17 мая 2024

ÖRDƏK VƏ QARĞA

(Valeh Heydərin “Ördək və Qarğa” təmsili əsasında)

Havalar çox isti keçirdi. Bir qara Qarğa hər gün çayın kənarında ağaca qonub axan çaya və o çayda üzən yaşılbaş ördəyə həsədlə tamaşa edirdi. Sonra çayın sahilinə enib ehtiyatla, qorxa-qorxa su içirdi. Ördək də Qarğanı görəndə onun qarşısında öz məharətini göstərirdi. Ördək suya baş vurur, qanad çalaraq suyun üzərində durur, dövrə vurub yenidən suya baş vururdu.

Ördəyin hərəkətləri Qarğanı həvəsə gətirdi və öz-özünə dedi: – Niyə mən Ördək kimi suda üzməyim? Axı mənim nəyim əskikdir? Ey, Sərçə, Göyərçin, qohumum Sağsağan siz də baxın, görün Ördək necə də xoşbəxtdir. İstidən bizim kimi nəfəsi kəsilmir. Mən də bundan sonra isti havada Ördək kimi suda üzmək istəyirəm. Sərçə, Göyərçin və Sağsağan Qarğanı fikirlindən daşınmağa çalışdılar. Amma Qarğa onları eşitmədi. Ördək Qarğanı dinləyəndə anladı ki, Qarğa suya baş vursa, batacaq. Odur ki, dedi:

— Qarğa qardaş! Sən gəl fikrini dəyiş, yoxsa suda batarsan.

— Bəs sən niyə batmırsan? Paxıllığın tutur, ona görə istəmirsən ki, mən də sərin suda üzüm, xoşbəxt olum.

— Yox, ay Qarğa qardaş! Axı mən heç vaxt görmədim bir Qarğa suda üzsün.

— Üzəcəyəm Ördək üzəcəyəm, – dedi Qarğa.

Heç kimə məhəl qoymadan suya baş vurdu. Bir dövrə vurub ucadan dedi:

— Ey quşlar, bir mənə baxın, görün necə də gözəl üzürəm. Hətta Ördək də kənarda dayanıb mənə baxır və məni qısqanır.

Elə bu an Qarğanın tükləri yaş oldu və ağırlaşdı. Qarğa hiss elədi ki, batır, qanadlarını suya çırpsa da çıxa bilmədi. Çünki qanadlarının lələkləri də yaş olmuşdu. Bir qədər keçəndən sonra Qarğa yoruldu və suda batmağa başladı. Ördək Qarğanın batdığını görüb tez suya baş vurdu və Qarğanı çayın dibindən çəkib çıxartdı. Qarğa tamam islanmışdı və qorxmuşdu, amma özünü qorxmamış kimi göstərib dedi:

— Ördək qardaş, sən niyə məni sudan çıxartdın?! Axı mən suya baş vurub dibində dincəlirdim!

Artıq kifayət qədər quş Qarğanın “məharəti”nin tamaşasına çıxmışdı. Qarğanın dediyinə hamı güldü. Qarğa isə əlavə etdi:

— Alqış lazım deyil, cənablar. Madam ki, mənə gülürsünüz, bu şounu bir daha sizə göstərmərəm.

Ördək dilləndi:

— Qarğa qardaş! Sən bilməməzlikdən bu hərəkəti etdin. Buna qədər bilmirdin ki, biz ördəklərin lələkləri suyu dəf edən və tükün islanmasının qarşısını alan xüsusi bir yağla örtülüdür. Yağlılıq suyu özünə hopdurmur və suda batmamağımızın səbəbi də budur. Sənin isə lələklərin adidir, yağla qorunmur. Buna görə də, suda tez islanır və ağırlaşır. Sən isə məni dinləmədin, səhvini də boynuna almırsan .

— Doğru deyirsən, Ördək qardaş. Mən bir səhv etdim, az qala həyatımı itirəcəkdim. Təcrübəni nəzərə almayıb məsləhətini dinləmədim. Sənə təşəkkür edirəm ki, məni xilas elədin.

Beləliklə Qarğa anladı ki, öyünüb əmin olmadığın bir işlə məşğul olmaq, həyat üçün təhlükəli ola bilər.

Müəllif: Şəfahət Şəfi Həsənov