17 мая 2024

MÜHARİBƏ FACİƏSİ

(Esse)

Müharibə – kütləvi insan münaqişəsinin ən dəhşətli və qəddar formasıdır. Müharibə dağıntı, insan ölümü, göz yaşı, iztirab, aclıq, fəryad və qorxu hissidir. Müharibə – insanın insana qarşı qeyri-insani rəftarıdır. Müharibə bəşəriyyətə qarşı cinayətdir.

Müharibə – yuxusuz gecələr və ürək ağrısı ilə müşayiət olunan kədərli günlərdir. Müharibə insanı qəddarlaşdırır və başqa insanların dərdlərinə biganə edir. O, cəmiyyətin mənəvi əsaslarını sarsıdır. Ailə dəyərlərinə toxunur, sevgi və dostluq prinsiplərinə kölgə salır. Dinc və xoşbəxt həyata mane olur, məyusluq gətirir. Müharibədə insan mənəvi tənəzzül yaşayır, qorxunun girovuna çevrilir.

Müharibə – anaların, ataların, bacıların, qardaşların, yeni ailə qurmuş qadınların və nişanlı qızların qorxulu röyasıdır. Çünki müharibədən hər kəs sağ-salamat qayıtmır. Müharibədə şəhidlər, qazilər, itkin düşən əsgərlər, əsirlər olur. Ən dəhşətli faciə isə, müharibə iştirakçıları olmayan körpələrin, hamilə qadınların şikəst olması və ölümüdür.

Vətən uğrunda şəhid olan bir əsgərin anasından başqa kimsəsi yox idi! Ərini erkən itirmiş ana, oğlunu tək böyütmüşdü. O anaya oğlunun ölüm xəbərini kim çatdıracaq? Bu xəbərə ananın ürəyi dözəcəkmi?

Hələ bir neçə gün öncə ana oğlunu necə evləndirəcəyini xəyal edib fikirləşirdi: – Oğlum evlənəcək, mənə çoxlu nəvələr verəcək, ailəmiz böyüyəcək, xoşbəxt bir ailə olaraq yaşayacağıq. Bu istək, həm də oğlunun arzusu idi, – deyir ana. Lakin ananın bütün arzuları bir anın içində yox olmuşdu. «Sınmış” ana ürəyi bu yükü necə daşısın?

Bir gün anasının röyasına gələn oğul deyəcək: – Ana, bağışla məni! Qayıtmadım, bu qatil müharibə canımı aldı. Qəlpələr gözlərimi kor etdi, evin yolunu qaranlıqda tapa bilmirdim, anacan! Bu zaman ana oğlunu qucaqlamaq üçün irəli addım atacaq, ancaq o, gözü önündən itəcək. Bəzən ürəyi parçalanmış ana dözməyəcək, oturub oğluna qəmli layla oxuyacaq. Ömrünün bitdiyini, taqətinin qalmadığını hiss edən kədərli ana, bu dünyadan köçdükdən sonra mütləq övladına qovuşmağı xəyal edəcək…

Müharibədə həyat yoldaşını və oğlunu itirmiş ananın qaynar göz yaşları sinəsində donacaq, həyat onun üçün əbədi dayanacaq. Ananın həssas və kövrək ürəyi bu qədər böyük itkiyə necə dözsün, bilən varmı?

Müharibədə yeganə oğlunu itirən atanın yükünü heç kim daşıya bilməz! Məlumdur ki, əvəzi olmayan itkinin təsəllisi yoxdur! Bu itkini yaşayan atanın ürəyində qəhər dağı yaranacaq. Bu dağ buz dağı olmayacaq, hansı ki, zaman keçdikcə əriyib yox olur. Bu dağ atanın ürəyində soyuyaraq daşa çevrilmiş göz yaşlarıdır. Bu dağ fasiləsiz olaraq, atanın ömrünün son gününə qədər böyüyəcək…

Gənc yaşlarında həyat yoldaşını müharibədə itirən qadın ömrü boyu kədər yaşayacaq. O, ömrünün sonuna qədər təsəlli tapmayacaq və ərinin ölümünü heç vaxt unutmayacaq. O, acı hisslərlə yaşayacaq, şirin yuxular görməyəcək. Gənc ana övladını dərd içində atasız böyüdəcək. Bu uşaq bir daha atasının nəvazişlərini görməyəcək…

Müharibədə yeganə övladını itirmiş yaşlı valideynlərin dərdləri çox böyükdür. Bu halda övlad itkisini yaşayan valideynlər soyqırıma bərabər bir ailə faciəsi yaşayacaqlar. Çünki yeni uşaq dünyaya gətirə bilməyən valideynlər üçün həyat bitəcək. Bu valideynlər heç vaxt təsəlli tapmayacaqlar, üzləri gülməyəcək, xoşbəxt olmayacaqlar.

Müharibənin iştirakçıları olmayan günahsız körpələrin, hamilə qadınların ölümünü görəndə insan dəhşətə gəlir. Müharibədə minlərlə, hətta milyonlarla günahsız insanlar öldürülür. Təbii resurslar və canlı təbiət məhv edilir, insanın insan olma faktorunu göstərən mənəviyyat və  mədəniyyət yox olur. Bütün bu kimi neqativ hallar insanı insanlıqdan məhrum edir!

“Müharibə dəhşətli insan faciəsidir və heç vaxt təkrarlanmamalıdır”. Müharibə – insan ürəyində böyük mənəvi xoradır. Çünki qanlı döyüşlərdə həlak olan dostlarının, döyüşçülərinin meyitlərini tez-tez görən insan, bunun onun başına gələ biləcəyindən qorxmur, çəkinmir, əksinə, daha da qəddar və amansızlaşır.

Müharibə insanları insani dəyərlərdən məhrum edir. Bu faciəni yaşamış kimsə bir daha əvvəlki insan olmayacaq. Qurduğu xəyallar belə dəyişəcək.

Həcminə görə çox da böyük olmayan Yer kürəsi çoxsaylı canlıların, həmçinin insanların yeganə evidir. Bu evi qorumaq, ona zərər verməmək, insanların ən vacib məsələlərindən biridir. Lakin insanlar Yer kürəsini məhvə aparan qeyri-adekvat addımlar atırlar. Eyni zamanda özlərini məhvə apardıqlarını düşünmürlər. Niyə bu kiçik və həssas dünyamızda insanlar yekdil bir qərara gəlib, müharibələri durdura biləcək həqiqi bir güc strukturu yaratmırlar? Niyə mürəkkəb, həm də qlobal xarakterli mübahisələr tez bir zamanda ədalətli şəkildə həll edilmir? Bu məsələlərin həllini bilən insanlar yoxdurmu dünyada?

Suallar çox olsa da, insan onun həyatına əks müdaxiləsi olan bütün qlobal məsələlərin həll yolunu tapmalıdır. İnsan atdığı addımların məsuliyyətini dərk etməli, öncədən nəticəsini bilməlidir.

Böyük müharibənin faciəsindən sağ çıxan insan yenidən o dəhşətli anları yaşamaq istəyəcəkmi? Təbii ki, yox! O, bu qanlı dəhşəti bir daha yaşamaq istəməz! Bu sualı uşaqlara, böyüklərə, qocalara versəniz, cavabları yalnız “Müharibəyə yox”, “Müharibəyə son” və “Bu dünyada əbədi sülh” olacaq.

Müəllif: Şəfahət Şəfi Həsənov