17 мая 2024

HƏKİM VƏ RUH

(Real — mistik hekayə)

Həkim bir ağır xərçəng xəstəsinin evində növbədə durmuşdu. Xəstənin qohum-əqrəbaları başına yığışıb onun öləcəyi anını gözləyirdilər. Lakin xəstə bu gün də ölmədi və əqrəbaları qaranlıq düşən kimi evlərinə dağılışdılar. Xəstə ilə yalnız doğmaları və həkim qalmışdı. O gecə qorxunc bir hadisə baş verdi. Hadisə baş verən zaman xəstə və yaxınları çoxdan yatmışdılar. Amma həkim hələ də fənərin işığında oturub kitab oxuyurdu.

Artıq yorğunluq hiss edən həkim, bir qədər istirahət etmək qərarına gəldi. Çünki gündüz saatları həkim üçün çox gərgin keçmişdi. Bir neçə dəfə xəstənin halı dəyişmişdi, həkim yardım etmişdi. Bu dəfə xəstənin ürəyi dayandığı halda daha yardım edilməyəcək qərarı verilmişdi. Gündüz, günün ikinci yarısında xəstənin ürəyi yenə də dayanmışdı. Həkim bir qədər gözlədikdən sonra xəstənin ölüm faktını təsdiqləyib gedəcəkdi. Amma bu zaman xəstənin balaca nəvəsi həkimin ayağını qucaqlayıb yalvarmağa başladı:

— Həkim, qurban olum, babama yardım et. O mənə nəsə demək istəyirdi, amma sözü yarımçıq qaldı. Kömək et, həkim, qoyma babam ölsün!

Uşağın göz yaşlarına həkimin ürəyi dözmədi, qohumlar da yardıma icazə verdilər. Həkim müdaxiləsindən sonra xəstə nəfəs almağa başladı. Xəstə ölümdən qayıtdığını anlayırdı, ona görə də həkimə təşəkkür etdi. Hələ ilk gündən həkimə demişdi:

— Bilirəm, hər an ölə bilərəm. Amma öldüyümü görsəniz dərhal bacardığınızı edərsiniz ki, övladlarımı bir dəqiqə olsa belə yenidən görə bilim. Çünki uzun illər xaricdə olmuşam, övladlarımı doyunca görə bilməmişəm. Əgər birdən qayıtmasam narahat olmayasınız. Sizdən bu başdan zəhmətinizin halallığını istəyirəm, – demişdi xəstə. Həkim də halallığını vermişdi.

Bu ev ikimərtəbəli yekə bir ev idi, uzunluğu təqribən 20 metrə çatardı. Evin ikinci mərtəbəsindəki eyvanın uzunluğu isə hardasa 15 metr olardı. Xəstə evin 2-ci mərtəbəsində yerləşdirilmişdi. Aşağı mərtəbədə övladları, kürəkəni və iki körpə nəvəsi yatırdı. Yuxarıdakı otaqların birində xəstə və onun həyat yoldaşı, eyvanda isə xəstənin qardaşı kresloda yarımoturaq vəziyyətdə yatmışdı. Həkim üçün eyvanın çölə açılan qapısının əks başında dincəlmək üçün divan qoyulmuşdu.

Artıq gecə saat 2 olardı. Həkim fənəri söndürüb divana yaxınlaşdı. Uzanmaq istəyirdi ki, birdən minlərlə arının başı ətrafında, saat əqrəbinin əks istiqamətində dövrə vurmağa başladı. Bu zaman həkim ayaqlarının yerdən üzüldüyünü hiss etdi. Elə bu an iki ruh həkimin sağ və sol tərəfinə keçib qollarından yapışdılar. Aydın seçilirdi ki, biri qadın, digəri isə kişi idi. Həkim hərəkət etməyə çalışsa da tərpənə bilmirdi. Ruhlar həkimi çöl qapısına doğru aparmağa başladılar.

Bunu görən həkim qışqıraraq xəstənin qardaşını köməyə çağırmağa başladı, lakin o həkimi eşitmirdi. Çölə açılan qapıya 2-3 addım qalmışdı ki, birdən həkim xəstənin qışqırıq səsini eşitdi:

— Buraxın, buraxın, söz verirəm, gələcəyəm, həkimi buraxın, aparmayın! – deyib hər kəsi oyatdı.

Bu zaman ruhlar həkimi buraxdılar və həkim taxta döşəmənin üzərinə yıxıldı. Onu aparanlar isə qapını açmadan gözdən itdilər. Xəstənin qardaşı da hövüldən qışqırmağa başladı. Nə baş verdiyini anlamırdı, amma o da çox qorxmuşdu. Həkim anladı ki, xəstənin qardaşı da onu eşitməyib. Xəstənin həyat yoldaşının qorxudan ürəyi getmişdi. Evin birinci mərtəbəsindən kürəkəni qaça-qaca yuxarı qalxdı, – xəstənin öldüyünü zənn etmişdi. Bu zaman yalnız bir kerosin lampa xəstənin otağında odu alınmış vəziyyətdə yanırdı. Ətrafın qaranlıq olması isə qorxu hisslərini daha da gücləndirmişdi. Elektrik olmadığı üçün işıqlar yanmırdı. Bu hadisə 2003-cü ildə baş vermişdi. O zamanlar elektrik enerjisi böyük fasilələrlə verilirdi.

Bir qədər keçəndən sonra sakitlik yarandı. Xəstənin həyat yoldaşı özünə gəldi. O da həkimin səsini eşitməmişdi, amma əri qışqıranda oyandığını, ruhları bir anlığa gördüyünü və ona görə qorxudan özündən getdiyini deyirdi. Aydın oldu ki, həkimin qışqırıq səsini yalnız xəstə eşidibmiş.

Xəstə dayanmadan deyinirdi. “Qoymurlar bir-iki gün də yaşayım, uşaqlarımın yanında olum, onları görüm”.

— Nə olub, nə baş verir? – həyat yoldaşı xəstədən soruşdu.

— Anam atamla gəlib həkimimi aparırdılar. İstəmirdilər ki, həkim mənə yardım etsin. Bundan qabaq da üç dəfə həkim yardım etmişdi qayıtmışdım. Onda da onlar dalımca gəlmişdilər, başımın üstündə dayanıb gözləyirdilər. Bu dəfə dalımca deyil, həkimi aparmağa gəlmişdilər. Söz verdim onlara, səhər gələcəyəm dedim. Onda həkimi buraxdılar.

Səhər açıldı. Hər kəs xəstənin öləcəyini gözləyirdi ki, birdən xəstə sağlam adam kimi yatağından dik durdu. Sanki xəstə deyilmiş kimi, heç kəsə əhəmiyyət vermədən əynindəki yeganə yüngül xalatı çıxardıb hamam otağına daxil oldu. O, soyuq duş qəbul edib yorğan-döşəyinə qayıtdı. Bir dəqiqə keçməmişdi ki, qəribə bir səs eşidildi. Həkim yaxınlaşıb xəstənin ölüb-ölmədiyini yoxladı. O, artıq rəhmətə getmişdi. Bu hadisədən sonra həkim eyvandakı güzgünün yanından keçəndə saçının ağardığını gördü. İnanmadı, geriyə addım atıb güzgüdə saçına yenidən baxanda arxa fonda iki ruhun uzaqlaşdığını bir daha gördü…

Müəllif: Şəfahət Şəfi Həsənov