17 мая 2024

OQTAYIN KONFRANS TƏƏSSÜRATILARI

Gənclər üçün hekayə

Adım Oqtaydır, onuncu sinfi bitirmişəm. Azərbaycan dili və ədəbiyyat müəllimim şair Ağamir Cavad yay tətili üçün ev tapşırığı olaraq sinfimizdəki şagirdlərə inşa yazmağı tapşırdı. Mövzu seçimini öz ixtiyarımıza buraxdı.

Ev tapşırığını erkən bitirmək istəyirdim. Beləliklə, mənim istirahət etməyə daha çox vaxtımın qalacağını düşünürdüm. Amma kompüter qarşısında oturub inşa üçün maraqlı mövzu tapa bilmirdim.

Bu vaxt sevimli dayım atamla oturub söhbət edirdi. Birdən o, ayağa qalxıb yanıma gəldi və zarafatla soruşdu:

— Oqtay, roman yazırsan?

— Yox, dayı. Ev tapşırığı olaraq müəllim tətil günlərində sərbəst mövzuda inşa yazmağı tapşırıb. İndi onunla məşğulam. Amma seçdiyim mövzunun nə dərəcədə maraqlı olacağını bilmirəm.

— O zaman məni dinlə və inşanı sonraya saxla. Çünki sənə maraqlı bir təklifim var. Sabah səhər tezdən ofisimə gəl. Üç gün davam edəcək konfransda birlikdə iştirak edəcəyik.

— Mən mütləq gələcəyəm — dedim.

Beləliklə, dayım yazıçı-publisist Qafar Cəfərlidən “Uşaqları pis vərdişlərdən necə qoruyaq” adlı konfransa dəvət aldım. Bu maraqlı təklifi bəyəndiyim üçün dəvəti böyük məmnuniyyətlə qəbul etdim. Üç gün davam edən konfransda aldığım məlumatlar yaddaşımda silinməz iz qoydu. Çünki konfransın mövzuları çox ağır idi. Tədbirdə narkomaniya, alkoqol, siqaret və digər zərərli vərdişlərin fəsadları haqqında geniş məlumat aldım.

Konfransda ən çox «narkotiklər və narkomaniya» mövzusundan təsirləndim. Narkomanların etiraflarını həm videoda, həm də canlı olaraq dinlədim. O insanların həyat hekayələrini dinləmək ağır idi. Narkomanların etiraflarını eşitdikdən sonra bəzi detalları hələ də unuda bilmirəm.

Mən öyrəndim ki, narkomanlarla onların qohumları və dostları arasında münasibətlər tez-tez pozulur. Aralarında etibar və hörmət yox olur. Narkomanlar tədricən valideynlərindən, uşaqlarından və yaxın dostlarından uzaqlaşırlar. Narkoman olan valideynlərin övladlarının çox vaxt fiziki və əqli qüsurlu doğulmasına səbəb olan amillər var. Beləliklə, narkomaniya gənclərin qlobal mənada deqradasiyasına gətirib çıxarır.

Narkomanlar öz sağlamlıqlarına vurduğu zərərlə yanaşı yaxın qohumlarına da psixoloji sarsıntı yaşadırlar. Öyrəndim ki, əksər narkomanların ailələri maddi çatışmazlıq və ailədaxili münaqişələr üzündən dağılır. Narkomanların uşaqları tez-tez ailə münaqişələri səbəbindən stress yaşayırlar. Çox vaxt valideynlərdən birinin və ya hər ikisinin sevgisindən məhrum olurlar. Bəzən nəzarətsiz qalan uşaqlar uşaq evlərinə göndərilir.

Narkoman ailələrində böyüyən yeniyetmələr üçün narkotik maddələr əl çatan olduğu üçün onların övladları da çox zaman narkotik qəbul edib narkoman olurlar. Erkən yaşda valideyn himayəsindən məhrum olan uşaqlar cinayət əməlləri törədib həbsxanaya düşürlər.

Konfransda iştirak etməzdən əvvəl narkotik maddə aludəçiliyi haqqında məlumatım çox az idi. Konfransda öyrəndim ki, narkotik aludəçisi durmadan uçuruma doğru hərəkətdədir və ölümə gedən yolları bəzən çox qısa olur.

Narkotikdən istifadə edən insanın get-gedə insanlığını necə itirdiyini, cəmiyyətin arzuolunmaz bir üzvünə çevrilməsini sənədli film şəklində izlədim. Gənc yaşlarında narkotikə aludə olan, narkotik maddədən dünyasını dəyişən uşaqların taleyi məni düşünməyə vadar etdi və yaddaşıma əbədi həkk olundu.

Valideynlərin narkotik aludəçisi olan övladları haqqında danışdıqlarına qulaq asmaq çox çətin idi. Yeganə övladını erkən yaşda itirən valideynlərin ürək ağrısını, kədərini hiss etməmək mümkün deyildi. Bir valideyn dedi: “Mən başa düşmürəm övladım niyə narkotik qəbul edir”. Bu tədbirdə bildim ki, qurbanlar ilkin olaraq narkotikdən istifadənin nə qədər ağır fəsadlar törətdiyini bilməyən insanlardır. Amma narkotikin fəsadlarını bilən adam bilərəkdən narkotik qəbul etməz!

Beləliklə, mən dayım yazıçı Qafar Cəfərlinin sayəsində hansı mövzuda inşa yazacağını müəyyən etdim. Narkotik aludəçisinin etiraf hekayəsindən bir yazı yazdım.

Gənc narkomanın etirafı

İlk dəfə on birinci sinfi bitirdikdən sonra narkotik maddə qəbul etdim. Ona qədər narkotik haqqında çox eşitsəm də, haqqında dərin məlumatım yox idi. Bir gün dostlarımla dincəlmək üçün göl sahilinə piknikə getdik. Onda nə siqaret, nə də ki, spirtli içki qəbul etmirdim.

Piknikdə iştirak etdiyim dostlarımın çoxu siqaret çəkirdi. Onların bəziləri spirtli içki də qəbul edirdilər. Bir dostum çəkdiyi siqaret qutusunu mənə uzatdı və dedi: “Bir siqaret götür çək, qorxma, hamı çəkir”.

Baxmayaraq ki, əvvəlcə tərəddüd etdim, amma sonra bir siqaret çəksəm heç nə dəyişməyəcək, düşündüm. Bir siqaret götürüb çəkdim. Onda bilmirdim ki, tütün yox, marixuana çəkirəm. Əvvəllər siqaret çəkmədiyim üçün dad fərqini bilmirdim. Siqareti çəkməyə başlayanda əvvəl özümü pis hiss etdim, amma sonra keçdi. Onda balıq kimi qarmağa ilişdiyimi dərk etməmişdim.

Piknikdən qayıdandan az sonra, yenidən siqaret çəkmək istədim. Getdim bir qutu siqaret aldım, çəkdim. Nədənsə bu siqaret dostumun mənə verdiyi siqaretdən dada görə fərqlənirdi. Hiss etdim ki, aldığım siqaret mənə kömək etmir. Əsəblərim qıcıqlandırıcılara qarşı həssaslaşmışdı və ciddi narahat olurdum. Onda dostuma zəng vurub mənə verdiyi siqaretdən harada ala biləcəyimi soruşdum. Dedi ki, var, amma qiymət mağazada satılandan bir qədər fərqlidir. İradə zəifliyindən dayana bilmədim və məni uçuruma göndərən dostuma inandım. Qısa bir zamanda marixuanaya aludə oldum və bir müddətdən sonra anladım ki, mən narkomanam.

Çox gec dərk elədim ki, vəziyyətimlə bağlı valideynlərimə dərhal xəbər verməli idim. Əvəzində halımı valideynlərimdən, yaxın insanlardan gizlətdim. Tədricən tələbatın artdığını hiss edirdim və marixuananı daha intensiv çəkməli olurdum. Başım o qədər bu narkotikə qarışdı ki, imtahan verib daxil olduğum universiteti belə unutdum. Onda ağrılarımı kəsəcək daha güclü vasitə axtarmağa başladım.  Sonda ağrıdan qurtulmağa kömək edən yeni vasitələr tapdım.

Bir dəfə hərbi komissarlıqdan tibbi müayinədən keçmək üçün dəvət aldım. Müayinə zamanı məlum oldu ki, mən narkomanam və valideynlərimin vasitəçiliyi ilə məni məcburi müalicəyə cəlb etdilər. Amma müalicənin nə dərəcədə effektli olacağı, məlum deyil. Çünki narkotik həmişə beynimdədir və yaşadığım hisslərdən azad ola bilmirəm.

Narkotik o dərəcədə beynimə işləyib ki, bir narkoman görən kimi, hisslərim oyanır və əzab çəkməyə başlayıram. Əgər o zaman narkotik tələbatım kompensasiya olunmazsa ağrılarım güclənir. Sanki sümüklərim qırılır. Hal-hazırda intensiv müalicə alsam da vəziyyətim yaxşı deyil. Etiraf etməyim, aldığım müalicənin tərkib hissəsidir. Sayənizdə stresslərimi atıram və sağalmaq üçün stimul alıram.

Mən dostumun xəyanəti səbəbindən narkotikə aludə oldum və valideynlərimin ümidlərini qırdım, onlara acı yaşatdım. Bundan sonra düşünmürəm ki, geri dönəcəyəm və əvvəlki həyatın davamını yaşayaram. Çünki narkotik maddənin mənə yaşatdığı ağır, dözülməz ağrıları yaşamışam. Gənclərin ölümünü, valideynlərin əzabını, körpə uşaqların, anaların göz yaşlarını görmüşəm. Odur ki, gənclərə insan həyatını məhvə aparan pis vərdişlərdən uzaq durmaq tövsiyə edirəm.

Müəllif: Şəfahət Şəfi Həsənov.