28 апреля 2025

ZİYA DİLSUZUN SEVGİ HEKAYƏSİ

Real həyat hekayəsi

2014-ci il yanvar ayının 6-sı idi. Universitet foyesində bir mələk gördüm sanki. O qızı ilk dəfə idi ki, görürdüm və diqqətimi ondan ayıra bilmirdim, donub qalmışdım. Birdən baxışlarımız toqquşdu və mən qeyri-adi bir hiss keçirtdim. Əvvəllər heç vaxt yaşamadığım hiss idi. O hissi yaşayan zaman ürək döyüntülərimi eşidirdim və elə düşünürdüm ki, bu dəqiqə ürəyim yerindən qopacaq. Məni arxadan yaxınlaşan ayaq səsləri ayıltdı. Amma o mələk gözlü qızdan gözlərimi ayıra bilmirdim. Ani gördüyüm gözlərin tilsiminə düşdüyümü anlamırdım. Nə qədər zaman keçdiyini bilmirəm. Qrup yoldaşları yaxınlaşanda onlara qoşulub uzaqlaşdı. O uzaqlaşınca qeyri-ixtiyari ona tərəf addımladım. Bir neçə addım atandan sonra onun dayandığı yerə çatdım, ayaq saxladım. Mələk baxışlı qızın silueti ilk gördüyüm yerdən hələ də yox olmamışdı.

Bu qızı ilk dəfə görürəm axı,

Nə üçün doğmadır bu qədər mənə?

Bəlkə də, özümdən xəbərsiz bir vaxt

Yol tapa bilmişəm onun qəlbinə.

Nə baş verdiyini tam olaraq dərk etmirdim. Bəlkə, mən onu ilk dəfə deyildi, gördüyüm. Bəlkə də, gözlərim məndən icazəsiz o qızın ürəyinə yol tapmışdır, xəbərim olmayıb. Düşündüm və o anı xatırlaya bilmədim. Dayandığı yerin şirin qoxusu hələ də çəkilməmişdi. Ona görə də o yeri tərk edə bilmirdim.

Təkcə saçlarının qoxusu ilə

Bütün qoxuları poza biləsən.

Kaş əlində ola, elə bu anda

Özünü alnına yaza biləsən.

O andan həyatım dəyişdi, özümü yeni bir dünyada, o mələk gözlü qızın dünyasında gördüm. O qız məndən uzaqlaşdıqca dünyamın daraldığını hiss edirdim. Odur ki, hər zaman yanında olmaq istəyirdim. Sonralar o qızın baxışları ilə baxışlarım toqquşanda gözlərimin önündə sanki ildırım çaxırdı. Bəlkə, o mələyin özünün yeri, göyü, göydə üzən buludları var? – düşünürdüm. Bəlkə də, o yer, göy bizim üçün ilahidən ayrılmış bir dünyadır. Bəlkə, ona görə o dünyada bizdən başqa heç kəsi görmürəm. Necə sevməyin, sənin tovuz gözəlliyini?

Ona bəndə kimi baxımmı indi?

O da mı Tanrıdı, yeri, göyü var?

Sevməyə məcburam onu, neyləyim,

Onun tovuz kimi gözəlliyi var.

Sevdim tovuzumu, yuxularımda, gündüzlər, gecələr, həm də xəyallarımda sevdim, mələk gözlü qızı. Amma ümidlərimi qırdı, müqəddəs sevgimə “yox” dedi. Kaş ki, o «yox» sözünü sən deyil, başqası deyəydi mənə. Bir mələk gözlü sevdiyim qızdan “yox” sözünü eşitməz olaydım, bu günah adına yazılmayaydı.

Bir ümid dalıyca adam sürünə,

Uzaqdan gözünə işıq görünə,

Başqası qoy desin sənin yerinə.

O səslə «yox» demək günahdı, vallah.

Dediyin “yox” mənim ürəyimə sancılan bir oxdur, ən böyük kabusumdur. Əgər sevmirsənsə məni, “yox” demə, sus. Sus ki, ürəyim parçalanmasın, ikiyə bölünməsin. Bölünərsə, ölərəm sənsiz, günahı, babalı boynuna olar. İstəmirəm sənin telinə ziyan dəysin. Sənin kədərli göz yaşlarını görmək halım yoxdur. Razıyam, bir ömür “yox” demə, amma sus. Sən susduqca mən sənin üçün yaşayım.

Bu söz ən qəddar bir düşmənə məxsus,

Bu söz lüğətlərdə qorxulu kabus.

Razıyam, bir ömür cavab vermə, sus,

O səslə «yox» demək günahdı, vallah.

İllər ötsə də, yorulmadım, məhəbbətim tükənmədi. Ürəyimi parçaladın, yenə də ölmədim, sənin üçün yaşadım. Əzablar, işgəncə verirsən mənə, dözürəm, bilirəm ki, mənsiz tənhasan. Bir dünyan var, nədən axı o dünyanın qapısını bağlamısan? Özün də sən dörd divarın arxasında kilidlisən. Aç kilidi, gəlim görüm sənin mələk gözlərini, üzüm gülsün, gözüm doysun. “Yox” sözünü unut getsin, daha zorlama məhəbbətimi, sevgimi, vallah, günahdır.

Gördünmü, sevən kəs heç vaxt yorulmur?

Həsrəti bir an da vecinə almır,

Günahın böyüyü, kiçiyi olmur,

O səslə «yox» demək günahdı, vallah.

Hər gün səndən cavab gözləyirəm. Eşitmək istədiyim söz “razıyam sənin sevginə” deməyindi. Hər günün sabahını ümidlə gözlədim, izlədim saatları, dəqiqələri. Saniyələri saydığım gün, məni sabahlara apardı, yorulmadım, yenə də səni sevdim. Çəkdiyim əzablar sənə görədir, heç düşündünmü? Bu sevgimin sonu ikimiz üçün də məzardır. Çünki sən mənim, mən də sənin dünyanda yaşayırıq. O dünyada ki, bizdən başqa heç kəs yoxdur. Sən mənim ürəyimdə yaşasan da, sənə toxuna, gözlərinə doyunca baxa bilmirəm, darıxıram.

Dünəndən geridə qalır hər sabah,

Bəlkə də, qalmayıb çəkmədiyim ah,

Mən bağışlayaram, bəs göydə Allah?

O səslə «yox» demək günahdı, vallah.

Sən məndən uzaqlaşdıqca dünyam daralır, amma məhəbbətim tükənmir, daha da alovlanır. İlk baxışdan ürəyimi sənə təslim edəndə, mənə bu qədər əzab verəcəyini xəyal belə edə bilməzdim. Səni ilk dəfə gördüyüm yerdə siluetin qalmışdı. O zaman mən siluetinə yaxınlaşanda ilk məhəbbətin qoxusunu nəfəsinə çəkmişdim. O qoxu, anamın qoxusundan sonra yaddaşımda həkk olan, bənzərsiz bir qoxu idi. Anladım ki, bu bizim dünyamızın qoxusudur.

Günahmı etdim tovuz gözəlliyi olan bir mələyi sevdim? – bilmirəm. Sənin üçün yaşadığıma görə, mənə əzab verə biləcək qədər qəddar ola biləcəyinə inanmıram. Nədir səni dayandıran, mənə tərəf addım atmağına mane olan sədmi var? – bilmirəm.

Həqiqətdirmi, yalandırmı bu sevgi? Bəlkə, tilsiminə düşmüş bir zavallının xəyalıdır, uydurmasıdır. Bəlkə, sən mənim düşündüyüm, xəyal etdiyim qız deyilsən? Bəlkə də, təkcə sənin bildiyin bir həqiqət var və o həqiqəti üzümə deyə bilmirsən? Bəlkə də, uşaqlıqdan ağ atlı bir oğlanı sevmək xəyalı ilə yaşayan bir qızsan? Açıqla ki, günahlarını Allah bağışlasın. Bağışlasın ki, bu dünyada hər ikimiz aydınlığa qovuşaq.

Ömrünün bir hissəsi getmişdir və sabahlar daha sürətlə gəlib keçir, keçdikcə həyat qısalır, daralır. Bir də görürsən ki, tənhasan və həyatı yenidən yaşamaq şansın yoxdur. İnsan düşünməlidir ki, həyatda yaşamaq, yaşatmaq şansını zorlamaq, zamana qarşı getməkdir. Hətta cansız daş belə tənhalıqdan qorxar. Tənha ürək isə son günlərini qəm, qüssə, kədər və məyusluq içində əzilərək yaşayacaq.

Qeyd: Əsərdə  şair Ziya Dilsuzun şeirlərindən istifadə olunmuşdur.

Müəllif: Şəfahət Şəfi Həsənov