06 мая 2024

VƏFALI PİŞİK

Uşaqlar üçün hekayə

Kənddə bir ailə yaşayırdı və onların Aslan adlı pişiyi, iki inəyi, altı qoyunu və çox sayda ev quşları var idi. Günlərin bir günü ailə üzvləri kənd həyatından yorulduqlarını dilə gətirib şəhərə köçmək qərarına gəldilər. Bu səbəbdən Aslandan başqa bütün ev heyvanlarını bazara çıxarıb satdılar.

Heyvanları satandan sonra əşyalarını da maşına yükləyib evin və həyətin qapılarını qıfıllayıb kəndi tərk etdilər. Ev sahibləri bir yerə gedəndə Aslan üçün eyvanda yemək qoyurdular. Bir neçə günlüyə yola çıxanda isə heyvanlara baxmağı qonşu Çimnaza tapşırırdılar. Amma bu dəfə həmişəlik getdikləri üçün Aslanı taleyin ümidinə buraxdılar.

Sahibləri gedəndə Aslan onların tezliklə qayıdacaqlarını düşünür və hər gün həyətin qapısında onları gözləyirdi. Çünki sahiblərinin himayəsində ev yeməkləri ilə qidalanan Aslan, indi yemək tapmaqda çətinlik çəkir, ac qalırdı. Yaxşı ki, həyətdə su dolu hovuz vardı, susuz qalmırdı.

Aslan ac qalanda həyətdən çıxmadan özünə yemək tapmağı bacarırdı. Aradan xeyli vaxt keçməsinə baxmayaraq, Aslan hələ də sahiblərinin qayıdacağına ümid edirdi. Hər səhər oyanıb evdə tək olduğunu görür və məyus olurdu. Sahibləri evdə olanda səhər tezdən durur, ev yeməkləri yeyir, həyət-bacanı gəzirdi. Sonra rahatca eyvanda uzanıb ətrafı seyr edərdi. İndi isə səhərlər ona yemək verən bir kimsə yox idi. Buna görə də Aslan hər gün həyət-bacanı gəzərək darvazanın yanındakı qızılgül kolunun altında uzanıb sahiblərinin qayıtmasını gözləyir və o anı qaçırtmaq istəmirdi.

Bir gün Aslan həyət qapısını açmağa çalışan kimlərinsə səsini eşitdi. Tez qalxıb qapıya yaxınlaşdı. Bu zaman qapı açıldı və həyətə kənar adamlar – bir kişi və bir qadın daxil olurlar. Bu insanlar ona tanış idi, çünki onlarla bir neçə gün öncə qarşılaşmışdı. Həmin vaxt onlar ev sahibi ilə həyəti, evi, bağı gəzmişdilər. Amma indi sahibləri evdə yox idi, bəs yenə niyə gəliblər? — fikirləşirdi Aslan.

Aslan onların ətrafında dövrə vurub yüksək səslə miyoldayıb onları dayandırmaq istədi. Amma nə qadın, nə də kişi ona fikir vermirdi. Kişi evin qapısını açmaq istəyəndə Aslan ona mane olmağa çalışdı. Pişiyin aqressiv davranışını görən qadın qəzəblənərək yerdən bir odun parçası götürüb Aslana atdı. Aslan həyatını xilas etmək üçün tez eyvanın altına girib qaranlıqda gizləndi.

Aslan az sonra anladı ki, doğulduğu bu evdə başqaları yaşayacaq. Çünki onların davranışı buna işarə idi. Bundan əlavə qadının pişiklərə qarşı olan münasibəti Aslanı narahat edirdi. O, qaranlıqda eyvanın altında gizlənib ilk dəqiqələrdə nə edəcəyini bilmədi.

Aslan yalnız gecələr və ya sahibləri evdə olmayanda sığınacaqdan çıxırdı. Bağda İmkan olanda ov edir və ya ev sahiblərinin tulladığı yemək qalıqları ilə qidalanırdı. O yaşamaq üçün mümkün olan hər şeyi edirdi.

Aylar keçdikcə Aslanın həyatı tədricən dəyişməyə başladı. İndi o asanlıqla ov edib özünə yemək tapırdı. Bağ baxımsız vəziyyətdə idi, hər yerdə yabanı bitkilər bitmişdi. Əslində Aslanın ov şəraiti daha da yaxşılaşmışdı. Amma nədənsə evin yeni sahibləri bağçanın vəziyyətindən narahat deyildilər.

İsti yay günlərinin birində Aslan həmişəki kimi eyvanın altında uzanıb ətrafa seyr edirdi. Bu zaman evin xanımı həyətdəki dəmirağacın kölgəsində həsir üzərində uzanıb dərin yuxuya getmişdi. Aslan birdən bağdan bir ilanın qadına tərəf süründüyünü gördü. O, bir göz qırpımında hücuma keçib ilanın quyruğundan tutaraq onu kənara atdı. Sonra əsl ovçu kimi zəhərli ilanın başını dişləri ilə əzərək onu öldürdü. İlanın öldüyünə əmin olan Aslan qadının ayağının yanında həsirin üstündə uzanıb özü də yuxuya getdi.

Bir müddətdən sonra qadın yuxudan oyandı və ayaqlarının yanında yatmış pişiyi gördü. O, cəld əlini uzadıb ağaca söykənmiş süpürgəni götürdü və qəzəbli halda Aslanı qovdu. Geri dönəndə həsirin bir addımlığında ölmüş ilanı görəndə böyük qorxu hissi yaşadı. Elə bu zaman qadın düşündü ki, bəlkə pişik olmasaydı, ilan onu sanca bilərdi. Xilaskarına qarşı ədalətsiz davrandığına görə peşman olan qadın, daha sonra pişiyin adını öyrənmək üçün tez evin əvvəlki sahibinə zəng etdi.

Pişiyin adını öyrəndi və mükafat olaraq evin eyvanında Aslan üçün rahat bir yer hazırladı. Bir qabda təmiz su, digərində isə yeni bişmiş yeməklər töküb şirin səslə pişiyi çağırdı: – Aslan, Aslan yeməyə gəl. Adını eşidən Aslan, çox sevindi ki, qadın onun adını şirin səslə çağırır. Çəkinə-çəkinə olsa da, sığınacaqdan çıxdı və qadına yaxınlaşdı. Qadın pişiyi ehtiyatla sığalladı və qabağına yemək qoydu. Aslan də əvəzində quyruğunu yellədib qadının gözlərinə baxaraq gözlərini bir neçə dəfə yumub-açdı. Beləliklə, sevgisini ona göstərib yeni sahibini qəbul etdi.

Müəllif: Şəfahət Şəfi Həsənov