17 мая 2024

BİR PƏTƏYİN SAKİNLƏRİ

Uşaqlar üçün

Poema

Ay uşaqlar, arılar
Haqqında nə bilirsiz?
Arıdan qorunmağa
Niyə çalışırıq biz?

Arılara təhlükə
Olmasa, çalmaz bizi.
Arı pislik görməsə,
Çətinə salmaz bizi.

Arılar bal düzəldir,
Artıq bunu bilirik.
Balın da gözəl dərman
Olduğunu bilirik.

Bir kənddir, qəsəbədir
Doğrusu, hər pətək də.
Yazılmamış qanunlar
Hökm sürür pətəkdə.

Hər pətəyin özündə
Güclü qayda-qanun var.
Arının həyatına
Həsəd aparmaq olar.

Yaxşı tanımaq üçün
Sözü onlara verək.
Arıların həyatı
Necə ötüşür görək.

BAL ARILARI

Adımız bal arısı,
Zəhmətkeşlər nəsliyik.
Ürəkdən işləməyə
Hamımız həvəsliyik.

Hər gün zəhmət çəkirik,
Sərvətimiz bol olsun.
Gətirdiyimiz nektar
Yığıldıqca bal olsun.

Bizi heç incitməyin,
Ay uşaqlar, amandır.
Axı, verdiyimiz bal
İnsanlara dərmandır.

Bizə hörmət edəni
Biz də razı salarıq.
Bizə pislik edəni
Dalayarıq, çalarıq.

ANA ARI

Mən bir ana arıyam,
Hamı mənim balamdır.
Bu arı pətəyi də
Mənim evim, qalamdır.

Pətəkdə hər arının
Öz işi-peşəsi var.
Qanuna qulluq edir
Burda bütün arılar.

Qanunu pozmaq olmaz,
Hər bir arı dərk edir.
Qanunu pozan, bizi
Birdəfəlik tərk edir.

NƏZARƏTÇİ ARILAR

Biz də nəzarətçiyik,
Qoy bunu bilsin hər kəs.
Nektarsız gələn arı
Pətəyə keçə bilməz.

Bizim lüğətdə yoxdur
Tənbəllərə mərhəmət.
Yoxsa havayı yemək
Olacaqdır bir adət.

HƏKİM ARILAR

Biz də gərəkliyik çox,
Həkim olaraq varıq.
Xəstələnən arını
Tezliklə sağaldarıq.

Zədəli arıların
Qayğısına qalırıq.
Yedirib içirərək,
Sağlam hala salırıq.

KƏŞFİYYATÇI ARILAR

Bizim hədəfimizdir
Gül-çiçəkli sahələr.
Dolanıb hər tərəfi,
Gətiririk xoş xəbər.

Kəşfiyyatçı arıyıq,
Biz getmişdik uzağa.
Haydı, işçi arılar,
Gedək nektar yığmağa.

BAL HAZIRLAYAN ARILAR

Biz işçi arılarıq,
Əməkdir amalımız.
Halal zəhmətimizlə
Şən olsun əhvalımız.

Balın keyfiyyətini
Biz də tənzimləyirik.
Gətirilən nektarı
Sudan təmizləyirik.

Qanadlarımızla biz
Yelpik vururuq ona.
Su buxarlanıb gedir,
İşimiz yetmir sona.

DAYƏ ARILAR

Nektar toplamasaq da,
Şərəflidir işimiz.
Körpəcə arılara
Qulluq eləyirik biz.

Hər böyüyən arıya
Eyni cürdür sayğımız.
Zəhmətsevər bir nəsil
Yetişdirir qayğımız.

ERKƏK ARILAR

Qoy kimsə düşünməsin
Havayı yeyənik biz.
Nəsil artırmaq üçün
Böyükdür xidmətimiz.

SANİTAR ARILAR

Təmizlik işlərinə
Biz edirik nəzarət.
Hər sakin etməlidir
Təmizliyə riayət.

Bir zibil qırıntısı
Pətəkdə ola bilməz.
Pinti, natəmiz arı
Bizimlə qala bilməz.

HAVA TƏMİZLƏYƏN ARILAR

Hava təmizləyici
Deyilir adımıza.
Yenə qanadlarımız
Yetişir dadımıza.

Hava isti olanda,
Biz qanad çalıb bərkdən,
İsti havanı qovub
Çıxarırıq pətəkdən.

ƏSGƏR ARILAR

Biz igid əsgərlərik,
Qoruyuruq pətəyi.
Ürəyində qalacaq
Düşmənin hər istəyi.

Doğma ev-eşiyimiz
,,Qoy yaşasın!»-deyirik.
Ölərik, düşmənlərə
Təslim olan deyilik!

ARILARIN NƏĞMƏSİ-1

Əməkdədir rahatlıq,
Əməkdədir xoş həyat.
Əməklə dost olanlar
Hörmətdən düşmür heç vaxt.

Yaxşı həyat qurmağa
Hamı çalışsın gərək.
Halal qazanc yeməyə
Hamı alışsın gərək.

Zəhmətlə dostluq edib
Tənbəlliyə ,,yox» deyək.
Hörmət halala bağlı,
Halal qazanıb yeyək.

Gəlin bir-birimizə
Daim edək yaxşılıq.
Ömür uzadır ancaq
Mehribanlıq, xoş qılıq.

Yaxşılıqla yanaşaq
Hər kəsə bu dünyada.
Yaxşı əməllər ilə
Həmişə düşək yada.

Yaxşılıq etmək ilə
Ömrümüz də şən olar.
Bu dünya başdan-başa
Ətirli gülşən olar.

ARILARIN NƏĞMƏSİ-2

Zəhmətkeşik biz
Adımız arı.
Sevirik halal
Yaşayanları.

Fərasət bizdə,
Şərafət bizdə.
Ədalətliyik
Hər işimizdə.

Heç kəsi nahaq
İncitmərik biz.
Əyri işlərə
Heç getmərik biz.

Şəhid olsaq da
Hərbdə çoxumuz,
Heç bir düşməndən
Yoxdur qorxumuz.

Kamil canlıyıq
Biz bu dünyada.
Həmişə haqqı
Gətirrik yada.

Oğurluq, rüşvət
Bizə tam yaddır.
Buna görə də
Arılar şaddır.

Düz yolumuzdan
Dönmərik bir an.
Əqidəmizə
Hakimdir vicdan.

Haqsız iş görməz
Heç zaman arı.
Haqqa çağırrıq
Biz insanları.

Qoy hər kəs bizdən
Götürsün ibrət.
Biz haqsızlığa
Edirik nifrət.

Əhməd Haqsevər
Oktyabr 2022.