17 мая 2024

OĞURLUQ

(Əhməd Haqsevərin “Oğurluq” seiri əsasında)

Uşaqlar üçün hekayə

Zəng çalındı, bu günün sonuncu zəngi idi. Uşaqlar kitab-dəftərlərini çantaya yığıb  evə yollanmağa hazırlaşırdılar. Bu zaman Məhəmməd qələmini yerə saldı. Ələddin bunu görsə də, yoldaşına qələmin yerə düşdüyünü söyləmədi. Məhəmməd çantasını götürüb sinfi tərk edəndən sonra  Ələddin Məhəmmədin qələmini götürüb çantasına qoydu. Bir neçə gün qələmi gizlətdikdən sonra o, qələmi çantasından çıxarıb dəftərində yazı yazmağa başladı. Fikirləşdi ki, yəqin, Məhəmmədin yadından çıxıb, tanımaz qələmini. Amma Məhəmməd Ələddinin əlindəki qələmi görcək dedi:

— Bu ki, mənim itirdiyim qələmdir!

— Yox, bu sənin qələmin deyil, yerdən tapmışam.

Elə bu an müəllim hər iki şagirdi lövhəyə çağırdı və dedi:

— Məhəmməd, söylə, görüm nədir mübahisəniz?

— Müəllim, mən qələmimi bir neçə gün bundan qabaq sinifdə itirmişdim. İndi isə həmin qələmi Ələddində gördüm və geri istədim. O isə vermir, deyir ki, mənimdir, tapmışam.

Yaxşı, – dedi müəllim. Onda sən, Ələddin, de görüm bu qələm səndə hardandır?

— Müəllim, bu qələmi mən sinifdə tapmışam. Hesab edirəm ki, tapmışamsa, mənimdir.

Müəllim hər iki şagirdi dinlədikdən sonra dedi:

— Uşaqlar, gəlin birlikdə ayırd edək, görək kimdir haqlı.

Şagirdlər əllərini qaldırdılar. Müəllim isə: – Lalə, sən söylə. – Lalə ayağa qalxıb dedi:

— Müəllim, Məhəmməd qələmini sinifdə itirib. Ələddin də o qələmi sinifdə tapıb. Şübhəsiz ki, bu Məhəmmədin qələmidir. Bunu Ələddinin özü də təsdiqləyir. Belə qənaətə gəlmək olar ki, Ələddin o qələmi sahibinə qaytarmalıdır. Çünki qələmə pul verib almamışdır. Əgər qaytarmaq istəmirsə, bu, oğurluq deməkdir. Qaytararsa, Məhəmmədə yaxşılıq etmiş olur. Başqasının malını onun icazəsi olmadan mənimsəmək oğurluq etməkdir.

Yaxşı, Lalə, otur, – dedi müəllim.

Deyilənləri dinləyən Ələddin qələmi Məhəmmədə qaytardı və anladı ki, oğurluq etmişdir.

Müəllim əlavə etdi: – Uşaqlar, bu gün biz öyrəndik ki, oğurluq etmək nə deməkdir. Ələddin də bu gün bu imtahandan uğurla çıxdı.

Müəllif: Şəfahət Şəfi Həsənov