19 мая 2024

QƏRİB VƏ YETİM

Qəriblə yetimi yan yana qoydum,
Əkiz bacı kimi gördüm onları.
Baxışlar eynidir, duruşlar eyni,
Eyni biçilibdir sanki donları.

Gözləri qapıda, qulağı səsdə,
Mərhəmət gözləyir hər keçən kəsdə,
O hansı arzuda, hansı həvəsdə,
Hansı bir sonluqla bitir sonları.

Həyat məngənəsi sıxır, hey sıxır,
Başından tüstüsü burulub çıxır,
Həmişə yad yerdə yad ələ baxır,
Kimsə düşünürmü bütün bunları?

Yetimin payını yeyəni gördüm
Zalım libasını geyəni gördüm,
Doğma atasını döyəni gördüm
İstərəm oyadam o fironları.

Eyləmə qəribə zülmü amandır,
Nabələd insanın yolu dumandır,
Savab qazanmağa indi zamandır.
Yada sal «atəşdə» o yananları.

Müəllif: Ramiz Lerikli.