03 мая 2024

OXŞAYA BİLMƏZ

Bir şair ömrünün imtahanıdır,
Gözləri baxmaqla qəlbin tanıdır.
O, əsərlərimin qəhrəmanıdır,
Heç kim o obraza oxşaya bilməz, —
İlk sevdiyim qıza oxşaya bilməz.

Bilmirəm ömrümə hansı dönüşdür?
Mənimçün indi də elə keçmişdir.
Bu qıza qovuşmaq lap asan işdir,
Axı əlçatmaza oxşaya bilməz —
İlk sevdiyim qıza oxşaya bilməz.

Hamı möhtacdır bir xoş sözünün,
Nə boyda dərdi var, görən, özünün?
Düzdür, bəzəyidir bu yer üzünün,
Göydə ay-ulduza oxşaya bilməz —
İlk sevdiyim qıza oxşaya bilməz.

Baxışı yaşamdır güzgülər üçün,
Sərt mübarizədir özgələr üçün.
Bəlkə, möcüzədir özgələr üçün,
İlahi ecaza oxşaya bilməz —
İlk sevdiyim qıza oxşaya bilməz.

Əlləri yadına onu salsa da,
Yerişi, duruşu canlar alsa da,
Nə qədər işvəli gözəl olsa da,
Bir sözlə, tovuza oxşaya bilməz —
İlk sevdiyim qıza oxşaya bilməz.

 Müəllif: Ziya Dilsuz