Şair Müşfiq Cəbiyə
Dağlar oğlu, çağır dağlar qoynuna,
Ocaq çataq o dağların başında.
Qol dolayaq zirvələrin boynuna,
Ocaq çataq o dağların başında.
Tarixlərdən gəlir səsi dağların,
Min sirr açır əfsanəsi dağların.
Eşq qoxuyur gül nəfəsi dağların,
Ocaq çataq o dağların başında.
Zirvələrin döyər elə qar, külək,
Qürurunu əyə bilməz kor fələk.
Qartalların «qıy» səsinə səs verək,
Ocaq çataq o dağların başında.
Dağ çiçəyi şeh suyunda çiməndə,
Dağlar qızı vədə versin çəməndə.
Gözəllikdir bizi salan kəməndə,
Ocaq çataq o dağların başında.
Məhəbbətlə nəğmə ötür dağ çayı,
Saflıq varmı bu saflıqdan savayı.
Tanrı bizə çox ayırıb eşq payı,
Ocaq çataq o dağların başında.
Bu dağların od qəlbində eşq yatır,
Dost yolunda möhkəm dayan, arxa dur.
Nə yaxşı ki dağlar bizə arxadır,
Ocaq çataq o dağların başında.
Dağlar kimi sinə gərək hər aha,
Dağlar kimi salam verək sabaha.
Dağlar kimi yaxın olaq Allaha,
Ocaq çataq o dağların başında.