17 мая 2024

MƏNİM ROBOT ANAM

Uşaqlar üçün hekayə

İslam səkkizinci, əkiz bacıları Lalə və Jalə isə altıncı sinifdə oxuyurdular. Bacılar, bir sinifdə eyni masa arxasında otururdular. Bir gün müəllim şagirdlərə ev tapşırığı olaraq, ailələri haqqında inşa yazmağı tapşırdı. Bacılar evə gələndən sonra dəftər-qələm götürüb inşa yazmaq istəyirdilər ki, Lalə Jalədən soruşdu:

— Jalə, bəs indi biz nə edək ki, inşalar məzmununa görə biri-birindən fərqlənsin?

— Doğru deyirsən, bacı.

Bu zaman İslam bacıların söhbətinə müdaxilə edib dedi:

— Eşitdim ki, müəllim sizə inşa yazmağı tapşırıb. Çətinliyiniz nədədir?

— Müəllimin verdiyi tapşırıq ailəmiz haqqında inşadır. Amma biz bilmirik inşanı necə yazaq – dedi Jalə axı biz eyni ailənin üzvləriyik.

İslam bir qədər düşünəndən sonra dedi:

— Bu doğrudur! Siz bir ailənin üzvüsünüz. Odur ki, hər biriniz bir inşa yazın. Biriniz ata obrazını, digəriniz isə ana obrazını yaratsın. Sonra yazdıqlarınızı birləşdirsəniz, ailəmiz haqqında geniş bir inşa alınacaq.

— Yaxşı, – dedi Jalə. Biz yazarıq, sən də oxuyub fikir bildirərsən.

Beləliklə bacılar inşanı yazmağa başladılar.

Jalə: – Anam pediatrdır, yəni uşaq həkimidir. Sahə həkimi olaraq poliklinikada çalışır. Nəzarətində olan sahədə yaşayan uşaqların sağlamlığının qayğısına qalır. Anamın həssas bir insan olduğunu bilirəm. Çünki uşaqlar xəstələnəndə anam çox narahat olur. Tez-tez zəng edib xəstə uşaqların vəziyyətini soruşur, valideynlərinə vacib məsləhətlər verir.

Lalə: – Atam inşaat mühəndisidir. O, hündürmərtəbəli yaşayış binaları tikir, tikdiyi binaların möhkəm olmasına diqqət yetirir. Bir dəfə güclü zəlzələ zamanı atam çox narahat olmuşdu. Atamın vəziyyətini görən anam ondan soruşdu:

— Niyə narahatsan?

— Tikdiyim binaların nə qədər davamlı olduğunu təhlil edirəm.

— Tikdiyin binalar zəifdir?

— Əlbəttə, yox! Amma məsuliyyət hissi məni çox düşündürür. İstəyirəm ki, insanlar hündürmərtəbəli binalarda özlərini rahat hiss etsinlər. Bunu mənim vəzifəm, vicdanım tələb edir.

Jalə: – Anam hər gün işdən evə gələndən sonra, çantasından bir qovluq çıxarıb masanın üzərinə qoyur. Sonra mətbəxə keçib şam yeməyini hazırlayır və bizi süfrəyə dəvət edir. Yemək yeyəndən sonra, anam süfrəni yığışdırır, qabları yuyub silir və rəfə düzür.

Lalə: – Adətən, atam işdən qayıdan kimi anam onun qabağına çay qoyur. Çayı içdikdən sonra ata duş qəbul edir. Deyir ki, mənim iş yerim çox tozlu olur. Atam duşdan çıxandan sonra hamımız mətbəxə keçib axşam yeməyini yeyirik. İslam qardaşım həmişə yeməyə gecikir. Bir gün atam İslamdan gecikməsinin səbəbini soruşdu, İslam cavabında: – Dərslərə hazırlaşırdım – dedi. Bundan sonra atam bir daha bu barədə ondan soruşmadı.

Jalə: – Axşam yeməyindən sonra anam paltarlarımızı yüyür, təmizləyir və ütüləyir. Anam deyir ki, səhərə qədər bütün paltarlar təmiz və səliqəli olmalıdır. İndidən hazırlaşıram ki, səhər işə gecikməyim. Bu işləri yerinə yetirdikdən sonra anam qovluğu qarşısına qoyur, oxuyur və bir-iki saat ərzində qeydlər aparır.

Lalə: – Axşam yeməyindən sonra atam iş otağına keçir və iki saata yaxın işlə bağlı layihələri öyrənir. Bundan sonra 10-15 dəqiqə hər birimizlə ayrı-ayrılıqda söhbət edib dərsə hazırlığımızı yoxlayır.

Jalə: – Anam xəstə uşaqların anketləri ilə tanış olarkən atama çay verməyi də unutmur. Hələ yatmazdan əvvəl bizə meyvə şirəsi də verir. Anam həftə sonları evin təmizlik işləri ilə məşğul olur, paltar yuyur, ütüləyir, yemək bişirir və s. Anam həmişə telefonunu üzərində gəzdirir. Ona çoxlu zənglər gəlir. Bəzən qəfil geyinib çantasını götürərək evdən çıxır. Bir xəstəni təcili müayinə etməliyəm — deyir. Bu, anamın nə qədər məsuliyyətli olmasının göstəricisidir.

Lalə: – Atam istirahət günlərini evdə bizimlə birlikdə keçirtmək istəsə də, çox zaman tikinti materiallarının keyfiyyətini yoxlamaq üçün mütəxəssislərlə görüşüb məsləhətləşir. Bəzən telefon danışıqlarında materialın keyfiyyətindən gileylənərkən əsəbləşdiyinin şahidi oluruq.

Jalə: – Anam həmişə atama dəstək olur. “Sən düzgün qərarlar verirsən, tələblərində haqlısan, çox məsuliyyətlisən, amma hirslənmə. Evlər möhkəm olmalıdır ki, insanlar zərər görməsin”.

Bacılar inşanı yazıb qurtardıqdan sonra oxumaq üçün İslama verdilər. İslam yazıları oxuduqdan sonra anasının nə qədər çox iş gördüyünü bildi. Bundan əvvəl anasının bu qədər zəhmət çəkdiyini ağlına belə gətirə bilməzdi. O, bir anlıq – bəlkə anam robotdur, — düşündü. Tez atasına yaxınlaşıb soruşdu:

— Ata, mən indi bilmişəm ki, ana nə qədər çox iş görür. Bəs ana yorulmur?

— Yorulur, axı o robot deyil, insandır, anadır! Əgər siz bəzi ev işlərində anaya kömək etsəniz, onda üzərinə düşən yük azalar.

— Baş üstə, ata! Bundan sonra hər zaman anaya ev işlərində kömək edəcəyəm.

İslam tez bacılarını yanına çağırıb dedi:

— Mənim əziz bacılarım! Biz artıq böyümüşük. Bundan sonra anaya ev işlərində kömək etməliyik ki, onun dincəlməyə zamanı olsun. Yoxsa anamız çox yorulur. Axı o insandır, robot deyil.

Müəllif: Şəfahət Şəfi Həsənov