17 мая 2024

AĞACLARI QORUYAQ

(Əyyub Məmmədovun «Ağacları qoruyaq» şeiri əsasında)

Uşaqlar üçün hekayə

Balaca Eminin atası dülgər idi. Günlərin bir günü Emin atasının mişarını götürüb həyətdəki ağacı mişarlamağa çalışdı. Nə qədər əlləşdisə yalnız ağacın qabığını zədələməyə gücü çatdı. Balaca əlləri tez yorulduğu üçün mişarı yerə qoyub, bir qədər dincəldi. Sonra qaça-qaça gedib atasının baltasını götürüb qayıtdı. O, ağacı baltalamağa başladı və ağacın qabığını qopartmağı bacardı. Buna görə çox sevinən Emin əlində balta atasına yaxınlaşdı və dedi:

— Ata, mən də ağac yonmağı bacarıram.

Atası Eminin əlindən tez baltanı aldı və soruşdu:

— Oğlum, hansı ağacı yonmusan?

— Evin qabağındakı ağacı.

Atası oğlu ilə birlikdə ağaca yaxınlaşdı. Ağacın qabığının soyulduğunu görən ata dedi:

— Oğlum, sən ağacı niyə yaralayırsan?

— Ata, mən də sənin kimi ağacları yonmağı öyrənirəm. Bax nə qəşəng yonmuşam.

Emin elə fikirləşirdi ki, gördüyü işinə görə atası ona əhsən deyəcək. Odur ki, yaman sevinirdi. Bu zaman atası dedi:

— Oğlum, sən hələ çox balacasan. Bu alətlə özünü yaralaya bilərdin. Birdə biləsən ki, mən canlı ağacları kəsib onlardan qapı-pəncərə düzəltmirəm. Axı sənin zədələdiyin ağac həm də bar verən meyvə ağacıdır. Əgər ağacı yaralasan yanıb quruya bilər. Odur ki, ağacları zədələmək deyil, qorumaq lazımdır. Yayda dibinə su vermək lazımdır ki, qurumasın.

Atası ağacın qabığını tez qaldırıb Eminin yonduğu yerə sarıdı və dedi: – Mən sənin zədələdiyin ağacın yarasını sarıdım ki, yanmasın. Biləsən ki, meyvə ağacları çox faydalı ağaclardır. Biz onların meyvələrindən istifadə edirik.

— Başa düşdüm ata. Mən bir dəfə yıxılanda ayağım qanamışdı. Anam tez yaramı sarımışdı. Sən də ağacı sarıdın.

— Elədir oğlum.

Balaca Emin öyrəndi ki, yaşıl ağacları zədələmək olmaz, onlara qulluq edib qorumaq lazımdır.

Müəllif: Şəfahət Şəfi Həsənov