17 мая 2024

BÜLBÜL VƏ NADAN SƏRÇƏ

(Valeh Heydərin “Bülbül və nadan Sərçə” təmsili əsasında)

Uşaqlar üçün nağıl

Böyük bir bağçanın bir istedadlı, nəğməkar Bülbülü vardı. Hamı onu sevirdi, çünki o gözəl cəh-cəhi ilə hər kəsin ürəyini fəth etməyi bacarmışdı. Digər Bülbüllərdən fərqli olaraq bu Bülbülün repertuarı daha geniş idi və 40-ə qədər nəğmə ifa etməyi bacarırdı. İstedadına heyran olan bir çox quşlar, bu Bülbülün bağçasına təşrif buyurmuşdular! Bu bağçada ayrı-seçkilik, yalan, oğurluq və bir-birinə təcavüz yox idi. Hamı mehriban və xoşbəxt yaşayırdı.

Günlərin bir günü bağçanın üzərindən bir tənha Sərçə uçurdu. Bu zaman Bülbülün şirin cəh-cəh səsini eşidib qarşısındakı ağacın budağına qondu. O, Bülbülün cəh-cəhini dinləyib feyzyab olmuşdu. Birdən cəh-cəh vurmasının tilsimindən ayılanda anladı ki, axtardığı məkanı tapmışdır. Odur ki, Sərçə tez Bülbülə yaxınlaşıb dedi:

— Çox hörmətli Bülbül, Sizin cəh-cəhiniz o qədər gözəldir ki, hər gün onu dinləmək istəyirəm. İcazə versəniz mən də Sizin bağçanıza köçərdim. Burada Sizinlə bir bağçada yaşamaq mənim üçün şərəf olardı. Gözəl nəğmələriniz məni valeh etmişdir, – böyük alicənab Bülbül!

— Təşəkkür edirəm! – Əgər cəh-cəhim xoşunuza gəlirsə, buyurub bağçama köç edə bilərsiniz, – dedi Bülbül.

— Çox geniş ürəyiniz var, mən sizə təşəkkür edirəm. Minnətdaram ki, mənə bağçanızda yer verdiniz!

Beləliklə Sərçə taz zamanda Bülbülün bağçasına köçdü. Artıq hər gün kifayət qədər Bülbülün cəh-cəhini dinləyib, feyziyab olurdu.

Bir müddət keçəndən sonra Sərçə ilə Bülbül yaxın dost oldular. Tez-tez bir yerdə uçur, oturur, hətta birlikdə yemək yeyirdilər. Bağçasında artıq bütün quşların Bülbülün Sərçə ilə dostluğundan xəbəri vardı. Odur ki, Sərçə hörmət sahibi olmuşdu. Hətta Bayquş Sərçəyə hörmətlə yanaşırdı və ona toxunmurdu. Quşlar bu bağçada bir-birinə qarşı hörmətsizlik və nifrət nümayiş etdirmirdi, sülh içində yaşayırdılar.

Beləliklə, Sərçə Bülbülün sayəsində qorxusuz-hürküsüz yaşayırdı. Lakin Sərçəni son zamanlar narahat edən səbəblər vardı. O, Bülbül kimi cəh-cəh vurmaq eşqinə düşmüşdü. İstəyirdi ki, cəh-cəh vurmağı öyrənsin və Bülbül qədər sevilsin. Bir gün Sərçə qərarə gəldi ki, nə olursa-olsun, Bülbüldən cəh-cəh vurmağı öyrənsin.

Hər gün Sərçə saatlarla düşünür, yollar axtarır və fikirləşirdi: – necə edim ki, Bülbülə mənə cəh-cəh vurmağı öyrət deyim. Nəhayət bir yol tapdı. Səhər duran kimi Bülbülün gözünə görünmədən bir kolda gizləndi. Bülbül oyanıb ətrafına göz gəzdirdi, Sərçəni görə bilmədi. Narahat olan Bülbül bağçasını ələk-vələk etsə də, Sərçəni tapmadı. Bağça quşlarından Sərçəni görən oldumu soruşdu, lakin hamı görmədiyini söylədi.

Bülbül oturub fikirləşdi: – Birdən dostumun başına bir iş gələr, – bəlkə köməyə ehtiyacı var? – müxtəlif fikirlər onun həyəcanını daha da artırmışdı. Sərçə isə bunları seyr edir, özünü göstərmirdi. Bülbülü daha da çox həyəcanlandırmaq üçün məqam gözləyirdi ki, amacına çatsın.

İkinci gün idi, Sərçə susuzlamışdı, bir anlığa gizli olaraq su içmək üçün gizləndiyi kolu tərk etdi və tez də geri qayıtdı. Amma Qarğanın iti gözləri onu görmüşdü. Bu xəbəri tez Bülbülə çatdırdı. Bülbül uçaraq gəlib Sərçənin yanına qondu. Bunu görcək Sərçə gilə-gilə göz yaşlarını axıtmağa başladı. Bülbül bu mənzərəni görüb tez Sərçədən soruşdu:

— Bu nə haldır, nə baş verib, niyə belə qəmlisən, göz yaşları tökürsən?

— Heç soruşma dostum! Mənim cik-cikim bu bağçada hər kəsi bezdirib. Heç kim mənə tərəf baxmır və bu münasibət, məni çox üzür. Buna görə də, baş götürüb bu bağçanı tərk etmək qərarına gəlmişəm.

— Sən nə danışırsan, dostum Sərçə? Məgər mən sənin dostun deyiləm? Necə sənə kömək edə bilərəm, söylə?

— Heç nə istəmirəm. Bircə cəh-cəh vurmağı öyrənsəydim, dərdim olmazdı.

— Yaxşı, o zaman sabahdan səninlə məşq edərik, cəh-cəh vurmağı sənə öyrədərəm!

— Sən əsl dostsan, Bülbül. Sənsiz mən nə edərdim. Nə yaxşı ki, sən varsan.

Beləliklə, Bülbül bir müddət Sərçəyə vokal dərsi keçəndən sonra, ona bir nəğməsini öyrədə bildi. Bir bağçada həm Bülbül, həm də Sərçə cəh-cəh vurmağa başladılar.

Günlərin bir günü Sərçə fikirləşdi ki, bir bağçada iki Bülbül ola bilməz! Unutmuşdu ki, o, Bülbül deyil, Sərçədir.

Bir gün yenə, Bülbül cəh-cəh vururdu. Bu zaman Sərçə ən hündür ağacın başındakı budağa qonub bərkdən cəh-cəh vurmağa başladı və “Kimdir məni yamsılayan? Bu bağçanın Bülbülü mənəm!” – dedi Sərçə.

Sərçənin söylədiklərini eşidən Bülbül az qalmışdı ki, ağlını itirsin. Susub bir kənara çəkildi. Gördü ki, dostluğa qəbul etdiyi Sərçə, artıq özünü Bülbül sanır. Bilmirdi ki, öyrəndiyi yalnız bir nəğmədir. Düşündü ki, indi mən alicənab Bülbül, dostluğumuza xəyanət etmiş Sərçəni bağçamdan necə qovum. Yox, ürəyim bunu qəbul etməz! Sərçə xəyanət etsə də mən xəyanətkar deyiləm – öz-özünə söylədi. Beləliklə səhərisi gün Bülbül bağçasını həmişəlik  tərk etdi və yeni bir bağça tapıb ora köçdü.

Bir dəqiqəlik fikrə daldı: – Sərçənin ürəyini sındırmadım, istədiyini verdim. O, isə nadanlıq etdi. Onun nadanlığı üzündən həyəcanlı anlar yaşadım. Bağçamı tərk etməyə məcbur oldum.

Bülbül tez bir zamanda özünə yeni bir yuva qurdu və gözəl cəh-cəhi ilə sadiq dostlarını yeni bağçasına cəlb etdi. Bir neçə gündən sonra nadan Sərçənin yalanla, xəyanətlə ələ keçirtdiyi bağça boşaldı və bir Bayquş ora köçüb nadan Sərçəni caynağına keçirtməyə fürsət axtarırdı ki, Sərçə tez canını qurtarmaq üçün bağçanı tərk etdi. Anladı ki, tənha yaşayan quş sonda Bayquşların yemi olar və əməlindən peşman oldu. Bundan sonra Sərçəni bütün quşlar tanıdı və bildilər ki, Sərçədən dost olmaz. Bu günə qədər cik-cik edən Sərçə, hələ də dost axtarır.

Müəllif: Şəfahət Şəfi Həsənov