28 апреля 2025

ACI HƏQİQƏT

Bu günəcən məhəbbətə dikilən göz,
Kor edildin, indi öyrəş, halına döz.
Ağla qələm, hər kəlmədə ağlasın söz,
Deməmişkən düzlük çoxdan itib batıb.

Dünya geyib yalan donu gedir belə,
Düz kəlməni gətirməyir heç kim dilə,
Bu insanlar çətin düzün qədrin bilə,
Çünki hamı bir-birinə yalan satıb.

Düz deyənin papağının kümü yırtıq,
Keçəl başı qapazlardan olub pırtıq,
Yalan düzün düz üzünə baxır sırtıq,
Sevənlər də yalan ilə başın qatıb.

Ağla gözüm, ağla ölmüş məhəbbətə,
Çatdırmadı o heç səni səadətə,
Axır ki mən gəldim belə qənaətə,
Bu dünyanın son məqamı gəlib çatıb.

Gerçəkliyi deyən kimi kəsilir dil,
İndi götür ipək dəsmal gözümü sil,
Zaman gələr haqq yolunu tapacaq, bil,
Düşünmə ki, həqiqətin bəxti yatıb.

Müəllif: Ramiz Lerikli.