17 мая 2024

BABAMLA MEŞƏYƏ SƏYAHƏT

(Uşaqlar üçün hekayə)

Mən şəhərdə yaşasam da, Talış dağlarının ətəyində, meşənin kənarında yaşayan babamgilə tez-tez gedirəm. Çünki babam özü gəlib məni istirahət günləri kəndə aparır. Deyir kəndin havası təmizdir,  şəhərdə olduğu qədər avtomobil yoxdur. Ata və anamın vaxtı olanda isə biz babamgilə birlikdə gedirik. Yay tətilini isə demək olar ki, onlarda keçirirəm. Atam babamgilə getmək istəyəndə deyir ki, gedək cənnəti ziyarət edək. O dəqiqə bilirəm ki, hazırlaşmaq lazımdır. Az qalmışdı ki, yadımdan çıxsın, özümü təqdim etmədim, – mənim adım Azərdir, 8 yaşım var, ikinci sinfi bitirmişəm, biləsiniz. Babamın adı Xanəli, nənəmin adı isə Simuzərdir, amma babam ona Sima deyir. Mən də Sima nənə deyirəm. Onlar mənim atamın valideynləridir.

Babamın bir eşşəyi var, çox ağıllı və xeyirli heyvandır, – deyir babam. Babam iki-üç gündən bir meşəyə o eşşəklə gedir və ona odun yüklüyüb qayıdır. Baltasını və çomağını götürüb cığırla meşəyə girəndə eşşək də dalıyca gedir. Elə bil bilir ki, odun üçün getmək vaxtıdır. Ona görə də babam ona ağıllı adı qoyub. Günlərin bir günü mən də babamla meşəyə odun üçün getmək istədim, odur ki, ona dedim:

— Baba, olar ki, mən də bu gün səninlə meşəyə gedim?

— Olar, aslanım mənim, amma nənəyə mənimlə gedəcəyini söylə ki, hara getdiyindən xəbəri olsun, narahat olmasın.

— Yaxşı babacan, – tez gedib nənəyə baba ilə meşəyə gedəcəyimi söylədim. Sonra qaçıb babama qoşuldum. Yolda babamdan soruşdum, – baba, niyə eşşəyin üstündə oturub getmirsən?

— Aslanım, axı eşşək də bizim kimi bir canlıdır, onu yormaq istəmirəm. Yetər ki, gələndə yükümü gətirsin. Qışda soyuqdan qorunmaq üçün sobada eşşəyin daşıdığı odundan yandırır, isinirik. Axı biz onun daşıdığı odunla təndirdə çörək bişirir, yeməklər hazırlayırıq. Ona görə də bu zəhmətkeş eşşəyi incitsəm o yeməkləri rahat, halallıqla yeyə bilmərəm.

Biz meşəyə girəndə hər tərəfimiz ağac idi, odur ki, babamdan soruşdum:

— Baba, bu gördüyümüz ağaclardan niyə kəsmirik, uzağa gedirik, məgər bunlar odun deyil?

— Aslanım, bu gördüyümüz ağaclar da canlıdır və bir çox quşların, heyvanların evidir. Qoy böyüsünlər, zamanı gələndə qurumuş qol-budaqlarını yerə atacaq, artıq yaşlaşanda isə özləri yıxılacaqlar. O zaman biz onlardan istifadə edərik. Odur ki, mən yalnız qurumuş budaqları və yıxılmış ağacları götürmək üçün gedirəm.

Artıq yorulmuşdum, babam da bunu hiss etmişdi deyəsən. Bir qədər getdikdən sonra babam dayandı, mənə baxıb dedi:

— Acmısan, biraz da yorulmusan, aslanım. Gəl bir qədər istirahət edək, bulaqdan su içək, çörək yeyək. Sonra yolumuza davam edərik.

Babama əziyyət verməyim deyə dedim:

— Ac deyiləm, baba.

— Bilirəm acsan, susuzlamısan.

— Nədən bilirsən baba?

— Talış meşələrinin havası belədir. Bu meşələrdə bitən ağaclar insana həyat verir, onu yaşadır. Ona görə də bu dağ meşələrdə yaşayan insanların ömrü uzun olur. Şəhərdən və uzaqdan gələn qonaqlar bizim meşələrdə tez acır, çünki havası təmizdir. Aslanım, biləsən ki, bu meşələrin havası igid yetişdirir, suyu insana güc verir. Sən də güclü və qüvvətli olmaq üçün təbiətin bizə verdiyi nemətdən qidalanmalısan.

Babam eşşəyin üstündə olan kisədən yaşıl ot çıxardıb eşşəyin qabağına qoydu. Çiynindən asdığı xurcunu yerə qoydu. Gedək su gətirək – dedi. Biz bir qədər aralıdakı dərəyə tərəf endik. Şır-şır səsi gəlirdi. Baxıb gördüm ki, bir bulaqdır, iki daşın arasından su axır. Babam əyilib bulaqdan su götürdükdən sonra soruşdum:

— Baba bu su daşın içindən gəlir?

— Əlbəttə yox. Bu bulaq uzun yol qət edərək gəlib iki daşın arasından tökülür. Bulağa bizim obada daş bulağı deyirlər. Deyilənə görə min illərdir ki, dayanmadan gəlir.

Baba bulaqdan su götürəndən sonra: – təşəkkür edirəm bulaq, ömrün uzun olsun, – deyib geriyə qayıtdıq.

— Baba, axı bulaq nə bilir təşəkkür etmək nədir, məgər o canlıdır?

— Bəli, dediklərimiz suyun yaddaşında qalır. Həm də biləsən ki, bütün gördüklərimiz nə varsa hamısı təbiətin özüdür. Biz təbiətin bizə verdiyi nemətlərdən istifadə ediriksə, ona minnətdarıq. Buna görə də təşəkkür etmək borcumuzdur, unutma.

Babam xurcundan bir bağlama çıxarıb süfrə açdı. Bir qədər yemək yeyib istirahət edəndən sonra yola düşdük. Az getmişdik ki, babam dayandı, – çatdıq, aslanım. O, balta ilə ağacın yerə düşmüş quru budaqlarını yığıb doğramağa başladı. Mən də ona kömək etdim və birlikdə kifayət qədər odun yığıb eşşəyə yüklədik.

Babam bu dəfə ağaclara təşəkkür etdi və dedi:

— Allah sizi oddan, alovdan qorusun.

— Baba, sən əvvəl bulağa indi də ağaclara təşəkkür etdin.

— Elədir, igid aslanım. Meşədəki gördüyün bu ağaclar bizə odun verdi, ona görə təşəkkür etdim. Bunları unutma.

— Artıq bilirəm babacan.

— Afərin, aslanım mənim.

— O zaman həm də biləsən ki, əgər meşədə yanğın olarsa ağaclar, heyvanlar tələf olar. Meşə həm də çoxlu heyvanların evidir. Ona görə də meşəni qorumaq lazımdır və meşədə tonqal qalamaq və ya meşəyə od vurmaq olmaz!

Biz artıq söhbət edə-edə evə qayıdırdıq ki, dedim:

— Baba, sən bizim Talış meşələrində bitən ağaclar haqqında danışa bilərsən?

— Əlbəttə, qulağın məndə olsun, danışım. Talış meşələrinin unikal təbiəti var … — Babam mənə dəmirağacı, şümşad, azat, şabalıdyarpaq palıd və s. ağaclar haqqında danışdı. Bildim ki, Talış meşələrində dünyanın heç bir yerində bitməyən ağaclar, kollar və digər bitkilər varmış. Bir də gördüm ki, biz artıq evə çatmışıq.

Beləliklə bugün babam Talış meşələrinin təbiəti ilə məni tanış etdi və meşə ilə necə davranmağı öyrətdi. Meşənin insan həyatı üçün əhəmiyyəti barədə geniş məlumat verdi. Öyrəndim ki, varlığımıza görə təbiətə borcluyuq.

Müəllif: Şəfahət Şəfi Həsənov