17 мая 2024

YAY GECƏSİNDƏ ALMA YAGİŞİ

(Esse)

Belə yay gecələrində yadıma uşaqlığımdan bəzi səhnələr düşür. Nənəmgilin ikimərtəbəli evinin açıq eyvanında yatardıq. Nənəmin o güllü çitdən üzlüyü olan mütəkkələri hələ gözümün qabağındadı. Bir də nazik yay yorğanı. Gecələr soyuq olardı. Həyətdə çoxlu meyvə ağacları vardı və o meyvə ağacları sanki bizim yatmağımızı gözləyirdilər- gecə yarisi tappıltı ilə yerə düşən meyvənin səsini eşidir, yuxuda da olsa hara düşdüyünü təxmin edirdik. Su quyusu vardı nənəmin- dərin və buz kimi sərin- meyvələrdən ora düşəni də olardı. Onu da səsindən təxmin edərdik yuxulu- yuxulu). Səhər nənəm o meyvələri yığar, evin payını ayırdıqdan sonra önlüyünə doldurub darvazaya çıxardı- ötüb-keçən tanış- bilişə, qonşulara pay verərdi. Əzilmişləri isə inəyin qabağına qoyardı. Nənəmin inəyi o almadan- armuddan o qədər yemişdi ki sudü meyvə ətri verirdi)). İndi meyvəli yoğurt yeyəndə o dadı xatırlayıram. Hə, o süddən çalınan qatıq da eləcə dadlı olurdu. Yatmazdan öncə hərəmizə bir stəkan verirdi nənəm. Babam stəkanı üzüaşağı çevirirdi və mən hər dəfə narahat olurdum ki qatıq dağılıb ətrafı bulayacaq, nənəm də pərt olacaq. Amma nə qatıq dağılırdı, nə də nənəmin vecinə deyildi babamın bu ,,testi»). Babam nənəmi tərif eləməzdi, heç nənəm də gözləməzdi, amma babamın bığaltı qımışmasını indi gözümün önünə gətirirəm,(babam eynən ,,Böyük dayaq» filmindəki Rüstəm kişinin əkiz tayı idi-həm xarici görünüşü, həm də zəhmi, bazburutu ilə) sözə çevirib görürəm ki təqribən bunlar alınır:,,Doşab almışam, bal çıxıb», ,,Arvad deyil, yıxılı evin dirəyidi», ,,Əhsən ay Cavadın qızı» və s. Sonra yatardıq və yenə meyvə yağışı başlardı… Biz də yuxuda ikən belə yerini təxmin edərdik…

Müəllif: Xatirə Xatun