17 мая 2024

SABİRİN SƏHVİ

Uşaqlar üçün hekayə

Altı yaşlı Sabir ata-anası ilə birlikdə nənəsiylə yaşayırdı. Evin tək övladı olduğu üçün valideynlərin və nənənin hər zaman diqqət mərkəzində olurdu. Sabirin atası Qasım Xəzər dənizində gəmidə mexanik işləyirdi. Buna görə bir ay dənizdə, bir ay evdə olurdu.

Atası hər dəfə ayın sonunda evə gələndə oğlu Sabirə “Leqo” alırdı. O, lego ilə əşyalar qurmağı çox sevirdi. Oxumağı, yazmağı bacaran ağıllı bir uşaq idi. Dörd yaşından etibarən atasının köməyi olmadan robotları yığa bilirdi. Bağçada hamı Sabiri istedadlı və sakit uşaq kimi tanıyırdı. Beləliklə, o hər zaman diqqət mərkəzində olduğu üçün hamının rəğbətini qazanmağı bacarmışdı.

Sabirin altı yaşı olanda birinci sinfə getdi. Amma sinifdə onun kimi istedadlı uşaqlar çox idi. Çünki onun getdiyi sinif istedadlı uşaqlardan ibarət qrup idi. O artıq bağçadakı kimi diqqət mərkəzində deyildi. Hamının diqqətini özünə cəlb etmək üçün nadinclik etməyə başladı. Tez-tez sinifdə uşaqları incidir, müəllimin onu nizam-intizama dəvət etməsinə əhəmiyyət vermirdi. Onun pis davranışı müəllimi çox narahat edirdi. Odur ki, tezliklə Sabirin valideynləri ilə görüşmək qərarına gəldi.

Aygün müəllimin xüsusi istedadlı uşaqlarla çalışmaq təcrübəsi çox böyük idi. Bilirdi ki, belə uşaqlara həssas yanaşmaq lazımdır. Dərsə hazır olan uşağın qeyri-adi davranmasının ciddi bir səbəbi olmalı idi. O, uşağın hüquqlarını pozmadan məsələni həll etmək istəyirdi.

Aygün müəllim uşaq psixologiyasını yaxşı bilirdi və bu səbəbdən uşaqlara heç vaxt fiziki güc tətbiq etməzdi. Bilirdi ki, əgər uşaq dərs prosesinə mane olursa onunla fərdi söhbət etmək daha yaxşı nəticə verəcək. Nəticə yoxdursa, prosesə valideynləri də cəlb etmək lazımdır. Onda valideynlərlə görüşüb uşağın doğru yola yönəltməyin yollarını birgə axtarardılar. O bunu ona görə edirdi ki, valideynin nüfuzu uşaq qarşısında zəifləməsin.

Vaxt itirmədən elə həmin gün Aygün müəllim Sabirin anası ilə görüşdü. Sabirin davranışı ilə bağlı ona ətraflı məlumat verdi və onunla ciddi söhbət etməyi tapşırdı. Sabirin anası Aygün müəllimin oğlunun davranışından şikayət edəcəyini gözləmirdi. Şikayətləri eşidəndə çox təəccübləndi. Bu barədə ona yad birisi məlumat versəydi, inanmazdı. Odur ki, dedi:

— Yaxşı, Aygün müəllim! Mən dərhal Sabirlə bu məsələ ilə bağlı danışaram.

— Danışın, amma uşağınızla nəzakətli olun. Oğlunuz hər zaman öyrənməyə hazır olan istedadlı uşaqdır. Əgər o, nizam-intizamı pozmasa, daha böyük uğurlar qazana bilər.

Sabirin anası Aygün müəllimə təşəkkür edib onu qapıya qədər ötürdü. Müəllim gedəndən dərhal sonra Sabir anasına yaxınlaşıb soruşdu:

— Ana, Aygün müəllim bizə niyə gəlmişdi?

— Səninlə bağlı söhbət etdik!

— Ana, müəllim məndən şikayət etdi?

— Yox, əzizim! Sənin ağıllı və bacarıqlı bir şagird olduğunu söylədi. Dedi ki, əgər Sabir çalışsa, sinif birincisi ola bilər.

— Yaxşı, ana, onda mən gedim dərslərimə hazırlaşım.

— Getməyinə gedərsən, amma əvvəl gəl sənin üçün bir hekayə danışım.

— Danış ana, mən hekayələri sevirəm.

— Onda otur, qulaq as.

Aslan adlı dörd yaşlı bir uşaq var idi. Gəmi kapitanı olan atası okeanlarda üzür, evdə nadir hallarda olurdu və oğlu üçün çox darıxırdı. Hər dəfə atası işə gedəndə, Aslan onun qayıtmasını səbirsizliklə gözləyirdi. Çünki o gələndən sonra atası ilə çox vaxt keçirirdi. O, oğlu ilə fəxr edirdi ki, onun belə ağıllı, bacarıqlı, intizamlı övladı var.

Aslan çox ağıllı uşaq idi, hamı onu mülayim xasiyyətinə görə sevirdi. Heç kəsi incitmədiyi üçün çoxlu dostları vardı. Beləliklə, Aslan böyüdü, birinci sinfə getdi. Məktəbdə ona qarşı münasibətin fərqli olduğunu gördü. O, artıq uşaq bağçasında olduğu kimi diqqət mərkəzində deyildi. Çünki onun sinfindəki uşaqların əksəriyyəti müxtəlif bağçalardan gəlmişdilər. Hazırlıq sinfindən əlaçı şagirdlər seçilməklə sinif formalaşmışdı. Ona görə də uşaqların bir-birinə münasibəti normal, bərabər idi. Əvvəllər olduğu diqqətin olmadığını hiss edən Aslan hiylənin köməyi ilə uşaqların diqqətini özünə cəlb etmək qərarına gəldi. Uşaqlarla yersiz zarafatlar edir, nizam-intizamı pozurdu. Bu yolla uşaqların diqqətini özünə çəkməyə çalışırdı. Bir müddətdən sonra Aslanın atası işdən evə qayıtdı. Həmişə olduğu kimi, səhər onu məktəbə aparır, dərsin sonunda evə gətirirdi. Bir dəfə Aslanın atası uşaqların oğlundan uzaq durduğunu gördü. Odur ki, oğluna dedi:

— Oğlum, mən qəribə bir mənzərə gördüm.

— Nə gördün, ata?

— Gördüm ki, bir şir tənha gəzir və ətrafındakı şirlər ondan uzaq durur.

Aslan ağıllı uşaq olduğundan atasının onu nəzərdə tutduğunu dərhal anladı. Ona görə də atasından soruşdu:

— Ata, o şir niyə tənhadır?

— Çünki yeni kollektivə uyğunlaşa bilmir. Yanlış olaraq düşünür ki, hər zaman diqqət mərkəzində olmalıdır.

— Yaxşı, ata, o nə etməlidir ki, yeni kollektivə uyğunlaşsın?

— İlk növbədə digərlərinə özü kimi hörmət etməyi öyrənməlidir. Hörmət qarşılıqlı olur. Müəllimə isə valideyn qədər hörmət edilməlidir ki, o da şagirdə övladı qədər diqqətli olsun.

— Ata, şir bunlara əməl edərsə diqqət mərkəzində olacaqmı?

— Hələ Bu yalnız onu digər uşaqlarla eyni səviyyəyə qaldıracaq. Yeni kollektivin bir üzvü kimi,  eyni söz sahibi olacaq.

— Bəs diqqətdə olması üçün şir nə etməlidir?

— Onun üçün çox çalışmalıdır. Çünki, onu əhatə edənlər də istedadlı şirlərdir. Hamı da çalışır ki, birinci olsun. Böyük rəqabət var. Hər zaman dərsə hazır, nizam-intizamlı olmalıdır şir. Onda birinci ola bilər. Heç kəsi incitməməlidir. Böyüklərə hörmətlə yanaşmalıdır ki, əməli ilə də seçilsin. O zaman şir həmişə kollektivin diqqət mərkəzində olacaq.

Anasını dinlədikdən sonra Sabir anladı ki, qarşılıqlı hörmət olan yerdə sıx münasibət qurulur. Bilik səviyyəni daima artırmaqla birinci ola bilərsən. Müsbət keyfiyyətlər cəmləşəndə fərqlənərsən və diqqət mərkəzində olarsan. Odur ki, dedi:

— Ana, çox gözəl hekayə idi, xoşuma gəldi. Bu hekayəni heç vaxt unutmaram.

— Yaxşı ki, xoşuna gəldi, mənim balam. İndi gedib dərslərinə hazırlaş.

Sabir anasını dinləyəndən sonra səhvlərini başa düşdü, Aygün müəllimə hörməti artdı və bir daha nizam-intizamı pozmadı.

Müəllif: Səfahət Şəfi Həsənov