17 мая 2024

SƏNDƏN SONRA

Səndən sonra al şəfəqli günəşin,
Gözlərinə qara sürmə çəkmisəm.
Parçalayıb sinəmi öz əlimlə,
Bu dərdi mən ürəyimə əkmişəm.

Neyləyirəm sənsiz qalan dünyada?
Yoxluğuna layla çalan dünyada .
Yeddi milyard insan olan dünyada,
Səndən sonra tənha imiş, təkmişəm

Gunəşsiz sığınım hansı kölgəyə?
Taqət yox qolumda başıma döyə.
Güllələnib, qopub düşməsin deyə,
Göz yaşimı kirpiyinə tikmişəm

Ruhumda şimşəktək çaxdım dözümü,
Sinəmin üstünə sıxdım dözümü.
Dözümlə güləşib, yıxdım dözümü,
Üzü boz qayatək, üzü bərkmişəm.

Müəllif: Ziyafət Yəhya