17 мая 2024

EŞŞƏK VƏ SAHİBİ

(Ceyhun Quliyevin “Eşşək və sahibi” təmsili əsasında)

Uşaqlar üçün nağıl

Biri vardı, biri yoxdu, Hadi adında cavan bir oğlan vardı. O, meşənin yaxınlığında yaşayırdı və soba üçün odunu meşədən belində daşıyırdı. Günlərin bir günü qonşu Adil Hadini yanına çağırıb dedi: – Görürəm çox əziyyət çəkirsən. Apar, bu eşşəyi, sənə verirəm. Bundan sonra odunu meşədən bu eşşəklə gətir. Ona qulluq et ki, yükünü daşısın. Vaxtında yemlə, su ver, yükünü ağır etmə ki, əziyyət çəkməsin və hər zaman sənə qulluq etsin.

Hadi qonşunun xeyirxahlığına çox sevinmişdi. Artıq odunları öz belində deyil, eşşəyin belində daşıyırdı. Lakin bir müddət sonra kifayət qədər odun daşıyıb eşşəyə qulluq etməyi unutdu. Ona doyunca yem, su vermədi. Hətta son zamanlar tez-tez səbəb olmadan eşşəyə minib çapırdı.

Bir gün Hadi eşşəyə minib çapmaq istədi, amma bu dəfə eşşək yerindən tərpənmədi. Onda Hadi eşşəkdən düşüb onu kötəkləməyə başladı. Eşşəyə xeyli əzab verdi sonra yenidən belinə mindi. Bu zaman qəzəblənmiş eşşəyin səbri tükəndi. Sonda fürsət tapıb Hadinin ayağından dişləri ilə yapışdı və onu çəkib belindən yerə saldı. Bir qədər yerdə sürükləyib təpikləyəndən sonra əvvəlki sahibinin yanına qayıtdı. Beləliklə Hadi eşşəksiz qaldı və yenə də odunu belində daşımalı oldu.

Müəllif: Şəfahət Şəfi Həsənov