17 мая 2024

EŞQLƏ YAŞANAN AN

Eşq ilə yazılıb göylərin əmri,
Sevən könüllərdə səadət gülür.
Həyat aşiqlikdir, aşiqin ömrü
Bil ki, zamanla yox, eşqlə ölçülür.

Özünü dərk edən həyatı bilir,
Tanrıdır bu yerin, göyün şahidi.
Haqqa inamımlız eşqlə ölçülür,
Eşqdir Allahın ölçü vahidi.

Yaşamaq sevməkdir hər şeydən əzəl,
Sevgimiz bürüsün bütün dünyanı.
Gəl birgə yaşayaq səninlə, gözəl,
Bir ömrə bərabər səadət anı.

Saf, təmiz eşqinlə qalasan ocaq,
Səadət gəzməzsən dünya varında.
Xoşbəxt hiss edərsən özünü ancaq
Vüsalın səadət saatlarında.

Çalış ki, mənasız ötməsin günün,
Həyat ocağını eşqinlə yandır.
Nə qədər yaşasan, fərqi yox, ömrün
Eşqlə yaşadığın o bircə andır.