03 мая 2024

FƏDƏKAR PİŞİK

Uşaqlar üçün hekayə.

Balaca Malik məktəbdən evə gələndə, qarşısına yolu keçmək istəyən bir qara pişik çıxır. Elə bu an Malik düşünmədən yerdən bir daş götürüb pişiyə atır. Atdığı daş yazıq pişiyin düz başına dəyir. Ucadan miyoldayan pişik tez geri dönüb qaçır və kolların arasında gizlənir.

Bu günahsız pişik hardan bilsin ki, Malik qara pişiyi sevmir. Bilsəydi onun qarşısına çıxmazdı. Əslində bu amansız hərəkətin səbəbkarı Malikin xalası olub. Çünki bir neçə gün əvvəl xalası ilə anası söhbət edərkən yaxınlıqda olan Malik onların söhbətini eşidibmiş. Söhbət əsnasında xalası deyib: – Bacı, son vaxtlar problemlərim artıb. Sanki yolumdan qara pişik keçib.

Malik evə gələndən sonra atası Əyyuba yaxınlaşıb fəxrlə deyir: – Ata, bu gün mən məktəbdən qayıdanda yolda qarşıma bir qara pişik çıxdı. Yolu keçmək istəyirdi, amma mən bir daş götürüb ona atdım, pişiyə yolu keçməyə imkan vermədim. Daşı elə dəqiq atdım ki, düz pişiyin təpəsinə dəydi. Pişik bərkdən miyoldayıb tez kolluqda gizləndi.

Əyyub oğlunu dinlədikdən sonra deyir: – Gəl, oğlum, yanımda otur və diqqətlə mənə qulaq as! Bəzi inanclara görə qara pişik bədbəxtliyin xəbərçisi kimi təqdim olunur. Digər inanclara görə, evdə yaşayan qara pişik uğurlar gətirir. Həyatda inanclar insanları yanlış düşünməyə vadar edir. Beləliklə, sənə bir qara pişik haqqında hekayə danışacağam.

İllər öncə bizim evdə bir qara pişik yaşayırdı. O çox gözəl, ağıllı və təmizkar olduğu üçün, anan ona Yaraşıqlı adı vermişdi. Bir gün bacıların Mədinə və Türkay bağçamızda çiyələk yığmağa getmişdilər. Yaraşıqlı da həmin vaxt onların yanında imiş. Yaraşıqlı Mədinə və Türkayı çox sevirdi və onlardan uzaqlaşmaq istəmirdi. Birdən hardansa bir qara ilan peyda olur və bacılara tərəf sürünür. Bunu görən Yaraşıqlı dərhal ona hücum etmiş, döyüşmüş və ilanın başını dişləri ilə əzmişdi. Amma bu döyüşdə zəhərli ilan pişiyi dişləməyi bacarmışdı.

O vaxt Türkay ilə Mədinənin qışqırığına ilk qaçan mən oldum. Yaxınlaşanda Yaraşıqlının yerdə uzandığını və yanında böyük bir ölü ilan gördüm. Onda dərhal pişiyi həkimə apardım, təəssüf ki, onu xilas etmək mümkün olmadı. Sonra Mədinə ilə Türkay uzun müddət Yaraşıqlı üçün darıxdılar. Sən isə bir neçə il sonra dünyaya gəldin.

Bu Yaraşıqlı adında pişiyimizin fədakar qəhrəmanlığı idi. O hər zaman bizim yaddaşımızda yaşayır və yaşayacaq. Unutma, oğlum! Faydasız ev heyvanları olmur. Ev heyvanları onları sevən sahiblərinə çox sadiqdirlər. Təhlükə, təhdid hiss etdikdə dərhal sahiblərini qorumağa çalışırlar. Buna görə, ev heyvanlarını incitmək və onlara əzab vermək olmaz!

Müəllif: Şəfahət Şəfi Həsənov