03 мая 2024

BU QIZ İLK SEVDİYİM QIZA OXŞAYIR

İlahi məhəbbət nəğməsidirmi?
Tanrının bir anlıq nəfəsidirmi?
Ürəyi oynatmaq həvəsidirmi?
Çiçəkli, nəğməli yaza oxşayır,
Bu qız ilk sevdiyim qıza oxşayır.

Elə göydən gəlir onun sədası.
Qüruru eşqinin olub xətası
Sığmır bu dünyaya nazı, ədası,
Nazı da o çəkən naza oxşayır,
Bu qız ilk sevdiyim qıza oxşayır

Nazla ürəklərin qapısın döyür,
Gah qəlbi oxşayır, gah qəlbə dəyir.
Hər könül açana elə «yox» deyir,
Dili dil yandıran duza oxşayır,
Bu qız ilk sevdiyim qıza oxşayır.

Sanki yenə oynar öz havasını,
Götürə bilmirəm naz havasını.
Çalır taleyimin yaz havasını,
Boğazı üçtelli saza oxşayır,
Bu qız ilk sevdiyim qıza oxşayır.

Odur yollarında yeltək əsdiyin,
Hər gün bàrışdığın, hər gün küsdüyün.
Halal süfrəsində eşqlə kəsdiyim
Çörəyə oxşayır, duza oxşayır,
Bu qız ilk sevdiyim qıza oxşayır.

Hər görən istəyir eyləsin günah.
Düşürsən gecəyə, açılmır sabah.
Baxıb gözlərinə üşüdüm, Allah,
Ürəyi soyuqdur, buza oxşayır,
Bu qız ilk sevdiyim qıza oxşayır.

Yanar oocaqdırmı, büllur sudurmu?
Olum bu, ölüm bu, həyar budurmu?
Sevdiyim o qızın yavrusudurmu?
Gözləri o şeytan gözə oxşayır,
Bu qız ilk sevdiyim qıza oxşayır.

Müəllif: Ağamir Cavad