17 мая 2024

SANKİ KÜPƏGİRƏN QARIDIR DÜNYA

Ömrü sevə-sevə yaşayanların
Zinəti, dövləti, varıdır dünya.
Həyatda təmiz ad daşıyanların
Həyası, isməti, arıdır dünya…
Hərdən yola dikər gözünü sənin,
Salar yaddaşına yüzünü sənin,
Tanıdar özünü özünə sənin,
Tənhalıq çəkənin yarıdır dünya.
Bir zaman ən əziz adamı alar,
Talayıb qəlb evin bəlaya salar,
Ağrısı sinədə əbədi qalar,
Ömrün ah-naləli xorudur dünya…
Bəzən yalan yerə səni coşdurar,
Səbrinin kasasın vurub daşdırar,
Başını aldadıb elə çaşdırar,
Həyatın tələsi, torudur dünya…
Cavabsız suallar içində dinər,
Qəmli gözlərindən damcılar enər,
Günlərin qorxulu kabusa dönər,
Sanki küpəgirən qarıdır dünya.
Gün gələr şansını yaxşı gətirər,
Gün gələr verdiyin alıb bitirər,
Səni bu aləmdən elə götürər,
İnsanın kəfəni, gorudur dünya.
Əyyub Türkay