17 мая 2024

DÖNÜŞÜ OLMAYAN YOLUN SONU

«Sosial-psixoloji dram»

PYES

İştirakçılar:

Emin – 30-34 yaşında kişi

Leyla – Eminin həyat yoldaşı – 28-32 yaşında

Əhməd – Eminin atası 55-60 yaşında

Zeynəb – Eminin anası 53-55 yaşında

(Asəf – Eminin oğlu 8 yaşında – səhnədə görünməyən personaj)

(Zəhra – Eminin qızı 5 yaşında – səhnədə görünməyən personaj)

Giriş

Alaqaranlıq səhnə. Qəmli və həyəcanlı musiqi səslənir.

Aktyorla və ya aktyorsuz audio səsləndirmə – Narkomaniya müasir cəmiyyətin ən ciddi və mürəkkəb problemlərindən biridir. Hər kəs özü də bilmədən narkotikə aludə ola bilər. Narkotik təsiri olan dərmanların nəzarətsiz istifadəsi və maraqdan qeyri-qanuni maddələrin qəbulu, çox vaxt asılılığa səbəb olur. Bilmək vacibdir: narkotikə aludə olduqdan sonra geriyə dönüş olmayacaq! Peşəkar müalicə alsanız belə, yalnız xəstəliyin əlamətlərini qismən aradan qaldırılacaq. Ancaq bu, tam sağalma demək deyil.

Bu problemi başa düşmək üçün narkomaniyanın səbəblərini, onun nəticələrini və mümkün həll yollarını nəzərdən keçirmək lazımdır. Narkomaniya insanın beynini, psixikasını və fiziki sağlamlığını məhv edən, vaxtından əvvəl ölümə səbəb olan sağalmaz xəstəlikdir. Bu xəstəlik bir insanın fiziki və zehni rifahının narkotiklərdən açıq asılılığı ilə xarakterizə olunur.

Narkomaniyanın səbəbləri müxtəlif və çoxşaxəlidir. Əsas səbəblərdən biri də insanın böyüdüyü sosial mühitdir. Əlverişsiz ailə şəraiti, dəstək və diqqətin olmaması, təhsilin və mədəni inkişafın aşağı səviyyəsi gənclərin narkomaniyaya cəlb olunmasına səbəb ola bilər. Həm də mühüm rolu psixoloji amil oynayır — eyforiya arzusu, reallıqdan qaçmaq, stressdən xilas olmaq. Bəzən cəmiyyətdə öz yerini axtaran, çətinliklə üzləşən gənclər problemlərindən çıxmaq üçün narkotikə müraciət edirlər.

Narkomaniyanın fəsadları insanın həm fiziki, həm də psixoloji vəziyyətinə dağıdıcı təsir göstərir. Fiziki təsirlərə daxili orqanların məhv edilməsi, metabolik, immun və beyin zədələnməsi daxildir. Onun psixoloji təsirləri depressiya və narahatlıqdan tutmuş psixoz və şəxsiyyət pozğunluğuna qədər dəyişir. Narkomaniyanın başqalarına mənfi təsir etdiyini başa düşmək lazımdır. Çünki yaxınlarla münasibətlər pisləşir ki, bu da cinayət əməllərinə və sosial təcrid olunmasına gətirib çıxarır.

Qeyd edək ki, narkomaniya cəmiyyətin, dövlətin, fərdin diqqət və səyini tələb edən mürəkkəb problemdir. Bu problemi həll etmək üçün bir çox səviyyələrdə — profilaktika və maarifləndirmədən tutmuş tibbi reabilitasiya və sosial dəstəyə qədər işləmək lazımdır. Yalnız qüvvələri birləşdirməklə, narkomaniyanın yayılmasını azalda və gənc nəsli narkotiklərin zərərli təsirlərindən xilas etmək mümkündür.

Narkotikdən uzaqlaşmaq sağlam həyat tərzinin vacib aspektidir. Narkomaniyadan uzaq olmağa kömək edəcək bəzi məsləhətlər:

  1. Aktiv və sağlam həyat tərzi keçirməyə çalışın. Bu, narkomaniya riskini azaltmaqla yanaşı, fiziki və emosional rifahınızı yaxşılaşdırmağa kömək edəcəkdir.
  2. Narkotiklərin insan orqanizminə təsiri və nəticələri haqqında məlumat toplayın. Nə qədər çox bilsəniz, bir o qədər narkotikdən istifadə etmək istəyiniz az olar.
  3. Stress və çətin emosiyalarla effektiv mübarizə aparmağın yollarını tapın. Bu, stressdən azad olmağa və narkotiklərə müraciət etmək istəyindən qaçmağa kömək edəcək.
  4. Sizi dəstəkləyən və çətin anlarda sizə kömək edən dostlarınız və yaxınlarınızın olması vacibdir. Yaxşı dostlarla müntəzəm təmaslar narkotikə olan ehtirasları azalda bilər.
  5. Müsbət həyat tərziniz və özünüzə inamınız düzgün qərarlar qəbul etməyə və mənfi amillərə müqavimət göstərməyə kömək edəcək.
  6. Narkotiklərə marağı artıra biləcək vəziyyətlərdən çəkinin. Heç vaxt maraqdan narkotik istifadə etməyə cəhd etməyin.
  7. Sizə sevinc və məmnunluq gətirən bir hobbi tapın. Bu, sizə vaxt ayırmağa və həyatın müsbət tərəflərinə diqqət yetirməyə kömək edəcək.
  8. Əgər narkotik qəbul etmək istəyi güclüdürsə, onda nə etməli? Belə hallarda peşəkar psixoloqlar, məsləhətçilər və ya həkimlərlə əlaqə saxlamaqdan çəkinməyin. Onlar sizə dəstək və ya məsləhət verə biləcəklər.
  9. Əgər valideynsinizsə, övladlarınızı narkotiklərin riskləri haqqında məlumatlandırmaq, açıq dialoq saxlamaq və mövzunu onlarla müzakirə etmək vacibdir. Narkotikin neqativ təsirini dərindən bilən uşaq heç vaxt narkotik qəbul etməz!
  10. Narkoman etibarlı dost deyil! Dostunuz narkomandırsa, sizin də narkoman olmanızı istəyəcək. Bu o demək deyil ki, dostunuz pis insandır! Yox, onu pis edən bu hala salan narkotikdir. Dostunuzu itirməmək üçün, onu narkoman olmamışdan əvvəl qoruyun!

Unutmayın! Narkomaniyanın qarşısının alınması fiziki və emosional rifahınız üçün səy və diqqət tələb edən davamlı bir prosesdir.

1-ci şəkil

Otaqda iki kreslo, jurnal masası, üzərində şirniyyat və telefon var. Zeynəb otağa daxil olur əlində çaydan, fincan və nəlbəkini masaya qoyur, kresloda oturur. Sonra masadan telefonu götürüb Leylaya zəng edir. Zəng çatmır.

Zeynəb(telefona baxıb narazılıqla öz-özünə danışır). Leyla, niyə zənglərimə cavab vermirsən? Bilmirsən ki, narahatam? (Əsəbi halda telefonu masaya qoyur. Əl uzadıb çaydanı götürmək istəyəndə telefon zəng çalır. Zeynəb zəngə cavab verir.) Leyla, niyə telefon zəngimə cavab vermirsən? Çox narahatam, de görüm Asəf necədir?

Leyla – (telefon danışığı ikinci səs). Ana, həkimin qəbuluna girəndə, telefonu söndürmüşdüm, üzrlü sayın. Uşağı həkimə göstərdim. Baxdı, səhhətində ciddi problemin olmadığın dedi və resept yazdı.

Zeynəb – (dua edir). Şükürlər olsun Sənə Ya Rəbbim. Yaxşı o zaman tələsin, Sizi gözləyirəm. (Telefonu stolun üstünə qoyur və çay süzür. Bir neçə saniyədən sonra Emin otağa daxil olur. Zeynəb Emini görən kimi yerindən qalxıb onu qarşılayır).

Emin – Salam ana! Mesajını aldım. Yazmısan ki, “təcili evə gəl”. Nəsə olub?

Zeynəb – Salam, oğlum! (Emin anasına yaxınlaşır üzündən öpür. Ana da Eminin alnından öpür.) Keç otur.

Emin – Ana, evdə heç kim yoxdur?

Zeynəb – Zəhra otağında oynayır. Leyla isə Asəfi müayinə üçün poliklinikaya aparıb. Yemək hazırdır, gətirim?

Emin(Emin masanın arxasına oturur). Yemək istəmirəm, amma çay içərəm!

Zeynəb – (qalxıb mətbəxdən fincan-nəlbəki gətirir, Eminə çay süzür). Çoxdandı bizə gəlmirsən, niyə? Uşaqları da götürüb tez-tez bizə gəlirdin, birlikdə yemək yeyərdik. Atanla saatlarla oturub işdən danışıardınız. De görüm, sənə nə olub, niyə bizə gəlmirsən?

Emin – Son zamanlar çox məşğul oluram, istirahət etməyə belə vaxtım yoxdur.

Zeynəb – Oğlum, bizdən gizlətdiyin bir şeymi var? Üstəlik, Leyla ilə aranızda soyuqluq gördüm. Aydındır ki, nəsə baş verir, amma yazıq qız hisslərini gizlətməyə çalışır.

Emin – Səhər işə gedirəm, axşam qayıdıram. Həftə sonları dostlarımla bir az dincəlməyə çalışıram. Leyla məndən nə istəyir?

Zeynəb – Çox çalışdığını bilirəm.

Emin – Ana, mən evə gələn kimi Leyla məndən soruşur: «harda idin, niyə gec gəldin, niyə gəlmədin?» İndi nə edim, işimi buraxım, bütün günü onunla oturum? İşdəyəm, işləyirəm, vaxtım yoxdur, deyirəm, əl çəkmir.

Zeynəb – Emin, unutma! Məktəbdə uşaqlara dərs demək, sonra da ev işləri və iki uşağın qulluğunda durmaq, çox yorucudur. Amma yenə də işiniz ailə münasibətlərinə mane olmamalıdır.

Emin – Yaxşı, ana, bunları mənə demək üçünmü çağırmısan?

Zeynəb – Görürəm Leyla haqlıdır. Son vaxtlar ailənə diqqət etmirsən. Nəvəm xəstədir, amma bundan xəbərin yoxdur. Unutma ki, ailənin maraqları hər şeydən öndədir.

Emin – Ana, mən Leylanı və uşaqlarımı çox sevirəm.

Zeynəb – İşiniz nə qədər çətin olsa da, ailənizə vaxt ayırmalısınız. Dediklərim hər ikinizə aiddir! (Qapı açılır, Leyla içəri girir.) Gəl, Leyla, yaxınlaş, de görüm həkim nə dedi?

Leyla – Ana, həkim Asəfi müayinə edib dedi ki, ciddi bir şey yoxdur. Amma vurğulayıb dedi ki, uşağın psixoloji durumunda gərginlik var. Uşaqla yaxın təmasda olmaq, onunla çox vaxt keçirtmək məsləhət gördü. Bir də köməkçi dərmanlar yazdı.

Zeynəb – Nəvəmin psixoloji durumu niyə pisləşə bilər? Bəlkə məktəbdə uşaqlarla yola getmir?

Leyla – Araşdırdım, Asəfin məktəbdə problemi yoxdur. Psixoloji durumunun pozulması atasına görədir.

Emin – (əsəbi halda ayağa qalxıb deyir). Nə demək istəyirsən? Uşağın xəstə olması mənim günahımdır? Ana, mən gedirəm. Leylanı eşitmək istəmirəm.

Leyla – Görürsünüz ana, Emin Asəfin xəstə olduğunu eşitsə də, maraqlanmadı. Niyə gedib onunla danışmır, ona psixoloji dəstək vermir? Asəfin 8 yaşı var, hər şeyi görür, ailədəki problemlərə həssas yanaşır.

Emin – Leyla, məni hirsləndirmə, hisslərimlə oynama, işlərimə qarışma, mənə sual vermə, eşidirsən?

Leyla – Mən sənin işinə qarışmıram! Sualım sadədir: niyə axşam evə gəlmirsən? Niyə gecələr evdə yatmırsan?

Emin yenə əsəbiləşir. Zeynəb ayağa qalxır və Emini sakitləşməyə çalışır.

Zeynəb – Emin, sən get, mən Leyla ilə danışaram. Amma işdən dərhal sonra evə gəlməyi unutma. Bu axşam atanla sizə şam yeməyinə gələcəyik.

Emin – Ana, mən söz vermirəm. Çünki işdən sonra vacib işlərim var. Vaxtım olsa, gələcəm.

Emin anasının üzündən öpür, otağı tərk edir.

Zeynəb – Leyla, bilirəm ki, deməyə sözünüz var. Odur ki, mənə nə baş verdiyini danış.

Leyla – Ana, deməyə sözüm çoxdur, bilmirəm nədən başlayım.

Zeynəb – Yaxşı, de görüm Eminlə aranızda nə baş verir?

Leyla – Bilmirəm bu problemin həlli var ya yox? Amma deməliyəm. Emin bir ilə yaxındır uşaqları yaxına buraxmır, onlarla ünsiyyətdə olmur və məndən də məsafə saxlayır. Son zamanlar evə demək olar ki, gəlmir. Soruşanda suallarıma cavab vermir. Məni aldatdığını da bilirəm, amma bu barədə ona deyə bilmərəm. Bir il əvvəl başlayan soyuq münasibət bu günə qədər davam edir.

Zeynəb – (təəccüblü və həyəcanlı halda). Aman Allah! Leyla, sən nə danışırsan? Niyə indiyə qədər bizə heç nə demədin?

Leyla – Ana, deyəcəklərim bu qədər deyil! (Leyla ağlayır. Zeynəb onu sakitləşdirir…)

Zeynəb – Leyla, sakit ol, demək istədiyin nədir, söylə? Haydı, məni gözlətmə.

Leyla – Ana, bağışla məni. Amma deməliyəm. Hə, deməliyəm. Emin narkotik qəbul edir. O, narkomandır…

Zeynəb – (çox həyəcanlı). Yox, yox! Hansı narkotikdən danışırsan? Emin narkotik qəbul etməz, yox, inanmıram! (Zeynəb huşunu itirir, Leyla ona yardım edir və qısa pauzadan sonra Zeynəb özünə gəlir.)

Leyla – Ağrılı olsa da bu həqiqəti sizə deməliydim. Atasının narkoman olduğunu biləndən sonra Asəfin psixoloji durumu pisləşib.

Zeynəb – Leyla, Asəf bunu hardan bilə bilərdi?

Leyla – İki gün əvvəl Asəflə oturub söhbət edirdik, birdən məndən soruşdu: – Ana, atam narkomandır? (Leyla yenə ağlayır…) Eşidəndə şok oldum. Gücümü toplayıb dedim: – Yox oğlum, niyə soruşursan? Sonra mənə danışdı ki, bir neçə ay əvvəl məktəbdə uşaqlardan biri ona “Atan narkomandır” deyib.  Ondan sonra uşaq psixoloji sarsıntı yaşayıb.

Zeynəb (əllərini qaldırıb dizlərinə vurur). Oğlum narkomandır deyirsən? Əminsən Leyla?

Leyla – Əminəm ana!

Zeynəb – Bu ki, dəhşətli xəbərdir. Bunu Əhmədə necə deyə bilərəm?! Bu xəbəri eşitsə onun xəstə ürəyi necə dözəcək? Aman Allah…

Leyla – Bilirəm, atanın ürəyi xəstədir. Ona görə də bu xəbəri sizə dərhal çatdırmadım. Əvvəl araşdırdım, Eminin köhnə dostları ilə danışdım. Təəssüf ki, Eminin narkoman olduğunu təsdiqlədilər.

Zeynəb(həyəcanlı halda ayağa durur). Mən dərhal evə getməliyəm. Bir çarə tapmaq lazımdır.

Zeynəb göz yaşlarını dəsmalla silə-silə otağı tərk edir. Leyla masaya yaxınlaşır, çantasından dəftərlər çıxarıb masanın üstünə qoyur. Bu zaman Emin evə qayıdır. Otağa daxil olan kimi masaya yaxınlaşıb əlini masaya çırpır.

Emin – (əsəbi halda deyir). Leyla, anam bizə niyə gəlmişdi, sənin şikayətlərini eşitmək üçün? Niyə səbəbsiz yerə münaqişə yaradırsan?

Leyla – Sən başıma niyə qışqırırsan? Mən sənin anana zəng etməmişəm! Anan zəng etmişdi, Asəfin xəstə olduğunu biləndə dərhal gəldi.

Emin – Yaxşı, deyək ki, haqlısan. Onda niyə məndən şikayət edirdin?

Leyla – Şikayət etmirdim, həqiqəti söylədim!

Emin – Sənə verdiyim sualdan qaçma, de görüm, niyə məndən narazısan? Sənə qarşı kobudluq etdim, əlimi qaldırdım, nə etdim ki, sənin ürəyini qırdı, de görüm?

Leyla – Bəli, narazıyam! Səbəbini sən özün yaxşı bilirsən.

Emin – Bir daha deyirəm, əsəblərimlə oynama! De görüm nə baş verir, niyə narazısan?

Leyla – Emin, bu mübahisələr bizim ailə münasibətimizi pozur, bizi bir-birimizdən uzaqlaşdırır. Doqquz ildir evliyik, amma aramızda heç vaxt belə gərgin anlar yaşanmadı.

Emin – Leyla, bir problem varsa susma, de, həll edim. Sən deyirsən ki, mən ailəmə qarşı diqqətsizəm. Bu doğru deyil, mən səni və uşaqlarımı çox sevirəm!

Leyla – Amma son vaxtlar bir-birimizi nadir hallarda görürük, niyə? Uşaqları sevdiyini deyirsən, amma onlara əhəmiyyət vermirsən. İki gün əvvəl Zəhra sənə yaxınlaşıb qucaqladı və əlindən öpdü. O, sənin yanında oturmaq, nəvazişini hiss etmək, səninlə danışmaq istəyirdi. Bəs sən nə etdin?

Emin – Yaxşı, de görüm, nə etdim?

Leyla – Görürsən, heç xatırlamırsan. İttiham etmirəm! Sənin üçün darıxan qızına “yanımda oturma, ananın yanına get” dedin. Ayağa qalxıb otağına getdi. Yazıq qız axşama qədər göz yaşı tökdü. Buna görə ehtiyatlı olmanı istəyirəm.

Emin – Xeyr, xatırlamıram. Bunu niyə mənə dərhal demədin?

Leyla – Dedim, amma sən məni dinləmədin. Zəhra dərsdən danışmaq istəyirdi, qoymadın, əlindəki dəftərə belə baxmadın. Zəhra sevincini səninlə bölüşmək istədi. Çünki məktəbə hazırlaşdığını söyləmək üçün yanında oturdu.

Emin – Leyla, dedim ki, xatırlamıram.

Leyla – Emin, sən yəqin bilmirsən ki, uşaqlar hər zaman ata sevgisinə ehtiyac duyurlar. Bu söhbəti uzatmağın mənası yoxdur. Soyuducu boşdur, gedib ərzaq almalıyam. Axşam valideynlərin bizə gələcək, yemək hazırlamalıyam. (Emin otağı tərk edir. Səhnədə işıqlar tədricən sönür.)

2-ci şəkil

Leyla süfrəni bəzəyir. Bu zaman qapı zəngi çalır. Leyla qapını açır, Zeynəb və Əhməd içəri girir, onlarla salamlaşır.

Leyla – Salam ata, buyurun keçin!

Əhməd – Salam, qızım! (Əhməd Leylanın alnından öpür və soruşur.) Emin evdədir?

Leyla – Yox, evdə deyil, zənglərimə də cavab vermir.

Əhməd – Zeynəb, Eminə zəng elə, de ki, tez evə gəlsin. Leyla, nəvələrim hardadırlar?

Leyla(Zeynəblə qucaqlaşıb öpüşəndən sonra). Ata, Fatimə ilə danışdım, gəlib uşaqları apardı. Onların söhbətimizi eşitməsini istəmədim və bir də onlar çoxdan idi ki, bibiləri üçün darıxmışdılar.

Əhməd – Mən də nəvələrim ilə sıx-sıx görüşə bilmirəm, onlar üçün darıxıram.

Zeynəb – Leyla, Əhmədə Emindən danış, mən də ona zəng etməyə çalışaram.

Leyla ilə Əhməd söhbət etdikləri zaman Zeynəb bir neçə dəfə Eminə zəng edir, zəng çatmır. Durub otağı tərk edir, yenidən qayıdır.

Əhməd – Leyla, Zeynəbin söylədiklərindən sonra hələ də şokdayam.

Leyla – (ağlayır, özünü ələ alır). Ata, biz öz evimizə köçəndən sonra Emin tədricən dəyişməyə başladı. O, işdən evə gec gəlirdi, ya da heç gəlmirdi. Bir ilə yaxındır ki, oturub Eminlə üz-üzə danışa bilmirəm. Son zamanlar demək olar ki, evə gəlmir və uşaqlarla maraqlanmır. Ona sual vermək, nəsə soruşmağa qorxuram. Çünki suallarım onu ciddi narahat edir.

Əhməd – Bəs niyə bu barədə bizə xəbər vermədin?

Leyla – Ata, qorxurdum ki, Emin bizi tərk edər. Bir neçə gün əvvəl Eminin narkotik istifadə etdiyini bildim. (Kövrəlir, göz yaşlarını salfet ilə silir, sözünə davam edir.)

Əhməd – Eminin narkotik qəbul etdiyinə əminsən?

Leyla – Məktəbdə Asəfə kimsə “sənin atan narkomandır” deyib. Bundan xəbər tutan kimi Eminin dostları ilə danışdım və onlar da bu xəbəri təsdiqlədilər.

Zeynəb – (Zeynəb Əhmədə yaxınlaşır). Əhməd, Emin zəngimə cavab vermir.

Leyla – Ana, Emin mənim də zənglərimə cavab vermir.

Əhməd – Leyla, daha nələr olur, danış.

Leyla – Emin evə gələndə səbəbsiz yerə əsəbləşirdi və evdə çox qala bilmirdi. Həmişə evin xərcləri üçün pul gətirib masaya qoyardı. Amma bir ildir ki, ailəyə pul ayırmır. Maaşımı yeməyə xərcləyirəm, uşaqların geyiminə isə pulumuz çatmır. (Əhməd əsəbi halda masadan qalxır).

Əhməd – Zeynəb, oğlum haqqında eşitdiklərim ürəyimi parçaladı. Görünür tələsik qərar vermişəm. Ona görə də işə qayıtmağı düşünürəm.

Zeynəb – Əhməd, problem çox ciddi imiş.

Leyla – Ata, bəlkə Emin gec gələcək və ya heç gəlməyəcək. Siz oturun, yemək hazırdır!

Əhməd – Zeynəb, səhhətim yaxşı deyil, evə dönmək istəyirəm. (Ürəyini tutur, stula oturur, cibindən dərman çıxardıb dil altına qoyur.)

Zeynəb(Əhmədə yaxınlaşır). Sakit ol, otur bir az dincəl. (Əhməd oturur, Zeynəb ona kömək edir. Leyla qaçıb su gətirir.) Bu stress sənin xəstə ürəyin üçün deyil.

Bu zaman Emin evə gəlir.

Emin – Nə olub?

Əhməd – (Emini görən kimi, ciddi səslə). Emin, bu gün şam yeməyini birlikdə yeməli idik. Amma sən atana, anana hörmətsizlik edib gəlmədin. Daha gözləməyə vaxtımız yoxdur, gedirik Zeynəb.

Zeynəb – Əhməd, indi gediriksə, bəs Eminlə nə vaxt danışacaqsan?

Əhməd – Qərarım odur ki, Emin sabah axşam ailəsini götürüb bizə gəlsin. Etiraz qəbul olunmur. Hə, az qalmışdı unudum. Leyla, de görüm Asəfə nə olub?

Leyla – Ata, həkim dedi uşaq sağlamdır. Amma onu bir müddət diqqət mərkəzində saxlamağı tövsiyə etdi. Həmçinin atası ilə daha çox vaxt keçirməyi məsləhət gördü. Amma Eminin uşaqlarla vaxt keçirməyə vaxtı yoxdur.

Emin – Oğlumla münasibətimi həkimlə müzakirə etmisən?

Leyla – Xeyr, düşündüyün kimi deyil! Həkim Asəfdən atası ilə necə sıx görüşdüyünü soruşduqdan sonra bu məsləhəti verdi. Görünür oğluna çox az vaxt ayırırsan.

Əhməd – Leyla, həkimin yazdığı resepti mənə ver. Dərmanları alıb gətirim.

Leyla – Çox sağ olun ata, dərmanları aldım. Amma həkimin dediyi kimi uşağa dərmandan çox ünsiyyət lazımdır.

Əhməd – Emin, sənə uşaqlarınla vaxt keçirməyə nə mane olur? Sən balaca olanda bütün boş vaxtlarımı sənə həsr edirdim, xatırlayırsan?

Emin – Ata, mən sənin kimi deyiləm. Vaxtımı idarə edə bilmirəm.

Zeynəb – Oğlum, nə olursa olsun, ailənin qayğısına qal. Atanla mən uzun illərdir bir yerdəyik, amma heç vaxt ailə problemimiz olmadı! Unutma ki, Leyla ailəsinə çox dəyər verən bir qadındır.

Əhməd – Emin, şirkətdə vəziyyət necədir? Çoxdandır ki, məsləhət almaq üçün gəlmirsən?

Emin – Əlbəttə işlər həmişə yaxşı getmir, problemlər olur. Amma onları özüm həll etməyə çalışıram.

Əhməd – Çətinliklər hər zaman olur. Onları dəf etməyi bacarmaq lazımdır. Belə hallar olanda məni gör, oturub müzakirə edək, məsləhətləşək.

Emin – Yaxşı, gələrəm.

Əhməd – Onda dediyim kimi sabah axşam bizdə görüşərik.

Əhməd və Zeynəb otağı tərk edirlər. Emin və Leyla onları yola salırlar və otağa geri qayıdırlar.

Leyla – Emin, gec gəldiyin üçün, atan süfrəyə oturmadı, şam yeməyi yemədən getdilər. Sənə görə atanın halı pisləşdi. Niyə onları incidirsən?

Emin – Mən belə olmasını istəməzdim. İşim çox idi deyə gecikdim.

Leyla – Dediklərin bir bəhanədir. Atanla görüşlərə heç vaxt gecikməzdin. Amma bu gün onu çox məyus etdin.

Emin – Sən mənə ağıl vermə, işinlə məşğul ol.

Leyla – Yaxşı, yemək hazırdır, yeyəcəksən?

Emin – İştaham yoxdur, yemək istəmirəm!

Leyla – Onda çay gətirim?

Emin – Yox dedim! Mənə nə baş verdiyini söylə. Bütün bu sorğu-suallar əbəs yerə deyil. Məndən nə istəyirsən?

Leyla – Emin, ailəyə daha çox diqqət yetirməni istəyirəm. Mən ailəmiz üçün yaşayıram və sənə olan sevgimi ürəyimdə daşımışam. Keçmiş günləri, bir-birimizi necə sevdiyimizi, xoşbəxt olduğumuzu xatırla. Mən o günlərə qayıtmaq, xoşbəxt bir ailə həyatı yaşamaq istəyirəm.

Emin – Mən səndən açıqlama tələb edirəm, sən isə sevgidən danışırsan. De görüm uşaqlar hardadır?

Leyla – Bacın Fatimə gəlib uşaqları götürdü. Həftə sonudur, uşaqları əyləncə parkına aparacaq. Emin, əzizim bu gün çox yoruldum. Daha sən də suallarınla məni yorma, dincəlmək istəyirəm… (Ağlayaraq otağı tərk edir).

Emin (Eminin masanın üstündən telefonunu götürüb zəng edir). Oqtay, maşını qapıya gətir, ofisə qayıdaram. (Emin otağı tərk edir.)

3-cı şəkil

Leyla – (əlində çanta otağa daxil olur, saata baxır və telefonu açıb Eminə zəng edir. Emin telefona cavab vermir. “Telefon ya söndürülüb, ya da ki, əhatə dairəsi xaricindədir”. Leyla həyəcanlı halda otaqda o yan, bu yana gəzir, öz-özünə danışır.) Emin yenə gecikir, zənglərə də cavab vermir.  (Bu zaman telefonuna zəng gəlir, Leyla telefonu açır.)

Zeynəb – (telefon danışığı ikinci səs.) Leyla, saata bax, daha nə qədər gözləyəcəyik?!

Leyla – Ana, Emin hələ gəlməyib, onu gözləyirik!

Zeynəb – (telefon danışığı ikinci səs.) Emin evə gələn kimi xəbərim olsun.

Leyla – Oldu, ana, sizə zəng edərəm! (Telefonu söndürüb masanın üstünə qoyur. Otağı tərk edir.)

Emin – (Emin evə gəlir. Masanın üstündəki butulkadan su töküb içir. Leyla içəri daxil olur. Emin onu görən kimi deyir.) Leyla, hara gedirsən?

Leyla – Emin, dünən atana söz verdin! Bu gün uşaqlarla birlikdə onlara gedəcəyik, nə oldu?

Emin – Heç nə olmadı! Gedə bilmərəm, bu qədər.

Leyla – Emin, sənə bir daha xatırladıram! Atan indi oturub bizi gözləyir. Sən gəlməmişdən qabaq anan zəng edib səni soruşdu.

Emin – Leyla, dedim gedə bilmərəm, özümü yaxşı hiss etmirəm!

Leyla – Emin, atanın halını düşün. Xahiş edirəm gedək, onun ürəyini qırma. Bundan vacib nə ola bilər? Dünən gecikdin, yemək yemədən getdilər. Onun xəstə ürəyini titrətmə. (Eminə yaxınlaşıb əlindən tutur). Gedək, valideynlərin bizi gözləyir.

Emin – İsrar etmə Leyla! Bir də təkrar etmək istəmirəm, çəkil başımdan! Getməyə maşınım yoxdur.

Leyla – Təzə maşınla gedə bilərik!

Emin – (Emin əsəbi halda ayağa durub deyir). O maşını çoxdan satmışam!

Leyla – Emin, atanın sənə verdiyi hədiyyəni satmısan?

Emin – İzahat verməliyəm? Dedim ki, satmışam vəssalam! Siz hazırsınızsa taksi çağırım, gedin.

Leyla – Sənsiz heç yerə gedən deyilik.

Emin – Uşaqları götür, get. Atama de ki, bir az soyuqlamışam, gələ bilmədim.

Leyla – Xeyr, Emin! Mən atanıza yalan danışa bilmərəm və sənsiz heç yerə getmərəm!

Emin – Necə istəyirsən.

Leyla – Emin, zənglərimə niyə cavab vermirsən? Biz sənin ailən deyilik? (Leylanın telefonuna zəng gəlir. Leyla masadan telefonu götürüb cavab verir.) Eşidirəm, ana!

Zeynəb – (telefon danışığı ikinci səs). Emindən bir xəbər varmı?

Leyla – Bəli, ana, Emin gəldi. Telefon açıqdır, o, sizi eşidir.

Zeynəb – Madam ki, eşidir, soruşuram niyə hələ də evdədir? Atası həyətdə qapının ağzında oturub onun yolunu gözləyir.

Emin – (əsəbi halda qışqırır). Əl çəkin məndən! (Leyla ona yaxınlaşır.) Toxunma mənə. (Leylanı itələyir.) Rədd ol.

Emin stolun üstündən telefonu götürüb otaqdan çıxır.

Leyla – (ağlayır… qısa pauza. Zeynəb – eşidirsən Leyla. Yenə nə oldu?) Ana, Emin gəlmək istəmir, üzr istəyirəm. Bilmirəm nə edim (Telefonu söndürür.)

Emin otağa qayıdır. Portmanatı götürüb qapıya doğru gedir. Leyla onun qarşısını alır.

Leyla – (ağlaya-ağlaya). Emin niyə belə edirsən? Niyə ailəni dağıdırsan? Axı niyə o zəhəri qəbul edirsən? Böyük çətinliklə atanın qurduğu şirkəti niyə dağıdırsan?

Emin – Baxıram ki, mənim vəziyyətimdən xəbərdarsınız.

Leyla — Emin, problemin varsa, atanla danış. Qoy sənə kömək etsin. Bunun üçün onunla oturub danışın və bir çıxış yolu tapın.

Emin – (qəzəbli, yüksək səslə). Çıxış yoxdur, Leyla! Sahib olduğumuz hər şeyi məhv etdim. Bizim bu evimiz belə yoxdur!

Leyla – Evimizə nə olub? Niyə deyirsən ki, evimiz yoxdur?

Emin – Evi girov qoymuşdum, pulunu ödəyə bilmədiyim üçün itirmişəm. İki ay sonra evimizi tərk etmək məcburiyyətindəyik. Şirkəti də itirmişəm. İndi bildin niyə atamgilə getmək istəmirəm?

Leyla – Emin, indi biz nə edərik?

Emin – Bilmirəm, Leyla, mənim böyük borclarım var. Mağazamızda qalan materialları sataraq borcları ödəyirəm. İki aydan sonra mağazanı da yeni sahibinə verməliyəm.

Leyla – (həyəcanlı səslə). Atan bunu eşitsə nəcə olacaq? Ürəyi dözəcəkmi? Sən heç bu haqda düşündünmü?

Emin – Böyük səhvlər etdiyimi bilirəm. İndi necə vəziyyətdən çıxım bilmirəm.

Leyla – Bəlkə atanla oturub başına gələnləri ona danışasan? Düşünürəm bir çıxış yolu tapar.

Emin – Yox, düşünmürəm ki, çıxış yolu var. Şirkəti, mağazanı geri almaq üçün çox böyük pullar lazımdır. Atamı inkar elədim, bəzi dostlarımın dediklərinə qulaq asdım. Çox gec anladım ki, məni aldadıblar.

Leyla – Bəs indi nə etmək fikrindəsən? Deyirsən, tezliklə bu evi də tərk etməliyik. Daha nəyi gözləyirəm? Gedəsi bir yerim yoxdursa, uşaqları da götürüb atamgilə gedəcəyəm.

Qapı zəngi eşidilir. Leyla qapını açır. İçəri Eminin atası və anası daxil olur. Leyla onları görən kimi ağlayır və Eminin anası Zeynəbə sarılır. Əhməd soruşur.

Əhməd – Leyla niyə ağlayırsan, nə baş verir?

Leyla – (ağlaya-ağlaya). Ata, xahiş edirəm Emindən soruşun.

Emin oturub iki əli ilə başını tutub. Əhməd Eminə yaxınlaşır, əlini onun çiyninə qoyub soruşur.

Əhməd – Emin, de görüm nə olub?

Emin – (həyəcanlı bir səslə). Ata, hər şeyi bərbad elədim. Şirkəti, mağazanı, evimizi. Nəyimiz vardısa hamısını itirdim.

Əhməd – Necə yəni itirdin? Açıq danış mən də bilim. Vəkalətnaməni ona görəmi istədin?! Niyə onda mənə demədin, bir çıxış yolu tapardım.

Leyla – Ata bu hələ hamısı deyil! Emin çox yüksək dozada narkotik qəbul edir. Dediyinə görə çıxış yolu yoxdur. Şirkət, ev, qalsın bir yana. Eminin öz həyatı təhlükədədir, necə olacaq bilmirəm! Deyir, müalicə kömək etmir. (Ağlayır.)

Əhməd – Bu nə bəladır başımıza gətirdin, nə etdin sən?… (Ürəyini tutur və yerə yıxılır… Səhnədə tədricən işıqlar sönür.)

4-ci şəkil

Monoloq

Emin əzgin halda, saçı daranmamış, otaqda yerdə sərilmiş döşəyin üstündə, bükülmüş vəziyyətdə uzanıb. Bir neçə saniyədən sonra ağır-ağır qalxıb stulda oturur.

Audio və ya canlı səslənmə

Emin – İlahi, mən özümə nifrət edirəm. Narkotiki ilk dəfə qəbul edəndən sonra dayana bilərdim. Hə, dayana bilərdim, amma nədənsə dayanmadım və həyatım qısa zamanda məhv oldu. Eyni zamanda atamın bütün ümidlərini qırdım, mənim üzümdən ürəyi dözmədi, dünyasını dəyişdi.

Anam atamın ölümündən sonra yaşadığı dəhşətdən hələ də özünə gələ bilmir. Hər dəfə anamın ağlamaqdan şişmiş gözlərini görəndə ürəyim parçalanır və ölmək istəyirəm, hə, ölmək istəyirəm. (Stuldan durur.)

Narkotikdən istifadə etməyə başladığım ilk günlərdə çıxılmaz vəziyyətə düşəcəyimi düşünmürdüm. Bu üzdən, narkotikə tam aludə olduqdan sonra valideynlərimi, həyat yoldaşımı, uşaqlarımı unutmağa başladım və onları çox az görürdüm.

Evə getməyə tələsmirdim, bilirsiniz niyə? Çünki həyat yoldaşımın və uşaqlarımın gözlərinə baxmağa utanırdım. Uşaqlarımın simasını unutmamaq üçün, xatırlayanda onların şəkillərinə telefonda baxardım. Uzun zaman Leylanı yaxın buraxmırdım ki, halımdan xəbərdar olmasın. Amma Leylanı itirməkdən çox qorxurdum.

Axırda yazıq qadın dözmədi, uşaqları da götürüb məni tərk etdi. Əlbəttə onu qınamağa haqqım yoxdur. Leyla ağıllı qadın idi, uşaqları məndən qorumaq üçün bu addımı atdı. O, uşaqların narkoman atanın həyatını görməsini istəmirdi.

Düşünmə qabiliyyətim günü-gündən zəifləyir, səhv qərarlar verirdim. Təbii ki, vəziyyətimdən xəbərdar idim və onu da bilirdim ki, məni bu hala salan narkotikdir. Təcrübəli atamdan məsləhət istəməyi unutmuşdum və dostu düşməndən ayıra bilmədim, səhv etdiyimi çox gec başa düşdüm.

Narkotik dozamı vaxtında qəbul etməyəndə hisslərimi idarə edə bilmirdim. Son zamanlar gündəlik qəbul etdiyim narkotikin miqdarını artırmışdım. (İki əli ilə öz başından yapışır. Qısa pauzadan sonra.)

Mən şirkətin büdcə pullarının sürətlə tükənməsinə səbəb oldum və durumum ağırlaşdı. Onda dostlarımın məsləhəti ilə şirkət əmlaklarını banka girov qoydum. Bu addımları atanda atamdan məsləhət almadım. Bankdan götürdüyüm kreditlə şirkəti dirçəltmək əvəzinə, narkotik borclarımı ödəməyə məcbur idim.

Bu günə qədər pulumun qalan hissəsini qumarda necə uduzduğumu xatırlaya bilmirəm. Ayılanda mənə dedilər ki, “narkoloji dispanserdəsən”. Bankın pulunu qaytara bilmədiyim üçün şirkəti, hər nəyim vardısa, hamısını, hətta yaşadığım evi də itirdim. (Stulu çəkib oturur.)

Məni bu hala salan narkotik ağlımı, düşüncələrimi, doğmalarımı, yaxşı dostlarımı, var-dövlətimi əlimdən aldı. Bu həyatda mənim heç nəyim qalmadı allahım, məni niyə yaşadırsan? Canımı alsaydın, yaşayan ölü olaraq doğmalarıma əzab verməzdim… Hanı o xoşbəxt günlərim, hanı doğma balalarım?… Bir zamanlar dəli tək sevdiyim həyat yoldaşım hanı?…  (Stuldan durur.)

Ata, mən sənin qatilinəm!… Sənə həyatında ən böyük ağrını və əzabı çəkdirdim. Xəstə ürəyini məyusluqla yüklədim, dözə bilmədin. Məni xoşbəxt etmək üçün hər şeyi etdin. Amma mən kor idim, uçuruma aparan yolumu görə bilmirdim. İndi mən o xoşbəxt günləri necə qaytara bilərəm?

Günahım o qədər böyükdür ki, daha yaşamaq istəmirəm. Ana, məni bağışlama! Mən sənin gözlərinə necə baxım, ana! Mən atama layiq bir övlad ola bilmədim, ana. (Ağlayır, diz üstə yıxılır və əyilib başını 3-4 dəfə döşəməyə çırpır. Sonra ayağa durur və üzünü auditoriyaya tutub deyir.)

Baş verənlərdən sonra min dəfə peşman olsam, heç nə dəyişməyəcək. Artıq cəhənnəmə gedən yolun sonuna çatmışam. Bəlkə kimsə düşünür ki, hələ də gec deyil, mən qayıda bilərəm? Yox, yox, hiss edirəm, geriyə dönüş yoxdur, cəhənnəm odunda yanacağam.

Bu həyatla vidalaşmamışdan əvvəl övladlarımı və həyat yoldaşımı son dəfə görmək, onlardan üzr istəmək, bağışlanmaq istəyirəm. Amma nədənsə üzlərini xatırlaya bilmirəm. Qorxuram ki, onları görəndə tanıya bilməyəcəm. Mən də çox dəyişmişəm. Düşünürəm ki, uşaqlarım da məni tanımayacaqlar. Çünki özümü və insanlığımı çoxdan itirmişəm, itirmişəm, itirmişəm. (Yavaş-yavaş döşəyin üstündə uzanır. İşıqlar sönür. Son.)

Müəllif: Şəfahət Şəfi Həsənov

Tel: +994 55 304 50 34

[email protected]