28 апреля 2025

RÖYASINDA GÖRÜNƏN HƏKİM

(Real həyatdan mistik hekayə)

2008-ci ilin iyul ayının 16-sı idi. Günün ikinci yarısında həkimin mobil telefonuna zəng gəldi, həkim telefonu açdı:

— Alo, buyurun, Sizi dinləyirəm.

— Salam həkim!

— Salam! – zəng edən bir qadın idi.

— Həkim, yaşlı bir xəstəmiz var, xəstəliyi ağırdır. Amma xəstəmizi mütləq qəbulunuza gətirməliyik ki, Siz ona müalicə yazasınız!

— Xanım, vəziyyəti ağırdır deyirsiniz. Bəlkə ünvanı verəsiniz, mən özüm gəlim, xəstəni yerində müayinə edim?

— Həkim, biz Tovuz şəhərində yaşayırıq. Özümüz Lənkərana gəlmək istəyirik. İcazə verin xəstəni gətirək. Planımızı dəyişə biləcək çox mühüm bir səbəb olmazsa, şənbə günü günorta saatlarında Lənkərana çatarıq.

— Yaxşı xanım. O zaman mənə xəstənin vəziyyəti haqqında və onun problemləri barədə qısa məlumat verin. Bəlkə gücüm xaricində bir məsələdir.

— Həkim, xəstə 59 yaşında bir qadındır… Əminik ki, bu xəstənin müalicəsi Sizinlə bağlıdır!

— Əmin olmağınızın səbəbi nədir, bilmirəm. Amma, gələndə xəstənin xəstəliyinə dair bütün sənədləri götürməyi unutmayın.

— Unutmarıq həkim, Allah Sizdən razı olsun. Mütləq gələcəyik.

— Yaxşı, xanım, Allaha əmanət olun.

… Həftənin altıncı günü idi, günorta saatlarında həkim xəstəni gözləyirdi ki, zəng gəldi.

— Salam həkim! Biz gəlmişik, Lənkəranda “Ləvəngi” deyilən ərazidə, avtovağzalın yanındayıq. Ünvanı deyərdiniz.

— Bir taksi sürücüsünə yaxınlaşın, ünvanı ona söyləyim, Sizi müşayiət etsin.

10-15 dəqiqədən sonra həkim Tovuzdan gələn qonaqları qarşılamaq üçün küçəyə çıxdı. O, gələn qonaqların maşınını uzaqdan görmüşdü. Maşının yanında bir qadın durub ətrafa baxırdı. Maşına 25-30 metr qalmış, qadın həkimi gördü. Əlini həkimə tərəf uzadıb maşındakılara dedi:

— Odur, odur deyirəm sizə. Gördüyüm həkimdir.

Həkim onlara yaxınlaşıb salamlaşdı və soruşdu:

— Tovuzdan gələn Sizmisiniz?

— Bizik, həkim, nə yaxşı ki, sizi tapdıq.

— Həkim xəstəni və onunla gələnləri evə dəvət etdi. Yol gəlmisiniz dedi: – bir qədər dincəlin, çay için, yemək yeyin.

— Çox sağ olun, həkim. Biz yol gələndə yemək yemişik. Bizim dərdimiz xəstəmizdir. Ona baxmağınızı, fikrinizi bilmək istəyirik.

— Həkim xəstədən harada çalışdığını soruşdu. Çünki danışığından tibbi biliyi olan bir insan olduğunu duymuşdu.

— Mama-ginekoloqam – dedi, uzun illər şəhər xəstəxanasında çalışmışam.

Xoşsifət bir qadın idi. Ağır bir xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq üzündəki nur əskilməmişdi. Bir də həkim anlaya bilmirdi, nə üçün qəbuluna gəldiklərinə və onu gördüklərinə görə bu qədər sevinirdilər.

Gülnarə xanım həkim üçün ağır bir xəstəlikdən əziyyət çəkən növbəti bir xəstə idi. Həkim xəstənin xəstəlik tarixçəsini alıb: – istirahət edin – dedi. – limonlu çay için, mən də xəstəlik tarixçənizlə tanış olum.

— Yaxşı, həkim. Lənkəranın limonlu çayından imtina etmərik, – dedi – Sevinc xanım, – həkimə zəng edən qadın.

Həkim xəstəlik tarixçəsi ilə tanış oldu, müayinələri tədqiq etdi və vəziyyətin gərgin olduğunu gördü. Amma, daxilində bir xoş hiss vardı. Çünki xəstənin ağır durumuna baxmayaraq, uzun bir yol qət etmişdi. Həkimin ona kömək edə biləcəyi ümidiylə gəlmişdi. Artıq bir saata yaxın idi ki, həkim sənədləri araşdırırdı. Gülnarə xanım çox sayda müayinələrdən keçmişdi. Həkim həmkarının üzülməsini istəmirdi. Araşdırma bitəndən sonra həkim dedi:

— Gülnarə xanım, sənədləri araşdırdım. İndi öz sözlərinizlə Sizi narahat edən nə varsa hamısını danışın, mən də vacib qeydləri aparım.

Nəhayət, müayinə bitdi, növbə müalicəyə çatdı.

— Gülnarə xanım, Sizə müalicə təyin edəcəyəm, həm də dərman bitkilərindən çay hazırlayacağam. Müalicəyə başlayarsınız. Müalicə dövründə müntəzəm əlaqəmiz olacaq, bəzi dərmanların qəbul qaydalarında müalicə prosesində dəyişikliklər ola bilər. Düşünürəm hər şey yaxşı olacaq.

Bu zaman Sevinc xanım həkimdən soruşdu:

— Həkim, Sizcə Gülnarə xanımın yaşamaq şansı nə qədərdir?

— Sevinc xanım, ömrü Allah verir. Həkim mümkün dərman vasitələri ilə xəstəni sağaltmağa çalışan bir insandır, biləsiniz. Allahın izni ilə müalicənin Gülnarə xanıma xeyri olacaq. Düşünürəm bundan sonra hələ on bir il qalmış ömrünü yaşayacaq.

Həkimin qeyri ixtiyari “bundan sonra hələ on bir il qalmış ömrünü yaşayacaq” cümləsini deməsi hamıda şok effekti yaratmışdı və bir dəqiqəlik pauza yarandı.  Həkim özü də anlamağa çalışırdı, nədən bu ifadəni işlətdi. O, dəqiq bilirdi ki, bu tip xəstələr tibbi praktikada qısa zamanda dünyasını dəyişirlər. Odur ki, Sevinc xanım haqlı olaraq dedi:

— Həkim, bilirəm, Siz bizə ümid vermək istəyirsiniz. Biz artıq çox yerdə olmuşuq. Xəstənin diaqnozunu oxuyan həkimlər “bu xəstəliyin müalicəsi yoxdur” dedilər. Hətta dedilər ki, üç ay ərzində dünyasını dəyişəcək. Artıq bir ayı geridə qaldı.

Həkim Sevinc xanımım sözlərinə gülümsəyib dedi:

— Həkim Allah deyil ki, kimin nə qədər yaşayacağına qərar versin. Təxmin ediblər əlbəttə. Amma Allahın varlığına, gücünə inanan insan o sözləri xəstəyə söyləməz. Bir az bundan əvvəl mən də qeyri-ixtiyari bir söz söylədim və dedim: – Gülnarə xanım hələ 11 il yaşayacaq. Ciddiyə almayın, amma Allahdan ümidlərinizi də qırmayın. Allah duaları eşidəndir, ona görə də dualarınızı əsirgəməyin.

— Gülnarə xanım: – Çox sağ olun həkim. Siz bu gün yaşamaq üçün mənə böyük bir stimul verdiniz. İnanıram ki, bu hələ ömrümün sonu deyil. İnşallah dediyiniz kimi olacaq və Allah məni bir-iki il də yaşadacaq.

— Gülnarə xanım, Siz artıq ölüm haqqında deyil, gələcək planlarınız haqqında düşünün. Xəstəliyiniz haqqında deyil, xoş xatirələrdən danışın, sevdiyiniz insanların içində özünüzü bir xəstə kimi deyil, sağlam insan kimi təqdim etməyə çalışın. Heç vaxt özünüzə qapanıb ölümünüzü gözləməyin. Allah şəfanızı versin.

— Sevinc xanım: – Həkim, Siz heç maraqlanmadınız, biz Sizi necə tapdıq.

— Sevinc xanım, telefon nömrəm çox insanlarda var. Nömrəmi əldə etmək çətin deyil.

— Həkim heç də elə deyil. İcazə versəniz bir əhvalat danışardım.

— Buyurun, danışın Sevinc xanım.

— Həkim, Gülnarə xanım yoldaşımın əmisi yoldaşıdır. Yoldaşını erkən itirib, bir həyətdə yaşayırıq. Biz onu o qədər çox istəyirik ki, günlərimiz bir yerdə keçir. Onsuz çox darıxırıq. Gözəl insandır, bizə çox doğmadır, xəstəliyi bizim şəxsi bəlamıza çevrilib. Ona necə yardım edə biləcəyimiz haqqında gücə-gündüz düşünürdüm. Gülnarə xanım sonuncu dəfə müayinədən gəldi, çox pərişan idi, çünki həkim ona maksimum üç ay yaşaya biləcəyini söyləmişdi. Bizə əvvəl bu barədə demək istəməsə də, həkimdən vəziyyəti ilə bağlı öyrəndik. Mən çox pis oldum, hətta yuxum qaçmışdı, rahat yata bilmirdim. Günlərin bir günü gecəni demək olar ki, yatmamışdım, amma səhərə yaxın yuxu məni aparmışdı. Yuxuda bir ucaboy, ağ saqqallı, ağ saçlı nurani bir kişi əlindəki əsa ilə məni oyatdı, mən oyandım, amma yuxuda. O kişi mənə saqqallı, hündürboy başqa bir kişini göstərib, adını, harada yaşadığını dedi: – Gedin, bu insan Gülnarənin dərdinə çarə qılacaq. – Səhnə bitdi. Mən səhər durdum və adi yuxudur deyə heç əhəmiyyət belə vermədim. Bu barədə heç kimə heç nə söyləmədim. İki gündən sonra eyni yuxu təkrarlandı. Ağsaqqallı nurani kişi yenə yuxuma gəldi və mənə acıqlandı: – Mən sənə demədimmi ki, xəstəni Lənkərana aparın? Amma mən nədənsə adınızı yadımda saxlaya bilmədim. Bu yuxunu Gülnarəyə danışdım. Ondan sonra Sizi müxtəlif yollarla axtardıq. Bir aya yaxın idi ki, axtarırdıq, tapa bilmirdik. Tovuzda hərbi hissədə xidmət edən bir zabit tapdıq. Öyrəndik ki, tezliklə Lənkərana ailəsinə dəyməyə gedəcək. Ondan xahiş elədik ki, Lənkəran Mərkəzi Xəstəxanasında Sizi araşdırsın. Xəstəxananın baş həkimi “Ştatımızda saqqallı həkim yoxdur” – demişdi. Əlimiz üzülmüşdü, düşünürdük ki, belə bir insan yoxdur, bu yuxudur. Lakin günlərin bir günü Tovuzda mənim cehizlik mağazama iki gənc xanım gəldi. Onlar aralarında danışırdılar, birdən mənə elə gəldi ki, o qızlardan biri Lənkəran ləhcəsi ilə danışır. Odur ki, soruşdum:

— Ay qız siz Lənkərandan deyilsiniz?

— Lənkərandanam, niyə soruşursunuz?

— Sizdən bir Lənkəranlı həkim haqqında məlumat ala bilərəmmi?

— Xanım, mən həkimləri tanımıram, amma mənim bacım və yeznəm həkimdirlər. Bəlkə onlar tanıyarlar. Siz o həkimin adını deyin, mən zəng edim soruşum.

— Xanım, adı yadımda deyil. Hündürboyludur, saqqalı var, saçları da çoxdur.

— Xanım, Siz kimi deyirsiniz bilmirəm, amma söylədiyiniz adam mənim yeznəmə oxşayır və adınızı söylədi.

O qız həkimin adını deyəndə bildim ki, yuxuda mənə deyilən həkimin özüdür. Bir aya yaxın axtardığımız həkimi beləcə tapdıq və anladıq ki, bu işdə bir hikmət var. Onda mən qızdan soruşdum:

— Sizin burada nə işiniz var?

— Bir gün sonra toyumuz olacaq. Toyum 2 gün öncə Lənkəranda olmuşdur. Oğlan toyu da burada olacaq. Yoldaşım isə əslən Tovuzdan olsa da Bakıda yaşayır. Yanımdakı qız da yoldaşımın bibisi qızıdır.

— Nə yaxşı oldu ki, mağazama gəldiniz, Sizinlə rastlaşdım! Siz həkimin telefonunu mənə verə bilərsiniz? Olar dedi və telefon nömrənizi mənə verdi. Sonra mən Sizə zəng elədim.

Həkim əvvəllər də bu cür hadisələrlə rastlaşmışdı deyə, Sevinc xanımın söylədiklərinə çox da təəccüblənmədi.

Gülnarə xanım isə 3 aylıq baryeri hiss etmədən aşdı. Onu vaxtaşırı müayinə etmək üçün həkim özü də Tovuza tez-tez gedirdi, yeni müalicə təyin edirdi. Gülnarə xanım eyni zamanda Tovuzda həkim dostlarının nəzarəti altında idi. Zaman keçdi və on bir il sonra 2019-ci ildə Gülnarə xanım vəfat etdi.

Müəllif: Şəfahət Şəfi Həsənov