17 мая 2024

NƏDƏN YAZAQ

Kim dünyada bəxtiyardı,
Kimə isə dünya dardı,
Fələyin min oynu vardı,
Hər birisi tuzaq, qardaş.

Sınan qəlbim dağlar qaldı,
Baxan gözüm ağlar qaldı,
Ürəyim buz bağlar qaldı,
Vurdu məni sazaq, qardaş.

Day ehtiyac yox yaraqda,
Külüngü at, qoy qıraqda,
Qəbrimizi ağ varaqda,
Qələm ilə qazaq, qardaş.

Fəraq edib mən qaçardım,
Özümə bir yol açardım,
Qanad açıb lap uçardım,
Bu dünyadan uzaq, qardaş.

Bu səbanın badı yoxdur,
Məhəbbətin adı yoxdur,
Sevginin də dadı yoxdur,
İndi nədən yazaq, qardaş.

Müəllif: Ramiz Lerikli