17 мая 2024

ARI PƏTƏYİ

(Uşaqlar üçün nağıl-tamaşa)

Pyes

 İştirakçılar:

Şahzadə ana arı

Mühafizəçilər

Kəşfiyyatçılar

Döyüşçülər

Həkim və tibb bacıları

Dəcəl oğlan

Eşşəkarıları

Ayı

1-ci səhnə

(Səhər açılır. Quşlar oxuyur, arıların vızıltısı eşidilir.)

Mühafizəçi arı(Əlində nizə pətəyin qarşısında keşik çəkir. Bu zaman bir eşşəkarısı pətəyə yaxınlaşır. Mühafizəçi tez həyəcan təbili çalır.) Təhlükə! Təhlükə! Təhlükə! Pətəyi qoruyun! Pətəyi qoruyun! Eşşəkarısı pətəyə hücum edir! (5 döyüşçü arı pətəkdən nizə ilə çıxır, onlara mühafizəçi arı qoşulur. Döyüşçü arılar eşşəkarısını əhatə edir və onu nizə ilə hər tərəfdən sancmağa çalışırlar. Eşşəkarısı səhnədə dövrə vurur və qaçmağa yol axtarır. Döyüş zamanı bir döyüşçü arı şüar qışqırır, qalanları isə onu təkrarlayır.)

Döyüşçü arıların şüarı:

— Biz bal arılarıyıq! Cəsur və güclü döyüşçülərik! (Hamı bir səslə.) Biz bal arılarıyıq! Cəsur və güclü döyüşçülərik!

— Biz nə düşməndən, nə də ölümdən qorxmuruq! (Hamı bir səslə.) Biz nə düşməndən, nə də ölümdən qorxmuruq!

— Düşmən üstümüzə gələrsə, döyüşüb qalib gələcəyik! (Hamı bir səslə.) Düşmən üstümüzə gələrsə, döyüşüb qalib gələcəyik!

— Biz heç vaxt döyüşdən çəkinmirik! (Hamı bir səslə.) Biz heç vaxt döyüşdən çəkinmirik!

— Düşmən hücum etsə, biz pətəyi qoruyuruq! (Hamı bir səslə.) Düşmən hücum etsə, biz pətəyi qoruyuruq!

— Biz zəhmətkeş, ağıllı bal arılarıyıq! (Hamı bir səslə.) Biz zəhmətkeş, ağıllı bal arılarıyıq!

(Eşşəkarısı qısa bir döyüşdən sonra məğlub olur və səhnədən qaçır. Döyüşçü arılar pətəyə qayıdırlar. Musiqi səslənir, pətəkdən 5 işçi arı çıxır, səhnədə rəqs edirlər… Rəqs bitən kimi arılar pətəyə qayıdırlar, səhnədə işıqlar tədricən sönür.)

2-ci səhnə
Şahzadə ana arı – təqdimat

(Qaranlıq səhnə. Tədricən səhər açılır, arı vızıltısı, quşların səsi eşidilir. 3-4 saniyədən sonra vızıltı səsləri çoxalır. Ana arı pətəkdən çıxır, qaça-qaça irəliyə, auditoriyaya tərəf yaxınlaşır. Ardından 6 işçi arı pətəkdən çıxır. Şahzadə arıdan bir addım geridə, iki cərgədə ard-arda dayanırlar. Arılar dayanan kimi vızıltı səsi kəsilir.)

Şahzadə ana arı – Salam dostlar! Mən şahzadə ana arıyam. Mənim pətəyimdə 40 min işçi arı yaşayır və çalışır. Onların hamısı mənim balalarımdır. Hər bir arının pətək daxilində və xaricində məsuliyyətli işi və vəzifələri vardır. İşçi arılar indi özlərini sizə təqdim edəcəklər ki, siz arıların nə etdiyini və işlərinin nədən ibarət olduğunu biləsiniz.

(Təqdimat şahzadə ana arının ardında duran iki işçi arıdan başlanır. Solda dayanan arı sola, sağda dayanan arı sağa 1 addım atır. Eyni zamanda arxada dayanmış işçi arılar 1 addım irəliyə atırlar. Arılar özlərini təqdim edib auditoriyaya baş əyirlər, sonra dönüb qaçaraq pətəyə girirlər. Beləliklə təqdimat sona qədər təkrarlanır. Təqdimat zamanı 1-ci arı vəzifəsini, 2-ci arı işinin nədən ibarət olduğunu söyləyir.)

1. Biz sanitarlarıq;

2. Pətəkdə təmizliyi qoruyuruq.

1. Biz dayələrik;

2. Sürfələrin və balaların qayğısına qalırıq.

(Bundan sonra pətəyə iki işçi arı girəndə iki işçi arı çıxıb sırada durur.)

1. Biz inşaatçılarıq;

2. Tikir və təmir edirik.

1. Biz nektar və çiçək tozu toplayanlarıq;

2. Qida tədarük edirik.

1. Biz anbardarlarıq;

2. İşçi arıların gətirdikləri nektarları qəbul edirik.

1. Biz həkim və tibb bacılarıyıq;

2. Xəstələnmiş arıları sağaldırıq.

1. Biz mühafizəçilərik;

2. Pətəyimizi qoruyuruq.

(Bundan sonra pətəkdən işçi arılar çıxmırlar.)

1. Biz kəşfiyyatçılarıq;

2. Nektarla zəngin çiçək sahələri axtarıb tapırıq.

1. Biz döyüşçülərik;

2. Pətəyimizə hücum edənlərlə döyüşür, pətəyi qoruyuruq.

(Bütün arılar pətəyə qayıdandan sonra kraliça ana deyir.)

Şahzadə ana arı – Dostlar! Pətəyimizdəki arılar sevdiyiniz dadlı balı istehsal etmək üçün çox çalışırlar. Bilməlisiniz ki, bizim həyatımız yaşıl təbiətə bağlıdır və bizsiz təbiət bu qədər rəngarəng və gözəl ola bilməzdi! Əgər insanlar ekoloji problem yaratmasalar, balımız çox olacaq. Biz də dadlı balı sizinlə bölüşərik. Odur ki, təbiəti və arıları qoruyun! Sağlam və güclü olmaq üçün bal yeyin. İndi mən pətəyə, ailəmin yanına qayıdıram. Yenidən görüşənə qədər, mənim gözəl və ağıllı dostlarım!

(Şahzadə ana arı tamaşaçılara əl yellədir, iki əli ilə öpüş göndərir, arxaya 3-4 addım atandan sonra, dönüb pətəyə qayıdır. Dərhal sonra pətəkdən üç mühafizəçi arı, əlində nizə, səhnəyə çıxıb özlərini təqdim edirlər.)

Mühafizəçi arılar – təqdimat

Mühafizəçi arı 1 – (arılar öz vəzifələrini təqdim edirlər). Dostlar, biz cəsur mühafizəçi arılarıq. Düşmənlərimiz pətəyimizə hücum edəndə biz onu qorumaq üçün vuruşuruq.

Mühafizəçi arı 2 –  Biz pətəyi mühafizə etməklə yanaşı, həm də digər arılara nəzarət edirik. Nektar və çiçək tozu gətirməyən tənbəl arıları pətəyə buraxmırıq.

Mühafizəçi arı 3 – Başqa pətəkdən olan arılar təsadüfən bizim pətəyimizə girməyə cəhd edərlərsə, biz onları içəri buraxmırıq. Təhlükə yarandıqda həyəcan siqnalı verir və döyüşçü arıları xəbərdar edirik.

(Mühafizəçi arılar tamaşaçılara əl yelləyərək pətəyə qayıdırlar. Dərhal dörd döyüşçü arı, əllərində nizə pətəkdən səhnəyə çıxırlar. Onlar səhnənin ətrafında dövrə vurub tamaşaçılarla üzbəüz bir cərgədə dayanırlar.)

Döyüşçü arılar – təqdimat

Döyüşçü arı 1 – Biz döyüşçü arılarıq. Eşşəkarıları bizim düşmənlərimizdir. Kəşfiyyatçıları pətəyimizi tapanda orduları ilə qayıdıb bizə hücum edirlər. Onda biz hamımız birləşib son nəfəsə qədər Eşşəkarıları ilə mübarizə aparırıq.

Döyüşçü arı 2 – Biz döyüşçü arılarıq. Pətəklərimizə hücum edən ayılar, — bizim düşmənimizdir! Ayılar pətəkləri məhv edir, işçi arıların topladığı balı oğurlayır, yeyir. Pətəyi, ailəmizi qorumaq üçün ayılarla döyüşürük.

Döyüşçü arı 3 Biz döyüşçü arılarıq. Dostlar! Əgər eşşəkarılarının kəşfiyyatçısı bizi taparsa, pətəyəyimizə nişan qoyacaq, sonra ordusu ilə qayıdacaqlar. Ona görə də biz son nəfəsimizə qədər döyüşürük. Kəşfiyyatçının qayıtmağına imkan vermirik, onu əsir götürürük.

Döyüşçü arı 4 – Biz bal arılarını sevən insanlarla dostluq edirik. Çoxlu bal toplayanda sərvətimizi insanlarla bölüşürük. İnsanları incitmirik, sancmırıq. Amma bəzən dəcəl uşaqlar pətəyimizə daş atırlar, çubuqla bizi vurmağa və icazəmiz olmadan balı götürməyə çalışırlar. Ona görə də biz pətəyimizi bu dəcəl uşaqlardan da qoruyuruq.

(Döyüşçü arılar tamaşaçılara əl yelləyib pətəyə qayıdırlar. Dərhal sonra üç kəşfiyyatçı arı səhnəyə çıxır və yan-yana bir sırada, bir-birindən iki addım aralıda dayanırlar.)

Kəşfiyyatçı arılar – təqdimat

Kəşfiyyatçı arı 1   Biz kəşfiyyatçılarıq, yaz-yay dövründə hamıdan əvvəl oyanır, pətəyi tərk edirik. Nektar və çiçək tozcuqlarının mənbəyini axtarıb tapırıq. Sahəni nişanlayır və pətəyə qayıdırıq və məlumatı işçi arılara ötürürük.

Kəşfiyyatçı arı 2 – Biz kəşfiyyatçı arılar, nektarla zəngin çiçəklər tapanda, istiqamətini, məsafəni, çiçəklərin növlərini və nektarların həcmi barədə işçi arılara rəqsəbənzər işarələrlə məlumat veririk.

Kəşfiyyatçı arı 3 – Biz, kəşfiyyatçı arılar, xüsusi mürəkkəb jestlər, rəqslərə bənzər hərəkətlər vasitəsilə bir-birimizlə danışırıq. Səslər, işarələr və qoxu ilə fikir söyləyirik. Qanadlarımızla səslər çıxarmaqla, düz və əyri xətt üzrə hərəkət etməklə, qarnımızı intensiv silkələməklə, danışırıq. Uşaqlar, indi sizə bu rəqsi göstərəcəyik!

Kəşfiyyatçı arıların rəqs səhnəsi

(Üç kəşfiyyatçı arı sinxron şəkildə bal arılarının rəqsini ifa edir.)

1 – Ziqzaq və dairə hərəkəti, – 4 addım ziqzaq hərəkət qabağa, yarım dairə sola, yenə ziqzaqı təkrarlamaq və yarımdairə sağa. Beləliklə 8 rəqəmi alınır.

2 – Qarnı silkələmək, çökmək və qalxmaq hərəkəti. Bir addım irəli atın, eyni hərəkəti üç dəfə təkrarlayın. Sonra yarım dairə sola, yenə təkrarla və yarımdairə sağa. Beləliklə 8 rəqəmi alınır.

3 — Şaquli silkələmə, yerində iki dövrə vurmaq, bir addım irəli atmaq, üç dəfə təkrarlayın. Sonra yarım dairə sola, yenə təkrarla və yarımdairə sağa. Beləliklə 8 rəqəmi alınır (rəqs bitir).

(Kəşfiyyatçı arı rəqsi bitəndən sonra, arılar ard-arda qaçaraq pətəyə qayıdırlar. İşıqlar səhnədə tədricən sönür, üç-dörd saniyədən sonra isə tədricən səhər açılır. Quşlar oxuyur, arıların vızıltısı eşidilir.)

3-cü səhnə
Kəşfiyyatçı və işçi arıların səhnəsi – 1

(Kəşfiyyatçı arı vedrə və qaşıqla pətəkdən çıxır. Tamaşaçılara doğru 3-4 addım atır, dayanıb deyir.)

Kəşfiyyatçı arı – Mən, kəşfiyyatçı arıyam, nektarla zəngin çiçəklər tapmağa gedirəm. Sonra qayıdıb işçi arılara nektarla zəngin çiçəklərin yerini göstərəcəyəm.

(Tamaşaçılara təzim edib, çiçək axtarmağa yollanır. Kəşfiyyatçı arı gedən kimi pətəkdən səhnəyə 4 işçi arı çıxır.)

(İşçi arıların rəqs səhnəsi…)

(İşçi arılar rəqsi bitirəndən dərhal sonra, kəşfiyyatçı arı qaça-qaça gəlib işçi arıların qarşısında dayanır və deyir.)

Kəşfiyyatçı arı – Mən, kəşfiyyatçı arı, axtardım və nektarla zəngin çiçəklər tapdım. İndi sizə o çiçəklərin yerini göstərəcəyəm.

(Kəşfiyyatçı arı işçi arıların qarşısında arı rəqsini nümayiş etdirir. O, işçi arılara nektarla zəngin çiçəklərin yerini söyləyir, pətəyə qayıdır. İki işçi arı sağa, ikisi sola nektar toplamağa gedir. İşçi arıların nektar toplama səhnəsi musiqi ilə müşayiət olunur.  Musiqi bitən kimi pətəyə qayıdırlar.)

Ayı ilə səhnə

Ayı – (Ayı zala daxil olur və səhnəyə qalxır.) Mən bal qoxusunu hiss edirəm! Mən bal qoxusu hiss edirəm! Bu, çox dadlı, şirin bal qoxusudur. (Ayı pətək axtarır, sonra tamaşaçılara tərəf dönüb soruşur). Uşaqlar, bal qoxusunu hiss edirsiniz? Pətəyin yerini bilən varmı? Mən gedib bal arılarının pətəyini axtarıb taparam. İçində dadlı bal var, bilirsiniz? Pətəyi dağıdıb bütün balı yeyəcəyəm. (Ayı səhnənin ətrafında dönür və arı pətəyini tapır.)

Mühafizəçi arı – (Ayını görən mühafizəçi arı həyəcan siqnalı çalır). Təhlükə! Təhlükə! Təhlükə! Pətəyi qoruyun! Pətəyi qoruyun!

(Həyəcan siqnalından sonra, pətəkdən 5 döyüşçü arı çıxır. Mühafizəçi arı da döyüşçü arılara qoşulur. Döyüşçü arılar ayının ətrafında dövrə vurub nizələrlə onu sancırlar. Ayını pətəyə yaxınlaşmağa qoymurlar. Ayı arıların ona hücum etdiyini görüb deyir)

Ayı – Mən ayıyam, böyük və güclüyəm. Siz balaca arılar məni dayandıra bilməzsiniz. Mən ətirli, dadlı bal xoşlayıram. Pətəyi dağıdaram, içindəki balı yeyib daha da güclü olaram.

Döyüşçü arı – Biz döyüşçü arılarıq. Balaca olsaq da, cəsuruq, qorxmuruq böyük duşmənlərdən. Gücümüz birliyimizdədir! Birlikdə vuruşub, bizi məhv etmək istəyən düşmənə qalib gələcəyik.

(Döyüş səhnəsi musiqi ilə müşayiət olunur. Ayının arılarla döyüşü davam edir. Arılar ayının zəif yeri olan burnunu və gözünü sancmağa çalışırlar. Ağrılara tab gətirməyən ayı, səhnədə dövrə vuraraq qaçmağa çalışır. Sonda ayı auditoriyaya enib qaçır. Döyüşçü arılar səhnədə dövrə vurub pətəyə qayıdırlar. İşıqlar səhnədə tədricən sönür, üç-dörd saniyədən sonra isə tədricən səhər açılır. Quşlar oxuyur arıların vızıltısı eşidilir.)

4-cü səhnə
Kəşfiyyatçı və işçi arıların səhnəsi – 2

(Kəşfiyyatçı arı vedrə və qaşıqla pətəkdən çıxır. Tamaşaçılara doğru 3-4 addım atır, dayanıb və deyir.)

Kəşfiyyatçı arı – Mən, kəşfiyyatçı arıyam, nektarla zəngin çiçəklər tapmağa gedirəm. Sonra qayıdıb işçi arılara nektarla zəngin çiçəklərin yerini göstərəcəyəm.

(Tamaşaçılara təzim edib, çiçək axtarmağa yollanır. Kəşfiyyatçı arı gedən kimi pətəkdən səhnəyə 4 işçi arı çıxır.)

(İşçi arıların rəqs səhnəsi…)

(İşçi arılar rəqsi bitirəndən dərhal sonra, kəşfiyyatçı arı qaça-qaça gəlib işçi arıların qarşısında dayanır və deyir.)

Kəşfiyyatçı arı – Mən, kəşfiyyatçı arı, axtardım və nektarla zəngin çiçəklər tapdım. İndi sizə o çiçəklərin yerini göstərəcəyəm.

(Kəşfiyyatçı arı işçi arıların qarşısında arı rəqsini nümayiş etdirir. O, işçi arılara nektarla zəngin çiçəklərin yerini söyləyir, pətəyə qayıdır. İki işçi arı sağa, ikisi sola nektar toplamağa gedir. İşçi arıların nektar toplama səhnəsi musiqi ilə müşayiət olunur.  Musiqi bitən kimi pətəyə qayıdırlar.)

Eşşəkarılarının pətəyə hücumu

(Bu zaman iki eşşəkarısı auditoriyaya girir, zalda dövrə vurub səhnəyə qalxırlar. Eşşəkarıları pətəyi tapır və hücuma hazırlaşırlar. Mühafizəçi düşmənləri görən kimi həyəcan təbili çalır.)

Mühafizəçi arı – Təhlükə! Təhlükə! Təhlükə! Tez pətəyi qoruyun! Eşşəkarıları pətəyimizə hücum etməyə hazırlaşır!

(Həyəcan siqnalından sonra, mühafizəçi arı döyüşçülərə qoşulur. Pətəyi qorumaq üçün döyüşçü arılar iki qrupa bölünür. Hücumdan əvvəl eşşəkarıları intensiv olaraq sağa və sola hərəkət edib, pətəyi müzakirə edirlər.)

Eşşəkarısı  1 – Dostum, bu, deyəsən arı pətəyidir?

Eşşəkarısı 2 – Hə, dostum, bu arı pətəyidir.

Eşşəkarısı  1 – Arı pətəyidirsə içində kifayət qədər yemək var, bilirsən?

Eşşəkarısı  2 – (tamaşaçılara müraciət edir.) Uşaqlar, arı pətəyində nə var bilirsiniz?

Eşşəkarısı  1 – Hə, dostum, biz bal arılarının pətəyini axtarırdıq, nəhayət ki, tapdıq.

Eşşəkarısı  2 – (tamaşaçılara müraciət edir.) Uşaqlar, gəlin birlikdə pətəyi qarət edək.

Eşşəkarısı  1 – (tamaşaçılara müraciət edir.) Sizcə qarət etmək yaxşıdır?

Eşşəkarısı  2 – Bəli, bu əməlin yaxşı olmadığını biz də bilirik!

Eşşəkarısı  1 – Ona görə də bizə “qatil eşşəkarısı” deyirlər.

Eşşəkarısı  2 – Gedək dostum, bal arıları sərvətini insanlarla bölüşürlər. Onlar bal arılarının tərəfindədir. Gedək, pətəyi qarət edək.

(Döyüş səhnəsi musiqi ilə müşayiət olunur. Eşşəkarıları pətəyə hücum edir. Döyüşçü arılar eşşəkarılarının pətəyə girməsinin qarşısını alır. Sonra eşşəkarılarının ətrafında dövrə vurur və nizələri ilə onları sancmağa çalışırlar. Eşşəkarıları səhnədə dövrə vurub qışqırır, amma döyüşçü arılar onlara aman vermir. Döyüş səhnəsi təxminən bir dəqiqə davam edir. Sonra eşşəkarılarından biri səhnənin sağ tərəfindən, digəri isə sol tərəfdən qaçmağa çalışır. Döyüşçü arılar eşşəkarılarını səhnədən qaçana qədər təqib edirlər.)

Eşşəkarısı 1 – Vay, vay, bu pətəkdə bal arıları çoxdur. Güclü döyüşçüləri, mühafizəçiləri var. Bizi yaxalayıb ağır cəza verəcəklər.

Eşşəkarısı 2 – Hə dostum. Gəl burdan qaçaq! Qaç, qaç dostum, qaç, tez canımızı qurtaraq.

(Eşşəkarıları qışqıraraq səhnəni tərk edirlər. Döyüşçü arılar pətəyə, qayıdırlar. İşıqlar səhnədə tədricən sönür, üç-dörd saniyədən sonra isə tədricən səhər açılır. Quşlar oxuyur, arıların vızıltısı eşidilir.)

5-ci səhnə
Kəşfiyyatçı və işçi arıların səhnəsi – 3

(Kəşfiyyatçı arı vedrə və qaşıqla pətəkdən çıxır. Tamaşaçılara doğru 3-4 addım atır, dayanıb və deyir.)

Kəşfiyyatçı arı – Mən, kəşfiyyatçı arıyam, nektarla zəngin çiçəklər tapmağa gedirəm. Sonra qayıdıb işçi arılara nektarla zəngin çiçəklərin yerini göstərəcəyəm.

(Tamaşaçılara təzim edib, çiçək axtarmağa yollanır. Kəşfiyyatçı arı gedən kimi pətəkdən səhnəyə 4 işçi arı çıxır.)

(İşçi arıların rəqs səhnəsi…)

(İşçi arılar rəqsi bitirəndən dərhal sonra, kəşfiyyatçı arı qaça-qaça gəlib işçi arıların qarşısında dayanır və deyir.)

Kəşfiyyatçı arı – Mən, kəşfiyyatçı arı, axtardım və nektarla zəngin çiçəklər tapdım. İndi sizə o çiçəklərin yerini göstərəcəyəm.

(Kəşfiyyatçı arı işçi arıların qarşısında arı rəqsini nümayiş etdirir. O, işçi arılara nektarla zəngin çiçəklərin yerini söyləyir, pətəyə qayıdır. İki işçi arı sağa, ikisi sola nektar toplamağa gedir. İşçi arıların nektar toplama səhnəsi musiqi ilə müşayiət olunur.  Musiqi bitən kimi pətəyə qayıdırlar.)

Həkim və xəstə arı səhnəsi

Mühafizəçi arı – (Mühafizəçi arı işçi arının yerə düşdüyünü görür. Tez təcili tibbi yardım çağırır). Alo, alo, bu təcili tibbi yardım xidmətidir? İşçi arı xəstələnib, təcili yardıma ehtiyacı var! Ünvan: Bal arısı küçəsi, Pətək 13.

(Təcili yardım sireninin səsi eşidilir. Pətəkdən iki arı çıxır, pətəyin qabağına çarpayı qoyurlar. Sonra xəstə arını çarpayıya uzadırlar. Pətəkdən həkim və tibb bacısı çıxır. Həkim xəstəni müayinə edir.)

Həkim arı – (müayinədən sonra, həkim tibb bacısına deyir). Xəstəmiz zəhərlənib! Tez kəşfiyyatçıları göndərin araşdırma aparsınlar, zəhərlənməyə nəyin səbəb olduğunu öyrənsinlər. Araşdırma bitənə qədər, xəstəyə ilkin təcili tibbi yardım göstərilsin.

(Tibb bacısı dərhal iki kəşfiyyatçı arını çağırıb göstəriş verir.)

Tibb bacısı – Tez kəşfiyyatçı arılar gəlsin. (İki arı pətəkdən çıxır, qarşısında dayanırlar.) Hər tərəfi araşdırın, həkimə ekoloji vəziyyətlə bağlı məlumat gətirin.

(Kəşfiyyatçılar araşdırmağa yollanırlar. Araşdırdıqdan sonra qayıdır və həkimə bildirirlər.)

Kəşfiyyatçı 1 – Biz, 8 km radiusda təbiətin vəziyyətini araşdırdıq. Gördük ki, təbiətin gözəl guşələrində insanlar istirahət edir. Amma bəzi insanlar düşünmədən ətrafa zibillər atır, çiçəkli sahələri çirkləndirirlər.

Kəşfiyyatçı 2 – Ətraf mühitin vəziyyətini analiz etdik. İnsanların çiçəkli sahələri kimyəvi maddələrlə zəhərlədiklərini gördük.

Kəşfiyyatçı 1 – Biz gördük ki, çox az təmiz çiçək sahələri qalıb. Arılar üçün qidalanmaq və nektar toplamaq üçün təmiz çiçək tapmaq çətindir. Səbəbkarları isə insanlardır.

Kəşfiyyatçı 2 – İnsanlar tarlaları yandırırlar, bəzən də meşə yanğınına səbəb olurlar. Ərazilərə kimyəvi maddələr səpirlər ki, yabanı bitkilər bitməsin.

Kəşfiyyatçı 1 Həddindən çox avtomobil benzinlə çalışır. Dəm qazı bitkiləri, bizi və insanları zəhərləyir.

Kəşfiyyatçı 2 – Xəstə arının xəstəliyinin səbəbini öyrəndim. “N” sektorunda bir nəfər meyvə ağaclarına çiçəkləmə dövründə dərman səpmişdir. Ağacların çiçəklərinə zəhər hopmuşdur.

(Kəşfiyyatçılar məruzədən sonra pətəyə girirlər. Həkim tez bir resept yazır tibb bacısına verir.)

Həkim arı – Bu reseptdə yazılan dərmanları gətirin: – müalicəvi bal, çiçək tozu və təmiz su. (Tibb bacısı pətəyə girir, sonra pətəkdən üç tibb bacısı çıxır. Tibb bacıları xəstəyə qulluq edirlər. Həkim arı bu məqamda pətəyə daxil olur. Bir dəqiqədən sonra həkim arı pətəkdən çıxır və xəstə arını yenidən müayinə edir. Həkim tibb bacısına deyir) – Xəstə artıq sağalıb. Pətəkdə bir gün dincəlsin, sonra işə qayıtsın. Bu dəfə xəstəni sağaltdıq. Amma təkrar zəhərlənsə, onu itirə bilərik.

(Həkim, xəstə arı və tibb bacıları bir-bir səhnədə tamaşaçılara yaxınlaşır və deyirlər).

Həkim arı – Dostlar, mən pətəyimizin həkimiyəm. Arılar xəstələnəndə müalicə edirəm. Bal arılarının həyatı ətraf mühitin təmizliyinə və o mühitdə bitən nektarla zəngin çiçəklərə bağlıdır. Dostlar! Təbiəti, ətraf mühiti qoruyun! Sayımız çox olarsa, balımız çox, planetimiz daha da gözəl olacaq.

Xəstə arı, sağaldıqdan sonra – Dostlar, mən işçi arıyam. Ömrüm çox qısadır, qırx gün yaşayıram. Doğulduğum ilk gündən işləyirəm, təmizləyirəm, təmir edirəm, tikirəm, pətəyi qoruyuram, su daşıyıram, pətəkdə münasib iqlim yaradıram, nektar yığıram. Məsuliyyətsiz insanların zəhərlədiyi çiçəklərdən nektar yığdım, zəhərləndim və xəstələndim. Bu dəfə həkim məni sağaltdı, amma o zəhərdən ölə bilərdim.

Tibb bacısı 1 – Dostlar, təbiəti qoruyun, ətraf mühiti təmiz saxlayın, çiçəkləri kimyəvi maddələrlə zəhərləməyin ki, biz də xəstələnib ölməyək. Meşələri, çiçəkli sahələri yanğından qoruyun. Axı meşə təkcə arıların deyil, minlərlə başqa heyvanların da evidir.

Tibb bacısı 2 – Dostlar, meşə insanın və planetimizdəki bütün canlıların ehtiyac duyduğu oksigenlə zəngin təmiz havadır. Unutmayın ki, arılar təbiətdəki çiçəklərin səksən faizini tozlandırır. Tozlanma olmazsa bitkilər bar verməz. Bizim sayəmizdə ağaclarda, kollarda çoxlu meyvələr var. Biz planetimizi daim gözəlləşdiririk.

Tibb bacısı 3 – Biz bal arıları çox faydalı heyvanlarıq. İnsanların həyatının arılardan böyük  asılılığı olduğunu bilirsinizmi? Bundan əlavə, insanlar istehsal etdiyimiz müxtəlif məhsullardan istifadə edirlər.

Hamı bir səslə – Dostlar, salamat qalın! Arıları, təbiəti və planetimizi qoruyun! (Arılar pətəyə qayıdırlar. İşıqlar səhnədə tədricən sönür, üç-dörd saniyədən sonra isə tədricən səhər açılır. Quşlar oxuyur, arıların vızıltısı eşidilir.)

6-cı səhnə
Kəşfiyyatçı və işçi arıların səhnəsi – 4

(Kəşfiyyatçı arı vedrə və qaşıqla pətəkdən çıxır. Tamaşaçılara doğru 3-4 addım atır, dayanıb və deyir.)

Kəşfiyyatçı arı – Mən, kəşfiyyatçı arıyam, nektarla zəngin çiçəklər tapmağa gedirəm. Sonra qayıdıb işçi arılara nektarla zəngin çiçəklərin yerini göstərəcəyəm.

(Tamaşaçılara təzim edib, çiçək axtarmağa yollanır. Kəşfiyyatçı arı gedən kimi pətəkdən səhnəyə 4 işçi arı çıxır.)

(İşçi arıların rəqs səhnəsi…)

(İşçi arılar rəqsi bitirəndən dərhal sonra, kəşfiyyatçı arı qaça-qaça gəlib işçi arıların qarşısında dayanır və deyir.)

Kəşfiyyatçı arı – Mən, kəşfiyyatçı arı, axtardım və nektarla zəngin çiçəklər tapdım. İndi sizə o çiçəklərin yerini göstərəcəyəm.

(Kəşfiyyatçı arı işçi arıların qarşısında arı rəqsini nümayiş etdirir. O, işçi arılara nektarla zəngin çiçəklərin yerini söyləyir, pətəyə qayıdır. İki işçi arı sağa, ikisi sola nektar toplamağa gedir. İşçi arıların nektar toplama səhnəsi musiqi ilə müşayiət olunur.  Musiqi bitən kimi pətəyə qayıdırlar.)

Dəcəl oğlan səhnəsi

(Səhnəyə bir top düşür. Bir oğlan topu götürmək üçün səhnəyə çıxır. Səhnəyə düşmüş topu götürmək istəyəndə, pətəyi görür.)

Dəcəl oğlan – Bu nədir? Deyəsən arı pətəyidir. Hə, televizorda gördüyüm arı pətəyinə bənzəyir. (Tamaşaçılara tərəf dönüb soruşur.) Dostlar, o bal arısı pətəyidir? Maraqlıdır, içində görəsən bal varmı? Gedib baxım, pətəkdə bal varsa, götürüb yeyim. Amma orada çoxlu arılar var. Siz arılardan qorxursunuz? Yox, mən arılardan qorxmuram. Məni sancmaq istəsələr, çubuqla vuracağam. (Oğlan əyilir, yerdən çubuq götürür, pətəyə yaxınlaşır. Oğlan pətəyə yaxınlaşanda mühafizəçi arı onun ətrafında dövrə vurur, amma sancmır. Oğlan arıya məhəl qoymur, pətəyi açmağa çalışır. Çubuğunu pətəyə dürtür.)

Mühafizəçi arı (Oğlanın hərəkətlərində təhlükə görən mühafizəçi arı, tez həyəcan siqnalı verir.) Təhlükə! Təhlükə! Təhlükə! Bu dəcəl oğlan pətəyimizə ziyan vurmaq istəyir! Pətəyi qoruyun! (Pətəkdən dörd mühafizəçi arı çıxır, oğlanın ətrafında dövrə vuraraq onu qorxutmağa çalışırlar. Amma oğlan fikrindən dönmür, arıları çubuqla vurmağa çalışır. Oğlanın uzaqlaşmadığını görən bir mühafizəçi arı auditoriyaya yaxınlaşır və deyir.)

Mühafizəçi arı – Biz bal arıları, insanların dostuyuq. Amma bu dəcəl oğlan bizi ciddi narahat edir. O, pətəyimizə ziyan vurmağa çalışır. Onun hərəkətləri Şahzadə ana arını narahat edir. Görünür, onu cəzalandırmasaq, əməlindən əl çəkməz. Siz necə düşünürsünüz, bu dəcəl oğlanı cəzalandıraqmı?

(Tamaşaçıların razılığını aldıqdan sonra, dəcəl oğlan mühafizəçi arıların hücumuna məruz qalır. Arı dəcəl oğlanı sancır, oğlan isə qışqırır.)

Dəcəl oğlan – Kömək edin! Kömək edin! Məni arılardan xilas edin! Mən bir daha dəcəllik etməyəcəyəm! Məni arı sancdı, məni xilas edin, uşaqlar.

(Musiqi ilə müşayiət olunur. Oğlan səhnədə o yana-bu yana qaçır, arılar onu qovur, oğlan auditoriyaya enir, gizlənir. Dəcəl oğlanı bir neçə saniyə axtarandan sonra, arılar pətəyə qayıdırlar. Ondan sonra oğlan auditoriyanı tərk edir. İşıqlar səhnədə tədricən sönür, üç-dörd saniyədən sonra isə tədricən səhər açılır. Quşlar oxuyur, arıların vızıltısı eşidilir.)

7-ci səhnə
Kəşfiyyatçı və işçi arıların səhnəsi – 5

(Kəşfiyyatçı arı vedrə və qaşıqla pətəkdən çıxır. Tamaşaçılara doğru 3-4 addım atır, dayanıb və deyir.)

Kəşfiyyatçı arı – Mən, kəşfiyyatçı arıyam, nektarla zəngin çiçəklər tapmağa gedirəm. Sonra qayıdıb işçi arılara nektarla zəngin çiçəklərin yerini göstərəcəyəm.

(Tamaşaçılara təzim edib, çiçək axtarmağa yollanır. Kəşfiyyatçı arı gedən kimi pətəkdən səhnəyə 4 işçi arı çıxır.)

(İşçi arıların rəqs səhnəsi…)

(İşçi arılar rəqsi bitirəndən dərhal sonra, kəşfiyyatçı arı qaça-qaça gəlib işçi arıların qarşısında dayanır və deyir.)

Kəşfiyyatçı arı – Mən, kəşfiyyatçı arı, axtardım və nektarla zəngin çiçəklər tapdım. İndi sizə o çiçəklərin yerini göstərəcəyəm.

(Kəşfiyyatçı arı işçi arıların qarşısında arı rəqsini nümayiş etdirir. O, işçi arılara nektarla zəngin çiçəklərin yerini söyləyir, pətəyə qayıdır. İki işçi arı sağa, ikisi sola nektar toplamağa gedir. İşçi arıların nektar toplama səhnəsi musiqi ilə müşayiət olunur.  Musiqi bitən kimi pətəyə qayıdırlar.)

Kəşfiyyatçı Eşşəkarının səhnəsi

(Musiqi ilə müşayiət olunur. Eşşəkarısı auditoriyaya daxil olur, dövrə vurub səhnəyə qalxır. Bal arısının nektar yığdığını görür. Onun hara uçduğunu gizlicə izləyir. Bu anda mühafizəçi arı eşşəkarısının pətəyə necə yaxınlaşdığını görür.)

Mühafizəçi arı – Təhlükə! Təhlükə! Təhlükə! Düşmən kəşfiyyatçısı buradadır! Düşmən kəşfiyyatçısı buradadır!

(Musiqi ilə müşayiət olunur. Mühafizə arısı eşşəkarısının qarşısını almağa çalışır. Lakin eşşəkarısı yaxınlaşıb pətəyə nişan qoymağa nail olur. Bu zaman pətəkdən daha 5 gözətçi arı çıxıb onu mühasirəyə alır. Eşşəkarısı vəziyyətin ağır olduğunu görüb qaçmağa çalışır, amma gözətçi arılar, eşşəkarısının qaçmasına imkan vermirlər.)

Mühafizəçi arı 1 – O, düşmən kəşfiyyatçısıdır. Qoşunları ilə geri qayıtmaq üçün pətəyimizin üstünə işarə qoydu. Qaçmasına imkan verməyəcəyik! (Hamı bir səslə). – Qaçmasınana imkan verməyəcəyik!

Mühafizəçi arı 2 – Biz düşmən kəşfiyyatçı arısının qaçmasına imkan verməyəcəyik! Biz cəsur mühafizəçilərik! (Hamısı bir səslə). – Biz cəsur mühafizəçilərik! Biz düşməni ələ keçirməliyik! Hamısı bir səslə). – Düşməni ələ keçirməliyik! Onu əsir götürməliyik! (Hamısı bir səslə). – Onu əsir götürməliyik! (Sözün hər təkrarından sonra arılar eyni vaxtda nizənin küt tərəfini döşəməyə vururlar).

(Daha 15-20 saniyəlik döyüşdən sonra mühafizəçi arılar kəşfiyyatçı eşşəkarısını yıxıb əsir götürürlər. Pətəyə aparırlar. İşıqlar səhnədə tədricən sönür, üç-dörd saniyədən sonra isə tədricən səhər açılır. Quşlar oxuyur, arıların vızıltısı eşidilir.)

8-ci final səhnəsi

(Altı işçi arı bir-birinin ardınca iki cərgədə pətəkdən çıxır. Onlar səhnənin sağında və solunda dayanaraq dəhliz təşkil edirlər. Ardından Şahzadə ana arı pətəkdən çıxır, dəhlizlə hərəkət edib tamaşaçılara yaxınlaşır.)

(İşçi arıların rəqs səhnəsi…)

(Mahnı bitən kimi, işçi arılar özləri haqqında məlumat verirlər.)

İşçi arı 1

  1. Dostlar! Bizim iki mədəmizin olduğunu bilirsiniz? Biri ilə özümüz qidalanırıq, ikinci mədə isə çiçəklərdən topladığımız nektarları pətəyə daşımaq üçündür.
  2. Biz işçi arılar pətəyə nektar gətiririk, gənc arılar isə onu götürüb emal edirlər.

İşçi arı 2

  1. Biz bir kiloqram hazır bal əldə etmək üçün çox çalışırıq. Səkkiz milyon çiçəkdən nektar toplayırıq.
  2. Biz bal arıları, qoxuları insanlardan 1000 dəfə güclü qavrayırıq və fərqləndiririk. Bir km-dən çox məsafədən çiçəkləri iyləyə bilirik.

İşçi arı 3

  1. Biz, bal arıları, insanların əlavə emal etmədən yeyə biləcəyi qida istehsal edən yeganə canlılarıq.
  2. Bizim istehsal etdiyimiz bal, astronavtların gündəlik qida rasionuna daxildir

İşçi arı 4

  1. Biz işçi arılar bütün ailənin tam həyatına cavabdehik. Bizim işimiz pətəyin təmizlənməsindən tutmuş çiçək tozu toplamağa və ailənin təhlükəsizliyinə qədər dəyişir.
  2. Arıların inkişaf etdiyi temperatur onların hansı peşəyə yiyələnməsinə təsir edir. Ona görə də pətəkdəki temperaturu istənilən vaxt lazımı istiqamətdə tənzimləyirik.

İşçi arı 5

  1. Qışda biz yatmırıq, ona görə də qış üçün kifayət qədər qida ehtiyatımız olmalıdır.
  2. Soyuq fəsillərdə 9 aya qədər yaşaya bilirik. Ancaq yay mövsümündə ömrümüz nadir hallarda 42 gündən çox olur.

İşçi arı 6

  1. Bal yüksək temperaturda keyfiyyətini, vacib bioloji dəyər olan fermentləri itirir. Odur ki, balın yüksək temperaturla təması olmamalıdır.
  2. Balı qızartmaq olmaz? Qızdıranda tərkibində zəhərli maddə əmələ gəlir.

(Şahzadə ana arı yekun sözünü deyir.)

Şahzadə ana arı – Dostlar! Təbiəti daha da gözəlləşdirmək üçün yorulmadan çalışdıq. Nektar toplamaqla, çiçəkləri tozlandırdıq. Zəhmətimiz sayəsində ağaclarda, kollarda çoxlu meyvələr olur. Başımıza gələn əhvalatları da gördünüz. Amma biz dözdük və qalib gəldik. Unutmayın ki, Siz Vətənin igid müdafiəçilərisiniz! Vətəni, doğma təbiəti sevin və qoruyun!

(Şahzadə ana arı sözünü tamamlayandan dərhal sonra pərdə bağlanır. Bu anda bütün iştirakçılar səhnəyə çıxır, tamaşaçılarla vidalaşırlar.)

Müəllif: Şəfahət Şəfi Həsnov