17 мая 2024

BALIQ TUTMAĞIN SİRRİ

(Əhməd Haqsevərin “Balıq tutmağın sirri” şeiri əsasında)

Uşaqlar üçün hekayə

Mən balaca olanda, istirahət günləri atam məni də özü ilə balıq tutmağa aparırdı. İstirahət edir və günümüzü çox şən keçirirdik. Balığı sudan çıxartmasına tamaşa edib sevinirdim. Əslində atam balıqçı deyildi, müəllim idi. Balıq tutmaq hobbimdir, – deyirdi atam. Beləliklə balıq tutmaqdan zövq almağı atamdan öyrəndim. O, deyirdi:

– Xırda balıqlar qarmağa ilişərsə onu tez azad et. Çox incə olduqları üçün, qarmağı balığın ağzından ehtiyatla çıxart. Zərər vermədən suya burax ki, böyüsünlər və böyük balıqların sayı çoxalsın.

Bildim ki, bəzi balıq növləri var onların ovlanması qadağandır. Bu ona görədir ki, sayları azdır. Onları qorumalı və çoxalmasına şərait yaratmalıyıq, – deyirdi atam.

Atam tutduğu balıqları həmin anda suyun içində xüsusi qabda saxlayırdı ki, ölməsinlər. Balıq ovunu başa vurandan sonra isə bir neçə iri balıqları saxlayıb, qalanlarını yenidən suya buraxardı. Qoy artsınlar, onda hər zaman balıq bol olar, – deyirdi. Bir də atam deyirdi ki, balıqlar hər il may-avqust aylarında çoxalmaları üçün kürü tökürlər. O kürülərdən çoxlu balıqlar əmələ gəlir. Ona görə də bu dövrdə çayda balıq tutmağa getmirdi.

Əvvəllər mən uşaq olanda elə düşünürdüm ki, atam tilova bağladığı qarmağı suya atır, balıqlar isə özləri gəlib ilişirlər. Odur ki, atamdan bir dəfə soruşdum:

— Ata, o balıqlar nədən gəlib qarmağa ilişirlər, məgər görmürlər?

— Oğlum, biləsən ki, qarmağa qoyduğum yemə görə balıq ilişir.

Onda atam məni balıq tutmaq üçün yemlərlə tanış etdi. Öyrəndim ki, balıqlar torpaq qurdu, çörək, qarğıdalı, noxud və başqa bitkilərdən hazırlanmış müxtəlif növ yemlərlə qidalanırlar. Hər balığın da demək olar ki, sevdiyi yemləri var. O yemlərdən qarmaqda olmasa, balıq tuta bilməzsən. Çünki balıqlar o yemləri udmaq istərkən qarmağa ilişir.

Həm də öyrəndim ki, balıqların çoxalmasına mane olmaq və onları kütləvi məhv etmək olmaz! Xırda balıqları tutsaq, o zaman balıqların sayı artmaz, iri balıqlar qalmayacaq. Bildim ki, balıqların kürü tökdüyü, çoxaldığı çayları zibilləmək və kimyəvi maddələrlə çirkləndirmək də qadağandır.

Müəllif: Şəfahət Şəfi Həsənov