17 мая 2024

DOĞRU QƏRAR

(Real hekayə)

Lənkəranda dəniz sahilində, istirahət zonasında şair dostum Əhməd Haqsevərlə oturub çay içirdik. Bu zaman onun telefonuna zəng gəldi. Çox vacib bir məsələ ilə bağlı təcili getməliyəm, üzrlü sayın – dedi. Əlbəttə; gedin, mən də bir qədər dincəlib evə gedərəm.

Beləliklə, tək qaldım, oturub çayımı içirdim, Bu zaman gördüm ki, balaca bir uşaq əlində xilasedici dairə dənizə tərəf qaçır. Birdən onun ayağı oturduğum masanın digər tərəfində qoyulmuş oturacağa ilişdi və o, masaya tərəf yıxıldı. Əlləri ilə yüngül plastik masadan yapışmaq istəsə də, alınmadı və masa çevrildi. Üstündəki çaydan, stəkan və nəlbəkilər yerə düşərək sındı. Yaxşı ki, isti çay uşağın üzərinə dağılmadı. Tez durub uşağı qaldırdım, üst-başına baxdım, xəsarət yeri görmədim. Yardıma ehtiyacın varmı soruşdum, amma uşaq dillənmədi, yaman qorxmuşdu. Uşağın atası, çayçı və yaxında duran adamlar da tez bizə yaxınlaşdılar. Çayçı sınmış çaydanın halına baxırdı, narahat idi. Uşağın atası isə hadisəni törədən övladını tənbeh etmək istəyirdi ki, – dedim:

— Tələsməyin, belə işlər hər kəsin başına gələ bilər. Uşağın günahı yoxdur, bunu bilərəkdən etmədi. Nə yaxşı ki, uşağa bir şey olmadı. Sınmış çaydanın və stəkanın pulunu mən verərəm, amma bir şərtim var, gərək balaca dostum masamda oturub mənimlə çay içsin. Mən onu qonaq edirəm, – əgər etirazınız yoxdursa. – Uşağın atası gülümsəyərək dedi:

— Xeyr, yoxdur.

Hər şeyin belə tənbehsiz qurtardığını görən uşaq az da olsa, sevinmişdi, – mənim də etirazım yoxdur, – dedi.

Onda mən üzümü çayçıya tutub dedim:

— Sizin ziyanınızı mən ödəyəyərəm, narahat olmayın, zəhmət olmasa bir çaydan çay və dadlı peçenye gətirin.

Əslində, məqsədim qorxmuş uşağın üzərində psixoloji gərginliyini götürmək idi. İstəməzdim ki, uşaq təsadüfən baş vermiş bu hadisəyə görə tənbeh olunsun, qorxu hisslərini üzərində gəzdirsin və narahatlıq hissi yaşasın. Bir də fikirləşdim ki, birdən uşağın atası bu hadisəyə görə onu bir daha dənizə gətirməsin.

Çayı sifariş edəndən sonra üzümü uşağa tutub soruşdum:

— Adın nədir, igidim?

— Adım Hüseyndir, atamın adı isə Tofiq müəllimdir!

— Çox yaxşı, – mənim də adım Şəfahətdir, dostum.

— Neçənci sinifdə oxuyursan?

— Üçüncü sinfi bitirmişəm, 8 yaşım var.

— Görünür, bir il məktəbə tez getmisən.

— Elədir, Şəfahət əmi.

— Mən əlaçıyam.

— Demək, mənim dostum həm də əlaçıdır. Bəs dərslərindən əlavə kitab oxumağı xoşlayırsan?

— Əlbəttə, əlaçı olduğum üçün ad günlərimdə mənə kitablar hədiyyə edirlər. Kitabları çox sevirəm, ən dəyərli hədiyyələrim mənə verilən kitablardır. Hamısını oxumuşam, hətta təkrar oxuduğum kitablar da var.

— O zaman mən də bu gün sənə bir kitab hədiyyə edəcəyəm. Çantamda Əyyub Məmmədovun uşaqlar üçün yazdığı «Balacaların şeir çələngi» adlı kitabı vardı. Onu çıxardıb Hüseynə uzatdım:

— Götür, bu kitabı da oxuyarsan. Məndən sənə bir hədiyyə olsun.

— Sağ olun, Şəfahət əmi. Əlbəttə, oxuyaram.

Nəhayyət, uşağın tam rahatlığa qovuşduğunu gördum. Çayı içə-içə Hüseynlə bir qədər də şirin-şirin söhbət etdirdik ki, atası bizə yaxınlaşdı, – dedi: Müəllim, övladıma qayğı göstərdiyinizə görə sizə təşəkkür edirəm! Görürəm, Hüseyn sizinlə tanışlığa görə çox məmnundur. Elə mən də məmnunam, Tofiq müəllim, adım Şəfahətdir, həkiməm. Çox ağıllı, istedadlı övladınız var. Allah onu qorusun! – deyib Hüseyni qucaqladım, vidalaşıb ayrıldıq.

Müəllif: Şəfahət Şəfi Həsənov