17 мая 2024

ADİLİN SƏHVİ

(Ağamir Cavadın “Adilin səhvi” şeiri əsasında)

Uşaqlar üçün hekayə

Adil birinci sinfi bitirmişdi. Tətilə getməmişdən qabaq Kinəvəs müəllim uşaqlara yay tətilində oxumaq üçün ev tapşırığı vermişdi. Hami kimi o da kitabxanadan rəngli şəkilləri olan bir kitab seçib almışdı.

Kitabı çantaya qoyub evə aparmışdı, amma bir dəfə də olsun o kitabı açıb oxumamışdı. Bir gün səhər yuxudan durub kitab rəfinə yaxınlaşanda kitabxanadan aldığı kitabı gördü. Anası çantasını boşaldıb kitab və dəftərləri rəfə qoymuşdu. Tez kitabı götürüb masanın arxasına oturdu. Bir-iki cümlə oxuyandan sonra, vərəqləyib şəkillərini gözdən keçirtdi. Bu ona kifayət etdi ki, hekayənin məzmununu anlasın. Bu başdan deyim ki, şəkillər onun çox xoşuna gəlmişdi, amma kitabı özündə saxlaya bilməzdi. Çünki kitabxanaçı demişdi:

— Kitabı gətir ki, yenisini ala biləsən.

Bir gün də anası Adili yanına çağırıb dedi:

— Mənim balam, artıq yeni dərs ilinə bir həftə qalıb. Kifayət qədər oynadın, istirahət etdin, nənən və babanla gəzməli yerləri gəzdin. İndi müəllimin verdiyi ev tapşırıqlarını nəzərdən keçirtmək zamanıdır. Hazırlaş ki, digər uşaqlardan geri qalmayasan!

Adil anasının dediklərini dinlədi, rəfdən kitabı götürüb oxumağa davam etdi. Daha 2 səhifə oxuyandan sonra yorulduğunu bəhanə etdi. Kitab oxumaq həvəsi yox idi, amma kitabın rəngli şəkillərini görəndə kitabı qaytarmaq istəmirdi. Lakin qaytarmaq məcburiyyətində idi. Odur ki, qayçı götürüb kitabdan xoşuna gələn rəngli şəkilləri kəsib götürdü. Fikirləşdi ki, kitabxanaçı kitabı açıb içinə baxmadan yerinə qoyacaq.

Vaxt gəlib çatdı, Adil ikinci sinfə getdi. Kitabı qaytarmaq zamanı gəldi. Kitabxanaçı kitabı əlindən alıb içinə baxdı. Adil şəkillərin yoxluğunu görən kitabxanaçının əsəbləşdiyini hiss etdi. Bu zaman kitabxanaçı ona tərəf baxmadan: – Adil yanıma gəl, dedi – sən böyük bir xəta etmisən. Ona gərə ki, sənə bilik verən bir kitabı yararsız hala salmısan. Unutma ki, kitab çox dəyərli bilik mənbəyidir. Kitablar olmazsa insan adil ola bilməz! Kitab oxumaq söz ehtiyatını genişləndirir və təxəyyülün inkişafına kömək edir. Həmçinin yaddaşı möhkəmləndirir, qavramağı yaxşılaşdırır ki, bu da dərslərin öyrənilməsinə çox kömək edir.

Adil anladı ki, böyük səhvə yol verib. Başını aşağı salıb üzür istədi və bir daha kitabla bu cür rəftar etməyəcəyinə söz verdi. Bundan sonra onun kitablara qarşı münasibəti dəyişdi. Tez-tez kitabxanadan maraqlı kitablar götürüb oxudu və bütün kitabları sevərək qorudu. Kitablara olan sevgisi sayəsində uğurla Universitetə daxil oldu.

Müəllif: Şəfahət Şəfi Həsənov