşünərəm.

Yeni dərs ili başlandı. Səhər durub həmişəki kimi dərsə getdim. Dərsdən çıxıb evə qayıdanda tək deyildim, tələbə yoldaşlarım yanımda idilər. Yolun kənarı ilə avtobus dayanacağına gedirdik. Birdən yanımızda bir maşın dayandı. Sükan arxasında bizə gələn Nazimi gördüm. O maşından düşüb mənə maşına otur, səni evə aparım, – dedi. Tələbə yoldaşlarım yanımda idilər deyə çox da narahat deyildim, odur ki, dedim:

— Siz gedin, mənim qızlarla işim var, gələ bilmərəm.

— Otur maşına, sənə deyirəm. Mənə yox deməyə cürət eləmə. Yoxsa səni peşman edəcəyəm. Get, bir daha, axırıncı dəfə düşün.

Mənə hədə-qorxu gəldi. Nazimin bu hərəkəti məni çox qorxutmuşdu. Evə getdim, qapıları bağladım. Anam gələnə qədər evdən çölə çıxmadım. Anam gəlib qapını döyəndə qorxa-qorxa kimdir, soruşdum. Anamın olduğunu bilib qapını açdım və anama sarılıb ağladım.

— Qızım, niyə ağlayırsan? Nə olub?

Nəhayət özümə gəlib dedim:

— Anacan o qayıdıb, bu gün məni təhdid etdi.

— Kim qayıdıb qızım?

— Nazim, bizə gələn oğlanı deyirəm.

Olanları anama danışdım.

— Özünü ələ al, güclü ol, qorxma. Bir də sənə yaxınlaşsa, kobud bir söz desə və ya təhdid etsə polisə müraciət edərik.

— Növbəti gün universiteti yenə də tələbə yoldaşlarımla tərk etdik. Avtobus dayanacağına yaxınlaşanda Nazim qarşıma çıxdı: – Gəl mənimlə, maşına otur!

Bu dəfə qolumdan yapışıb güclə maşına oturtmaq istədi. Amma tələbə yoldaşlarım müdaxilə etdilər. Hay-küy saldılar. Onda Nazim qolumu buraxıb, maşına oturdu və uzaqlaşdı. Yenə də eyni şoku yaşadım. Anam gələndən sonra nə baş verdiyini ona danışdım. Anam dedi:

— Qızım, dur gedək polis idarəsinə, şikayət ərizəsi yazarıq.

Polisə getdik. Orada polis rəisinin adına şikayət ərizəsi yazdıq. Başıma gələnləri yaşadığım ünvanın sahə müvəkkilinə danışdım və bu məsələyə ciddi yanaşmasını xahiş etdik. Sahə müvəkkili bizi dinləyib, tədbir görəcəyini dedi. Lakin vəziyyət dəyişmədi. Nazim hər gün mənim qarşımı kəsirdi, tələbə yoldaşlarımın sayəsində ondan qurtulurdum. Bu məsələdən artıq universitet müəllimlərim də məlumatlı idilər. Hətta dekanımız polisə məktub göndərmişdi. Xeyri olmadı. Cavab məktubunda yazılmışdı: “Araşdırıldı, cinayət tərkibi aşkarlanmadı”. Onda bədənim yaman üşüdü. Qorxu hisslərim daha da artdı.

Son zamanlar əvvəlki tək dərslərimə hazırlaşa bilmirdim. Psixi durumum da yaxşı deyildi. Hiss edirdim ki, dərslərə hazırlaşa bilmirəm. Qiymətlərim zəifləmişdi. Nazim isə hər gün məni qarşılayırdı, lakin mənə əvvəlki tək yaxın durmurdu, məsafədən müşahidə edirdi. Bir neçə gündən sonra sahə müvəkkili bizə gəldi: –Xəbərdarlıq etmişik, bundan sonra sizi narahat etməyəcək, – deyib getdi.

Qorxurdum ki, fürsət tapıb məni qaçıracaqlar. Hətta iki gün öncə həyət qapımızın lap yaxınlığında iki nəfər maşından düşüb məni qaçırtmağa cəhd etdilər. Onları tanımırdım. Nömrəsiz bir maşın idi. Qonşu olmasaydı, bəlkə də məni qaçırardılar. Ondan sonra qonşu dedi ki, yenə polisə ərizə ilə müraciət edək. Lazım olsa, şahidlik edərəm. Çünki gözümlə gördüm. Lakin ərizə yazsaq da, sahə müvəkkili gəlib maraqlanmadı. Yenidən şöbəyə getdik, dedilər ki, araşdırılır, Sizə məlumat veriləcək. Gedin, zəngimizi gözləyin, çağıranda gələrsiniz. Hələ ki, ortada bir hadisə yoxdur – dedi. Başqa çarəmiz qalmamışdı, gözlədik. Bir həftə gözlədik, heç nə dəyişmədi. Getdikcə zəifləyir, stressə düşürdüm, vəziyyətim ağırlaşırdı.

Artıq evdən çıxmağa və tək qalmağa qorxurdum. Oturub düşündük və qərara gəldik ki, hər gün anamla universitetə gedib-gələk. Ona görə də mən dərsdən sonra universitet binasını tərk etmirdim. Anam gələndən sonra mənə zəng edirdi və mən çıxırdım. Başqa çarəmiz yox idi. Polis də bu işə baxmırdı, deyirdi ki, ortada cinayət faktı yoxdur.

Beləliklə bu məsələ bir ay uzandı. Son günlər Nazimi görmürdük, hətta düşünürdük ki, bəlkə Rusiyaya qayıdıb. Əmin deyildik, hələ də anamla universitetə gedib-gəlirdim. Bu müddət ərzində dərslərimi qaydaya saldım, artıq əvvəlki tək narahatlıq hiss etmirdim. Məndə arxayınçılıq yaranmışdı. Bir gün anama dedim ki, əziyyət çəkirsən, daha məni müşaiyət etmə. Anam əvvəl tərəddüd etsə də, sonra razılaşdı. Təklifimlə razılaşanda, necə həyəcan keçirdiyini gördüm.

Daha bir müddət keçdikdən sonra öyrəndik ki, Nazim Rusiyaya qayıdıb və təhlükənin sovuşduğunu düşündük. Axşam idi. Şam yeməyinə hazırlaşırdıq ki, qapımız döyüldü. Artıq həyətə tək düşməyə belə qorxurduq. Odur ki, birlikdə həyətə düşdük. Qapıya yaxınlaşıb anam soruşdu:

— Kimdir?

— Mənəm Akif. Fərzinin atası.

— Sizə nə lazımdır? Sizinlə danışmaq istəmirik. Əl çəkin bizdən.

— O zaman elə burada məni dinləyin. Oğlum Fərzi zəng etmişdi. Dedi ki, Nərgizə de hazırlaşsınlar, gəlib onları yanıma aparacağam. Pul da göndərib. Xarici pasport almaq üçün.

— Fərzi kimdir, tanımıram. Heç yerə gedən də deyilik. Biz Sizin qardaşınızın nəvəsi Nazimin əlindən 3 aya yaxındır stress vəziyyətində yaşayırıq. İndi də Siz gəlib bizi cəhənnəmin dibinə sürükləmək istəyirsiniz? Gedin o qəddar oğlunuza deyin ki, bizdən əl çəksinlər! Taleyimizlə oynamasınlar. Kimsəsizik deyə bizi əzmək istəyirsiniz. Sizin mərhəmətiniz yoxdurmu? Gedin, gedin bir daha qayıtmayın, bizi rahat buraxın. Əsəbi halda evə keçib qapını bağladıq. O gecə anamla ölçüb-biçdik, dərs ilinin bitməsini gözləmədən akademik məzuniyyət götürmək qərarına gəldik. Sonra da ərizə ilə müraciət edib başqa bir universitetdə təhsilimi davam etdirməyi düşündüm.

Qərarımızdan dərhal sonra mən məzuniyyət götürdüm. Anam isə işindən çıxdı.

Nərgizin dedikləri. Nəcibə dərs ilinin ortasında akademik məzuniyyət götürdü. Mən də hesabatımı alıb işdən çıxmışdım. Qısa zamanda rayonu tərk etmək üçün hazırlıq görürdük. Mən yemək bişirirdim, Nəcibə isə həyətdə idi. Birdən qısa qışqırıq səsi eşitdim. Tez həyətə cumdum. Bu zaman qapımızdan bir maşının sürətlə uzaqlaşdığını gördüm. Nəcibəni görmədim, çox həyacanlandım. Polisə, 102 xidmətinə zəng etdim və qızımın qaçırıldığını dedim. Onlar məndən qızınızın neçə yaşı var? – soruşdular. İyirmi yaş deyəndə mənə dedilər ki, qızınız böyükdür, həddi buluğa çatmış qızdır. Bəlkə könüllü gedib. Odur ki, bir-iki gün gözləyək, xəbər çıxmazsa, axtarışa verərik. Onların cavabı məni lap dəli etmişdi. Nə edəcəyimi bilmirdim. Qonşu halımı görəndən sonra mənə rayon prokurorluğuna müraciət etməyi məsləhət gördü, özü də mənimlə gəldi. Orada da eyni cavabı aldım.

Oradan dərhal polisə getdim və kimdən şübhələndiyimi söylədim. Növbətçi polis mayoru dedi: – Araşdırılacaq, narahat olmayın. Onda özümü saxlaya bilmədim və hönkür-hönkür ağladım. Birtəhər özümü ələ alıb mayora dedim:

— Siz necə qəddar, hissiyyatsız adamsınız. Mənim qızımın yerində Sizin qızınız olsaydı nə edərdinizsə, onu Sizdən etməyi tələb edirəm.

— Nərgiz xanım! Qızınız böyükdür, müstəqil qərar vermək haqqı var. Bəlkə qızınızla mübahisəniz olub, ona görə qaçıb gedib.

— Siz nə danışırsınız? Mən dörd ay ərzində üç dəfə sizə müraciət etmişəm. Qızımın oxuduğu universitetdən də sizə müraciət olunub.

O hissiyyatsız mayoru dinləyəndən sonra Polis idarəsini ağlaya-ağlaya tərk etdim. Universitetə gedib qızımın bütün tələbə yoldaşlarını dindirdim. Görən olmadı. Artıq iki gün keçirdi. Yenidən polisə getdim. “Axtarışa verməyə hazırlaşırıq. Daha iki gün gözləyək, əgər xəbər çıxmazsa axtarışa verərik” – dedilər.

Artıq üç gecə idi ki, yatmırdım. Çox yorğun olduğum üçün, səhər məni yuxu aparmışdı. Birdən qapının bərkdən döyüldüyünü eşitdim. Elə bilirdim ki, yuxudur, durmaq istəmirdim. Sonra telefonum dayanmadan zəng çaldı. Birtəhər ayılandan sonra telefonu açdım və eşitdim:

— Siz haradasınız? Niyə telefonu açmırsınız?

— Evdəyəm.

— Qapını açın polisdir!

— Tez durub qapını açdım.

— Gedirik, qızınızı tapmışıq.

Polis serjantı qolumdan yapışıb məni maşına oturtdu. Xəstəxanaya tibbi ekspertiza binasına gətirdi.

— Bura niyə gəlmişik? – Soruşdum. Polis heç nə demədi, qolumdan yapışıb məni maşından endirdi. Binaya girəndə ayaqlarım əsirdi, özümü güclə idarə edirdim. Məni həkimin otağına saldılar, su verdilər. Mənim qızım hanı, göstərin onu mənə. Bu zaman həkim tibb bacısını çağırıb mənə bir iynə vurdular. Ondan sonra, məni bir otağa apardılar. Mən otağa daxil olanda qızım masada uzanmışdı. Elə bilirdim yuxudadır, yatır. Yaxınlaşdım, saçlarına, üzünə sığal verib dedim:

— Oyan, qızım. Oyan, dur evə gedək. Yolunu gözləməkdən çox yoruldum qızım.

Yenidən qızıma toxunanda onun soyuq bədəni məni üşütdü və mən titrəməyə başladım. Birdən anladım ki, bu masada Nəcibənin cansız bədənini uzadıblar. Ürəyimdən bir alov qopdu və huşumu itirdim.

Mən ayılanda xəstəxananın palatasında idim. Ayılan kimi:

— Həkim, mənim qızım hanı? – Soruşdum.

— Evdə yolunu gözləyir.

— O zaman mən tez evə getməliyəm. Yoxsa onu qaçırdarlar.

— Narahat olmayın, yanında polislər var.

Məni təcili yardım maşınında evə apardılar. Maşından düşəndə həyətdə polislər və qonşular toplamışdılar. Yaxınlaşanda qızımın cənazəsini gördüm. Artıq ağlaya bilmirdim. Göz yaşlarım da qurumuşdu. Bu zaman qeyri-ixtiyari polislərə:

— Rədd olun, qızımı siz öldürdünüz, çıxın bu həyətdən, qatillər.

Bu zaman bir polisin yaxasından yapışıb soruşdum:

— Qızımı necə öldürdünüz?

— Bacı, biz öldürmədik! Qızınız özünü körpüdən ataraq, intihar etmişdir.

— Xeyr! Yalan danışırsınız. Nəcibə məni tək qoyub intihar edən qız deyildi.

Universitetin 3-ci kurs tələbəsi, əlaçı, təqaüdçü və çox bacaracaqlı bir qızın intihar etməsi, səs-küyə səbəb olmadı. – Niyə? Nəcibənin vaxtsız, faciəvi ölümü bütün tələbə yoldaşlarını və müəllimlərini üzmüşdü. Lakin onun ölüm səbəbi araşdırılmadı. Nəcibə öldü, onunla bərabər anası Nərgiz də özünü ölmüş hesab etdi… “Bircə ruhum məni tər etsəydi” – tez-tez təkrarlayır…

Nərgiz deyir ki, Nəcibənin ölümünün qarşısını ala bilərdilər, lakin bunu etməyənlərin hamısı qızımın qatilləridir. Mən əminəm ki, qızım məni tək qoyub heç vaxt intihar etməzdi…

Nüəllif: Şəfahət Şəfi Həsənov