17 мая 2024

GÖZƏLDİR DÜNYANIN QARA DAŞI DA

Təbiət eşq ilə çağlıayar, coşar,
Qəlbində sevgi var yayın, qışın da.
İlk bahar məhəbbət nəğməsi qoşar,
Ruhu çiçək açar qsra daşın da.

Yanar gün altında, düşər yağışa,
Kölgədə həsrəti mamır bağlayar.
Daşı da əzizlə, daşı da oxşa,
Daşın da qəlbində sevgi var, eşq var.

Ömrünün hər anı səbrlə ötür,
Hər dərdin önündə daş kimi sərt dur.
Daşın da saflığı sərtliyindədir,
Suyu da bətnindən süzüb duruldur.

Həsrəti gözündə yaşa çevrilər,
Vüsalı önündə fələk baş əyir.
Ürəyə toxunsan daşa çevrilər,
Daş daşa dəyəndə ürək titrəyir.

Fələk yağdırmağa elə daş gəzir,
Daşı daş eyləyən fələk olurmuş
Daş da sinəsində ürək gəzdirir,
Daşın da ürəyi kövrək olurmuş.

Daşla tarix yazır bu torpaq, bu göy,
Hər daşın tarixdə öz səsi vardır.
Eşq ilə bağlıdır cahanda hər şey,
Daşın da cazibə qüvvəsi vardır

Sevgisiz bu dünya sənə gələr dar,
Hər daşın qəlbində yaşar gizli sirr.
Çopur bir daşı da sevsən, saflaşar,
Məhəbbət daşı da gözəlləşdirir.

Toxunur ayağa xeyir daş, şər daş,
Gah yerdən can alır, gah göydən düşür.
Gözəllik eşqiylə yaşayan hər daş
Yonulur, yuyulur, süfahiləşir.

Daş daşa dəyəndə salır qan,qada,
Daş ilə çəkilir hər anın eşqi.
Nə qədər sərt olsa, möhkəm olsa da,
Daşdan su çıxardar insanın eşqi

Qəlbini daş edib eldə gəzərsən,
Görənlər çağırar: qəlbi daş mələk.
Əlini sinənə tutub dözərsən,
Sinəndə daş göynər, ovcunda ürək.

Daş üstə yazılır hər ömür, hər yaş,
Həyatda gah ayaq, gah baş oynayır.
Dilində söz saxla, ətəyində daş,
Zaman insanlarla daş-daş oynayır.

Odda da, suda da yaşar eyni sirr,
Eşqinin havası yarar daşı da.
Gözəl ürəklə bax dünyaya, şair,
Gözəldir dünyanın qara daşı da.

Müəllif: Ağamir Cavad 16 03. 2023